Məhkəmə qərarları › İş №e-2-2(113)-5337/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5337/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5337/2022 19.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3, nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17221.96 manat məbləğində xidmət haqqı, son 2 il üçün 25141.20 manat cərimə və mediasiya şurasına ödənilmiş 200 manat rüsum, cəmi 42363.16 manat borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “06” mart 2020-ci il tarixində Cavabdeh MMC (əvvəlki adı "xxxx" MMC) ilə Cəmiyyətin direktoru X1 şəxsində və İddiaçı MMC, Cəmiyyətin direktoru Nümayəndə1 şəxsində 06.03.20/12 saylı xidmətlərin göstərilməsi haqqında Xidmət Müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1-ci maddəsi və predmetinə əsasən icraçı bu müqavilə əsasında sifarişçiyə xidmətləri göstərməyi, sifarişçi isə göstərilmiş xidmət müqabilində xidmət haqqı ödəməyi üzərinə götürür. Müqavilənin 4.5-ci bəndinin birinci hissəsinə əsasən isə sifarişçi tərəfindən xidmət haqqının ödənilməsinin gecikdirilməsinə görə sifarişçi gecikdirilən hər gün üçün icraçıya ödənilməli məbləğin 0,2%-i miqdarında cərimə ödəməlidir. Müqavilənin 3.1.5-ci bəndinin şərtlərinə görə cavabdehin (sifarişçinin) vəzifəsi icraçı tərəfindən göstərilmiş xidmətlərin müqabilində, icraçıya xidmət haqqını vaxtında və tam şəkildə ödəməkdir. Sifarişçi əsas müqavilənin Əlavə Razılaşmalarında nəzərdə tutulmuş müddətdə və qaydada xidmət haqqını ödəmək vəzifəsini üzərinə götürmüşdür. Lakin Sifarişçi müqavilə şərtlərini pozaraq müqavilə bağlandığı gündən etibarən bu günədək icraçıya ödəməli olduğu müqavilə üzrə yaranan 14.594.88 manat əsas məbləğ və 2627.08 manat (ƏDV 18%) borcdan ödənilməmişdir. Dəfələrlə bununla bağlı yazılı rəsmi məktublar təqdim edisə də, geri dönüş edilməmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə təqdim etdiyi aralarında bağlanmış müqavilənin 7 saylı Əlavənin yekun nüsxəsini təqdim etməmişdir. Çünki iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xidmət haqqının razılaşdırılması protokolun ilkin variantıdır, sonradan cavabdeh tərəfindən həmin protokolda işlərin icra vaxtı və ödəniş qaydası qeyd olunmadığından həmin tarixdən yeni protokol tərtib edilmişdir və həmin protokolda ilkin variantdan fərqli olaraq 6-cı və 7-ci bəndlər əlavə olunmuşdur. Həmin 6-cı bəndə uyğun olaraq Sifarişçi avans olaraq podratçıya müqavilə üzrə ümumi məbləğin 50% dəyərini ödəyir, digər 50% məbləğ isə işlər tam təhvil verildikdən sonra 15 iş günü ərzində ödənilir. 7-ci bəndə görə isə İcraçı avans aldığı gündən başlayaraq «Metal pilləkən» və «Lift şaxtasını» 35 gün ərzində istehsal edib yerində quraşdırmağı öz öhdəsinə götürür. Cavabdeh isə öz növbəsində işin ümumi dəyərinin 50%-ni 26 avqust 2022-ci il tarixində köçürmüş və beləliklə iddiaçı işi 2020-ci ilin oktyabr ayının əvvəlində tamamlayıb onlara təhvil verməli idi. İddiaçı öz iddia ərizəsində və 16 mart 2021-ci il tarixli məktubunda qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 7 saylı əlavəsində qeyd olunan işləri tam bitirmişdir və hətta işlər təhvil alınmışdır, halbuki həm məhkəmə çıxışında, həm də 06 fevral 2021-ci il tarixli məktubunda vurğulamışdır ki, işlər tamamlanmamışdır. Eyni zamanda, işlərin tamamlanmaması da onunla sübut olunur ki, iddiaçı işlərin tamamlanmasından sonra elektron-hesab faktura təqdim etməli idi. Aralarında bağlanmış 06 mart 2020-ci il tarixli müqavilənin 3.2.3-cü bəndinə əsasən icraçı xidmətə dair təhviltəslim aktını və elektron qaimə fakturanı Sifarişçiyə təqdim etmək öhdəsini üzərinə götürmüşdür. Məhkəmədə iddiaçı özü də etiraf etmişdir ki, 7 saylı əlavədə qeyd olunan qalan 50%-i üçün elektron qaimə faktura təqdim etməmişdir, halbuki işlər tamamlandıqdan sonra elektron qaimənin təqdim edilməsi onun vəzifəsidir. Əslində isə nəinki elektron qaimə faktura təqdim edilməyib, hətta işlərin təhvil-təslim aktı da imzalanmamışdır. Tərəflər arasında həmin müqavilə üzrə artıq bir neçə işlər də olub, işlərin görülməsi üçün iddiaçıya hər zaman hər sifariş üçün ayrıca xidmət haqqının razılaşdırılması protokolu tərtib edilirdi, həmin protokol üzrə işlər tamamlandığından sonra iddiaçı elektron qaimə fakturanı və təhvil-təslim aktı təqdim edirdi və işlər həqiqətən tamamlandığından cavabdeh qeyd olunan sənədləri imzalayır və ödəniş edirdi. Cavabdeh bunu dəfələrlə etmiş və aralarında hər hansı bir anlaşılmazlıq olmamışdır. İddiaçı tərəfindən işlər dayandırıldıqdan və tamamlanmadığından, cavabdeh məcburən digər işlər üzrə əməkdaşlıq etdiyi şirkətə müraciət edərək, işlərin tamamlanmadığı hissəsini görməyi və iddiaçı tərəfindən görülmüş işlərdə qüsurların müəyyən edilib aradan qaldırılması üçün dəyərini dəqiqləşdirməyi tapşırmışdır. Həmin qüsurlar və tamamlanmamış işlər, həmçinin bu işlərin dəyəri 02 fevral 2021-ci il tarixli aktda öz əksini tapmışdır. Bundan sonra, bu aktla tanış olmaq üçün akt iddiaçıya göndərilmiş və nümayəndəsi obyektə dəvət edilmişdir. Təəssüflər olsun ki, iddiaçı onların dəvətini rədd etmiş, toplantıya gəlməmiş və orada gördüyü və görmədiyi işlər, eyni zamanda işlərin hansı qaydada bitirəcəyi barədə məlumat vermək imkanından istifadə etməmişdir. Aralarında bağlanmış müqavilənin 3.24-cü və 3.2.5-ci bəndlərə uyğun olaraq icraçı müqavilə ilə müəyyən edilən şərtlərə əsasən işləri yüksək keyfiyyətlə və razılaşdırılmış müddətdə icra etməyi, xidmətin göstərilməsi ilə bağlı onun hərəkət və hərəkətsizliyindən qaynaqlanan hər hansı bir qüsur aşkar edildikdə, qüsurun ağlabatan müddətdə öz hesabına aradan qaldırılmasını təmin etməyi öz öhdəsinə götürmüşdür. Bununla da, cavabdehlə əməkdaşlıq etmək niyyətində olmadığını bir daha təsdiq etmişdir. Çünki, bundan əvvəl, 09 yanvar 2021-ci il tarixində iddiaçı ünvanladığı məktubla cavabdehin olmayan kobudluğa görə üzrxahlıq məktubu, rəsmi şəkildə cəza tədbiri barədə məktubun göndərilməsini tələb etmişdir və bu məktublar göndərilmədiyi təqdirdə aralarında olan müqaviləyə xitam verməklə hədələmişdir. Üstəlik də aldığı qüsur aktından sonra bu aktda yalnız qiymətlə razılaşmadığını xüsusilə vurğulamışdır. İşlərin davam etdirməməsi, qüsur aktı ilə bağlı toplantıda iştirak etməkdən imtina etməsi, qüsur aktını aldıqdan sonra işlərin tamamlanması barədə niyyət bildirməməsi, yalnız qiymətlə narazı olmasını buna dəlalət edir ki, iddiaçı heç bir iş artıq görmək istəmir və cavabdehin tikinti işlərin bitirməsi üçün əsas Sifarişçi tərəfindən ayrılmış vaxtın az qalması cavabdehi digər şirkətlə əməkdaşlıq etməyinə və iddiaçıya 7 saylı protokolla müəyyən edilmiş və ödənilməmiş qalan 50% vəsaitin hesabına işlərin tamamlanmasına, qüsurların aradan qaldırlmasına vadar etmişdir. Buna görə, onlar, 12 mart 2021-ci il tarixdə iddiaçıya məktub yazaraq aşağıdakıları bildirmişlər: “Nəzərinizə çatdırırıq ki, xx.xx.2020-ci il tarixində "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2020/12 nömrəli “Xidmət Müqavilə”sinə əsasən görülməsi nəzərdə tutulan işlər və həmin işlərin təhvil verilmə tarixi qeyd olunmuşdur. Bunu əsas tutaraq bildiririk ki, təqdim etdiyiniz qiymət təklifində işin bitmə müddətini 35 gün qeyd etmisiniz. Lakin 120 gün keçməsinə baxmayaraq işlər bitməmiş, həmçinin yerinə yetirilən işlərdə qüsurlar aşkarlanmışdır. Məktubunuzda qaldırıcı mexanizmin vaxtında sahədə olmamasını bildirirsiniz. Bununla bağlı iradlarınıza cavab olaraq qeyd edirik ki, əvvəlki tarixlərdə həmçinin xx.xx.2020-ci il tarixində tikintinin sahə rəisi Bahadur Əhmədov və memar Ülvi Əhmədov tərəfindən şəxsən sizə və sizin əməkdaşlarınız olan Tural Abbasova, Ramil Nəsibova, Qəmi Əsədova aşağıda göstərilən irad və təkliflər bildirilmişdir. - Bildirilmişdir ki, metal yanğın pilləkəninin 2 ədəd kompleks pillə hissəsinin montajı bir həftədir ki, gecikdirilir, belə ki, bu pilləkənin montaj işlərinə başlanılanda şirkət rəhbərliyinizə müraciət olundu ki, metal yanğın pilləkəni və metal lift şaxtasının montaj işlərinə paralel şəkildə başlanılsın. Lakin şirkət rəhbərliyiniz də öz növbəsində bizim təklifi təkzib edib, iddia etdilər ki, metal yanğın pilləkəninin montaj işlərini bitirdikdən sonra metal şaxtasının montaj işlərini yerinə yetirəcəyik; - Metal yanğın pilləkəninin montaj işlərinin gecikdirilməsi barədə xəbərdarlıq etdikdə isə qaldırıcı mexanizmin quraşdırılmamasını bizə xatırlatdılar. Halbuki, qaldırıcı mexanizm bir aydır ki, tikinti sahəsində quraşdırılmışdır; - Bundan başqa xahiş olundu ki, metal pillələr tez bir zamanda tikinti sahəsinə gətirilsin və yerində montaj edilsin ki, ümumi əlaqədar işlərimiz gecikməsin; - Bir də deyildi ki, işlər üzrə gecikmənin aradan qaldırılması və işlərin tezləşdirilməsi məqsədilə, işçilərin artırılması, 2 briqadanın təşkil olunması zəruridir; Məktubunuzda metal kostruksiyaların səthlərinin 8.5 bar təzyiq altında “copper slag”(gird) materialı ilə qumlandığını və “selülozik” astar ilə üzləndiyini qeyd etməyinizə baxmayaraq, quraşdırılan metal konstruksiyalar qısa vaxt ərzində korroziyaya uğramağa başlamışdır. Qeyd edirsiniz ki, qaldırıcı qurğu ilə vaxtından gec təmin olunmusunuz. Bununla əlaqədar bidiririk ki, sahə rəisi Bahadur Əhmədov İddiaçı MMC-yə və onun nümayəndələrinə qaldırıcı mexanizmin sahədə quraşdırıldığını vaxtında bildirmiş, lakin tərəfinizdən işçi sayı artırılmadığınızdan siz tərəfdən quraşdırılma (montaj) işlərində gecikmələr yaranmışdır. Məktubunuzda korroziyanın səbəbi düzgün olmayaraq zaman müddəti ilə əlaqələndirilir. Bütün bu qüsurlar İddiaçı MMC-nin müqavilə öhdəliyini nəzərdə tutulan müddət ərzində yerinə yetirilməməsi, şəxsən sizə və əməkdaşlarınıza ünvanlanan müraciətdə bildirilmiş təklif və iradlarla ciddi yanaşmamağınız səbəbindən yaranmışdır. Bu məktubun qoşması olaraq göstərilən qüsur aktı sizin şirkətinizin nümayəndəsi olmadan tərtib edilmişdir, məsul şəxslər tərəfindən təsdiqlənmişdir ona görə ki, bu aktın tərtibi üzrə dəfələrlə sizin nümayəndələri dəvət etsək də siz tərəfdən heç kəs gəlməmişdir. Sizinlə bağlanmış müqavilə şərtlərinə nəzər saldıqda, müqavilə üzrə 3.2.4, 3.2.5, 3.2.8, 4.5, 8.2-ci bəndlərinin ciddi şəkildə pozulması halları bizə əsas verir ki, bağlanmış müqaviləni birtərəfli qaydada ləğv edək və dəymiş zərəri aktlaşdıraraq İcraçıdan tələb edək. Nəzərinizə çatdırırıq ki, işlərin razılaşdırılmış müddətdə təhvil verilmədiyinə görə İcraçı tərəfindən gecikdirilən hər gün üçün müvafiq xidmətə görə ödənilməli olan xidmət haqqının 0,2% həcmində Sifarişçiyə cərimə ödənməlidir. Sizinlə bağlanmış Müqavilədə göstərilən 8700 manatın çıxılması isə İddiaçı MMC-nin təqsiri üzündən yaranmış qüsurlara və tamamlanmayan işlərə görədir. Yeni cəlb olunmuş subpodratçı şirkət bu qüsurları aradan qaldırmaq və sizin tamamlamadığınız işləri başa çatdırmaq üçün bizə verdiyi təklifə uyğun, razılaşdırılmış 8700 azn məbləğli dəyəri (ƏDV-siz hissə) sizin şirkətə hesablanmış müqavilə qiymətindən tutulan hissə kimi hesablanmışdır. Əməkdaşlıq etdiyimiz şirkətə ilk növbədə 9676 manat (ƏDV daxil), sonradan isə əlavə işlər üzə çıxdığı üçün 2006 manat (ƏDV daxil) vəsait köçürülmüşdür və işlər vaxtında keyfiyyətli tamamlanmışdır. Biz də öz növbəmizdə əsas Sifarişçi qarşısında öz öhdəliklərimizi icra etdik və möhtərəm Prezidentimiz tərəfindən açılış olunan dövlət əhəmiyyətli obyekti uğurla təhvil verməyə bacardıq. Maraqlısı odur ki, iddiaçı niyə artıq bizim bu məktubdan sonra iddiaçının düşüncəsi ilə ona çatan vəsait ödənilmədiyindən bilərək bu barədə məhkəməyə yalnız bir il yarımdan sonra 2022-ci ilin sentyabr ayında iddia ilə məhkəməyə müraciət edir? Nəyi gözləyirdi? ASAN Xidmət binasının açılışı da oldu, artıq həmin bina tam fəaliyyətdədir. Eyni zamanda, Siz müqavilənin 8A saylı əlavəsi üzrə 3527.11 manat (ƏDV daxil) vəsait tələb edirsiniz. Həmin tələbi də biz qəbul etmirik, çünki bizim tərəfimizdən həmin sifariş olunmayıb, məhkəməyə təqdim etdiyiniz 8A saylı əlavə bizim tərəfimizdən imza çəkilməyib, Sizin tərəfinizdən elektron qaimə faktura göndərilməyib. Biz Sizə həmin işləri sifariş etməmişik. Siz özünüz məhkəməyə təqdim etdiyiniz 05 yanvar 2022-ci il tarixli məktubla vurğulayırsınız ki, həmin işləri başlamaq üçün əlavəni imzalamaq və möhürləmək lazımdır. Yəni bu işləri başlamaq üçün Sizə imzalanmış və möhürlənmiş sənədlər vacibdir. Lakin Müqaviləyə 8A saylı Əlavə imzalanmadan, Siz niyə işləri aparırdınız? Müqaviləyə əlavə nə möhürlənib, nə imzalanıb, nə də sizin tərəfinizdən hər hansı bir işlər görülüb. Əgər Siz əlavə işlər görsəydiniz, bu halda ən azı müqaviləyə əsasən bizə elektron qaimə göndərilməli idi. Hesab edirik ki, bu hissə də əsassızdır. Mövcud qanunvericiliyə əsasən bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında göstərilmiş müqavilə üzrə mübahisələndirilən əlavələrdən başqa daha 6 əlavə olmuş, həmin əlavələr üzrə tərəflər arasında hər hansı anlaşılmazlıq olmamışdır. Belə ki, tərəflər arasında formalaşmış işgüzar münasibətlərə əsasən həmin əlavələr onlar tərəfindən tərtib edilərək imzalanmış, imzalanması üçün qarşı tərəfə təqdim edilmişdir. Cavabdeh tərəfindən də həmin əlavələr təsdiq edildikdən sonra işlərin görülməsinə başlanılmış, görülüb başa çatdıqdan sonra onlar təhvil-təslim aktı tərtib etmiş, hər iki tərəfin nümayəndələri tərəfindən də təsdiq edildikdən sonra ödəniş edilməsi üçün qarşı tərəfə müvafiq elektron qaimə fakturalar təqdim edilmişdir. Müqavilə əsasında tərtib edilmiş ilk 6 əlavə üzrə işlər məhz bu qaydada görülmüş, ödənişlər həmin əlavələr üzrə tam şəkildə həyata keçirilmişdir. Daha sonra bildirdi ki, müqavilənin 7 saylı əlavəsində daha əvvəlki əlavələrlə müqayisədə ödəniş yüksək olduğu üçün tərəflər arasında həmin əlavə üzrə 50 faiz avans ödənilməsi razılaşdırılmış, həmin əlavə imzalandıqdan sonra avans cavabdeh tərəfindən onlara ödənilmişdir. Həmin Əlavə üzrə işlər 35 gün ərzində təhvil verilməli idi, lakin cavabdeh onları işləri görüb tamamlamaq üçün müvafiq texnika ilə vaxtında təchiz etmədiyi, habelə sahədə işləyən işçilərə maneçilik törətdiyi üçün işləri vaxtında tamamlaya bilməmiş, işlər 2021-ci ilin əvvəllərində (vaxtını dəqiq xatırlamır) başa çatdırılmışdır. Həmin əlavə üzrə işlər icra edilərkən görülməli olan əlavə işlər yarandığı üçün cavabdehin istəyi ilə əlavə 8A tərtib edilmiş, lakin həmin əlavə nə iddiaçı, nə də cavabdeh tərəfindən imzalanmamışdır. Buna baxmayaraq işlərdə fasilə verilməmiş, həmin əlavə üzrə görülməli olan işlərin təxminən 60-70 faizi tərəflərindən icra edilmişdir. İşin tam şəkildə bitirilməməsinin səbəbi isə cavabdehin iddiaçıya həmin işləri icra etməsinə maneçilik törətməsi, işçilərlə kobud rəftar etməsi olmuşdur. Tərəflər arasında artıq münasibətlər pozulduğu üçün əlavə 7 üzrə ödənilməli olan qalan məbləğin 50 faiz hissəsi, habelə əlavə 8A üzrə cavabdehə hər hansı hesab-faktura, elektron qaimə təqdim edilməmiş (elektron qaimə təqdim edilsə idi belə, qarşı tərəfin ona etiraz edəcəyi əvvəlcədən onlara bəlli idi), həmin əlavələr üzrə təhvil-təslim aktı ümumiyyətlə tərtib edilməmişdir. Verilmiş suallara cavab olaraq həmin Əlavələr üzrə işlərin konkret olaraq hansı tarixlərdə yekunlaşdırıldığı barədə dəqiq məlumatının olmadığını bildirmiş, həmin borcların hansı qaydada tələb edildiyi barədə suala cavab verə bilməmişdir. Bundan əlavə, cavabdehə yazdıqları e-mail yazışmalara onlar tərəfindən ümumiyyətlə cavab verilmədiyi üçün işlərin görülməsi üçün yaradılmış maneələrin aradan qaldırılması, habelə işlərin vaxtında yekunlaşdırılması üçün zəruri texnikanın onlara verilməsinin tələb edilməsi barədə e-mail ümumiyyətlə ünvanlanmamış, göstərilən tələblər cavabdehə şifahi olaraq həmişə bildirilmişdir. Həmin sahədə onun işçiləri çalışmış, özü bir neçə dəfə həmin sahəyə getmiş, işçilərə maneə yaradılması, habelə quraşdırdıqları metal konstruksiyaların üzərinə sement məhlulu tökülməsi nəticəsində həmin metallarda korroziyanın başlanması, bununla da işin qüsurlu işə çevrilməsinə səbəb ola biləcək hərəkətləri görmüş, bunları video görüntü şəklində qeydə almış, lakin həmin görüntüləri saxlamamışdır. Cavabdehin 2021-ci ilin fevral ayında ona göndərdiyi qüsur aktı ilə tanış olmuşdur, həmin qüsurlar onun deyil, cavabdehin təqsiri üzündən baş vermişdir, belə ki, vaxtında texnika verilmədiyi, habelə cavabdehin işçiləri tərəfindən metalların üzərinə kənar maddələr töküldüyü üçün həmin qüsurlar meydana gəlmişdir. Lakin qüsur aktında göstərilən məbləğlərlə razı deyildir, belə ki, həmin qüsurların aradan qaldırılmasına zəruri olan məbləğ işlərin görülməsinə çəkilməli olan məbləğlərdən belə çoxdur. Daha sonra səhhətində problemlər yarandığı üçün uzun müddət pozulmuş hüquqların bərpası ilə bağlı tədbirlər görə bilməmiş, yalnız 2022-ci ilin sentyabr ayında Məhkəməyə müraciət edə bilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edib iddiaya yazılı etirazın məzmununa uyğun izahat verib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən əlavə 7 üzrə işlər qüsurlu icra edilmiş, Əlavə 8A üzrə işlərin görülməsinə ümumiyyətlə cavabdeh tərəfindən razılıq verilməmişdir. İddiaçı tərəfindən həmin işlər görülüb başa çatdırılmamış, həmin işlərin tamamlanması, habelə qüsurların aradan qaldırılması başqa şirkətə həvalə edilmiş, artıq işlər bitib bina hazır vəziyyətdə təhvil verildikdən sonra iddiaçı Məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməməsini xahiş edir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 06 mart 2020-ci il tarixli xx.xx.2020/12 saylı xidmət müqaviləsinə əsasən icraçı sifarişin tam təfsilatı, təsviri, xidmət haqqı və icra müddəti hər yeni sifarişdən qabaq tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib etməyi və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr, razılaşma protokolları ilə müəyyən olunan xidmət müqavilə ilə razılaşdırılmış qaydada sifarişçiyə göstərməyi, sifarişçi isə göstərilən xidməti qəbul edib qarşılığında icraçıya müqavilə ilə razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə əsasən xidmət haqqının məbləği protokolda təsbit edilir. Xidmətin sifarişçiyə təhvil verilməsi tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı, tərəflərin hər birində bir nüsxə saxlanılmaqla icraçı tərəfindən 2 nüsxədə tərtib edilən təhvil-təslim aktı ilə rəsmiləşdirilir. Müqavilənin 3.2.3-cü bəndinə əsasən xidmətə dair təhvil-təslim aktını və elektron qaimə fakturanı sifarişçiyə təhvil verimək icraçının vəzifəsidir. Müqavilənin 4.5-ci bəndinə əsasən sifarişçi xidmət haqqını razılaşdırılmış müddətdə ödəmədikdə, gecikdirilən hər gün üçün müvafiq xidmətə görə ödənilməli olan xidmət haqqının 0,2 faizi həcmində icraçıya cərimə ödəməlidir. Cərimənin ödənilməsi sifarişçini müqavilə üzrə digər öhdəliklərin icrasından azad etmir. 21 avqust 2020-ci ili tarixli 7 saylı Xidmət haqqının razılaşdırılması protokoluna əsasən lift şaxtası və metal pilləkan adlı işlərin görülməsi və görüləcək işlərə görə ödənilməli olan vəsaitn məbləğinin ƏDV daxil olmaqla 27389,69 manat olması razılaşdırılmışdır. Əlavənin 5-ci bəndinə əsasən hazırkı protokol xx.xx.2020-ci il tarixdən qüvvəyə minir və müqavilənin ayrılmaz tərkib hissəsidir. Sifarişçi avans olaraq podratçıya müqavilə üzrə ümumi məbləğin 50 faizini ödəyir, qalan 50 faiz işlər tam təhvil verildikdən sonra 15 iş günü ərzində ödənilir. İcraçı avans aldığı gündən başlayaraq qeyd edilən işləri 35 gün ərzində istehsal edib yerində quraşdırmağı öz öhdəsinə götürür. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 8A saylı Xidmət haqqının razılaşdırılması protokoluna əsasən əlavə metal konstruksiya işlərinin emalı və yerində quraşdırılması adlı işlərin görülməsi və görüləcək işlərə görə ödənilməli olan vəsaitn məbləğinin ƏDV daxil olmaqla 2989,08 manat olması qeyd olunmuş, həmin protokol tərəflərin nümayəndələri tərəfindən imzalanıb möhürlənməmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2020-ci il tarixli, EBAP seriyalı, 134859 saylı elektron qaiməyə əsasən xx.xx.2020-ci il tarixli 7 saylı əlavəyə görə 13694,84 manat avans ödənilməlidir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırıqlarına əsasən cavabdeh tərəfindən iddiaçıya avans qismində 2089,05 manat və 11605,80 manat məbləğində pul ödənilmişdir. İddiaçı ilə "xxxx" MMC, iş icraçısı, memar və "xxxx" MMC arasında bağlanmış 02 fevral 2021-ci il tarixli aktdan görünür ki, “Bakı Asan Xidmət layihəsi”nin tikintisində İddiaçı MMC-nin öz üzərinə götürdüyü “Metal lift şaxtası və yanğın metal pilləkəninin quraşdırılması” işi müqavilədə göstərilən zamanda bitməmiş və görülən işdə bir sıra nöqsanlar aşkarlanmışdır. Göstərilən qüsurların tamamlanması üçün "xxxx" MMC ilə müqavilə bağlanmışdır. İddiaçı MMC müqavilə şərtlərini pozduğuna görə tamamlama işləri üçün nəzərdə tutulan qiymət "xxxx" MMC tərəfindən 8700 manat məbləği dəyərində təyin olunmuşdur. Bu məbləğ İddiaçı MMC-nin işçilik məbləğindən (müqavilə məbləğinin ƏDVsiz hissəsindən) tutularaq "xxxx" MMC-yə ödəniləcəkdir. "xxxx" MMC (sifarişçi) (hazırkı adı İddiaçı MMC) ilə "xxxx" MMC (icraçı) arasında bağlanmış 03/20 nömrəli 21 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı əsasında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Vunqtau küçəsində tikiləcək Asan Xidmət layihəsində Əlavə 1-də təsviri verilmiş Qiymət razılaşması protokoluna əsasən həcmlər və qiymətlər üzrə xidmət göstərilən işləri yerinə yetirməyi və sifarişçiyə təhvil verməyi, icaçı isə bu müqavilə ilə nəzərdə tutulan şərtlər əsasında işləri qəbul edib, qiymətini ödəməyi öhdələrinə götürürlər. Müqavilənin 2.5-ci bəndinə əsasən sifarişçi smetaya uyğun olaraq yerinə yetirilmiş işlərin təhvil-təslim aktı (2 saylı forma) əsasında təhvil alınacaqdır. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği Əlavə 1-də təsviri verilmiş işlər üzrə Qiymət razılaşması protokoluna əsasən təşkil edir. Müqavilənin ümumi məbləğinə +18 % ƏDV ayrıca göstərilmişdir. Tərəflər arasında bu müqavilə üzrə nəzərdə tutulmuş bütün hesablaşmalar manatla aparılacaqdır. xx.xx.2020-ci il tarixli 03/20 saylı müqaviləyə 03 nömrəli Əlavə lift-metal karkasının tamamlanma işləri üzrə 15 yanvar 2021-ci il tarixli Qiymət Razılaşması protokoluna əsasən "xxxx" MMC ilə "xxxx" MMC malların 9676 manat məbləğində olması barədə razılığa gəlmişlər. xx.xx.2020-ci il tarixli 03/20 saylı müqaviləyə 04 nömrəli Əlavə lift-metal karkasının tamamlanma işləri üzrə 28 yanvar 2021-ci il tarixli Qiymət Razılaşması protokoluna əsasən "xxxx" MMC ilə "xxxx" MMC malların 2006 manat məbləğində olması barədə razılığa gəlmişlər. "xxxx" MMC tərəfindən cavabdehə EBBC 123026 nömrəli xx.xx.2021-ci il tarixli 9676 manat məbləğində elektron qaimə göndərilmişdir. xx.xx.2021-ci il tarixli OD12 nömrəli ödəniş tapşırığından görünür ki, cavadeh tərəfindən "xxxx" MMC-yə 8200 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2021-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, cavabdehin ƏDV sub-uçot hesabından "xxxx" MMC-nin hesabına 1476 manat pul köçürülmüşdür. "xxxx" MMC tərəfindən cavabdehə EBBC 124003 nömrəli xx.xx.2021-ci il tarixli 2006 manat məbləğində elektron qaimə göndərilmişdir. xx.xx.2021-ci il tarixli OD11 nömrəli ödəniş tapşırığından görünür ki, cavadeh tərəfindən "xxxx" MMC-yə 1700 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2021-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, cavabdehin ƏDV sub-uçot hesabından "xxxx" MMC-nin hesabına 306 manat pul köçürülmüşdür. Cavabdehin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cavabdeh təşkilatda mühəndis-inşaatçı, sahə rəisinin müavini vəzifəsində çalışmışdır. Hazırda işsizdir. İddiaçı ilə cavabdehin əməkdaşlıqları olmuşdur. Həmin vaxt o, işlərin görüldüyü ərazidə sahə rəisi vəzifəsində işləyirdi. Cavabdeh yay aylarında işləri görməyə başlamış, təxmini dekabr ayında yekunlaşdırmışlar. Cavabdehin təxmini 2-3 işçisi ərazidə işləyirdi. Həmin işçilər maaşlarının az olması ilə bağlı şikayət edirdilər. Nahar fasiləsindən sonra onlar ərazidən gedirdilər. İşlərin yubanması ilə bağlı iddiaçıya e-maillər göndərirdi. Texnikanı cavabdeh təqdim edirdi. Pilləkəndə aparılmış işlər keyfiyyətli idi, amma daxili panoramik liftdə problemlər var idi. Quraşdırılma zamanı paslanma olurdu. Dəmir konstruksiyalar açıq şəraitdə saxlanılırdı. İddiaçının əməkdaşları konstruksiyaların paslanmasının qarşısının alınması üçün tədbirlər görməli idi. İddiaçının əməkdaşları işləri tam yekunlaşdırmamış ərazini tərk etdilər. Ümumi işlərin 55% görülmüşdü. İşlər dekabr ayında yekunlaşdırılanda onların direktoru Nümayəndə1 gəlmişdi. Cavabdehin işçisi olan Qəni Əsədovu tanıyır. Onunla mübahisəsi olmamışdır. İddiaçının işçiləri ilə ümumiyyətlə mübahisələri olmamış, bəzən işdən tez getmələri, işi yubatmaları ilə bağlı iradlar bildirilirdi. İddiaçının işçilərinin əraziyə buraxılmaması halları yalnız o ərazidə təhlükəli işlərin görülməsi zamanı baş verə bilərdi. Gecikmələrin səbəbi işçi sayının az olmasından ibarət idi. Liftin bolt açarlarının dinametrik açar ilə yoxlanılması işləri qalmışdı. Qüsur aktı tərtib olunan zaman Nümayəndə1 orada iştirak etmirdi, lakin nümayəndələri orada idi. Nümayəndə1 nümayəndəsinə lift və pilləkəndə işlərin paralel aparılması təklifi ilə müraciət etmişdir. Liftin quraşdırılması işləri aparılan zaman texnikanın verilməsinin gecikdirilməsi (və ya təhvil verilməməsi) halları baş verməmişdir. Onlara ümumiyyətlə kranın verilməsi barədə vəd verilməmişdir, çünki liftdə işlərin görülməsi zamanı krandan istifadə ümumiyyətlə yerləşmə baxımından mümkünsüz idi. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 769-cü maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 06 mart 2020-ci il tarixli xx.xx.2020/12 saylı xidmət müqaviləsi imzalanmış, həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 1, 2, 3, 4, 5, 6 saylı Xidmət haqqının razılaşdırılması protokollarına əsasən iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında işlər görülüb təhvil verilmiş, dəyəri tam şəkildə ödənilmişdir. Adıçəkilən müqavilənin 7 saylı Xidmət haqqının razılaşdırılması protokoluna əsasən cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan vəsaitin 50 faizi avans olaraq ödənilmiş, qalan məbləğin 35 gün ərzində təhvil verilməli olan işlər yekunlaşdırıldıqdan sonra ödənilməsi razılaşdırılmışdır. İddiaçı müqavilənin 7 saylı Xidmət haqqının razılaşdırılması protokolu üzrə işlərin tam şəkildə icra edildiyini, habelə təqdim etdiyi 8A saylı Xidmət haqqının razılaşdırılması protokoluna əsasən isə işlərin təxminən 60-70 fazinin görüldüyünü, işlərin görülməsinin gecikdirilməsinin, tam şəkildə tamamlanmamasının, habelə qüsurlarının olmasında cavabdehin təqsirkar olduğunu bildirir. Belə olan vəziyyətdə öhdəliyin icra edilib-edilməməsilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir. Belə ki, MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də tələbinin əsası kimi istinad etdiyi bu halı, yəni işlərin görülüb təhvil verildiyini iddiaçı sübut etməlidir. İddiaçı tələblərinin əsası kimi istinad etdiyi hallarla bağlı hər hansı sübut təqdim edə bilmməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.2.3-cü bəndinin tələblərinə əsasən iddiaçı tərəfindən cavabdehə görülmüş işlərlə bağlı ödəniş edilməsi üçün ümumiyyətlə hər hansı elektron qaimə, hesabfaktura təqdim edilməmiş, görülmüş işlərin təhvil verilməsi rəsmiləşdirilməmişdir. İddiaçı bunun səbəbini tərəflər arasında münasibətlərin artıq pozulması ilə əlaqələndirsə də, Məhkəmə onun bu arqumentini əsaslı və ağlabatan hesab etmir. Bundan əlavə, iddiaçı müqavilənin 8A saylı Xidmət haqqının razılaşdırılması protokoluna əsasən də işlərin görüldüyünü iddia etsə də, lakin bunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə ki, iddiaçının özü tərəfindən Məhkəməyə təqdim edilmiş həmin əlavə iddiaçının özü tərəfindən də imzalanmamış, bundan əlavə həmin əlavədə qeyd olunan işlərin başlanmasına sifarişçi tərəfindən ümumiyyətlə razılıq verilmədiyi müəyyən edilmişdir. Bundan əlavə, iddiaçı işlərin vaxtında və tam şəkildə tamamlanmamasının səbəbini cavabdeh tərəfindən onlara müvafiq texnikanın vaxtında verilməməsi ilə əlaqələndirmişdir. İddiaçı Məhkəməyə Xidmət haqqının razılaşdırılması protokollarının layihələrinin email vasitəsilə cavabdehə göndərildiyini, lakin cavabdeh tərəfindən onlara müvafiq texnikanın vaxtında verilməsinin, habelə işlərə kənar müdaxilələrin qarşısının alınmasının həmin vasitədən (e-mail) istifadə edilməklə tələb edilməməsinin səbəbini onların cavabdehə göndərdiyi e-maillərə heç vaxt cavab verilməməsi ilə əlaqələndirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır. Belə ki, materiallardan görünür ki, cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş qüsur aktı, habelə qüsurlarla bağlı keçiriləcək görüşün vaxtı və yeri barədə məlumat iddiaçının nümayəndəsinə məhz e-mail vasitəsilə çatdırılmış, bunu iddiaçının nümayəndəsi özü də təsdiq etmişdir. Bundan əlavə, iddiaçı 2021-ci ilin yanvar ayından Məhkəməyə müraciət olunan tarixə qədər borcların hansı qaydada tələb edilməsi, habelə işlərin ümumiyyətlə hansı tarixdə yekunlaşdırılması barədə suallara ağlabatan şəkildə cavablandıra bilməmişdir. Beləliklə də, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi hallarla bağlı kifayət qədər güclü, aydın və konkret, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab verən sübutlar təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 219 (iki yüz on doqquz) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar