Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-528/2025 08.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat münasibətləri, prosessual maraq, avans ödənişinin qaytarılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC) və Qanuni nümayəndə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə 13024 manat məbləğində pulun və məhkəmə xərclərinin, o cümlədən 300 manat ekspertiza xərcinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında Quba rayonu, Quba-Qusar şosesi ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmirinə dair xx.xx.2023-cü il tarixli 30 saylı təmir-tikinti podrat müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı sifarişçi qismində çıxış edərək 2 mərtəbəli yaşayış sahəsinin təmiri üçün hər ay 7000 manat, ümumilikdə 198 800 manat olmaqla 24 ay ərzində ödəniş etməyi öhdəsinə götürmüş, Cavabdeh1 MMC isə podratçı qismində ödənilmiş pul müqabilində işləri 10 iyun 2024-cü il tarixədək başa çatdırmağı və sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı yuxarıda qeyd edilən ödənişlərdən 12000 manatı iş üzrə digər cavabdeh, eyni zamanda "xxxx" MMC-nin direktoru olan fiziki şəxs Qanuni nümayəndə **-DD-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2009-cu il olan “Volkswagen CC Sport” markalı avtomobili naturada verməklə ödəmiş və nəqliyyat vasitəsi üzərində sərəncam vermək səlahiyyəti ilə müvafiq etibarnamə vermişdir. Qanuni nümayəndə isə avtomobili qəbul edib müvafiq kassa mədaxil orderi vermişdir. Avtomobili iddiaçıdan aldıqdan dərhal sonra üçüncü şəxsin adına özgəninkiləşdirilmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirərək ödənilməli olan pul vəsaitini artıqlaması ilə qarşı tərəfə ödəmişdir. Müqavilənin imzalanması tarixindən 9 ay vaxt keçməsinə baxmayaraq, Cavabdeh1 MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi bu günədək yerinə yetirməmişdir. İddiaçı yuxarıda qeyd edilən tarixdə podrat müqaviləsinə uyğun olaraq 22000 manat pulu cavabdehə versə də, qeyd edilən pul məbləğinə uyğun olaraq işlər görülməmişdir. Tərəflər arasında olan müqavilədə sifarişçinin ödənişinə uyğun olaraq qrafik üzrə işlərin Cavabdeh1 MMC tərəfindən görülməsi və 10 iyun 2024-cü il tarixindən gec olmayaraq işlərin təhvil verilməsi öhdəliyi təsbit edilmiş, müqaviləyə əsasən podratçı müqavilənin şərtlərini pozduqda sözügedən müqaviləyə xitam verilməsi nəzərdə tutulmuşdur. Qüvvədə olan qanunvericiliyə görə tərəflər razılığa gəlmədikdə mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikası məhkəmələrində baxılacaqdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 752-ci maddəsi göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçı əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına, qanuni təmsilçisinin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana məhkəmə bildirişləri göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrəsinə “SMS” xəbərdarlıq çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. İddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Podrat müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. Məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixli 30 nömrəli podrat müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh Quba rayonu, Quba-Qusar şosesi ünvanında işlərin görülməsini, iddiaçı isə görülmüş işləri qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Muzdla bağlı tərəflər arasındakı razılığa əsasən görülən işlərin ümumi dəyərinin 198 800 manat olması, 30000 manat məbləğində pulun avans qaydasında, qalan məbləğin xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək ayda 7000 manat (sonuncu ay 7800 manat) olaraq ödənilməsi şərtləşdirilmişdir. İddiaçı tərəfindən kassa mədaxil orderləri əsasında Cavabdeh1 MMC-nin kassasına xx.xx.2023-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 17000 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat mədaxil edilmişdir.
12. İddiaçı cavabdeh tərəfindən 8976 manat dəyərində iş görüldünü bildirərək artıq ödənilmiş 13024 manat məbləğində pulun tutulmasını tələb edir.
13. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
14. Məhkəmə cavabdehlərin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
15. Mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir.
16. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
17. Buna görə də məhkəmə cavabdehlərin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
18. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
19. Mülki Məcəllənin 752-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.
20. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı).
21. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
22. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
23. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
24. Həmin Məcəllənin 760.1. -ci maddəsinə əsasən, əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun.
25. Həmin Məcəllənin 760.2-ci maddəsinə əsasən, əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
26. Mülki Məcəllənin qeyd olunan normalarından göründüyü kimi podrat münasibətlərinə istər sifarişçinin, istərsə də podratçının təşəbbüsü ilə xitam verilən zaman görülmüş işlərin (zərər tələbi nəzərə alınmadıqda) dəyərinin ödənilməsinə münasibətdə işin hallarından asılı olaraq, lakin hər bir halda ancaq görülmüş işlərin dəyərinin podratçıya ödənilməsi nəzərdə tutulmuşdur.
27. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, “hüquq ədəbiyyatına görə avans gələcəkdə alınacaq mal və ya göstəriləcək xidmətlərin dəyərinin əvvəlcədən qismən pul şəklində ödənilmiş məbləğidir. Mülki Məcəllənin “Öhdəliklərin icrasının təmin edilməsi” adlanan XXİV fəslində yer alan 491-ci maddəsinə görə müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Mülki Məcəllə avansla bağlı konkret nizamlama müəyyən etmədiyindən, bu barədə razılaşmanın formasına da məhdudiyyət qoymamışdır. Bununla belə, nəzərə alınmalıdır ki, Məcəllənin 491.3-cü maddəsi ümumi normadır və onun tətbiqi zamanı konkret müqavilənin xüsusiyyəti nəzərə alınmalıdır” (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının 2021-ci il 04 iyun tarixli 1/2021 nömrəli Qərardadının 49-51-ci bəndləri).
28. Müqavilə tərəfləri öz aralarında razılaşa bilərlər ki, öhdəliyin icrasına görə qarşı tərəfin ödəməli olduğu haqq ya tam şəkildə öhdəlik icra olunduqdan sonra ödənilsin, yaxud da ödənişin bir hissəsi avans olaraq öhdəliyin icrasına başlananadək, qalan hissəsi isə icra prosesində və/və ya bilavasitə icranın sonunda ödənilsin.
29. Hüquq nəzəriyyəsində avans və beh bir-birindən fərqləndirilir. Həmin institutların hüquqi təbiətinə xas olan bu xüsusiyyətlər onların törətdiyi hüquqi nəticələri də birbirindən fərqləndirir.
30. Belə ki, Mülki Məcəllənin 491.1-ci maddəsindən də göründüyü kimi, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Mülki Məcəllənin 492-ci maddəsinə görə: 1) Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 2) Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.
31. Göründüyü kimi, Mülki Məcəllə behin hansı hallarda geri qaytarıldığını, hansı hallarda geri qaytarılmadığını konkret müəyyən etmişdir. Bundan fərqli olaraq mülki qanunvericilikdə avansın hüquqi rejimi ilə bağlı hər hansı tənzimləmə müəyyən edilməmişdir. Dispozitivlik prinsipinin tələbləri nəzərə alınaraq qeyd olunmalıdır ki, avansın ödənildiyi öhdəliyin mahiyyətindən və tərəflərin razılaşmasından başqa hal irəli gəlmirsə, mal verilməmişsə və ya iş, xidmət göstərilməmişsə, müvafiq öhdəliyin yerinə yetirilməsi üçün əvvəlcədən ödənilmiş dəyər (avans) geri qaytarılmalıdır. Əks yanaşma, müvafiq öhdəlik üzrə hər hansı işi yerinə yetirməmiş, xidməti göstərməmiş tərəfin əsassız olaraq vəsait əldə etməsinə (varlanmasına) gətirib çıxaracaqdır.
32. Avans və behlə bağlı institutların fərqli səciyyə daşımasını Mülki Məcəllənin 491.3-cü maddəsinin məzmunundan da görmək mümkündür. Həmin normaya görə, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olubolmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
33. Podrat müqaviləsi üzrə öhdəliklərin icrası ilə əlaqədar sifarişçinin podratçıya vermiş olduğu avansın, podratçının öhdəliyi yerinə yetirilmədikdə belə, sifarişçiyə qaytarılmasının mümkün olmaması barədə gəlinən qənaət isə faktiki olaraq avansın behlə eyniləşdirilməsi ilə nəticələnir. Ona görə də bu qənaət Mülki Məcəllənin istinad olunan normalarına ziddir.
34. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin podrat müqaviləsinə aid maddələrində podrat müqaviləsinin ləğv olunduğu halda avansın geri qaytarılmasını müəyyən edən normanın nəzərdə tutulmaması səbəbindən, iddianın təmin edilməməsi avansın yuxarıda qeyd edilən mahiyyətinə və Mülki Məcəllənin 759 və 760-cı maddələrinə ziddir.
35. Mülki Məcəllənin 759 və 760-cı maddələrin məzmunundan aydın olur ki, podrat müqaviləsi sifarişçinin və ya podratçının təşəbbüsü ilə ləğv (xitam) edildikdə, sifarişçi podratçıya yalnız yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
36. Məhkəmə tərəfindən görülmüş işlərin həcminin müəyyənləşdirilməsi məqsədilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmış, 23 may 2025-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/9284 nömrəli 07 may 2025-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspert rəyi məhkəməyə daxil olmuşdur.
37. 10/9284 nömrəli 07 may 2025-ci il tarixli ekspert rəyinə əsasən, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 30 nömrəli təmir-tikinti podrat müqaviləsi ilə nəzərdə tutulmuş işlərin Cavabdeh1 MMC tərəfindən atm görülmədiyinin müəyyən edilmişdir. Lakin rəydə görülməmiş işlərin (görülmüş və görülməmiş işlər, onların dəyəri ayrı-ayrılıqda göstəməklə) dəyərinin nə qədər təşkil etməsi ilə bağlı suala münasibətdə göstərilmişdir ki, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir.
38. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 30 nömrəli təmir-tikinti podrat müqaviləsi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/9284 nömrəli 07 may 2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilən görülməmiş işlərin (görülmüş və görülməmiş işlər, onların dəyəri ayrı-ayrılıqda göstərilməklə) dəyərinin nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-528/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
39. “X2 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 162 nömrəli rəyinə əsasən, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 30 nömrəli təmir-tikinti podrat müqaviləsi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/9284 nömrəli 07 may 2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilən görülməmiş işlərin dəyəri təqribən 189824,0 (yüz səksən doqquz min səkkiz yüz iyirmi dörd) manat (görülmüş işlərin dəyəri 8976,0 (səkkiz min doqquz yüz yetmiş altı manat)) təşkil edir.
40. Belə olan halda 8976 manat dəyərində iş üçün Cavabdeh1 MMC-yə iddiaçı tərəfindən 22000 manat ödənildiyi öz təsdiqini tapır.
41. Lakin Qanuni nümayəndə münasibətdə göstərilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər.
42. Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır.
43. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
44. Qanunvericiliyindən tələbindən göründüyü kimi, məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır və hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Həmçinin, nümayəndə vasitəsi ilə bağlanmış əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
45. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli müqaviləni Qanuni nümayəndə Cavabdeh1 MMC-nin icra orqanının rəhbəri kimi bağlamış, həmin müqavilə üzrə mülki hüquq və vəzifələr hüquqi şəxs üçün yaranmışdır. Belə olan halda, cavabdeh hüquqi şəxsin təmsilçisi kimi bağladığı əqddən irəli gələn hər hansı vəzifə daşıya bilməz.
46. Digər tərəfdən, Mülki Məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Həmin Məcəllənin 456-cı maddəsinə əsasən, borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.
47. Belə olan halda, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli 30 nömrəli podrat müqaviləsinin tərəfi olmayan və Cavabdeh1 MMC-nin icra orqanının rəhbəri kimi çıxış edən Qanuni nümayəndə hüquqi şəxsin öhdəlikləri üçün məsuliyyət daşıması mümkün deyildir və həmin hissədə iddia təmin edilə bilməz.
48. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixdə bağlanmış 30 nömrəli podrat müqaviləsi üzrə 13024 manat (ödənilmiş 22000 manat- görülmüş işlərin dəyəri 8976 manat) məbləğində pul Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilsin.
b) Məhkəmə xərcləri ilə bağlı
49. İddiaçı həmçinin ödənilmiş məhkəmə xərclərinin, o cümlədən 300 manat ekspertiza xərcinin cavabdehlərdən tutulmasını xahiş etmişdir.
50. İş materiallarında olan **********47 nömrəli qəbz əsasında müəyyən olunur ki, 126 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.
51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.
52. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, 300 manat “X2 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin bank kartına köçürülmüşdür.
53. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
54. Həmin Məcəllənin 115.0 və 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir.
55. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Beləliklə, iddia tələbinin Cavabdeh1 MMC-yə münasibətdə təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat, ekspertiza xərcinin əvəzi olaraq 300 manat məbləğində pul Cavabdeh1 MMC-dən tutularaq İddiaçı, ekspertiza xərci olaraq 100 manat Cavabdeh1 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Nəticə:
57. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 30 nömrəli podrat müqaviləsi üzrə 13024 manat məbləğində pul Cavabdeh1ndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat, ekspertiza xərcinin əvəzi olaraq 300 manat məbləğində pul Cavabdeh1ndən tutularaq İddiaçı ödənilsin Ekspertiza xərci olaraq 100 manat Cavabdeh1ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova