Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4917/2023 23.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 7806,37 kreditor borcu və 100 manat mediasiya ödənilmiş rüsumu, ümumilikdə 7906.37 manat pulun alınaraq mənə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixli 211.10.104-0395/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 4.3 bəndinin şərtlərinə əsasən Cavabdeh MMC ay ərzində aldığı malların dəyərini növbəti ayın 5-dək ödəməlidir. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində Cavabdeh MMC-yə müvafiq sənədlər əsasında nisyə 10736,04 manat dəyərində mallar satılmışdır. Satılmış mallardan yaranmış 10736,04 manat kreditor borcdan xx.xx.2022 -ci il tarixdə 1234,67 manat dəyərində mallardan qaytarma, xx.xx.2022- ci il tarixdə 995 manat, xx.xx.2023-cü il tarixdə 500 manat və xx.xx.2023-cü il tarixdə 200 manat, ümumilikdə 1695 manat pul ödənişi olunmuşdur. Satılmış mallardan yaranmış 10736,04 manat kreditor borcdan qaytarılan mallar dəyəri olan 1234,67 manat və 1695 manat olunmuş ödənişləri çıxdıqdan sonra Cavabdeh MMC-nin iddiaçıya 7806,37 manat kreditor borcu qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 211.10.104- 0395/22 nömrəli alqı-satqı müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilədə müəyyən olunmuş şərtlərlə malları alıcıya satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı və ya onun nümayəndəsi alıcının sifarişi əsasında və müqavilə çərçivəsində ehtiyacı olan məhsulları alıcıya və ya onun nümayəndəsinə təhvil verir.
11. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği təqdim olunan sənədlər (satış-fakturası, qaimə, e-qaimə, malların alış aktı və s.) əsasında müəyyən edilir.
12. Müqavilənin 4.2-ci bəndinə əsasən ödəniş (satış fakturası, qaimə, e-qaimə, malların alış aktı və s.) əsasən nağd və ya köçürmə üsulu ilə həyata keçirilir.
13. Müqavilənin 4.3-cÜ bəndinə əsasən alıcı ay ərzində (satış-fakturası, qaimə, eqaimə, malların alış aktı və s.) üzrə aldığı mallardan yaranan borcu növbəti ayın 5-dək ödəməlidir.
14. 14.09.2022-ci il tarixli malların təhvil-qəbu aktlarına əsasən Cavabdeh MMC-yə 1988.15 manat və 432,48 manat dəyərində mal verilmişdir.
15. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktlarına əsasən Cavabdeh MMC-yə 5562,83 manat dəyərində mal verilmişdir. Qaliq: 10736,05 manat göstərilmişdir.
16. 21.11.2022-ci il tarixli, 515092 saylı, EBCJ seriyalı elektron qaiməyə əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 52,44 manat dəyərində, 515093 saylı EBCJ seriyalı elektron qaiməyə əsasən 2700,14 manat dəyərində, 515094 saylı EBCJ seriyalı elektron qaiməyə əsasən 1988,15 manat dəyərində, 515096 saylı EBCJ seriyalı elektron qaiməyə əsasən 432,50 manat dəyərində və 515097 saylı EBCJ seriyalı elektron qaiməyə əsasən 5562,81 manat dəyərində mallar təhvil verilmişdir.
17. xx.xx.2023-cüil tarixli satış təmsilçisinin kassa mədaxil orderindən göründüyü kimi Cavabdeh MMC tərəfindən 500 manat ödəniş həyata keçirilmişdir.
18. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
19. Belə ki, iş materialları və iddiaçının izahatı ilə müəyyən olunur ki, tərəflər arasında mübahisə alqı-satqı münasibətlərindən irəli gəlmişdir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
22. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
24. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
25. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər
27. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 211.10.104- 0395/22 nömrəli alqı-satqı müqaviləsinə əsasən müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilədə müəyyən olunmuş şərtlərlə iddiaçı malları alıcıya satır, alıcı yəni cavabdeh isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.
28. İşdə olan təhvil-təsli aktlarından və elektron qiamələrdən göründüyü kimi iddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmiş, lakin yaranmış borc məbləği üzrə tam ödəniş həyata keçirməmiş, müqavilə öhdəliklərinin yerinə yetirilməsindən yayınmışdır.
29. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla təsdiqini tapdığı üçün iddia tələbinin təmin olunması üçün əsaslar mövcuddur.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
32. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli 211.10.104-0395/22 saylı müqavilə üzrə 7806,37 manat borc məbləği və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova