Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5102/2025 01.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat işi (açar sözlər: xidmət müqaviləsi, illik 5 %) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış 01 aprel 2021-ci il tarixdə Liftlərə Texniki Xidmət Müqaviləsinə əsasən 18% ƏDV daxil 2103,43 manat əsas borcun, 200 manat gecikdirilmiş illik 5% məbləğ, 44 manat dövlət rüsumu, cəmi 2347,43 manat məbləğində borcun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 01 aprel 2021-ci il tarixdə Liftlərə Texniki Xidmət Müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən cavabdehin 2023-cü il üzrə və 2024-cü il yanvar ayları üzrə göstərilmiş texniki xidmətlərlə bağlı ödənilməmiş 18% ƏDV daxil 2103,43 manat borc öhdəliyi yaranmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Xidmət göstərən” iddiaçı Bakı şəhəri, Yasamal r-nu, Tbilisi pr. 1054-cü məhəllə ünvanında yerləşən “Grand Hayat” yaşayış kompleksinin 4 nömrəli binasında quraşdırılmış sərnişin-yük liftlərində mövcud qayda üzrə texniki xidmət göstərməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən Sifarişçi göstərilən xidmətlərin dəyərini Bu Müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən Hesabat ayının 3 (üç) iş günü ərzində “Sifarişçi” tərəfindən liftlərin texniki xidmətinə dair irad olmazsa, göstərilən xidmətlər qəbul olunmuş sayılır. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən “Sifarişçi” “Xidmət göstərən” tərəfindən təqdim edilən aylıq aktlara əsasən hər ayın 10- dan gec olmayaraq keçən ay üçün hesablanmış xidmət haqqının ödənilməsini köçürmə qaydasında həyata keçirəcəkdir. Cavabdehin hərəkətsizliyi ilə bağlı iddiaçı cəmiyyətə ziyan dəymiş, bunun nəticəsi olaraq AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5 (beş) % həcmində cavabdeh tərəfin 200 manat dəbbə pulu ödəmək öhdəliyi yaranmışdır. Cavabdehin hal-hazırda qeyd olunan Xidmət müqaviləsinə əsasən 18% ƏDV daxil ümumilikdə 2303,43 manat ödənilməmiş borcu qalmışdır. Qeyd olunan ödənilməmiş borc məbləği müvafiq elektron qaimə faktura və xx.xx.2025-ci il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapır. Cavabdeh 2 (iki) ildən çox bir müddətdir ki, qeyd olunan borc məbləğini ödəməmişdir. Borclu hüquqi şəxsin öz borcunu ödəməsi üçün xx.xx.2024-cü il tarixində pretenziya göndərilmişdir. Ancaq hər hansı bir etiraz daxil olmamışdır. Qanunvericiliyin göstərilən tələbinə əsasən, pretenziya məktubu online kargüzarlıq vasitəsilə cavabdehə göndərilmişdir. Eyni zamanda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat da iddiaçı tərəfindən online kargüzarlıq vasitəsilə cavabdehə göndərilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 427.3, 427.4, 441.1, 441.4, 448.2, 445.7, maddələrinə istinad olunmuşdur. 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01 aprel 2021-ci il tarixli liftlərə texniki xidmət müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Xidmət göstərən” iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 1054-cü məhəllə ünvanında yerləşən “Grand Hayat” yaşayış kompleksinin 4 nömrəli binasında quraşdırılmış sərnişin-yük liftlərində mövcud qayda üzrə texniki xidmət göstərməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən Sifarişçi göstərilən xidmətlərin dəyərini Bu Müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən Hesabat ayının 3 (üç) iş günü ərzində “Sifarişçi” tərəfindən liftlərin texniki xidmətinə dair irad olmazsa, göstərilən xidmətlər qəbul olunmuş sayılır. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən “Sifarişçi” “Xidmət göstərən” tərəfindən təqdim edilən aylıq aktlara əsasən hər ayın 10-dan gec olmayaraq keçən ay üçün hesablanmış xidmət haqqının ödənilməsini köçürmə qaydasında həyata keçirəcəkdir. EBDO seriyalı 125879 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən, İddiaçı MMC tərəfindən "Grand Hayat" Yaşayış Kompleksinin 4 nömrəli binasında liftlərə 400 manat dəyərində texniki xidmət göstərilmişdir. EBDW seriyalı 265723 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən, İddiaçı MMC tərəfindən "Grand Hayat" Yaşayış Kompleksinin 4 nömrəli binasında liftlərə 400 manat dəyərində texniki xidmət göstərilmişdir. EBDW seriyalı 262674 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən, İddiaçı MMC tərəfindən "Grand Hayat" Yaşayış Kompleksinin 4 nömrəli binasında liftlərə 400 manat dəyərində texniki xidmət göstərilmişdir. EBDW seriyalı 556174 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən, İddiaçı MMC tərəfindən "Grand Hayat" Yaşayış Kompleksinin 4 nömrəli binasında liftlərə 400 manat dəyərində texniki xidmət göstərilmişdir. EBDX seriyalı 137280 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən, İddiaçı MMC tərəfindən "Grand Hayat" Yaşayış Kompleksinin 4 nömrəli binasında liftlərə 400 manat dəyərində texniki xidmət göstərilmişdir. EBDX seriyalı 319435 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən, İddiaçı MMC tərəfindən "Grand Hayat" Yaşayış Kompleksinin 4 nömrəli binasında liftlərə 103,46 manat dəyərində texniki xidmət göstərilmişdir. "xxxx" MMC və Cavabdeh MMC arasında xx.xx.2025-ci il tarixinə hər iki tərəfin möhürü ilə təsdiq edilmiş üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə 2103,46 manat qalıq borcunun olması təsdiq edilmişdir. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktublarından görünür ki, iddiaçı cavabdehdən müqavilə şərtlərinə riayət etməyini və ən qısa müddətdə 31 noyabr 2024-cü il tarixədək borc məbləğinin ödənişini təmin etməyini ilk öncə xahiş, sonra isə tələb etmişdir. xx.xx.2025-ci il tarixli **********16 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 44 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmət müqavilələri üzrə öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllədə xidmət müqaviləsi nəzərdə tutulmasa da, tərəflər arasında olan xidmət müqaviləsi Mülki Məcəlləyə zidd olmadığından tərəflər həmin müqaviləni bağlaya bilər və məzmununu müəyyənləşdirə bilərlər. Belə ki, iddiaçı cavabdehlə aralarında bütün mühüm şərtləri razılaşdırılaraq imzalanmış müqaviləyə uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 1054cü məhəllə ünvanında yerləşən “Grand Hayat” yaşayış kompleksinin 4 nömrəli binasında quraşdırılmış sərnişin-yük liftlərində mövcud qayda üzrə texniki xidmət göstərməyi öz öhdəsinə götürmüş, Sifarişçi isə göstərilən xidmətlərin dəyərini Bu Müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürür. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını ödəməmişdir. Buna görə də iddiaçının Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən cavabdehdən xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin icrasını, görülmüş xidmətin haqqının ödənilməsini tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. İddiaçı tərəfindən tələb olunan 2103,43 manat məbləğ təqdim olunmuş sübutlarla – elektron qaimələr və üzləşmə aktı ilə öz təsdiqini tapdığından iddia tələbi həmin hissədə təmin edilməlidir. Həmçinin iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 200 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Hesab edirəm ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır. Bununla belə, müqaviləyə əsasən cavabdeh aylıq akt üzrə hər ayın 10-dan gec olmayaraq keçən ay üçün hesablanmış xidmət haqqını ödəməli idi, lakin iş üzrə aylıq aktlar məhkəməyə təqdim olunmadığına görə üzləşmə aktından imzalandıqdan sonrakı aydan, yəni 10 fevral 2025-ci il tarixindən 01 avqust 2025-ci il tarixinə kimi illik 5% ilə hesablanmış 49,89 manat məbləğ əsaslı hesab olunur və buna görə də iddia həmin hissədə qismən təmin olunmalı, illik 5% ilə hesablanmış 49,89 manat vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərdən əlavə MPM-in 119-cu maddəsinə əsasən hesab edirəm ki, iddia qismən təmin olunduğundan ödənilmiş 44 manat dövlət rüsumunun 41,53 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 01 aprel 2021-ci il tarixli Liftlərə Texniki Xidmət Müqaviləsinə əsasən 18% ƏDV daxil 2103,43 manat əsas borc, illik 5% ilə hesablanmış 49,89 manat pul vəsaiti, cəmi 2153 (iki min yüz əlli üç) manat 32 (otuz iki) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41 (qırx bir) manat 53 (əlli üç) qəpik İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5102/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5102/2025
01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver