Məhkəmə qərarları › İş №e-2-2(113)-4913/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4913/2023

08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4913/2023 08.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 687099,71 manat (ƏDV xaric) məbləğində pulun və 410 manat mediasiya rüsumunun, ödənilmiş 567,10 manat dövlət rüsumun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli 01/21 saylı Subpodrat müqaviləsi bağlanmışdır. Subpodrat müqaviləsinin 6.1 bəndinə əsasən Subpodratçı Podratçının sifarişinə uyğun Subpodrat müqaviləsində nəzərdə tutulan İşi icra etməyi, Podratçı isə Subpodratçıya razılaşdırılmış muzdu Subpodratçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 22.5-ci maddəsinə əsasən Subpodrat müqaviləsindən və qanunvericilikdən irəli gələn digər tutulmalar çıxılmaqla hesablanaraq Forma-3-də ödənilməyə müəyyən edilmiş məbləğə uyğun Subpodratçı tərəfindən təqdim edilən hesab və hesab-faktura əsasında Forma-3 təsdiq olunduqdan 45 gündən sonra ödənilir. Müqavilənin 22.2-ci bəndində İş proqramı üzrə hər təqvim ayı görülmüş işlərin həcmini və qiymətini əks etdirən Podratçının təqdim etdiyi nümunəyə uyğun 2 nüsxədə Forma 2 tərtib edərək növbəti ayın ilk beş təqvim günü ərzində Podratçıya həm imzalanmış möhürlənmiş qaydada, həm də ilkin elektron variantda (excell fayl formatında) təqdim edir. Podratçı Forma 2-ni aldıqdan sonra növbəti ayın 15-ci təqvim gününədək Forma 2-ni ya təsdiq etməklə bir təsdiq olunmuş nüsxəsini qaytarır Subpodratçıya və ya Forma 2-yə olan düzəlişlərini Subpodratçıya təqdim edir və Subpodratçı 1 (bir) gün ərzində həmin düzəlişləri əks etdirməklə yeni Forma 2 təqdim edir. Bu işlər Subpodratçı tərəfindən vaxtlı vaxtında yerinə yetirilmişdir. İddiaçı üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Hal-hazırda cavabdehin iddiaçıya olan borcu 687099,71 manat (ƏDV xaric) təşkil edir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.

3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində qeyd etdiyi məbləğdə cavabdehin borc öhdəliyinin olmasını təsdiqləyən mötəbər sübutlar təqdim etməmişdir. İddiaçı ərizəsində tərəflər arasında bağlanılan müqaviləyə istinad etsə də, cavabdehdən ödənilməsini tələb etdiyi yarım milyon manatdan çox olan məbləğin maliyyə əsasını təsdiq edəcək mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, iddiaçı qarşılıqlı olaraq razılığa gəlinmiş hər hansı üzləşmə aktına deyil, bir tərəfli olaraq tərtib edilmiş maliyyə arayışına istinad edərək ərizəsindəki məbləğin cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Bundan əlavə, iddiaçı ərizəsində iddiaçının müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirdiyini desə də, Müqavilədə göstərilən qaydada, müddətdə və həcmdə sifarişi yerinə yetirib cavabdehə təqdim etdiyini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Göründüyü kimi, iddiaçının ərizəsində qeyd etdiyi yarım milyon manatdan çox olan məbləğin hansı formada formalaşmasını təsdiqləyəcək mötəbər dəlillər yoxdur. İddia tələbi məbləğinin yarım milyon manatdan çox olmasına baxmayaraq, iddiaçı sadəcə maliyyə arayışı və ödəniş tapşırıqları ilə iddia tələbini əsaslandırmış və işləri tam həcmdə gördüyünü təsdiqləyəcək mötəbər sübutlar təqdim etməmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Tağıyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh sonuncu partiya işlərin təhvil aktına imza etməkdən imtina etsə də, həmin akt üzrə təqdim edilmiş elektron qaimə üzrə ödənişlər etmiş, dolayı yolla həmin qaiməni təsdiq etmiş, lakin qalıq borc hələ də ödənilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya məhkəmə baxış iclasında mübahisələndirilən qaimə üzrə bu günə qədər hər hansı pretenziya bildirilməmiş, işlərin tam görülməməsi, qüsurlu icra edilməsi ilə bağlı irad bildirilməmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini 642129,10 manat hissədə qəbul etdiklərini, həmin hissədə iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirib iddianın qalan hissədə rədd edilməsini Məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlara təqdim edilmiş EBBL 017084 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə işlər iddiaçı tərəfindən tam təhvil verilməmiş, belə ki, həmin qaimənin əsasını təşkil edən forma 2 tərəflərindən imzalanmamış, həmin qaimə üzrə tələb edilən borc 53065,05 manat məbləğində azaldılmalıdır. Sonuncu qaimə üzrə təhvil aktının imzalanmamasının səbəbi isə artıq tərəflər arasında münasibətlərin pozulması olmuşdur.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (icraçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış 07 may 2021-ci il tarixli 01/21 nömrəli subpodrat müqaviləsinə əsasən subpodratçı podratçının tələblərinə əsasən və smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə metal konstruksiyalarla bağlı işlərin (müqavilənin ayrılmaz tərkib hissəsi Əlavə 1-də göstərilən) yerinə yetirməyi, işi başa çatdırmağı və podrtaçıya tam hazır vəziyyətdə təhvil verməyi, podratçı isə subpodratçının gördüyü işin müqabilində bu Müqavilədə razılaşdırılmış haqqı ödəməyə öhdəsinə götürür.

9. Müqavilənin 2.3-cü bəndinə əsasən subpodratçı subpodrat müqaviləsi üzrə işləri Əlavə 3-də nəzərdə tutulmuş xx.xx.2021-ci il tarixədək başa çatdırıb qüsursuz halda podratçıya təhvil verməlidir.

10. Müqavilənin 22.5-ci bəndinə əsasən Forma 2 hər iki tərəfdən təsdiq edildikdən sonra podratçının təqdim etdiyi nümunəyə uyğun podratçı tərəfindən 2 nüsxədə Forma 3 hazırlanır və orada aylıq görülmüş işə görə ödənilməli olan məbləğ müvafiq cərimələr, avans və digər tutulmalar və digər maliyyə sanksiyaları, subpodrat müqaviləsindən və qanunvericilikdən irəli gələn digər tutulmalar çıxılmaqla hesablanaraq Forma 3-də ödənilməyə müəyyən edilmiş məbləğə uyğun subpodratçı tərəfindən təqdim edilən hesab və hesab-faktura əsasında Forma-2 təsdiq olunduqdan 45 gündən sonra ödənilir.

11. İddiaçı tərəfindən cavabdehə EBBO 616740 nömrəli, xx.xx.2021-ci il tarixli (1555460.33 manat), EBBG 474985 nömrəli xx.xx.2021-ci il tarixli (666662.19 manat), EBBG 476478 nömrəli xx.xx.2021-ci il tarixli (64802.91 manat), EBBJ 800126 nömrəli xx.xx.2021-ci il tarixli (1391719.48 manat), EBBL 017084 nömrəli xx.xx.2021-ci il tarixli (1675171.49 manat), EBBL 499809 nömrəli xx.xx.2021-ci il tarixli (953440 manat), EBBN 353798 nömrəli xx.xx.2021-ci il tarixli (939290.81 manat) elektron qaimələr təqdim edilmişdir.

12. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya vergi uçotuna görə 687099.11 manat və ƏDV 123677.95 manat, cəmi 810777.66 manat debitor borcu var.

13. İddiaçı tərəfindən təqdim olunmuş ödəniş sənədlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdə 100000 manat, xx.xx.2021-ci ildə 477605,50 manat, xx.xx.2022-ci il tarixində 100000 manat, xx.xx.2021-ci ildə 15000 manat, xx.xx.2021-ci ildə 808000 manat, xx.xx.2021-ci ildə 580674,11 manat, xx.xx.2021-ci ildə 700000 manat, xx.xx.2022-ci il tarixində 100000 manat, xx.xx.2022-ci il tarixində 50000 manat, xx.xx.2021-ci il tarixində 400000 manat məbləğində vəsait ödənilmişdir.

14. Cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya vergi uçotuna görə 642129,10 manat və ƏDV 115583,23 manat, cəmi 757712,33 manat debitor borc qalığı yaranmışdır.

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli subpodrat müqaviləsi imzalanmış, həmin müqavilə üzrə cavabdeh tərəfindən ümumilikdə 5454042,23 manat əsas, 981727,61 manat ƏDV borcu ödənilmişdir.

16. İddiaçı iddia ərizəsində qalıq borcun 687099,71 manat (ƏDV daxil olmamaqla) olmasını göstərmiş, cavabdeh yazılı etirazında hər hansı borcunun olmamasını bildirmiş, daha sonra məhkəmə baxış iclasında maliyyə arayışı verərək, ödənilməli olan borcunun məbləğinin 642129,10 manat (ƏDV daxil olmamaqla) olmasını təsdiq etmişdir.

17. Cavabdeh iddiaçı tərəfindən ona təqdim edilmiş EBBL 017084 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə işlərin iddiaçı tərəfindən tam təhvil verilmədiyini, qüsurlu icra edildiyini, bu səbəbdən həmin qaimə üzrə tələb edilən borcun 53065,05 manat məbləğində azaldılmalı olmasını bildirir.

18. Məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır.

19. Belə ki, mübahisəli qaiməyə cavabdeh tərəfindən etiraz verilməmiş, iddiaçı tərəfindən təqdim edilmiş ödəniş sənədlərindən görünür ki, həmin qaimə üzrə cavabdeh tərəfindən xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixlərdə ödənişlər edilmişdir.

20. İddiaçının nümayəndəsi E.Tağıyev məhkəmə iclasında verdiyi izahatında tələb edilən borcun son elektron qaimə (xx.xx.2021-ci il tarixli EBBO 616740) üzrə qaldığını göstərmişdir.

21. Bundan əlavə, cavabdeh iddiaya qarşı ilk etirazında ümumiyyətlə borcunun olmamasını bəyan etmiş, yalnız məhkəmə baxış iclasında EBBL 017084 saylı, xx.xx.2021ci il tarixli elektron qaimə üzrə işlərin tam icra edilmədiyini göstərmişdir.

22. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

26. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

27. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

29. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

30. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

31. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xx.xx.2021-ci il tarixli podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 687099,71 manat (ƏDV daxil olmamaqla) borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 687099,71 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 410 manat mediasiya xərci, 567,10 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 687099,71 manat (ƏDV daxil olmamaqla) pul, ödənilmiş 410 manat mediasiya xərci, 567,10 manat dövlət rüsumu, ümumilikdə 688076,81 (altı yüz səksən səkkiz min yetmiş altı manat səksən bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar