Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5103/2025 31.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, müqavilə öhdəliklərinin lazımınca icra edilməməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Cavabdehə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01 aprel 2021-ci il tarixli liftlərə texniki xidmət müqaviləsinə əsasən 18% ƏDV daxil 2629,33 manat (iki min altı yüz iyirmi doqquz manat otuz üç qəpik) əsas borc, 260 (iki yüz altmış) manat gecikdirilmiş illik 5% məbləğ, 50 (əlli) manat dövlət rüsumu olmaqla, cəmi 2939,33 manat (iki min doqquz yüz otuz doqquz manat otuz üç qəpik) məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 01 aprel 2021-ci il tarixdə liftlərə texniki xidmət müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən cavabdehin 2023-cü il üzrə və 2024-cü ilin yanvar ayı üzrə göstərilmiş texniki xidmətlərlə bağlı ödənilməmiş 18% ƏDV daxil 2629,33 manat (iki min altı yüz iyirmi doqquz manat otuz üç qəpik) borc öhdəliyi yaranmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “xidmət göstərən” iddiaçı Bakı şəhəri, Yasamal rayonunu, Tbilisi prospekti, 1054cü məhəllə ünvanında yerləşən “Grand Hayat” yaşayış kompleksinin 5 nömrəli binasında quraşdırılmış sərnişin-yük liftlərində mövcud qayda üzrə texniki xidmət göstərməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən sifarişçi göstərilən xidmətlərin dəyərini bu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən hesabat ayının 3 (üç) iş günü ərzində “sifarişçi” tərəfindən liftlərin texniki xidmətinə dair irad olmazsa, göstərilən xidmətlər qəbul olunmuş sayılır. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən “sifarişçi” “xidmət göstərən” tərəfindən təqdim edilən aylıq aktlara əsasən hər ayın 10-dan gec olmayaraq keçən ay üçün hesablanmış xidmət haqqının ödənilməsini köçürmə qaydasında həyata keçirəcəkdir. Cavabdehin hərəkətsizliyi ilə bağlı iddiaçı cəmiyyətə ziyan dəymiş, bunun nəticəsi olaraq AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5 (beş) % həcmində cavabdeh tərəfin 260 manat pul ödəmək öhdəliyi yaranmışdır. Cavabdehin halhazırda qeyd olunan xidmət müqaviləsinə əsasən 18% ƏDV daxil ümumilikdə 2889,33 manat (iki min səkkiz yüz səksən doqquz manat otuz üç qəpik) ödənilməmiş borcu qalmışdır. Qeyd olunan ödənilməmiş borc məbləği müvafiq elektron qaimə-faktura və xx.xx.2025-ci il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapır. Cavabdeh 2 (iki) ildən çox müddətdir ki, qeyd olunan borc məbləğini ödəməmişdir. Borclu hüquqi şəxsin öz borcunu ödəməsi üçün xx.xx.2024-cü il tarixində pretenziya göndərilmiş, hər hansı etiraz daxil olmamışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 427.3, 427.4, 441.1, 441.4, 445.7, 448.2-ci maddələrinə istinad olunmuşdur.
4. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01 aprel 2021-ci il tarixdə liftlərə texniki xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən xidmət göstərən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 1054-cü məhəllə ünvanında yerləşən “Grand Hayat” Yaşayış Kompleksinin 5 nömrəli binasında quraşdırılmış səmişinyük liftlərinə mövcud qayda üzrə texniki xidmət göstərməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən sifarişçi göstərilən xidmətlərin dəyərini bu müqavilənin şənlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 4.1ci maddəsinə əsasən müqavilə şərtlərinə uyğun olaraq göstəriləcək xidmətlərin dəyərinə görə “Grand Hayat” Yaşayış Kompleksinin 5 nömrəli binası, “Otis” markalı 6 ədəd liftə, 1 lift üçün aylıq 100 manat məbləğində xidmət haqqı razılaşdırılmışdır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
6. xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 126433 nömrəli elektron qaimə-fakturadan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 500 manat (ƏDV daxil) (2023cü ilin avqust ayı üçün) təşkil edir.
7. xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 265394 nömrəli elektron qaimə-fakturadan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 500 manat (ƏDV daxil) (2023cü ilin sentyabr ayı üçün) təşkil edir.
8. xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 262449 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 500 manat (ƏDV daxil) (2023cü ilin oktyabr ayı üçün) təşkil edir.
9. xx.xx.2024-cü il tarixli, EBDW seriyalı, 556262 nömrəli elektron qaimə-fakturadan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 500 manat (ƏDV daxil) (2023cü ilin noyabr ayı üçün) təşkil edir.
10. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 137469 nömrəli elektron qaimə-fakturadan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 500 manat (ƏDV daxil) (2023cü ilin dekabr ayı üçün) təşkil edir.
11. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 320557 nömrəli elektron qaimə-fakturadan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 129,33 manat (ƏDV daxil) (2024-cü ilin yanvar ayı üçün) təşkil edir.
12. Tərəflər arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixə olan qalıq borcu 2629,33 manat (2023-ci ilin avqust-dekabr ayları üzrə hər ay üçün 500 manat, 5 ay üçün 2500, 2024-cü ilin yanvar ayı üçün 129,33 manat olmaqla, ümumilikdə 2629,33 manat) təşkil edir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, müqavilə üzrə yaranmış borcun xx.xx.2024-cü il tarixinədək ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar edilmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
16. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xidmət müqaviləsi bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır, belə ki, xidmət göstərilmiş, lakin xidmət haqqı ödənilməmişdir. Həmin hal təqdim edilmiş müqavilə, elektron qaimə-fakturalar, üzləşmə aktı ilə öz təsdiqini tapır.
17. İddia tələbinin bir hissəsini 01 aprel 2021-ci il tarixdə liftlərə texniki xidmət müqaviləsinə əsasən 18% ƏDV daxil 2629,33 manat əsas borcun borcun cavabdehdən tutulması təşkil edir.
18. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməli, Cavabdeh MMC-dən 2629,33 manat (iki min altı yüz iyirmi doqquz manat otuz üç qəpik) borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Borcun mövcudluğu işdə olan sübutlarla (müqavilə, elektron qaiməfakturalar, üzləşmə aktı) öz əksini tapır. Eyni zamanda həmin məbləğdə borc qalığı ilə bağlı tərəflər arasında üzləşmə aktı tərtib olunmuşdur. Üzləşmə aktından görünür ki, müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixə olan borcu 2629,33 manat (2023-ci ilin avqust-dekabr ayları üzrə hər ay üçün 500 manat olmaqla, 5 ay üçün 2500, 2024-cü ilin yanvar ayı üçün 129,33 manat olmaqla, ümumilikdə 2629,33 manat) təşkil etmişdir.
19. Bundan əlavə iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5 (beş) % həcmində 260 manat məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir.
20. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır. Odur ki, həmin hissədə də iddia qismən təmin olunmalı və cavabdehdən gecikdirilmiş vaxt üçün 1 il üçün illik 5%-lə hesablanmış 131,50 manat (yüz otuz bir manat əlli qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır. Belə ki, iddiaçı gecikdirilmiş vaxt üçün illik 5% həcmində 206 manat məbləğin cavabdehdən tutulmasını xahiş etsə də, həmin məbləğin hansı müddət üçün hesablandığına dair müvafiq əsaslandırılmanı təqdim etməmişdir.
21. Eləcə də, iddiaçı ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
22. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46,70 manat (qırx altı manat yetmiş qəpik) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehdən 2629,33 manat (iki min alt yüz iyirmi doqquz otuz üç qəpik) borc, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 131,50 manat (yüz otuz bir manat əlli qəpik), ödənilmiş dövlət rüsumuna görə 46,70 manat (qırx altı manat yetmiş qəpik) olmaqla, ümumilikdə 2807,53 manat (iki min səkkiz yüz yeddi manat əlli üç qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova