Məhkəmə qərarları › İş №e-2-2(113)-5262/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5262/2024

31.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5262/2024 31.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, öhdəliyin icra edilməməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 6077,68 ABŞ dolları məbləğində əsas borcun və Müqavilənin 13.2-ci bəndinə əsasən ödənişin gecikdirilməsi ilə bağlı hesablanmış 607,76 ABŞ dolları məbləğində cərimənin, ümumilikdə 6685,44 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 124,10 AZN məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yük daşınma xidmətlərinin göstərilməsi çərçivəsində İddiaçı MMC ilə Cavabdeh MMC arasında xidmətlərin göstərilməsi haqqında 20-ADY-AZE-052a nömrəli, xx.xx.2020-ci il tarixli müqavilə imzalayaraq mülki hüquqi münasibətlərə daxil olmuşdur. Müqavilə şərtlərinə uyğun olaraq cavabdehə dəmiryolu daşınmaları ilə bağlı verdiyi sifarişlər əsasında nəqliyyat-ekspedisiya xidməti göstərilmişdir, lakin cavabdeh Müqavilənin 1.1, 2.2.5, 9.1, 9.7-ci bəndlərinin tələblərini pozaraq İddiaçı MMC tərəfindən göstərilmiş xidmətlər müqabilində zəruri ödənişləri həyata keçirməmişdir. Bununla belə, cari tarixə cavabdehin İddiaçı qarşısında 6077,68 ABŞ dolları məbləğində pul öhdəliyi mövcuddur. Sözügedən borc məbləğinin yaranması cavabdeh tərəfindən verilmiş daşınmaya dair sifarişlər, bu sifarişlər əsasında kəsilmiş İNV-AZE 2301-0062 nömrəli, xx.xx.2023-cü il tarixli və İNV-AZE 2304-0055 nömrəli, xx.xx.2023-cü il tarixli invoyslar, habelə 486209 saylı, xx.xx.2023-cü il tarixli və 355138 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə-fakturalar, o cümlədən Müqavilə üzrə göstərilən xidmətlərə dair xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli Üzləşmə aktları ilə öz təsdiqini tapmaqdadır. Qeyd olunan invoysların ümumi dəyəri 20,400 ABŞ dolları ekvivalentində 34680 AZN təşkil edir və bu invoysların əhatə etdiyi xidmətlərə dair xx.xx.2023 tarixində 4,086 manat, xx.xx.2023-ci il tarixində 8160 manat, xx.xx.2023-ci il tarixində 4080 manat, xx.xx.2023-ci il tarixində 4760 manat, ümumilikdə 21086 manat ödənişlər etmişdir. Cavabdeh tərəfindən 21086 AZN ödənilmiş vəsait, xx.xx.2023-cü il tarixli üzləşmə aktına uyğun olaraq cavabdehin 1918,79 ABŞ dolları ekvivalentində olan 3261,94 AZN məbləğində dövr üzrə qalıq məbləği olduğundan cavabdehin iddiaçı qarşısında 20400 ABŞ dolları ekvivalentində olan 34680 AZN məbləğindəki borcundan ümumilikdə 24347,94 silinmişdir. Hazırda, cavabdehin iddiaçı qarşısında 6077,68 ABŞ dolları ekvivalentində 10332,06 AZN məbləğində borcu qalmaqdadır. Cavabdeh bu borcla bağlı xx.xx.2023-cü ildən etibarən hər hansı bir ödəniş icra etməməkdədir İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 385.1, 443.1, 448.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Cavabdeh MMC (Sifarişçi) ilə İddiaçı MMC (İcraçı) arasında bağlanmış 08 iyun 2020-ci il tarixli 20-ADY-AZE-052a nömrəli xidmət göstərilməsi haqqında müqavilədən görünür ki, icraçı sifarişçinin yazılı sifarişinə əsasən aşağıdakı xidmətlərin yerinə yetirməyi və ya onların Sifarişçi adından yerinə yetirilməsini təşkil etməyi, Sifarişçi isə həmin xidmətlər müqabilində İcraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürür. Hər bir xidmət üzrə xüsusi şərtlər və qiymətlər müqaviləyə edilən əlavələrdə öz əksini tapacaqdır: 1) Sifarişçiyə məxsus çən vaqonlarının yuyulub-buxarlanması, deqazasiyası və təmizlənməsi; 2) Sifarişçinin mülkiyyətində və ya icarəsində olan istənilən növ vaqonların əsaslı, depo və ya cari təmirinin həyata keçirilməsi; 3) refrijerator seksiyalarının icarəsi; 4) İcraçının mülkiyyətində (icarədə) olan dəmir yol vaqonlarının istifadəyə verilməsi; 5) Yüklərin terminalda aşırılması; 6) ekspedisiya xidməti (tələb olunan marşrut və ya marşrut hissələri üzrə); 7) tərəfləri razılığı ilə digər əməliyyatlar. Müqavilənin 8-ci bəndinə əsasən sifarişçinin sifarişinə əsasən müqavilənin 1.1-ci bəndinə əks etdirilmiş əməliyyatları İcraçı yerinə yetirməli və ya onların yerinə yetirilməsini təşkil etməlidir. Müqavilənin 8.13-cü bəndinə əsasən Sifarişçi xidmət haqqını vaxtı-vaxtında ödəyir. Müqavilənin 9.1-ci bəndinə əsasən sifarişçi göstərilən xidmətlərin (görülən işlərin) dəyərini müvafiq qiymətlər əsasında ödəyir. Müqavilənin 9.7-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş xidmət haqları Sifarişçinin sifarişi əsasında İcraçı tərəfindən hesab-faktura təqdim etdiyi tarixdən 5 gündən gec olmayaraq 100 faiz qabaqcadan köçürmə yolu ilə Sifarişçi tərəfindən ödənilir. Müqavilənin 10.2-ci bəndinə əsasən xidmətin qəbulu tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı təhvil-təslim aktı əsasında həyata keçirilir. Tərəflər hər ay yerinə yetirilmiş xidmətlərlə bağlı növbəti ayın ilk 5 iş günü ərzində üzləşmə aparmalı və üzləşmə aktını bağlamalıdırlar. Müqavilənin 10.3-cü bəndinə əsasən təhvil-təslim aktı icraçının bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etdiyini və sifarişçinin göstərilmiş xidmətlərlə razı olduğunu və onları qəbul etdiyini təsdiq edir. Müqavilənin 13.2ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə Sifarişçi hər bir gecikdirilmiş gün üçün İcraçıya ödənilməmiş məbləğin 0,5%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilənin dəyərinin 10%-dən çox olmamalıdır. EBDC seriyalı, 486209 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 20400 manat, EBDİ seriyalı, 355138 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 14280 manat məbləğində görülmüş işlərin dəyəri "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İNV-AZE 2301-0062 saylı xx.xx.2023-cü il tarixli invoys sənədinə əsasən 12000 ABŞ dolları, İNV-AZE 2304-0055 saylı xx.xx.2023-cü il tarixli invoys sənədinə əsasən 8400 ABŞ dolları məbləğində görülmüş işlərin dəyəri "xxxx" MMC tərəfindən "xxxx" MMCyə ödənilməsi üçün təqdim edilmişdir. "xxxx" MMC tərəfindən 2212-01015 saylı, xx.xx.2022-ci il tarixli, 2301-00044 saylı, xx.xx.2023-cü il tarixli, 2301-00260 saylı, xx.xx.2023-ci il tarixli, 2304-00989 saylı, 17 aprel 2024-cü il tarixli, 2301-00172 saylı xx.xx.2023-ci il tarixli, 2301-00214 saylı 10 yanvar 2023-cü il tarixli sifariş formasına əsasən müxtəlif həcmdə və müxtəlif adda yüklərin daşınması üçün "xxxx" MMC-yə sifarişlər verilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş 08 iyun 2020-ci il tarixli 20-ADY-AZE-052a nömrəli xidmət göstərilməsi haqqında müqavilə ilə bağlı borca dair maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin dekabr 2022-aprel 2023 tarixli dövrlərdə verilmiş olan sifarişlərə dair ödənilməmiş borcu 10332,06 manat təşkil edir. İddiaçı MMC-yə məxsus "xxxx" KB ASC-nin hesab çıxarışından görünür ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən daşınma haqqı olaraq 4086 manat, 8160 manat, 4080 manat və müqavilə üzrə 4760 manat ödənişlər edilmişdir. 16 iyul 2024-cü il tarixli ********** saylı mədaxil "xxxx" MMC tərəfindən dövlət büdcəsinə 124,10 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı xidmətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzər tutulmuş xidmətləri göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını ödəməmişdir. Belə ki, iddiaçı tərəfindən görülmüş işlərlə bağlı ödənişlərin edilməsi üçün cavabdehə elektron qaimələr təqdim edilmiş, iddiaçı tərəfindən cavabdehə elektron qaimələr təqdim edilməsindən artıq bir ildən artıq müddət keçməsinə baxmayaraq, iddiaçıya görülmüş işdə qüsurlarla bağlı heç bir pretenziya irəli sürülməmişdir. Bu onu göstərir ki, iddiaçı tərəfindən müqavilədə şərtləşdirilmiş qaydada işlər qüsursuz görülmüş və cavabdeh tərəfindən qəbul edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, işlər tam görülmədiyi və ya qüsurlu görüldüyü halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edə və ya ən azı bununla bağlı keçən müddət ərzində öz etirazlarını bildirə bilərdi. Bu bir daha təsdiq edir ki, cavabdeh tərəfindən iddiaçının göstərdiyi xidmətlər qüsursuz olaraq qəbul edilmişdir, ona görə ki, mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və ya öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır. Çünki cavabdeh müqavilə üzrə bir neçə dəfə ödənişlər etmiş, həmçinin müxtəlif vaxtlarda sifarişlər vermişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, xidmətlərə görə 6077,68 ABŞ dolları məbləğində pul vəsaitini ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, tərəflər arasındakı işgüzar adəti nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 6077,68 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 607,76 ABŞ dolları cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 303,89 ABŞ dolları müəyyən olunmalıdır. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında daşınmanın dəyəri ABŞ dolları ilə razılaşdırılsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Bundan başqa məhkəmə iddianın qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 124,10 manat dövlət rüsumunun 122,55 manat məbləğində hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən müqaviləyə əsasən 6077,68 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə hesablanmış 303,89 ABŞ dolları, ümumilikdə 6381 (altı min üç yüz səksən bir) ABŞ dolları 57 (əlli yeddi) sent məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 122 (yüz iyirmi iki) manat 55 (əlli beş) qəpik hissəsinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar