Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5345/2024 13.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Müdafiə Nazirliyi və Cavabdeh1 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Cavabdeh1 MMCyə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Cavabdeh1 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə bağlanmış 4 müqavilə üzrə görülmüş işlərə görə Cavabdeh1 MMC tərəfindən xərclənmiş ƏDV-siz 1383458,42 manat pul vəsaitinin Azərbaycan Respublikası Müdafiə Nazirliyindən alınaraq cavabdeh MMC-nin hesablaşma hesabına və ya iddiaçıya ödənilməsi, ƏDV-siz 5551106,17 manat pul vəsaitinin 11,5 % (638377,21 manat) saxlanılaraq, qalan 4912728,96 manat pul vəsaitinin cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırki iddia ərizəsi İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi (bundan sonra – 1-ci cavabdeh) və Cavabdeh1 MMC-yə, qanuni təmsilçi Qanuni nümayəndə (bundan sonra – 2-ci cavabdeh) qarşı “pul tələbi”nə dairdir. Cavabdeh(lər)in sayına uyğun olaraq iddia ərizəsinin surəti əlavə olunur (Qoşma 1). Cavabdeh1 ilə 1-ci cavabdeh arasında 4 (dörd) müqavilə bağlanmışdır. Cavabdeh1 ilə 1-ci cavabdeh arasında bağlanmış 4 müqavilə üzrə görülən işlərin yoxlaması ilə bağlı AR Maliyyə Nazirliyinin Dövlət Maliyyəyə Nəzarət Xidməti tərəfindən tərtib olunmuş 25 aprel 2023-cü il tarixli yoxlama aktına əsasən 4 müqavilə üzrə görülməmiş işlərin dəyəri ƏDV-siz 13048859,70 manat təşkil edir. Həmin müqavilələrdən – SP14-HM6 saylı xx.xx.2014-cü il tarixli müqaviləyə 11 dekabr 2017-ci il tarixli 2 nömrəli əlavə razılaşma üzrə ƏDV-siz 3262461,81 manat sifarişçi və podratçı tərəfindən Forma-2 ilə təsdiqlənməmiş və rəsmiləşdirilməmiş artıq işlərin görülməsi də Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin yoxlama aktında öz əksini tapmışdır. Sözügedən 4 müqavilə üzrə görülən işlərin yoxlanması ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyəyə Nəzarət Xidməti tərəfindən tərtib olunmuş 25 aprel 2023-cü il tarixli yoxlama aktına əsasən, görülmüş və rəsmiləşdirilmiş tikinti-quraşdırma işlərinə görə Müdafiə Nazirliyinin Cavabdeh1 MMC-yə ƏDV ilə 1907737,27 (ƏDV-siz 1616726,5) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Yuxarıda qeyd olunan 4 müqavilənin predmetinə aid olmayan lakin sifarişçinin (MTT baş idarəsinin və HHQ-nin) göstərişi ilə yekunda əvəzləşmə aktı ilə sənədləşdirilməsi şərtilə əlavə işlər görülmüşdür. Bu görülmüş işlər AR Müdafiə Nazirliyi tərəfindən tərtib olunmuş № 4733, 12 may 2023-cü il tarixli akta əsasən ƏDV-siz 12252399,58 (on iki milyon iki yüz əlli iki min üç yüz doxsan doqquz) manata bərabər olması "xxxx" MMC-nin Ə-160 saylı xx.xx.2022-ci il tarixli rəyində özəksini tapmışdır. Bundan əlavə xx.xx.2019-cu il tarixli 20 nömrəli bağlanmış müqavilə üzrə xx.xx.2023 tarixli üzləşmə aktına əsasən Müdafiə Nazirliyinin "xxxx" MMC şirkətinə borcunun məbləği ƏDV-siz 637869,51 manat, xx.xx.2019-cu il tarixli 21 nömrəli bağlanmış müqavilə üzrə xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən Müdafiə Nazirliyinin Cavabdeh1 MMC şirkətinə borcunun məbləği ƏDV-siz 830508,47 manat təşkil edir. İddiaçı 1-ci cavabdehə pretenziya məktubu ilə müraciət edərək aşağıdakılar xahiş olunmuşdur: 4 (dörd) müqavilə üzrə artıq görülmüş işləri və bu müqavilə predmetindən əlavə işlərin dəyərini nəzərə alaraq müqavilə üzrə görülən artıq işlərin dəyəri olan ƏDV-siz 3262461,81 manatın, müqavilə predmetindən əlavə olaraq görülmüş ƏDV-siz 12252399,58 manatlıq işlərin rəsmiləşdirilməsi, qeyd olunanları nəzərə alaraq əlavə işlərə görə Cavabdeh1 MMC tərəfindən xərclənmiş ƏDV-siz 3934379,67 manat pul vəsaitinin Cavabdeh1 MMC-nin hesablaşma hesabına ödənilməsi. 1-ci cavabdeh pretenziya məktubunda qeyd olunanları etməkdən imtina etmişdir. Bu səbəbdən də mövcud iddia tələbi irəli sürülür. AR Maliyyə Nazirliyinin Dövlət Maliyyəyə Nəzarət Xidməti tərəfindən tərtib olunmuş 25 aprel 2023-cü il tarixli yoxlama aktına əsasən Cavabdeh1 ilə 1-ci cavabdeh arasında bağlanmış 4 müqavilələrdən–SP14-HM6 saylı xx.xx.2014-cü il tarixli müqaviləyə 11 dekabr 2017-ci il tarixli 2 nömrəli əlavə razılaşma üzrə ƏDV-siz 3262461,81 manat sifarişçi və podratçı tərəfindən Forma-2 ilə təsdiqlənməmiş və rəsmiləşdirilməmiş artıq işlər görülmüşdür. İkincisi yuxarıda qeyd olunan 4 müqavilənin predmetinə aid olmayan lakin sifarişçinin (MTT baş idarəsinin və HHQ-nin) göstərişi ilə yekunda əvəzləşmə aktı ilə sənədləşdirilməsi şərtilə əlavə işlər görülmüşdür. Bu görülmüş işlər AR Müdafiə Nazirliyi tərəfindən tərtib olunmuş № 4733, 12 may 2023-cü il tarixli akta əsasən ƏDV-siz 12252399,58 (on iki milyon iki yüz əlli iki min üç yüz doxsan doqquz) manata bərabər olması "xxxx" MMC-nin Ə-160 saylı xx.xx.2022-ci il tarixli rəyində özəksini tapmışdır. Bundan əlavə xx.xx.2019-cu il tarixli 20 nömrəli bağlanmış müqavilə üzrə xx.xx.2023 tarixli üzləşmə aktına əsasən Müdafiə Nazirliyinin "xxxx" MMC şirkətinə borcunun məbləği ƏDVsiz 637869,51 manat, xx.xx.2019-cu tarixli 21 nömrəli bağlanmış müqavilə üzrə xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən Müdafiə Nazirliyinin Cavabdeh1 MMC şirkətinə borcunun məbləi ƏDV-siz 830508,47 manat təşkil edir. Üçüncüsü, təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 341.2.1, 341.2.3 və 313-cü maddələri, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 32.5, 341.2.1, 32.5, 341.2.3 və 32.5, 313-cü maddələri və İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 193-1.3.2, 32.5, 341.2.1, 32.5, 341.2.3 və 32.5, 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə 2-ci cavabdeh Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində şahid qismində ifadə verərkən qeyd etmişdir ki, 1-ci cavabdehlə bağlanmış 4 müqavilə üzrə işləri iddiaçı tərəfindən görülüb, 1-ci cavabdeh tərəfindən ödənilmiş bütün vəsaitlərin 11,5 % Cavabdeh1 MMC-nin hesabında saxlanılmış, qalan vəsaitlər tikinti işlərin aparılması üçün xərclənmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə bağlanmış 4 müqavilə üzrə görülmüş işlərə görə Cavabdeh1 MMC tərəfindən xərclənmiş ƏDV-siz 1383458,42 manat pul vəsaitinin Azərbaycan Respublikası Müdafiə Nazirliyindən alınaraq cavabdeh MMC-nin hesablaşma hesabına və ya iddiaçıya ödənilməsi, ƏDV-siz 5551106,17 manat pul vəsaitinin 11,5 % (638377,21 manat) saxlanılaraq, qalan 4912728,96 manat pul vəsaitinin cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə bağlanmış 4 müqavilə üzrə görülmüş işlərə görə Cavabdeh1 MMC tərəfindən xərclənmiş ƏDV-siz 1383458,42 manat pul vəsaitinin Azərbaycan Respublikası Müdafiə Nazirliyindən alınaraq cavabdeh MMC-nin hesablaşma hesabına və ya iddiaçıya ödənilməsi, ƏDV-siz 5551106,17 manat pul vəsaitinin 11,5 % (638377,21 manat) saxlanılaraq, qalan 4912728,96 manat pul vəsaitinin cavabdeh MMCdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, podrat müqavilələri cavabdehlər arasında bağlanmış, lakin müqavilələr üzrə işlər iddiaçının vəsaitləri hesabına icra edilmişdir. Bu səbəbdən podrat müqavilələri üzrə yaranmış borc Müdafiə Nazirliyindən tutularaq cavabdeh MMC-yə ödənilməli, həmin vəsait MMC-yə ödənildikdən sonra MMC ilə iddiaçı arasında olan şifahi razılaşmaya əsasən 11,5 faiz hissəsi MMC-də saxlanılmaqla iddiaçıya ödənilməlidir.
5. Məhkəmə iclasında cavabdeh MMC-nin nümayəndəsi Vəkil iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, podrat müqavilələri cavabdeh MMC ilə Müdafiə Nazirliyi arasında bağlanmış, həmin müqavilələrin iddiaçıya hər hansı aidiyyəti yoxdur. Müqavilələr üzrə işlər MMC tərəfindən icra edilmiş, dəyəri də Müdafiə Nazirliyi tərəfindən ödənilmişdir. Həmin müqavilələr üzrə MMC tərəfindən iddiaçıya hazırkı iddianın qaldırılması ilə bağlı hər hansı səlahiyyət verilməmişdir. İddiaçı MMC-nin əvvəllər təsisçisi olmuş, daha sonra təsis paylarını satmış, MMC-yə qarşı hər hansı tələbinin olmadığını bəyan etmişdir. Həmçinin iddiaçı MMC-nin əvvəllər əmək müqaviləsi üzrə işçisi olmuş, daha sonra öz ərizəsi ilə işdən azad edilmiş, onunla son haqqı-hesab aparılmışdır. İddiaçının həmin podrat müqavilələri üzrə işlərin onun vəsaitləri hesabına aparılması barədə dəlilləri tam əsassızdır. Həmin işlər MMC-nin işçi qüvvəsi, materialları və sairə hesabına aparılmışdır. MMC-nin hazırda həmin podrat müqavilələri üzrə Müdafiə Nazirliyinə qarşı hər hansı tələbi yoxdur. Bundan əlavə, Müdafiə Nazirliyi tərəfindən onlara pul ödənildikdən sonra vəsaitin bir qisminin saxlanılaraq (11,5 faiz) qalan hissəsinin iddiaçıya verilməsi barədə ümumiyyətlə hər hansı razılaşma yoxdur. İddiaçı həmin müqavilələr üzrə işlər icra edilən zaman MMC-nin işçisi olmuş, gördüyü işin müqabilində də əmək haqqı almışdır.
6. Məhkəmə iclasında cavabdeh Müdafiə Nazirliyinin nümayəndəsi E.Nəciyev iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, podrat müqavilələri MMC ilə Müdafiə Nazirliyi arasında bağlanmış, işlər də MMC tərəfindən icra edilmişdir. Hazırkı iddia tələbi onlara aid hissədə tam əsassızdır.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. xx.xx.2020-ci il tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən İddiaçı Cavabdeh1 MMC-yə “tikinti təşkili üzrə baş müşavir” vəzifəsi üzrə işə götürülmüşdür.
9. Cavabdeh1 MMC-nin xx.xx.2020-ci il tarixli, 991 nömrəli əmri ilə İddiaçı Cavabdeh1 MMC-yə “tikinti təşkili üzrə baş müşavir” vəzifəsi üzrə işə götürülmüşdür.
10. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, xxxxxxx0001X0 nömrəli əmək müqaviləsi bildirişinə görə (işəgötürən: Cavabdeh1 MMC) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə (xx.xx.2020-ci il tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi ilə qeydə alınmışdır) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verilmişdir.
11. Cavabdeh1 MMC-nin xx.xx.2021-ci il tarixli, 1614 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verilmişdir.
12. İddiaçı və Cavabdeh1 MMC-nin direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış təhvil-təslim aktından görünür ki, İddiaçı məxsus əmək kitabçası ona geri qaytarılmış və o, müəssisəyə qarşı hər hansı tələbinin olmadığını təsdiq etmişdir.
13. İddiaçı ilə Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2021-ci il tarixli təsis payının alqı-satqısı müqaviləsinə görə İddiaçı Cavabdeh1 MMC-nin nizamnamə kapitalında ona məxsus olan 28 %-dən ibarət olan 350 payını 3500 manat məbləğə Qanuni nümayəndə mülkiyyətinə vermişdir.
14. xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən 3500 manat vəsait Qanuni nümayəndə tərəfindən iddiaçıya ödənilmişdir.
15. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri (sifarişçi) ilə Cavabdeh1 MMC (icraçı) arasında bağlanmış AZ-40/HHQ-15 nömrəli, 2015-ci il tarixli müqaviləyə görə icraçı sifarişçi ilə razılaşdırılmış və iki tərəfdən təsdiq edilmiş bu müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırılması haqqında protokollarda göstərilmiş iş yüklərinin icrası üzrə öhdəlikləri, sifarişçi isə icraçı tərəfindən görülmüş işlər müqabilində bu müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırılması haqqında protokollara müvafiq olaraq ödəniş edilməsini öz öhdəsinə götürür.
16. Azərbaycan Respublikası Müdafiə Nazirliyi (sifarişçi) ilə Cavabdeh1 MMC (icraçı) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, SP14-HHM6 nömrəli müqaviləyə 2 nömrəli əlavə razılaşmaya görə sifarişçi icraçıya radar sistemlərinin qurulması ilə əlaqədar müqavilənin 2-ci bəndində göstərilmiş işlərin icrasını tapşırır, icraçı tapşırılmış işləri icra edib etaplar üzrə təhvil verdikdən sonra sifarişçi təhvil verilmiş işin dəyərini ödəyir.
17. Azərbaycan Respublikası Müdafiə Nazirliyi (sifarişçi) ilə Cavabdeh1 MMC (icraçı) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, AV14-SP10 nömrəli müqaviləyə 2 nömrəli əlavə razılaşmaya görə sifarişçi icraçıya Dəllər hərbi aerodromunda müqavilənin 2-ci bəndində göstərilmiş işlərin icrasını tapşırır, icraçı tapşırılmış işləri icra edib etaplar üzrə təhvil verdikdən sonra sifarişçi təhvil verilmiş işin dəyərini ödəyir.
18. Azərbaycan Respublikası Müdafiə Nazirliyi (sifarişçi) ilə Cavabdeh1 MMC (icraçı) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, FR-30-AZ-53 nömrəli müqaviləyə 2 nömrəli əlavə razılaşmaya görə sifarişçi icraçıya Kürdəmir hərbi aerodromunda müqavilənin 2-ci bəndində göstərilmiş işlərin icrasını tapşırır, icraçı tapşırılmış işləri icra edib etaplar üzrə təhvil verdikdən sonra sifarişçi təhvil verilmiş işin dəyərini ödəyir.
19. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, Ə-160/22 nömrəli mütəxəssis rəyinə görə, Cavabdeh1 MMC tərəfindən sifarişçi təşkilat olan Müdafiə Nazirliyi arasında bağlanmış SP14-HM6 saylı 11 dekabr 2017-ci il tarixli müqavilə üzrə yerinə yetirilmiş işlərə çəkilmiş xərclərin ümumi məbləği 12252399,58 (on iki milyon iki yüz əlli iki min üç yüz doxsan doqquz manat əlli səkkiz qəpik) manat təşkil edir.
20. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
21. Belə ki, iddia iki hissədən ibarətdir: 1. Altı müqavilə üzrə görülmüş işlərə görə Cavabdeh1 MMC-nin adından iddiaçı tərəfindən xərclənmiş ƏDV-siz 1383458,42 manat pul vəsaitinin Azərbaycan Respublikası Müdafiə Nazirliyindən alınaraq Cavabdeh1 MMCnin hesablaşma hesabına və ya iddiaçıya ödənilməsi; 2. ƏDV-siz 5551106,17 manat pul vəsaitinin 11,5%-i olan (638377,21 manat) MMC-də saxlanılaraq, qalan 4912728,96 manat pul vəsaitinin Cavabdeh1 MMC-dən alınaraq iddiaçıya ödənilməsi.
22. Məhkəmə iddia ərizəsini birinci hissədə əsassız hesab edir və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
24. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Cavabdeh1 MMC arasında bağlanmış podrat müqavilələri əsasında sifarişçi olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xeyrinə işlərin görülməsi və bunun qarşılığında icraçı olan Cavabdeh1 MMC-yə müvafiq ödənişlərin edilməsi razılaşdırılmışdır.
26. Cavabdehin birinci iddia tələbi bu müqavilələr üzrə pul vəsaitinin Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq Cavabdeh1 MMC-yə ödənilməsi ilə bağlıdır.
27. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbini qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik deyildir.
28. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir:
29. “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
30. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
31. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”
32. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehlər arasında altı podrat müqaviləsinin bağlandığını (həmin müqavilələr məhkəməyə təqdim edilməmiş, xx.xx.2015-ci il tarixli müqavilənin kserosurəti iddia ərizəsinə əlavə edilmişdir) bildirmiş, məhkəmə araşdırması zamanı iddiaçının qeyd etdiyi həmin müqavilələrin cavabdehlər arasında bağlandığı, iddiaçının ümumiyyətlə həmin müqavilənin tərəfi olmadığı, müqavilələlərin onun xeyrinə bağlanmadığı müəyyən edilmişdir.
33. İddiaçı həmin müqavilələr üzrə görülmüş işlərin müqabilində Müdafiə Nazirliyindən 1383458,42 manat pulun cavabdeh MMC-nin xeyrinə tutulması olduğunu bildirsə də, MMC-nin adından hazırkı iddianın qaldırılması ilə bağlı səlahiyyətli olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması zamanı iddiaçının həmin müqavilələrin tərəfi olmadığı, müqavilələlərin onun xeyrinə bağlanmadığı, MMC tərəfindən hər hansı tələb hüququnun hazırkı iddiaçıya ötürülmədiyi müəyyən edilmişdir.
34. Materiallardan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər MMC-nin əmək müqaviləsi üzrə işçisi olmuş, öz ərizəsi ilə işdən azad edilmişdir.
35. Həmçinin iddiaçı xx.xx.2019-cu ildən MMC-nin təsisçisi olmuş, xx.xx.2021-ci il tarixli təsis payının alqı-satqısı müqaviləsi əsasında öz təsis paylarını Qanuni nümayəndə satmış, təsis paylarının dəyəri ona tam şəkildə ödənilmişdir.
36. Məhkəmə iclasında iddiaçı izahatında hazırda əmək müqaviləsi üzrə MMC-yə qarşı hər hansı tələbinin olmadığını, MMC-yə qarşı əvvəlki təsisçi kimi hər hansı korporativ tələbinin olmadığını bildirmişdir.
37. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı birinci tələb üzrə iddia qaldırmaqla bağlı müvafiq subyektiv hüquqa malik olmadığı üçün iddia ərizəsi birinci hissədə əsassızdır və təmin edilməməlidir.
38. Məhkəmə iddia ərizəsini ikinci hissədə də əsassız hesab edir.
39. Belə ki, məhkəmə iclasında iddiaçı tərəf izahatlarında MMC ilə iddiaçı arasında şifahi razılıq olduğunu, Müdafiə Nazirliyinin podrat müqavilələri üzrə ödəməli olduğu muzd ödənildikdən sonra muzdun 11,5 faiz hissəsinin cavabdeh MMC-yə, qalan hissəsinin isə iddiaçıya çatmalı olmasını göstərmişdir.
40. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf məhkəməyə ümumiyyətlə tərəflər arasında belə bir razılaşma olmasını təsdiq edən hər hansı sübutu təqdim etməmişdir.
41. Məhkəmə bununla bağlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ittiham aktında tərəflərin öz izahatlarında göstərdikləri xüsusatların hazırkı iş üzrə sübut qismində nəzərə alınmalı olması barədə dəlilini əsassız hesab edir, ittiham aktını hazırkı iş üzrə ümumiyyətlə sübut qismində qəbul edilməli olmaması qənaətinə gəlir.
42. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
43. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi ikinci hissədə də əsassız olduğundan təmin edilməməlidir.
44. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 3566,20 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Cavabdeh1 MMCyə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 3566,20 (üç min beş yüz altmış altı manat iyirmi qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova