Məhkəmə qərarları › İş №e-2-2(113)-532/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-532/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-532/2021 23.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "İddiaçı" MMC-nin Cavabdeh MMC-nin təmir xidmətlərinə görə 1701 (bir min yeddi yüz bir) manat məbləğində əsas borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1731 (bir min yeddi yüz otuz bir) manat məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 2005-ci ilin sentyabr ayında təsis edilmişdir. İddiaçı MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətlə əlaqədar Cavabdeh MMC ilə bağlanmış xx xxxxxx 2020-ci il tarixli TXM-00001C/20 nömrəli “Texniki xidmət müqaviləsi”-nə əsasən cavabdehə məxsus olan texnikaya İddiaçı MMC-nin servis mərkəzində xidmət göstərilmiş və GM13719 nömrəli təmir aktına əsasən buna görə 1701 (bir min yeddi yüz bir) manat hesablanmışdır. Cavabdeh bu məbləğdən heç bir ödəniş aparmamış, 1701 (bir min yeddi yüz bir) manat məbləğ bu günədək ödənilməmiş olaraq qalmışdır. Beləliklə, Cavabdeh MMC-nin təmir xidmətlərinə görə xx xxxxxx 2020-ci il tarixinədək İddiaçı MMC-yə əsas borcu 1701 (min yeddi yüz bir) manat təşkil edir. Cavabdehə göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə xx xxxxxxx 2020-ci il tarixli, 1524 saylı pretenziya məktubu göndərilmişdir. Həmin tarixdən bu günə qədər 1701 (bir min yeddi yüz bir) manat pul vəsaiti ödənilməmiş olaraq qalmaqdadır. Beləliklə, Cavabdeh MMC-nin təmir xidmətlərinə görə xx xxxxxx 2020-ci il tarixinədək İddiaçı MMC-yə əsas borcu 1701 (min yeddi yüz bir) manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan icraçı İddiaçı MMC ilə sifarişçı Cavabdeh şirkəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli TXM-00001C/20 nömrəli texniki xidmət müqaviləsinə əsasən icraçı sifarişçiyə məxsus olan yeni və yaxud işlənmiş texnikalara servis xidməti göstərilməsini və anbarda oaln ehtiyat hissələri ilə təchiz edilməsini öz öhdəsinə götürür. Müqavilənin 3.2-ci bəndinə görə icraçı tərəfindən görülmüş xidmətdən sonra sifarişçi tərəfindən 5 bank gün müddətində 100 faiz ödəniş olunmaqla təmin edilməlidir. 2.6-cı bəndinə əsasən “Sifarişçi” texnikaların istismar qaydalarına uyğun olaraq və təyinatı üzrə istismar edilməsində nəzarət etməlidir. Təyinatı və istismar qaydaları üzrə istismara nəzarət məsuliyyəti “Sifarişçi”nin üzərinə düşür. Müqavilənin 2.7-ci bəndinə əsasən “Sifarişçi” texnikaların istismar qaydalarına uyğun olaraq və təyinatı üzrə istismar etmədikdə, “İcraçı” tərəfindən görülmüş işlərə, ehtiyyat hissələrinə və texnikaya zəmanət verilmir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təmir aktına əsasən Cavabdeh MMC-yə məxsus New Holland E265B LQ12-06328 modelli avtomobilin təmiri üçün görülmüş işlərin dəyəri 1701 manat təşkil edir. İddiaçı MMC tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh şirkəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli TXM- 00001C/20 nömrəli texniki xidmət müqaviləsinə əsasən cavabdehə məxsus olan texnikaya İddiaçı MMC-nin servis mərkəzində xidmət göstərilmiş və GM13719 saylı təmir aktına əsasən buna görə 1701 (bir min yeddi yüz min) manat hesablanmışdır. Cavabdeh bu məbləğdən heç bir ödəniş aparmamış, 1701 (bir min yeddi yüz min) manat məbləğ bugünədək ödənilməmiş olaraq qalmışdır. Beləliklə, Cavabdeh MMC-nin təmir xidmətlərinə görə xx xxxxxx 2020-ci il tarixinədədək İddiaçı MMC-yə əsas borcu 1701 (bir min yeddi yüz min) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilə üzrə, öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazıminca icra etməsi təsdiqlənmişdir. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzib olunmazdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun və faiz məbləğinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə iddiaçı tərəfindən cavabdehə təqdim olunmuş xidmətin ümumi dəyəri 1701 manat sonuncu tərəfindən ödənilməmişdir Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 1701 (bir min yeddi yüz bir) manat məbləğində əsas borc, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 1731 (bir min yeddi yüz otuz bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 1701 (bir min yeddi yüz bir) manat məbləğində əsas borc, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 1731 (bir min yeddi yüz otuz bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar