Məhkəmə qərarları › İş №e-2-2(113)-5183/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5183/2024

25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5183/2024 25.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, N ASTS-OR304-LC-AGR-003 saylı subpodrat müqaviləsinin şərtlərini yerinə yetirmədiyinə görə,cavabdehdən 55.547,82 manat əsas borc, 3 il gecikdirilən məbləğə görə faiz borcu kimi həmin məbləğin 7.75 %-ini təşkil edən 4.304,95 manat, dövlət rüsumu qismində ödənilmiş 271 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında xx.xx.2018-ci il tarixli, N ASTS-OR304-LC-AGR-003 saylı subpodrat müqaviləsi imzalanmışdır. Müqavilənin ümumi dəyəri ƏDV xaric 727.803,60 manat təşkil etmişdir. Müqavilənin predmetinə görə, cavabdehə müxtəlif adda inşaat materialı satılmış və tikinti quraşdırma xidməti görsətmişdir. İş materiallarına əlavə edilmiş elektron qaimə faktura həmin malmaterialların cavabdehə göndərilməsini və iddiaçının öz öhdəliklərini vicdanla yerinə yetirməsini sübut edir. Cavabdeh ƏDV daxil 680.729,19 manat pul ödəmişdir. Pulun ödənişinin bir hissəsi bank köçürməsi yolu ilə, nəğd qaydada və pul əvəzinə sement materialının verilməsi ilə olmuşdur. Hal-hazırda isə cavabdehin iddiaçıya olan borcu 55.547,82 təşkil edir. Tərərflər arasında olan xx.xx.2021-ci il tarixli üzləşmə aktında tərəflər arsında olan ödəniş əməliyyatının və qalıq borcun təsdiq edilməsi açıq aydın göstərilmişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq, qalıq borc 55.547,82 manat pulu ödəməmişdir. Dəfələrlə yazılı, şifahi xəbərdarlıqlara baxmayaraq, cavabdeh müqavilə şərtlərini yerinə yetirməkdən birtərəfli qaydada boyun qaçırtmışdır. Odur ki, mübahisənin məhkəmədə mübahisələndirilməsinə zərurət meydana gəlmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddiaya etiraz edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı tam şəkildə müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli ASTS-OR304-LC-AGR-003 saylı subpodrat müqaviləsi bağlanmışdır. Qeyd edilmiş müqavilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Heydər Əliyev adına neft emalı zavodunda işlərin görülməsi ilə bağlı olmuşdur.

9. Müqavilənin 5.1-ci bəndinə əsasən podratçı düzgün hesab-fakturanı qəbul etdikdən sonra 45 gün ərzində Subpodratçıya ödəniş etməlidir.

10. 5.2-ci bəndinə görə hər ay podratçıya təsdiqləmək üçün işlərin gedişatı üçün ödəniş aktı (İGÖA) təqdim etməlidir.

11. Subpodratçı yalnız İGÖA-nın təsdiqləməsindən sonra podratçı-nın yazılı icazəsinə əsasən podratçıya hesab-faktura təqdim etməlidir.

12. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı və cavabdehin nümayəndələri tərəflər arasında podrat münasibətlərinin olduğu və müqavilə əsasında işlərin görüldüyünü qəbul etmişlər.

13. Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi cavabdeh tərəfindən ƏDV daxil 680.729,19 manat pul ödənildiyini, cavabdehin iddiaçıya olan borcunun 55.547,82 manat təşkil etdiyini bildirmişdir.

14. Məhkəmənin hazırlıq iclasında cavabdehin nümayəndəsi cavabdeh tərəfindən iddia ərizəsində göstərildiyi kimi 680729.19 manat deyil, 728.893.71 manat, yəni borcun tam ödənildiyini bildirmişdir.

15. İş materiallarına əlavə edilmiş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixinə yerinə yetirilmiş işlərə dair xx.xx.2021-ci il tarixli kumulyativ aylıq aralıq ödəmə aktından görünür ki, İddiaçı tərəfindən görülmüş işlərin ümumi dəyəri 727.803,60 manat təşkil edir, 47.074,40 manat ödənilməmiş məbləğ qalmışdır.

16. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBBBF seriyalı 025551 nömrəli xx.xx.2021-ci il tarixli 55.547,82 (47.074,43 əsas=8.473.40 ƏDV borcu) manat məbləğində işlərin görülməsinə dair elektron qaimə göndərilmişdir.

17. Belə olan halda, Məhkəmə hesab edir ki, subpodratçı İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam icra etmiş, ona görə də, sifarişçinin müqavilə üzrə borcu ödəmək öhdəliyi yaranmışdır.

18. Göründüyü kimi, iddiaçı tərəfindən dəyəri ƏDV-siz dəyəri 727.803,60 manat təşkil edən işlər icra edilmişdir və bu barədə tərəflər arasında akt tərtib edilmişdir, həmçinin də, məhkəmə iclasında bu halı cavabdeh tərəf də, qəbul etmişdir.

19. Cavabdeh tərəfin etirazının birinci dəlili ondan ibarətdir ki, tələb edilən borc məbləği iddiaçının onlara olan digər borcuna görə əvəzləşdirilməsindən ibarətdir.

20. İddiaçı tərəf də, cavabdehin qeyd edilən dəlilinə etiraz edərək, qeyd edilmiş əvəzləşdirmənin məhz mübahisəli müqavilə üzrə deyil, digər müqavilələr üzrə aparıldığını bildirir.

21. Məhkəmə cavabdehin qeyd edilən dəlilini əsassız hesab edir.

22. Belə ki, işə əlavə edilmiş tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli mal və xidmətlərin qarşılıqlı barter edilməsi haqqında razılaşmalardan görünür ki, əvəzləşdirilmə qeyd edilmiş mübahisəli müqavilə üzrə deyil, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələri üzrə aparılmışdır.

23. Yəni qeyd edilmiş, borcların əvəzləşdirilməsinin hazırkı mübahisəli xx.xx.2018ci il tarixli ASTS-OR304-LC-AGR-003 saylı subpodrat müqaviləsinə heç bir aidiyyatı yoxdur.

24. Bundan başqa cavabdehin etirazının digər dəlili müqavilə üzrə pulun nağd qaydada ödənilməsidir. Cavabdeh etirazının bu dəlilinin təsdiqi olaraq işə, xx.xx.2020-ci il tarixli,xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli xəzinə məxaric orderlərini təqdim etmişdir.

25. İddiaçı tərəf isə, cavabdehin bu dəlilinə etiraz edərək, pulların verilmədiyini qeyd edir.

26. Məhkəmə cavabdehin bu dəlilini də, əsassız hesab edir.

27. Belə ki, ilk növbədə cavabdeh tərəfindən təqdim edilmiş məxaric orderlərinin tarixlərinə nəzər yetirsək aydın olur ki, qeyd edilmiş tarixlər tərəflər arasındakı təhvil-təslim və borcun etirafı sənədi olan xx.xx.2021-ci il tarixli aktdan əvvəlki tarixə aiddir. Bundan başqa da, qeyd edilmiş məxaric sənədlərində, pulun məhz iddiaçıya verilməsi də, təsdiq edilmir.

28. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 55.547,82 manat məbləğində borcun tələb edilməsi hissəsində iddia əsaslıdır.

29. Məhkəmə iddianın Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad edilməklə Mərkəzi Bankının uçot dərəcəsinə uyğun 4.304,95 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

30. Qeyd edilmiş maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur.

32. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.

33. Hazırkı halda, isə iddiaçı tərəf cavabdehin onun vermiş olduğu puldan faydalanması halını sübut edə bilməmişdir.

34. Belə olan halda, iddia 4.304,95 manat məbləğində pulun tələb edilməsi hissəsində təmin edilə bilməz.

35. Bundan başqa Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 256,64 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

36. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

Vİ. Nəticə:

37. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 55.547 (əlli beş min beş yüz qırx yeddi) manat, 82 (səksən iki) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 256 (iki yüz əlli altı) manat, 64 (altmış dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar