Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5281/2022 06.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22071,66 manat pul vəsaitinin tutularaq iddiaçının hesablaşma hesabına qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, "xxxx" MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətində (bundan sonra "xxxx" ASC) qalan 27411,66 manat vəsaitindən 23 yanvar 2020-ci il tarixində 4958,00 manat, xx.xx.2021-ci il tarixdə isə çox az bir hissə 382,00 manat məbləğində pul vəsaiti iddiaçıya qaytarılmışdır. Beləliklə, hazırda "xxxx" ASC-dən alınmalı olan məbləğ 22071,66 manatdır. Qeyd edilən vəsaitin ödənilməməsi iddiaçının maliyyə vəziyyətini ağırlaşdırır, işçilərə əmək haqqının ödənilməsində çətinliklər yaradır. "xxxx" ASC-nin əmlakının satılmasından və ya digər mənbələrdən əldə olunmuş vəsait borclara, onların bankda olan depozit hesablarına mütənasib olaraq bölüşdürülməlidir. Onlarda olan məlumata görə əmlakın satılması zamanı həmin qaydalara riayət edilmir. Bundan başqa, iddia ərizəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 34, 35, 39 və 45-ci və s. maddələrinə istinad olunmuşdur. Məhkəmə iclaslarında iştirak edən iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə iddiaçının "xxxx" ASC-də hesabı olduğunu, sözügedən vəsaitin bank ləğv olunarkən həmin hesabda qaldığını, sonuncu ləğv olunduqdan sonra həmin məbləğin hələ də tam qaytarılmadığını qeyd edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, bildirmişdir ki, xx.xx.2020-ci il tarixli məktubla daxil olmuş məlumata əsasən "xxxx" MMC Əmanətlərin Sığortalanması Fondu tərəfindən 2018-ci ildə kreditorların siyahısına daxil edilmişdir. Cavabdehin nümayəndəsi X2 iddiaya etiraz etmiş və mübahisənin bilavasitə bankın fəaliyyəti ilə əlaqədar olduğunu, ona görə də mülki icraat qaydasında baxılmalı olmadığını qeyd edib icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İşdən müəyyən edilir ki, iddiaçının "xxxx" ASC-dəki cari hesabında tələbli əmanət üzrə pul vəsaiti olmuş, həmin məbləğin müəyyən hissəsi tranşlar üzrə iddiaçıya qaytarılmışdır. İddiaçı 22071,66 manatın qaytarılmadığını qeyd edir və həmin məbləği tələb edir. AR Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2017-ci il tarixli qərarı ilə "xxxx" ASC-nin bank lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)- 3194/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanmış, Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” AR Qanununun 2.1.9-cu maddəsinə əsasən, sığorta hadisəsi-iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir. “Banklar haqqında” AR Qanununun 72.1.3-cü maddəsinə görə, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Qərarında göstərilmişdir ki, “...təcrübədə müflis elan olunmuş banklarla bağlı məhkəmə işləri müxtəlif xarakterli olmaqla, iddianın predmeti, hüquqi əsasları, mülki dövriyyədə yaranmış müxtəlif münasibətlərdən irəli gəlməsi və mübahisənin hüquqi təbiətinə görə fərqlənirlər. Bunu nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, göstərilən fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1) müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2) müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. ... Göstərilənlərdən müəyyən olunur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Belə fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılmalı olmasını şərtləndirir. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq hesab edir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır ... iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil.” Beləliklə, işin müəyyən edilmiş faktiki hallarını mübahisəyə tətbiq olunmalı maddi və prosessual hüquq normalarının tələbləri baxımından təhlil edən məhkəmənin yekun qənaətinə görə, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid deyil, mübahisənin inzibati məhkəmə aidiyyəti qanunvericiliklə, Konstitusiya Məhkəməsinin qərarında verilən şərhlə, habelə formalaşmış məhkəmə təcrübəsi ilə birmənalı qaydada müəyyən edilmişdir. Odur ki, hazırkı iddia ərizəsinə inzibati mühakimə icraatı qaydasında inzibati məhkəmədə baxılmalıdır. Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki Prosessual Məcəllənin 261.0 və 261.01-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 3.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170, 261-262, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pulun tutulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, eyni tələblə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına müraciət edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5281/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5281/2022
06.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver