Məhkəmə qərarları › İş №e-2-2(113)-5105/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5105/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5105/2025 28.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01 aprel 2021-ci il tarixdə Liftlərə Texniki Xidmət Müqaviləsinə əsasən 18% ƏDV daxil 3645.08 manat əsas borcun, 400 manat gecikdirilmiş illik 5% məbləğ, 61 manat dövlət rüsumu, cəmi 4106.08 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 01 aprel 2021-ci il tarixdə Liftlərə Texniki Xidmət Müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən cavabdehin 2023-cü il üzrə və 2024-cü il yanvar ayları üzrə göstərilmiş texniki xidmətlərlə bağlı ödənilməmiş 18% ƏDV daxil 3645.08 (üç min altı yüz qırx beş, 08) manat borc öhdəliyi yaranmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Xidmət göstərən” iddiaçı Bakı şəhəri, Yasamal r-nu, Tbilisi pr. 1054-cü məhəllə ünvanında yerləşən “Grand Hayat” yaşayış kompleksinin 6 nömrəli binasında quraşdırılmış sərnişin-yük liftlərində mövcud qayda üzrə texniki xidmət göstərməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasənSifarişçi göstərilən xidmətlərin dəyərini Bu Müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən Hesabat ayının 3(üç) iş günü ərzində “Sifarişçi” tərəfindən liftlərin texniki xidmətinə dair irad olmazsa, göstərilən xidmətlər qəbul olunmuş sayılır. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən “Sifarişçi” “Xidmət göstərən” tərəfindən təqdim edilən aylıq aktlara əsasən hər ayın 10- dan gec olmayaraq keçən ay üçün hesablanmış xidmət haqqının ödənilməsini köçürmə qaydasında həyata keçirəcəkdir. Cavabdehin hərəkətsizliyi ilə bağlı iddiaçı cəmiyyətə ziyan dəymiş, bunun nəticəsi olaraq AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5(beş) % həcmində cavabdeh tərəfin 400 manat dəbbə pulu ödəmək öhdəliyi yaranmışdır. Cavabdehin hal-hazırda qeyd olunan Xidmət müqaviləsinə əsasən 18% ƏDV daxil ümumilikdə2889.33 AZN (iki min səkkiz yüz səksən doqquz, 33) manat ödənilməmiş borcu qalmışdır. Qeyd olunan ödənilməmiş borc məbləği müvafiq elektron qaimə faktura və xx.xx.2025-ci il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapır. Cavabdeh 2 (iki) ildən çox bir müddətdir ki, qeyd olunan borc məbləğini ödəməmişdir. Borclu hüquqi şəxsin öz borcunu ödəməsi üçün xx.xx.2024-cü il tarixində pretenziya göndərilmişdir. Ancaq hər hansı bir etiraz daxil olmamışdır. Qanunvericiliyin göstərilən tələbinə əsasən, pretenziya məktubu online kargüzarlıq vasitəsilə cavabdehə göndərilmişdir. Eyni zamanda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat da iddiaçı tərəfindən online kargüzarlıq vasitəsilə cavabdehə göndərilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi R.Qədirov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə bamayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (xidmət göstərən) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 01 aprel 2021-ci il tarixli SGS-Co2-210401-005 saylı liftlərə texniki xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən “Xidmət göstərən” iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 1054-cü məhəllə ünvanında yerləşən “Grand Hayat” yaşayış kompleksinin 6 nömrəli binasında quraşdırılmış sərnişin-yük liftlərində mövcud qayda üzrə texniki xidmət göstərməyi öz öhdəsinə götürür.

8. Müqavilənin 1.2-ci bəndinə əsasən sifarişçi göstərilən xidmətlərin dəyərini bu Müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürür.

9. Müqavilənin 5.4-cü bəndinə əsasən müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə, sifarişçi və ya icraçı qarşı tərəfə 10 (on) gün əvvəlcədən yazılı xəbərdarlıq etmək şərti ilə müqaviləni birtərəfli qaydada ləğv edə bilər. Xidmət göstərən tərəfindən görülən işlərin və ya göstərilən xidmətlərin təhvil verilməsinin müddəti pozulduğu halda o, hər bir gecikdirilən gün üçün görülən işlərin və ya göstərilən xidmətlərin dəyərinin 0,1 %-i həcmində sifarişçiyə cərimə ödəməlidir. Bu cərimə sifarişçinin xidmət göstərənə ödəyəcəyi məbləğdən çıxarılır.

10. Tərəflər arasında imzalanaraq möhürlə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli üzləşmə aktına əsasən cavabdehin iddiaçıya borcu 3645,08 AZN təşkil edir.

11. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, EBDF 565547 nömrəli 76,61 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDF 565872 nömrəli 76,61 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDF 566652 nömrəli 76,61 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDF 565312 nömrəli 76,61 məbləğində, xx.xx.2023-cü il tarixli EBDF 565440 nömrəli 76,61 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDH 071407 nömrəli 76,61 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDK 869963 nömrəli 76,61 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDM 526048 nömrəli 76,61 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDO 210559 nömrəli 76,61 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDO 127781 nömrəli 500,00 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDW 268395 nömrəli 76,61 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDW 265078 nömrəli 500,00 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDW 270052 nömrəli 76,61 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDW 262215 nömrəli 500,01 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDW 300463 nömrəli 76,61 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBDW 556341 nömrəli 500,00 manat məbləğində, xx.xx.2024-cüi il tarixli, EBDX 138427 nömrəli 500,00 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDX 139097 nömrəli, 76,61 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBDX 357475 nömrəli 129,33 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBDX 357547 nömrəli 19,82 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDW 262215 nömrəli 500,01 manat məbləğində elektron qaimə-fakturalar göndərilmişdir.

12. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

13. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, tərəflər arasında 01 aprel 2021-ci il tarixli SGS-Co2-210401-005 saylı liftlərə texniki xidmət müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilməmiş, hazırda cavabdehin iddiaçıya ƏDV daxil 3645,08 manat borcu yaranmışdır.

14. Məhkəmə hesab edir ki, iddiaçı 3645,28 manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır.

15. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

16. Bundan əlavə, iddiaçı iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 400 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) pulun ödənilməsi tələbini də irəli sürmüşdür.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

19. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

20. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

21. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

22. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

23. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

26. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

27. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.

28. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır.

29. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən faiz borcunun məbləği düzgün müəyyən edilməmişdir.

30. Cavabdehdən tutulmalı olan faiz borcunun məbləği 182,25 manat (3645,08 manat * 5 faiz / 100) müəyyən edilməlidir.

31. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 3645,08 manat əsas borc, 182,25 manat illik beş faizlə hesablanmış faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 58,28 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 2,72 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 3645,08 manat əsas borc, 182,25 manat illik beş faizlə hesablanmış faiz borcu, 58,28 manat dövlət rüsumu, ümumilikdə 3885,61 (üç min səkkiz yüz səksən beş manat altmış bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 2,72 (iki manat yetmiş iki qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar