Məhkəmə qərarları › İş №e-2-2(113)-5198/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5198/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5198/2023 05.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2020-ci tarixli, 18/20 nömrəli müqaviləyə əsasən əsas borc kimi 75255,89 manat pul vəsaitinin, eləcə də pul öhdəliyinin icra edilməməsinə görə bank uçot dərəcəsinə əsasən (illik 9%-dən hesablanmaqla) 12829,71 pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında “X2” obyektinin elektrik avadanlıqları və onların quraşdırılması işlərinin yerinə yetirilməsinə dair müqavilələr bağlamışdır. Həmin müqavilələrə əsasən sifarişçi elektrik avadanlıqları və onların quraşdırılması işlərinin yerinə yetirilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqını ödəməyi, icraçı isə sifarişçinin “X2” obyektinin elektrik avadanlıqları və onların quraşdırılması işlərinin görülməsini, xidmət göstərməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC müqavilə bağlandıqdan sonra müqavilə üzrə öz öhdəliyini yerinə yetirərək “X2” obyektinin elektrik avadanlıqları və onların quraşdırılması işlərini başa çatdırsa da, Cavabdeh MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, xidmətlərin haqqı olan pul vəsaitini iddiaçıya tam ödəməmişdir. Cavabdeh MMC tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2020-ci tarixli, 18/20 nömrəli müqaviləyə əsasən ödəməli olduğu vəsaiti tam olaraq ödəməmişdir. Belə ki, xx.xx.2020-ci tarixli, 18/20 nömrəli müqaviləyə əsasən İddiaçı MMC “X2” obyektinin elektrik avadanlıqları və onların quraşdırılması işlərinin yerinə yetirilməsinə dair müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, bunu da tərəflər arasında “Yerinə yetirilmiş işlərin qəbulu”na dair aktla rəsmiləşdirmişlər. Bundan sonra iddiaçı cavabdehə (ƏDV daxil) 136025,89 (yüz otuz altı min iyirmi beş manat səksən doqquz qəpik) manat pul vəsaitinin ödənilməsi üçün seriya EBAW, 802485 saylı, xx.xx.2021-ci il tarixli və seriya EBBK, 311031 saylı, xx.xx.2021-ci il tarixli müvafiq elektron qaimələr göndərmişdir. Cavabdeh MMC bu günədək öhdəliyini qismən icra etmiş, ayrı-ayrı vaxtlarda ödəməli olduğu pul vəsaitinin bir qismini, cəmi 60770 manat (16520+35400+8850) (ƏDV daxil) ödəsə də, 75255,89 manat (136025,89 - 60770) pul vəsaitini hələ də ödəməmişdir. Odur ki, hazırda Cavabdeh MMC İddiaçı MMC-yə xx.xx.2020-ci tarixli, 18/20 nömrəli müqaviləyə əsasən 75255,89 manat pul vəsaiti ödəməlidir. Cavabdeh MMC heç bir əsas gətirmədən qanunsuz şəkildə xidmət haqqını ödəmədiyi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 460.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçıya borcunun olduğunu qəbul etmiş, borcu ödəmək niyyətində olduğunu bildirmişdir. Tədqiq olunan sübutlar

7. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, subpodratçı qismində İddiaçı MMC ilə podratçı qismində Cavabdeh MMC arasında xx.xx.2020-ci tarixli, 18/20 nömrəli subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə subpodratçı 1.2-ci maddədə göstərilən işi, xidməti, malları bu müqaviləyə uyğun şəkildə icra edib podratçıya təqdim etməyi, podratçı isə, öz növbəsində, işi qəbul edib subpodratçıya bu müqavilə ilə razılaşdırılmış ödənişi etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə podratçı subpodratçıya “X1” obyektinin daxili və xarici elektrik avadanlıqları və quraşdırılması işlərini yerinə yetiməyi həvalə edir. Materilalların adı müqavilənin ayrılmaz hissəsi sayılan əlavələrdə əks olunur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilənin qiyməti bu müqavilənin ayrılmaz hissəsi sayılan əlavələrin dəyərinin cəminə bərabərdir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən bu müqavilə üzrə podratçı subpodratçıya görülmüş işlərin dəyəri qədər təqdim olunacaq hesab-faktura dəyərini ödəyir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən bu müqavilə üzrə bütün hesablaşmalar bank köçürmə yolu hayata keçirilir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə ödəmə mənbəyindən tutulmalı olan 14% dərəcəsində gəlir vergisi və 25% dərəcəsində məcburi sosial sığorta haqqı üzrə ödənişlər subpodratçı tərəfindən həyata keçirilir. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən muzd haqqı görülmüş işlərin həcmi və keyfiyyəti müvafiq Texniki Departamenti tərəfindən aktla təsdiqləndikdən sonra köçürmə yolu ilə ödənilir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən görülmüş işlərin həcmi podratçının ölçmə qaydasına uyğun təyin olunur. Həmin müqavilənin 4.7-ci bəndinə əsasən əvvəlcədən ödəniş məbləği razılaşdırılarsa, bu məbləğ sonrakı ödənişlər zamanı podratçı tərəfindən təyin ediləcək normaya uyğun əvəzləşdiriləcək. Həmin müqavilənin 4.8-ci bəndinə əsasən bütün işlər ehtiyac yarandıqda müvafiq sənəd və sertifikatlar təhvil verildikdən sonra işlər təhvil alınacaq.

9. xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 802485 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 44250 manat (ƏDV daxil) təşkil edir.

10. xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 311031 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 91775,89 manat (ƏDV daxil) təşkil edir.

11. İddiaçı tərəfindən iş materiallarına yerinə yetirilən işlərin qəbulu aktları adlı sənədlər əlavə edilmişdir.

12. Cavabdeh MMC-nin direktoru tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktubda qeyd edilmişdir ki, hal-hazırda rəhbərlik etdiyi "xxxx" MMC ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli, 18/20 və xx.xx.2020-ci il tarixli, 17/20 subpodrat müqavilələrinə əsasən iki ayrı tikinti obyektində İddiaçı MMC tərəfindən yerinə yetirilən, o cümlədən Cavabdeh MMC tərəfindən qəbul olunmuş və aidiyyəti təhvil-təslim aktlarında əksini tapan görülmüş işlərə görə ƏDV daxil olmaqla 85622,33 (səksən beş min altı yüz iyirmi iki manat otuz üç qəpik) manat məbləğində yaranmış əsas debitor borcunu 30 oktyabr 2022-ci il tarixinədək tam məbləğdə ödəməyi öz öhdəliyinə götürür.

13. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 (beş) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

14. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci tarixli, 18/20 nömrəli subpodrat müqaviləsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmənin mövqeyi

16. İddia tələbinin bir hissəsini cavabdehdən 75255,89 manat əsas borcun tutulması təşkil edir.

17. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımi qaydada tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 75255,89 manat (yetmiş beş min iki yüz əlli beş manat səksən doqquz qəpik) əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

18. Bundan əlavə iddiaçı cavabdehdən pul öhdəliyinin icra edilməməsinə görə bank uçot dərəcəsinə əsasən (illik 9%-dən hesablanmaqla) 12829,71 pul vəsaitinin tutulmasını xahiş etmişdir.

19. Müəyyən olunmuşdur ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdirmişdir. Ona dörə də məhkəmənin qənaətinə əsasən iddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, cavabdeh gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

20. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən təmin olunmalı, cavabdehdən 1 il müddətində gecikdirməyə görə 7525,60 manat (yeddi min beş yüz iyirmi beş manat altmış qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır. Cavabdeh MMC-nin direktoru tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktubdan da göründüyü kimi, cavabdeh görülmüş işlərə görə ƏDV daxil olmaqla, 85622,33 (səksən beş min altı yüz iyirmi iki manat otuz üç qəpik) manat məbləğində yaranmış əsas debitor borcunu 30 oktyabr 2022-ci il tarixinədək tam məbləğdə ödəməyi öz öhdəliyinə götürmüş, lakin icranı gecikdirmişdir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 75255,89 manat (yetmiş beş min iki yüz əlli beş manat səksən doqquz qəpik) əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 7525,60 manat (yeddi min beş yüz iyirmi beş manat altmış qəpik) olmaqla, cəmi 82781,49 manat (səksən iki min yeddi yüz səksən bir manat qırx doqquz qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar