Məhkəmə qərarları › İş №e-2-2(113)-5046/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5046/2022

03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5046/2022 03.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli (işlərin görülməsi barədə) müqavilənin icrası əsasında yaranmış cəmi 28392 manat məbləğində pulun, müqavilədən irəli gələn, gecikdirilmiş borc məbləğinin məhkəmə qərarının qəbul edildiyi günə olan rəsmi uçot dərəcəsi ilə faizinin hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli (işlərin görülməsi barədə) müqavilənin icrası əsasında yaranmış cəmi 28392 manat məbləğində pulun, müqavilədən irəli gələn, gecikdirilmiş borc məbləğinin məhkəmə qərarının qəbul edildiyi günə olan rəsmi uçot dərəcəsi ilə faizinin hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021ci il tarixli Müqavilə (işlərin görülməsi barədə) imzalanmışdır. Müqavilə əsasında İcraçı olaraq iddiaçı tərəfindən cavabdehin sifarişi ilə cavabdehə məxsus texniki və digər nəqliyyat vasitə və avadanlıqların təmir edilməsi işlərinin icra edilməsi, cavabdehin isə öz növbəsində görülmüş işlərin razılaşdırılmış qiymətini ödəmək öhdəliyi vardır. Tərəflər arasında imzalanmış Xidmət müqaviləsinin 3.1-ci bəndinə əsasən İşlərin yerinə yetirilməsini təsdiq edən Təhvil-təslim aktı hər iki tərəfdən imzalandıqdan sonra, Sifarişçi görülən işlərin dəyərini Azərbaycan Respublikası qanunvericiliyinə əsasən təqdim edilən hesab-faktura əsasında, həmin hesab-faktura cavabdehə təqdim edildiyi gündən etibarən 15 iş günü ərzində iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqaviləyə əsasən iddiaçı cavabdehin sifarişi ilə müxtəlif texniki nəqliyyat vasitələrin təmirini həyata keçirmiş və faktiki olaraq cavabdehə təhvil vermişdir. Müqavilə üzrə görülmüş işlər üzrə cavabdeh tərəfindən ümumi olaraq iddiaçıya ödənilməli cəmi 28392 manat məbləğində borc yaranmışdır. Belə ki, bir faktura (xx.xx.2021) üzrə 21594 manat, digər faktura (xx.xx.2022) üzrə isə ödənilməmiş 7198 manat məbləğində ödənilməmiş borc qalmışdır. Bundan əlavə, təhvil-təslim sənədləri müqavilə üzrə müəyyən edilmiş müddətdə imzalanmasa da təqdim edilmiş 21594 manat dəyərində olan faktura (xx.xx.2021) üzrə 400 manat məbləği iddiaçıya artıq ödənilmişdir. Həmçinin, tərəflər arasında imzalanmış Xidmət müqaviləsinin 4.2.8-ci bəndinə əsasən xidmət haqqının müqavilədə nəzərdə tutulmuş müddətdə ödənişini gecikdirdikdə, hər gecikdirilmiş gün üçün iddiaçıya müqavilə üzrə ödənilməmiş xidmət haqqının 0.5%-i məbləğində, lakin 10%-dən artıq olmamaqla cavabdeh tərəfindən penya ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilə üzrə işlərin görülməsindən kifayət qədər uzun müddət keçməsinə baxmayaraq, cavabdehə təqdim edilmiş təhvil-təslim sənədləri imzalanmamış, borc məbləği ödənilməmiş, həmçinin iddiaçıya hər hansı əsaslandırılmış imtina və ya reklamasiya məktubu verilməmişdir. Tərəflər arasında imzalanmış Müqavilənin 13.1-ci bəndinə əsasən Müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar yolu ilə həll edilir. Həmin Müqavilənin 13.2-ci bəndinə əsasən tərəflər mübahisənin həlli barədə 30 gün ərzində razılığa gəlmədikdə, mübahisələr qüvvədə olan qanunvericiliyin normaları ilə tənzimlənəcək və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaq. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı artıq uzun müddətdir şirkətlərin məsul şəxsləri arasında faksimil yazışmalar aparılmış, həmçinin cavadehə iddiaçı tərəfindən pretenziya məktubu göndərilmişdir. Lakin mübahisənin həlli ilə bağlı cavabdeh tərəfindən hər hansı addım atılmamış, tədbirlər görülməmişdir. Həmçinin mübahisənin müqavilədə nəzərdə tutulmuş pretenziya qaydasında həll edilməsi üçün elektron məhkəmə portalı vasitəsilə müvafiq pretenziya da cavabdehə iddiaçı tərəfindən göndərilmiş, lakin həmin pretenziya məktubuna da cavabdeh tərəfindən əsaslandırılmış cavab verilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin maddələri, qanunvericiliyin tələbləri, praktiki işgüzar adətlər, işgüzar etika cavabdeh tərəfindən kobud şəkildə pozularaq, yaranmış mübahisənin həlli, pul öhdəliyin icrası üçün hər hansı əməli addımlar atılmamışdır. Tərəflər arasında imzalanmış, yuxarıda adıçəkilən müqavilə predmetinə görə və mahiyyətcə podrat müqaviləsidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, iddia tələbinin əsassız olduğunu hesab edir. Tərəflər arasında müqavilə mövcud olmuş, lakin iddia ərizəsində təqdim olunmuş sübutlar həqiqəti əks etdirmir. Müqavilə üzrə işlərin təhvil verilməsi barədə heç bir sübut qarşı tərəf təqdim etməmişdir. Cavabdeh işi təhvil almadığı üçün hazırda qarşı tərəfin qarşısında heç bir öhdəliyi yoxdur. İşin 400 manat hissəsi yerinə yetirildiyi üçün cavabdeh tərəfindən həmin pul ödənilmişdir. Elektron qaimə göndərilən zaman 7-8 vəziyyətdə göndərilmiş, cavabdeh həmin qaimələrin ikisini qəbul etmişdir. İddiaçı işi təhvil verdikdən sonra elektron qaimə göndərə bilər. İddiaçı isə ancaq elektron qaiməni göndərməklə kifayətlənmişdir. Elektron qaiməni AVİS sistemi təsdiq etmişdir, cavabdeh onu qəbul etmir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsindən görünür ki, iddiaçı bu Müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə xüsusi texniki nəqliyyat və digər avadanlıqların təmiri xidmətlərini göstərməyi, cavabdeh isə göstərilən xidmətlərin dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2021-ci il tarixli AA007 saylı və xx.xx.2022-ci il tarixli AA026 saylı fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətin dəyəri müvafiq olaraq 21594 manat və 7198 manat olmaqla ümumilikdə 28792 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli EBBP seriyalı 135534 saylı və xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 208021 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətin dəyəri müvafiq olaraq 21594 manat və 7198 manat olmaqla ümumilikdə 28792 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, iddiaçı tərəfindən xidmətlərin göstərilməsinə dair təhvil-təslim aktları tərtib edilməklə təsdiq edilmiş, lakin cavabdeh tərəfindən təsdiq edilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı bu Müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə xüsusi texniki nəqliyyat və digər avadanlıqların təmiri xidmətlərini göstərməyi, cavabdeh isə göstərilən xidmətlərin dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Tərəflər arasında Xidmət müqaviləsi bağlansa da, həmin müqavilənin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri podrat müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsi bağlanılmış və cavabdeh tərəfindən qeyd olunan müqavilə üzrə iddiaçıya 400 manat məbləğində ödəniş edilmişdir. İddiaçı cavabdehə 28392 manat məbləğində göstərilmiş xidmətlərin dəyərinin ödənilmədiyini iddia edir, cavabdeh isə həmin dəyərdə xidmətin cavabdehə göstərildiyini qəbul etmir. İddiaçının dəlillərindən biri bundan ibarətdir ki, xidmətlərin cavabdehə göstərildiyi sübut qismində təqdim edilmiş elektron qaimələrlə təsdiq edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli EBBP seriyalı 135534 saylı və xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 208021 saylı elektron qaimələr üzrə hesablama aparıldıqda iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyərinin iddia ərizəsində qeyd edildiyi kimi müvafiq olaraq 21594 manat və 7198 manat olmaqla ümumilikdə 28792 manat təşkil etdiyi, cavabdeh tərəfindən 21594 manat dəyərində olan faktura üzrə 400 manat məbləğin iddiaçıya ödənildiyi müəyyən olunur. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsinin 2.1-ci bəndinə əsasən işlərin yerinə yetirilməsini təsdiq edən Təhvil-təslim Aktı hər iki Tərəfdən imzalandıqdan sonra, Sifarişçi görülən İşlərin dəyərini Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təqdim edilən Hesab-faktura əsasında, həmin hesab-faktura Sifarişçiyə təqdim edildiyi gündən etibarən 15 (on beş) iş günü ərzində İcraçıya ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Mülki qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, müqavilə tərəfləri arasındakı mübahisələrin həlli zamanı müqavilə şərtləri hərfi mənada təfsir edilməməli, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış təcrübə, işgüzar adətlər, tərəflərin müqavilə bağladıqdan sonrakı hərəkətləri nəzərə alınmalıdır. Müqavilədə işlərin yerinə yetirilməsi zamanı təhvil-təslim aktının tərtib edilməsi nəzərdə tutulsa da, cavabdeh tərəfindən dəyəri artıq ödənilmiş işlərlə bağlı da tərəflər arasında təhvil-təslimlə bağlı aktlar mövcud deyil. Eyni zamanda cavabdehin nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında 400 manat ödəniş olduğunu, elektron qaimə göndərilən zaman 7-8 vəziyyətdə göndərildiyini, həmin qaimələrin ikisini qəbul etdiyini bildirmişdir. Belə olan halda müəyyən olunur ki, tərəflər arasında işlərin təhvil-təslimi elektron qaimə göndərilməsi ilə rəsmiləşdirilmişdir. Bundan başqa, cavabdehin nümayəndəsinin əsas dəlili bundan ibarət olmuşdur ki, iddiaçı tərəfindən işlərin görülməsi ilə bağlı hər hansı sənəd təqdim olunmamış, göstərilən qaimələr isə AVİS sistemi tərəfindən təsdiqlənmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında qaimələrin AVİS sistemi tərəfindən təsdiqləndiyini bildirdiyi halda, digər tərəfdən elektron qaimə göndərilən zaman 7-8 vəziyyətdə göndərildiyini, həmin qaimələrin ikisini qəbul etdiyini bildirmişdir. Göründüyü kimi qaimələrin qəbul edilməsi ilə bağlı cavabdehin nümayəndəsi ziddiyyətli izahatlar vermişdir. Halbuki, iş materiallarında 2 ədəd elektron qaimə-faktura mövcuddur, həmin qaimə fakturalarda göstərilən məlumatların bir hissəsini təsdiq edib, qalan hissələrini təsdiq etməmək mümkün deyil, yalnız həmin elektron qaimələrdə göstərilən məlumatlarla bağlı elektron qaiməyə düzəliş etmək və ya ləğv etmək mümkündür ki, bu hallar da iş materialları ilə müəyyən olunmur, eyni zamanda cavabdeh tərəfindən bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmin elektron qaimə-fakturalar faktiki olaraq 2022-ci ilin yanvar ayının 4 və 25-i tarixlərində cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir. Bu halda məhkəmə hesab edir ki, görülmüş işlərin təhvil verilməməsi, elektron qaimələrin isə yalnız AVİS sistemi tərəfindən təsdiqlənməsi ilə bağlı dəlilləri həm cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı, həmçinin göstərilən elektron qaimələrlə bağlı Qaydalara uyğun olaraq etiraz etmək hüququndan istifadə edilməməsi baxımından ağlabatan hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müqavilə, elektron qaimə-fakturaların mövcud olması, cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması, cavabdehin 400 manat məbləğində ödənişi olması, cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında qeyd etdikləri iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Tərəflər arasında xidmət müqaviləsi bağlandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaiməfakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində; Həmin Qaydaların 3.9-cu bəndinə əsasən elektron qaimə-fakturanın ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır. Qeyd edilən Qaydalara əsasən vergi ödəyiciləri arasında olan münasibətlər zamanı xidmətlərin kağız daşıyıcıda tərtib edilmiş qaimə əsasında təqdim edilməsi qanun pozuntusu hesab edildiyindən elektron qaimələr məhkəmə tərəfindən işin hallarından asılı olaraq xidmətlərin təqdim edildiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilər. Cavabdehin 28792 manat dəyərində işlərin görülməməsi ilə bağlı iddiaçıya pretenziya irəli sürməməsi və həmin dəyərdə işlərin görülməsi barədə göndərilmiş elektron qaimələrin ləğvi ilə müraciət etməməsi belə qənaətə gəlməyə əsas verir ki, müqaviləyə əsasən sifariş verilmiş 28792 manat dəyərində görülmüş işlər iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. 28792 manatdan cavabdehin ödədiyi 400 manat məbləğ çıxıldıqda qalıq borcun 28392 manat təşkil etdiyi müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Buradan göründüyü kimi, məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, a) məhkəmənin iş üzrə gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılsın, b) məhkəmə tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyətli olan hallar sübut olunsun c) qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Həmçinin cavabdeh tərəfindən qeyd edilsə də ki, iddiaçı tərəfindən heç bir işin təhvil verilməsi baş tutmayıb, bununla bağlı iş materiallarında və ya məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə Mülki Məcəllənin 449-cu maddəsinə istinadən bank uçot dərəcəsi ilə faizinin hesablanaraq tutulması hissəsində iddia tələbini əsassız hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2009-cu il tarixi qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı tərəfindən məhkəməyə cavabdehin ödənişini gecikdirdiyi pul vəsaitindən faydalandığını (gəlir götürdüyünü) təsdiq edən sübutlar təqdim edilməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Eyni zamanda göstərilən tələb qeyri-müəyyəndir. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli (işlərin görülməsi barədə) müqavilənin icrası əsasında yaranmış cəmi 28392 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli (işlərin görülməsi barədə) müqavilənin icrası əsasında yaranmış cəmi 28392 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar