Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5474/2025 10.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: podrat müqaviləsi, haqqın (muzdun) ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsəyyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı2 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN FAKTİKİ HALLARİ
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli, UNİ/2024/545 saylı “Xidmətlərin göstərilməsi haqqında” müqavilə (bundan sonra – Müqavilə) bağlanmışdır.
2. Həmin Müqavilənin: 2.1. 1.1-ci bəndinə görə bu Müqavilənin şərtlərinə uyğun olaraq İcraçı (iddiaçı) Sifarişçinin (cavabdehin) tapşırıqlarına əsasən onun xidmət göstərdiyi və (və ya) GPON texnologiyası üzrə şəbəkə qurduğu ünvanlarda yaşayan abunəçilərin ünvanlarına kabel çəkilməsi, rabitə avadanlıqları quraşdırılması və konfiqurasiyası, onlara baxış keçirilməsi, təmiri, bərpası, texniki bağlantının yaradılması və digər texniki işlərlə bağlı xidmətləri yerinə yetirir, Sifarişçi isə göstərilmiş xidmətlərin müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında xidmət haqqı ödəyir; 2.2. 1.2-ci bəndinə görə tərəflər arasında təhvil-təslim aktının (bundan sonra “Təhviltəslim aktı” adlanacaq) təsdiq olunması (yazılı formada imza ilə və ya müvafiq elektron sistem - Jira tətbiqi vasitəsilə) müvafiq Xidmətlərin Sifarişçiyə təhvil verilməsi deməkdir; 2.3. 3.2.1-ci bəndinə görə müvafiq xidmətlər göstərildikdən və müvafiq Təhvil-təslim aktı ilə qəbul edildikdən sonra Sifarişçinin ödəniş öhdəliklərinin yerinə yetirilməsini Sifarişçidən tələb etmək İcraçının hüququdur; 2.4. 4.1.3-cü bəndinə görə göstərilmiş və təhvil alınmış xidmətlərə görə ödənişləri lazımi qaydada və vaxtında yerinə yetirmək Sifarişçinin öhdəliyidir; 2.5. 6.1-ci bəndinə görə Xidmət haqqı aşağıdakı cədvələ uyğun olaraq hesablanır və ödənilir: - İnternet xidmətinə qoşulmaya görə: ay ərzində İcraçı tərəfindən qoşulmuş və aktiv statusda olan müştərilərin sayı - 500-dək olduqda: Bakı şəhərində yeni qoşulmuş hər aktiv müştəri üçün birdəfəlik (ƏDV xaric) 15 manat, Bakı şəhərindən kənarda (Regionlarda) yeni qoşulmuş hər aktiv müştəri üçün birdəfəlik (ƏDV xaric) – 20 manat; 500 və daha artıq olduqda: Bakı şəhərində yeni qoşulmuş hər aktiv müştəri üçün birdəfəlik (ƏDV xaric) 20 manat, Bakı şəhərindən kənarda (Regionlarda) yeni qoşulmuş hər aktiv müştəri üçün birdəfəlik (ƏDV xaric) – 25 manat; - İP TV xidmətinə qoşulmaya görə: icraçı tərəfindən İP TV xidmətinə qoşulmuş hər bir aktiv statusda olan müştər üçün birdəfəlik 10 manat (ƏDV xaric); 2.6. Hər bir müvafiq Xidmət sifarişində müəyyən edilmiş Xidmət haqqı (bundan sonra “Xidmət haqqı" adlanacaq) Sifarişçi tərəfindən İcraçının bank hesabına bank köçürməsi yolu ilə ödənilir. Xidmət haqqı İşlərin Sifarişçi tərəfindən təhvil alınmasını təsdiq edən təhvil-təslim aktı hər iki tərəfdən imzalandıqdan sonra, imzalanmış təhvil-təslim aktı, hesab-faktura və elektron qaimə-faktura əsasında bu sənədlərdən sonuncusu Sifarişçiyə təqdim edildiyi tarixdən etibarən 30 (otuz) təqvim günü ərzində İcraçının bank hesabına ödənilir. 2.7. 13.15-ci bəndinə görə sorğu və müraciətlərin alınması, cavablandırılması və sorğu və müraciətlərlə bağlı bütün digər hərəkətlər yalnız Sifarişçinin müvafiq elektron sistemi (Jira tətbiqi) üzərindən həyata keçirilir və izlənilir. Digər hər hansı bir formada edilən sorğu və müraciətlər nəzərə alınmır. İcraçı bununla bağlı Sifarişçinin müvafiq qaydaları və təlimatları ilə tanış olduğunu və onlara əməl edəcəyini bəyan edir. İcraçı həmin qayda və təlimatlara zidd hərəkətləri nəticəsində Sifarişçiyə vurduğu zərərə görə məsuliyyət daşıyır.
3. İş materiallarına əlavə edilmiş aktlara əsasən sifariş edilmiş işlərin yerinə yetirilməsi üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ayrı-ayrı vaxtlarda cavabdeh tərəfindən iddiaçıya müxtəlif növlü avadanlıq və materiallar təhvil verilmiş, bu barədə müvafiq təhvil-təslim aktları tərtib edilmiş, iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən imzalanmış, cavabdeh Cəmiyyətin möhürü ilə təsdiq edilmişdir.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
4. İddiaçı 41105 manat əsas borc, 4600 manat faiz borcu (penya 1% günlük) və 230 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə UNİ/2024/545 saylı xidmət müqaviləsi imzalanmışdır. Həmin müqavilənin predmeti sifarişçi cavabdeh tərəfindən GPON texnologiyası üzrə şəbəkə qurduğu ünvanlarda yaşayan abunəçilərin ünvanlarına kabel çəkilməsi, rabitə avadanlıqlarının quraşdırılması və konfiqurasiyası, onlara baxış keçirilməsi, təmiri, bərpası, texniki bağlantının yaradılması və digər texniki işlərlə bağlı xidmətlərin icraçı tərəfindən yerinə yetirilməsindən və müqavilədə qeyd olunan cədvələ əsasən icraçıya xidmət haqqı ödəməkdən ibarət olub. Cavabdeh tərəfindən müqavilə şərtləri pozulub və nəticədə göstərdiyi xidmətlərə görə nəzərdə tutulmuş işləri təhvil versə də və dəfələrlə cavbdehin yerləşdiyi ofisdə görüşlər keçirsələr də, xidmət haqqını cavbdehdən ala bilmir. Cavabdeh müqavilə üzrə öhdəliklərin icra edilməsi barədə təklifə münasibət bildirməmişdir. Yaranmış borcla bağlı cavbdehə elektron qaimələr də göndərilmişdir. Aralarında bağlanmış Müqaviləyə əsasən cavbdehin əsas borcu 41105 manat təşkil edir. Bu barədə cavabdehə göndərilən pritenziya məktubunda bildirilib. Əlavə olaraq həmin məktubda cavbdehə bildirilib ki, pritenziya məktubuna əsasən əsas borcu 10 gün müddətində könüllü olaraq ödəməsə, yaranmış borca 1% əlavə hesablanaraq tələb olunması üçün Məhkəməyə müraciət ediləcəkdir. Hesablamalara görə 2024-cü ilin dekabr ayından bugünədək aylar üzrə yaranmış əsas borcun 1% dəymiş zərərə görə cəriməsi 4600 manat təşkil edir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün maddi zərərlə üzləşmişdir. Zərər dedikdə işçilərə əmək haqqını vaxtında verə bilməməyi, vergi və digər məcburi öhdəliklərim və əldən çıxmış faydanı (həmin tarixlər üçün nəzərdə tutulan mənfəəti və ya qazancı) nəzərdə tutur.
b) İddiaya qarşı etirazın dəlilləri
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
7. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini xahiş etdiş
8. Cavabdehin vəkili və nümayəndəsi iddia tələbini qəbul etmərək iddia ərizəinin rədd edilməsini məhkəmədən xahiş etdi.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
TƏTBİQ EDİLƏN HÜQUQ
Aəzrbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
14. Maddə 442, 443.1 və 448.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
16. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
17. Maddə 752.1 Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
18. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
19. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
20. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilmədirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
Aərbayvan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
MƏHKƏMƏNİN MÖVQEYİ
26. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsalıdır.
27. MM-nin 386.1-ci maddəsindən göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan irəli gəlməklə, əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
28. Məhkəmə qeyd edir ki, müqavilə iki və ya daha şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (süuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir. Bu baxımdan, müqaviləni bağlayan tərəflər üzərlərinə müəyyən öhdəliklər götürərək hüquqi baxımdan həmin öhdəliklərə bağlı olurlar. Bu bağlılıq həm də tərəfləri müqavilə şərtlərinə əməl etməyə məcbur etməkdə ifadə olunur.
29. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, UNİ/2024/545 saylı müqavilə əsasında öhdəlik hüquq münsibətləri yaranmışdır.
30. İddiaçı cavabehlə aralarında xidmət müqaviləsinin bağlanmasına istinad etdiyindən məhkəmə hesab edir ki, əvvəlcə tərəflər arasında hansı növ müqavilənin bağlanmasının aydınlaşdırılmasına zərurət vardır. Məhkəmə iclasında iddiaçı bildirdi ki, müqavilə üzrə onun icra etdiyi iş əvvəlcədən müəyyən yerlərə çəkilərək qutulara quraşdırılmış kabel internet xətlərinin ayrı-ayrı mənzillərə çəkilməsi, modemin quraşdırılması və “Jira” proqramı vasitəsilə cavabdehə təhvil verilməsindən ibarət olmuşdur. Bu səbəbdən məhkəmə hüquq münasibətinin xarakterini nəzərə alaraq hesab ki, tərəflər arasında xidmət, yoxsa podrat müqaviləsi bağlanmasının müəyyən edilmısi zəruridir.
31. Podrat və xidmət müqaviləsi arasında müəyyən oxşarlıqlar olsa da, hüquqi mahiyyətinə görə bir-birindən fərqlənir. Əsas fərqləndirici əlamət isə yerinə yetirilmiş işlərin nəticələrinə münasibətdə meydana çıxır. Yəni, podrat müqaviləsi maddi nəticə ilə yekunlaşır (məsələn, tikinti işlərinin nəticəsi olaraq bina və ya mənzil inşa olunur və s.) və nəticə olaraq hazırlanmış yeni məhsul mütləq maddi olaraq sifarişçiyə təhvil verilir. Razılaşdırılmış haqq (muzd) isə təhvil verilmiş maddi nəticəyə görə ödənilir. Podratın keyfiyyəti də onun nəticəsi ilə bağlı olur.
32. Podrat müqaviləsindən fərqli olaraq xidmət müqaviləsin icrası zamanı maddi nəticə mövcud olmur. Yerinə yetirilmiş iş (xidmət) nəticəyə deyil, görülmüş işin (xidmətin) özünə bağlı olur. Xidmət müqaviləsinin keyfiyyəti də işin (xidmətin) özünün icra edilməsi ilə ölçülür. Podrat müqaviləsi işin təhvil verilməsi ilə icra olunmuş olduğu hala, xidmət müqaviləsi xidmətin özünün yerinə yetirilməsi ilə icra edilmiş sayılır və mahiyyətcə yardım göstərilməsi xarakteri daşıyır. Xidmətə görə haqq da, məhz həmin yardımın, dəstəyin icra edilməsinə görə ödənilir (məsələn, hüquqi xidmətin yerinə yetirilməsinə görə ödənilən haqq).
33. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Müqavilənin 1.1-ci maddəsində digər xidmətlərin yerinə yetirilməsi göstərilsə də, əslində tərəflər arasında podrat müqaviləsi bağlanmış, sifarişi əsasında iddiaçı GPON texnologiyası üzrə cavabdehin şəbəkə qurduğu ünvanlarda yaşayan abunəçilərin ünvanlarına kabel çəkilməsi, rabitə avadanlıqları quraşdırılması və konfiqurasiyası işlərini yerinə yetirərək cavabdehə təhvil verməyi, cavabdehə “Jira” proqramı (əsasən İT proqlaşdırma üzrə layihə idarə etmə və izləmə proqramıdır) vasitəsi ilə təhvil verilməsi, cavabdehin öhdəliyi isə işləri müqavilə şərtlərlərinə uyğun qəbul edərək müəyyən edilmiş haqqı vaxtında ödəməkdən ibarət olmuşdur.
34. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış Müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, cavabdehin sifarişi əsasında Müqavilə üzrə ona sifariş edilmiş işləri yerinə yetirərək “Jira” proqramı vasitəsi ilə ona təhvil verilmişdir. İşlərin təhvil-təslim məsələsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Müqavilənin 1.2-ci bəndində işlərin təhvil-təslim aktının təsdiq olunmasının iki qaydası - yazılı formada imza ilə və ya müvafiq elektron sistem - Jira tətbiqi vasitəsilə aparılması nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tərəflərn izahatları ilə müəyyən edildi ki, işlərin təhvil təslimi ikinci qaydada, yəni “Jira” proqramının tətbiqi vasitəsilə həyata keçirilmişdir. Lakin məhkəmə iclasında müəyyən edildi ki, “Jira” proqramının idarə edilməsi cavabehdə olmuşdur. Həmçinin, Müqavilənin 13.15-ci bəndində həmin proqramın cavabdehə aid olması göstərilmişdir (Müqavilənin həmin bəndində qeyd edilir ki, sorğu və müraciətlərin alınması, cavablandırılması və sorğu və müraciətlərlə bağlı bütün digər hərəkətlər yalnız Sifarişçinin müvafiq elektron sistemi (Jira tətbiqi) üzərindən həyata keçirilir və izlənilir). Cavabdeh isə iddiaçı tərəfindən işlərin təhvil verilməməsi səbəbindən haqqın ödənilmədiyini bildirsə də, işlərin təhvil-təslimini təsdiq və ya təkzib edə biləcək həmin sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, işlərin təhvil verilməsini təkzib edəcək sübutun (“Jira” proqramının) cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsi, iddiaçı tərəfindən öz öhdəliyinin lazımı qaydada icra edilməsinin təsdiqi kimi qəbul edilməlidir.
35. Lakin cavabdeh müqaviləyə uyğun olaraq yerinə yetirilmiş işlərə görə xidmət haqqını (muzdu) iddiaçıya tam ödəməyərək öhdəyini pozmuşdur. Tərəflər arasında bağlanmış Müqavilənin 6.3-cü bəndində göstərilmişdir ki, hər bir müvafiq Xidmət sifarişində müəyyən edilmiş Xidmət haqqı (bundan sonra “Xidmət haqqı" adlanacaq) Sifarişçi tərəfindən İcraçının bank hesabına bank köçürməsi yolu ilə ödənilir. Xidmət haqqı İşlərin Sifarişçi tərəfindən təhvil alınmasını təsdiq edən təhvil-təslim aktı hər iki tərəfdən imzalandıqdan sonra, imzalanmış təhvil-təslim aktı, hesab-faktura və elektron qaiməfaktura əsasında bu sənədlərdən sonuncusu Sifarişçiyə təqdim edildiyi tarixdən etibarən 30 (otuz) təqvim günü ərzində İcraçının bank hesabına ödənilir.
36. Mülki Məcəllənin 442-ci maddəsində öhdəliyin icra edilməməsinin anlayışı verilmişdir. Həmin müddəaya əsasən öhdəliyin lazmınca icra edilməməsi də (vaxtında icra edilməməsi və s.) onun icra edilməməsi kimi başa düşülür. Eyni zamanda, Mülki Məcəllənin 425.1-ci maddəsi tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
37. Məhkəmə şərh edilənləri, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərini müqavilə üzrə tam icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış Müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı ödənilməmiş haqqı (muzdu) tələb edilməkdə haqlıdır.
38. Məhkəmə hesab edir ki, iddia tələbi dəbbə pulunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir.
39. Cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuş və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi, qanunla müəyyən edilməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Həmçinin, tərəflər arasında bağlanılmış müqavilənin 10.1-ci bəndində cərimənin tətbiq edilməsinin əsasları göstərilmişdir.
40. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 4600 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 2000 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.
41. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuda cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 41105 manat əsas borc, 2000 manat dəbbə pulu və ödənilmiş 230 manat dövlət rüsumu tutularaq İddiaçı2 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Pərviz Zamanlı