Məhkəmə qərarları › İş №e-2-2(113)-5027/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5027/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5027/2024 06.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:xidmət müqaviləsi,pul) X4 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli “Mehmanxana xidmətlərinin göstərilməsinə dair” müqavilədən yaranmış, cavabdeh tərəfindən ödənilməmiş 5185 manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş 71.85 manat dövlət rüsumu olmaqla ümumilikdə, 5,256.85 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Otel”) ilə Cavabdeh MMC (“Şirkət”) arasında xx.xx.2023-cü il tarixli ******* nömrəli topdansatış müqaviləsi və xx.xx.2024-cü il tarixli Öhdəlik müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən, “Şirkət” müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlər daxilində qonaqlarının (bundan sonra “Müştərilər”- in) İddiaçı MMC-nin tərkibindəki “Theatrum” mehmanxanasında yerləşdirilməsi və onlara mehmanxana xidmətləri (bundan sonra “Xidmətlər”) göstərilməsi barədə sifariş verir, “Otel” isə “Şirkət”-nin verdiyi sifariş əsasında müştəriləri yerləşdirməyi və onlara mehmanxana xidmətləri göstərməyi öhdəsinə götürür. Müqavilənin tələblərinə uyğun olaraq “Otel” “Şirkət”-ə onun sifarişlərinə uyğun olaraq mehmanxana xidmətlərini tam şəkildə təhvil vermişdir. Lakin, “Şirkət” göstərilmiş mehmanxana xidmətlərinin dəyərini tam ödəməmiş və “Otel” qarşısında icra edilməmiş 5185 manat məbləğində öhdəliyi yaranmışdır. “Otel”-in “Şirkət” qarşısında icra edilməmiş hər hansı bir öhdəliyi yoxdur. “Otel” tərəfindən Müqavilə üzrə bütün müəyyən edilmiş şərtlər və öhdəliklər yerinə yetirilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Sübutların tədqiqi:

6. İddiaçı Cavabdeh MMC ilə cavabdeh İddiaçı MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, ******* saylı topdan satış müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən qiymətlər müqavilənin qüvvəyə mindiyi tarixdən xx.xx.2023cü il tarixədək qüvvədədir və onlara otel tərəfindən dəyişiklik edilə bilər. - 1.2-ci bəndinə əsasən Bu Müqavilədə göstərilən qiymətlərə səhər yeməyi və standart internetə çıxış daxildir. - 1.3-cü bəndinə əsasən Bu Müqaviləyə daxil olan bütün qiymətlərə 18% məbləğində X6 nəzərə alınaraq qeyd edilib. Qiymətlərə bir gecəyə bir nəfər üçün 1.30 AZN məbləğində Bələdiyyə vergisi daxil deyil. Dövlət tərəfindən tətbiq edilən vergi tutumu ilə bağlı hər hansı dəyişiklik olduqda, Otel qüvvəyə minən yeni vergi tutumunu dərhal tətbiq etmək hüququnu özündə saxlayır. - 10.1-ci bəndinə görə, xidmətlərin təhvili və qəbulu xidmətlər icra edildikdən sonra tərəflərin səlahiyyətli nümayəndələrinin imza və möhürü ilə təsdiqlənmiş Təhvil- Təslim Aktının tərtib edilməsi yolu ilə təsdiq edilir. - 10.2-ci bəndinə əsasən,otel tərəfindən şirkətə gönndərilmiş X1 10 təqvim günü ərzində təsdiq edib göndərməzsə, Xidmətlər təhvil verilmiş sayılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

7. İddiaçı tərəfindən verilən xx.xx.2024-cü il tarixli maliyyə arayşına əsasən Resant Group” MMC və "Rayyan GT” MMC arasında bağlanmış ******* nömrəli xx.xx.2023-cü il tarixli Xidmət Müqaviləsinə əsasən "Rayyan GT” MMC-nin qonaqlarına İddiaçı MMCnə məxsus mehmanxanada xidmətlər göstərilmiş və bu xidmətlərin qarşılığında "Rayyan GT” MMC-nin "Resant Group” MMC-nə 5185 manat borcu var.

8. İddiaçı tərəfindən cavabdehə 19.0302024-cü il tarixli 5185 manat məbləğində hesab faktura göndərilmişdir.

9. İddiaçı MMC (“icraçı”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında xx.xx.2024-cü il tarixli öhdəlik müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış ******* nömrəli xx.xx.2023-cü il tarixli Xidmət Müqaviləsinə əsasən Sifarişçinin İcraçı qarşısında yaranmış 5185 manat borcunu bu müqavilənin 1.3-cü bəndində nəzərdə tutulan qaydada ödəməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq öhdəlik borcunu “İcraçı”-ya faizlə qaytarılması nəzərdə tutulmur. - Ödənişlərin qaydası aşağıdakı formada olacaqdır: - 25.04.2024-cü il tarixinə qədər 1000 manat - 25.05.2024-cü il tarixinə qədər 1000 manat - 25.06.2024-cü il tarixinə qədər 1100 manat - 25.07.2024-cü il tarixinə qədər 1085 manat - 25.08.2024-cü il tarixinə qədər 1000 manat - 2.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir.

10. İş materiallarında olan pretenziya məktubundan görünür ki, yaranmış borcun 10 gün ərzində ödəmədiyi halda ona qarşı iddia irəli sürülərək məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir. IV. Tətbiq edilən hüquq:

11. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

14. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

15. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC(icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2023-cü il tarixli, ******* saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilələrin şərtinə uyğun olaraq cavabdehə xidmətlər (müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlər daxilində qonaqlarının İddiaçı MMC-nin tərkibindəki “Theatrum” mehmanxanasında yerləşdirilməsi və onlara mehmanxana xidmətləri göstərilməsi) göstərmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilələr üzrə İddiaçı MMC-yə olan borcu 5185 manat təşkil edir.

17. İddiaçı tərəfindən qeyd edilən dəyərdə xidmətlərin göstərilməsi və cavabdeh tərəfindən həmin xidmətlərin ödənilməməsi faktı iddiaçı ilə cavabdeh arasınd imzalanmış xx.xx.2024-cü il tarixli öhdəlik müqaviləsi ilə təsdiq olunur.

18. Odur ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, ******* saylı topdan satış müqaviləsi üzrə 5185 manat məbləğində pul tutulması tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir.

19. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 71,85 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

20. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə 48 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 5185 manat (beş min yüz səksən beş manat) manat pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 71,85 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar