Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-560/2025 24.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, borc müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin sifarişi əsasında tərəflər arasında bağlanmış müqavilələr üzrə ödənilməyən 133651,84 manat məbləğində görülmüş işlərin dəyəri, aşağıda göstərilən cədvəldə 63 adda, eyni ölçüdə, eyni miqdarda tikinti materiallarının cavabdehdən alınaraq iddiaçıya verilməsi, həmin əmlaklar qətnamə icra olunan vaxt mövcud olmazsa onların halhazırda bazar dəyəri olan 350201,47 manat pulun, habelə ödənilmiş 774 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə arasında xx.xx.2020-ci il tarixli 022/2020 saylı podrat müqaviləsi, xx.xx.2020-ci il tarixli 042/20 saylı podrat müqaviləsi, xx.xx.2020-ci il tarixli, P/01/20 saylı alqı-satqı müqaviləsi, xx.xx.2020-ci il tarixli, PR/001 saylı xidmət müqaviləsi, xx.xx.2021-ci il tarixli, PR/002 saylı xidmət müqaviləsi, xx.xx.2021-ci il tarixli, PR/003 saylı xidmət müqaviləsi, xx.xx.2023-cü il tarixli, P/01/23 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən Bakı şəhəri, H.Əliyev prospekti, 109-saylı ünvanda yerləşən 50 mərtəbəli iş mərkəzinin binasında, Socarın Baş ofisində, Milli Bankın binasında interyer tamamlama işləri, tələb olunan bütün materialları və işçiliyin təmin olunması, Vergilər Nazirliyinin avtodayanacağında təmir tikinti işləri təmin olunmuşdur. İddiaçı tərəfindən ümumilikdə mal-material, işçiliklə birlikdə 1606657,84 manat iş görülmüşdür. Həmin məbləğdən cavabdeh tərəfindən iddiaçının hesabına bu günə qədər cəmi ******* manat pul ödənilmişdir. Hal-hazıra cavabdehin iddiaçıya 335657,84 manat məbləğində borcu qalmışdır. Həmin borcun 202006,36 manat (ədvsiz) məbləği tikinti dayandırılan dövrdə sahədə qalan materialın dəyəridir, 133651,84 manat isə görülmüş işlərin dəyəridir. 2021-ci ilin dekabr ayında Bakı şəhəri, H.Əliyev prospekti, 109-saylı ünvanda yerləşən 50 mərtəbəli İş mərkəzinin binasında tikinti işləri dayandırılmış və həmin tikinti işləri iddiaçıdan alınaraq başqa bir MMC-yə həvalə edilmişdir. Belə olan halda iddiaçı tikinti sahəsində, yəni, Bakı şəhəri, H.Əliyev prospekti, 109-saylı ünvanda yerləşən 50 mərtəbəli İş mərkəzinin binasının həyətində 202006,36 manat (ədvsiz) məbləğində tikinti materilları qalmışdır. Cavabdeh təhvil təslim aktı ilə həmin tikinti materiallarını qəbul etmişdir. Cavabdeh bu günə qədər borcunu iddiaçıya ödəməmişdir. Həmçinin sahədə qalan materialları iddiaçıya geri qaytarmamış, nə də ki, dəyərini ödəməmişdir. Sahədə qalan materialın bazar dəyəri hal-hazırda artmış cəmi 350210,47 manat təşkil edir, yəni cavabdehdə qalan iddiaçıya məxsus materialların dəyəri 148,204 manat məbləğində artmışdır. Görülmüş işlərin dəyərinin ödənilməsi və tikinti materiallarının geri qaytarılması barədə cavabdehə pretenziya göndərilmişdir. Lakin cavabdeh cavab verməmişdir. Belə olan halda iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı MMC ilə Cavabdeh MMC-nin arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 022/2020 saylı podrat müqaviləsi üzrə ödənilməyən 133651,84 manat məbləğində pulun, dəymiş zərərə görə cavabdehə təhvil verilmiş tikinti materialları satıldığı üçün həmin tikinti materiallarının hal-hazırda bazar dəyəri olan 350201,47 manat pulun, habelə ödənilmiş 774 manat dövlət rüsumunun, 4080 manat hüquqi yardıma görə xərcin Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh MMC məhkəməyə ilk iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Etiraz onuna əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələr üzrə ödənilməyən 133651,84 manat məbləğində görülmüş işlərin dəyəri, ərizədə göstərilən cədvəldə 63 adda, eyni ölçüdə, eyni miqdarda tikinti materiallarının cavabdehdən alınaraq iddiaçıya verilməsi, həmin əmlaklar qətnamə icra olunan vaxt mövcud olmazsa onların halhazırda bazar dəyəri olan 350201,47 manat pulun, habelə ödənilmiş 774 manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edilir ki, sözügedən iddia tələbi aşağıdakı səbəblərə təmin edilməməlidir: Cavabdeh MMC (Sifarişçi) ilə İddiaçı MMC (Podratçı) arasında 022/2020 nömrəli xx.xx.2020-ci il tarixli podrat müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmeti ünvan 2 ünvanda yerləşən 50 mərtəbəli İş mərkəzinin binasında interyer tamamlama işlərinin yerinə yetirilməsidir. Müqavilənin 1.1-ci maddəsinə görə “.....podratçı, sifarişçinin ünvan 2 ünvanda yerləşən 50 mərtəbəli “İş mərkəzi” binasının tikinti layihəsində (bundan sonra Sahə) ......interyer tamamlama işlərini, tələb olunan bütün material və işçiliyin təmin olunmasını bu müqavilə ilə razılaşdırılmış qiymətə və müddətdə yerinə yetirməlidir.....”. İddiaçının müqavilə üzrə təchiz etdiyi materialların və yerinə yetirdiyi işlərin dəyərinin bir hissəsi cavabdeh tərəfindən ona nəğd şəkildə ödənilməsinə baxmayaraq, həmin ödənişlər iddiaçı tərəfindən nəzərə alınmamışdır. Belə ki, bu etiraza qoşma kimi əlavə edilmiş 7 ədəd kassa məxaric orderlərindən göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya aşağıdakı məbləğlərdə nəğd pul vəsaiti ödənilmişdir: xx.xx.2020-ci il tarixində 51213,60 manat, xx.xx.2020-ci il tarixində 68284,80 manat, xx.xx.2020-ci il tarixində 6000 manat, xx.xx.2020-ci il tarixində 25500 manat, xx.xx.2021-ci il taricində 1000 manat, xx.xx.2021-ci il tarixində 6800 manat, xx.xx.2021-ci il tarixində 6500 manat, cəmi isə 173298,40 manat məbləğində vəsait. İkinci olaraq hesab edilir ki, iddiaçı tərəfindən sahəyə təchiz etdiyi və dəyəri 202006,36 manat təşkil edən materiallara görə 350201,47 manat məbləğində vəsaitin, yəni həmin materialların dəyərindən 148195,11 manat artıq vəsaitin tələb etməsi əsassız və qanunsuzdur. Ona görə ki, tərəflər arasında bağlanılan müqavilə üzrə müqavilənin dəyəri (o cümlədən materialların dəyəri) birtərəfli qaydada dəyişdirilə bilməz və kimi dəyişiklik yalnız tərəflərin qarşılıqlı razılığa əsasında edilə bilər. Həmçinin iddiaçı tərəfindən təhvil verilmiş və cavabdeh tərəfindən dəyəri qismən də olsa ödənilmiş materialların dəyərinin artırılması qanunsuzdur və əsassız varlanma kimi qəbul edilməlidir. Habelə iddiaçı tərəfindən materialların dəyərinin təxmini 75% artıraraq həmin dövr üzrə materialların dəyərinin həqiqətən də 75% artmasını sübüt edən hər hansı rəsmi sənəd təqdim edilməmişdir. Bazar qiymətləri araşdırıldıqda müəyyən edilmişdir ki, materialların bazar qiymətləri ümumiyyətlə artmamışdır və eyni səviyyədədir. Müqaviləyə görə iddiaçı materialları sahəyə təchiz etdikdən sonra həmin materialları işlərin icrasında istifadə edərək icra etdiyi işlərin nəticələrini Cavabdeh MMC-yə (Sifarişçi) təhvil verməli idi. Müqaviləyə görə iddiaçı tərəfindən işlərin icrasında istifadə edilən materiallara cavabdeh nəzərat etməmişdir və iddiaçının sözügedən materialların müqavilə ilə müəyyən edilmiş işlərin icrasında istifadə edib-edilmədiyi, həmin materiallar sahədən çıxarılıb-çıxarılmadığı, digər (müqavilə ilə nəzərdə tutulmayan) işlərin icrasında istifadə edilib-edilmədiyi və ya digər şəxslərə satılıb-satılmadığı məlum deyildir. Ümumiyyətlə, həmin materialların iddiaçı tərəfindən yalnız işlərin icrasında istifadə edildiyi sübuta yetirildiyi halda dəyərini cavabdehdən tələb edə bilər. Bu etirazı yekunlaşdıraraq qeyd etmək lazımdır ki, iddiaçının verdiyi iddia tələbi əsassız və qanunsuz olduğuna görə təmin olunmamalıdır.
6. Daha sonra iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanan 07 iyun 2023-cü il tarixli NP01/2023 nömrəli borc müqaviləsi əsasında Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilmiş 55000 manat məbləğində borcun, 2750 manat gecikdirilmiş vaxt üçün hesablanmış faizin və ödənilmiş 265 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (borc alan) və Cavabdeh MMC (borc verən) arasında 07 iyun 2023-cü il tarixli NP01/2023 nömrəli borc müqaviləsi bağlanmış və həmin borc müqaviləsi əsasında Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 55000 manat məbləğində borc verilmişdir. İddiaçı MMC borc müqaviləsi üzrə götürdüyü 55000 manat məbləğində borcu 15 avqust 2023-cü il tarixinədək geri qaytarmağı öhdəsinə götürməsinə baxmayaraq, borc məbləği bu günə kimi qaytarılmamışdır. Bundan əlavə, hesab edilir ki, İddiaçı MMC tərəfindən ödəniş şərtləri pozulduğuna görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş məbləğə illik beş faiz hesablanmalıdır. Hesablamalara görə bu məbləğ 2750 manat təşkil edir.
II. Tərəflərin mövqeləri:
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ilk iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qarşılıqlı iddia ərizəsinə etiraz edib qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. İzahatında bildirdi ki, hazırkı tələbləri (tələb ƏDV-sizdir) tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli podrat müqaviləsindən irəli gəlir. Təqdim etdikləri bütün digər müqavilələr üzrə ödənişlər tam şəkildə edilmiş, hər hansı qalıq borc qalmamışdır. İddiaçı tərəfindən cavabdehə elektron qaimələr təqdim edilməməsinin səbəbi iddiaçının vergi yükünün yaranmasını istəməməsi ilə bağlıdır. Cavabdeh ödəniş etmək istədikdə tərəflərindən dərhal cavabdehə elektron qaimə təqdim ediləcəkdir. Cavabdeh tərəfindən ödənişlər daim nağdsız şəkildə edilmiş, hər hansı nağd ödəniş olmamışdır. Cavabdehin təqdim etdiyi kassa orderləri hazırkı iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməz. Həmin qəbzlərdə ödənişlərin təyinatı və sairə ümumiyyətlə göstərilməmişdir.
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq ilk iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib ilk iddia ərizəsinin təmin edilməməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. İddiaçı MMC (podratçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 022/2020 nömrəli podrat müqaviləsinin 1.1-ci bəndinə görə, bu müqavilənin şərtlərinə əsasən podratçı sifarişçinin Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 109 ünvanında yerləşən 50 mərtəbəli “İş Mərkəzi” binasını tikinti layihəsində bu müqavilənin 20-ci bəndində sadalanan əlavələrdə daha ətraflı göstərilən interyer tamamlama işlərini, tələb olunan bütün material və işçiliyin təmin olunmasını bu müqavilə ilə razılaşdırılmış qiymətə və müddətdə yerinə yetirməyi, sifarişçiyə tam işlək vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin işlərin nəticələrini təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə podratçıya ödəməyi öhdəsinə götürür.
12. Müqavilənin 3.2-ci bəndinə görə podratçı işləri Əlavə 5 (iş qrafiki) ilə razılaşdırılmış müddət ərzində, yəni 30 sentyabr 2021-ci il tarixinədək yerinə yetirəcək və işlərin irəliləməsi və nəzarətinə görə məsuliyyət daşıyır.
13. Müqavilənin 4.1-ci bəndinə görə işlərin qənaətbəxş və tam icrası müqabilində sifarişçi podratçıya bu müqaviləyə əlavə olunacaq Əlavə 2 (material üzrə qiymətli iş həcmləri) və Əlavə 3 (işçilik üzrə qiymətli iş həcmləri) ilə müəyyən olunan aşağıda göstərilən məbləğlərin cəmini, yəni ƏDV xaric 3542213,97 USD (üç milyon beş yüz qırx iki min iki yüz on üç ABŞ dolları doxsan yeddi sent) ödəyəcək. Bu müqavilə ilə müəyyən olunmuş hallar istisna olmaqla, bu müqavilənin qüvvədə olduğu müddət ərzində müqavilədə təsbit olunmuş məbləğ dəyişməz olaraq qalacaq.
14. İddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli, 022/2020 nömrəli podrat müqaviləsi üzrə ikitərəfli akt əsasında 202006,36 ABŞ dolları (ƏDV-siz) məbləğində material təhvil verilmişdir.
15. 01.05.2023-cü il tarixli təmir-tikinti işlərinin qəbul aktına görə 17296,93 ABŞ dolları (ƏDV-siz), xx.xx.2023-cü il tarixli təmir-tikinti işlərinin qəbul aktına görə 29411,76 ABŞ dolları (ƏDV-siz), xx.xx.2021-ci il tarixli təmir-tikinti işlərinin qəbul aktına görə 49823,53 ABŞ dolları (ƏDV-siz), xx.xx.2021-ci il tarixli təmir-tikinti işlərinin qəbul aktına görə 23529,41 ABŞ dolları (ƏDV-siz), xx.xx.2020-ci il tarixli təmir-tikinti işlərinin qəbul aktına görə 47058,83 ABŞ dolları (ƏDV-siz), xx.xx.2020-ci il tarixli təmir-tikinti işlərinin qəbul aktına görə 123529,41 ABŞ dolları (ƏDV-siz), xx.xx.2020-ci il tarixli təmir-tikinti işlərinin qəbul aktına görə 126470,59 ABŞ dolları (ƏDV-siz), xx.xx.2020-ci il tarixli təmirtikinti işlərinin qəbul aktına görə 88235,29 ABŞ dolları (ƏDV-siz), xx.xx.2020-ci il tarixli təmir-tikinti işlərinin qəbul aktına görə 58823,53 ABŞ dolları (ƏDV-siz), təmir-tikinti işlərinin qəbul aktına görə 50636,31 ABŞ dolları (ƏDV-siz) məbləğində iş xx.xx.2020-ci il tarixli, 022/2020 nömrəli müqavilə üzrə yerinə yetirilmişdir.
16. İddiaçı MMC (borc alan) ilə Cavabdeh MMC (borc verən) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, NP01/2023 nömrəli borc müqaviləsinin 1.1-ci bəndinə görə borc verən 55000 (əlli beş min) manat məbləğində pul vəsaitini borc alana maliyyə yardımı kimi 15 avqust 2023-cü il tarixədək geri qaytarılmaq şərti ilə borca verir, borc alan isə borcu bu müqavilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürür.
17. Müqavilənin 2.2.1-ci bəndinə görə borc alan borc məbləğini 15 avqust 2023-cü il tarixədək geri qaytarmaq öhdəliyi götürmüşdür. Tərəflərin qarşılıqlı razılığı ilə borcun qaytarılma müddəti uzadıla bilər.
18. 09.06.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 55000 (əlli beş min) manat məbləğində pul Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə məxsus bank hesabına köçürülmüşdür.
19. İddiaçı MMC (podratçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 042/20 nömrəli podrat müqaviləsinin 1.1-ci bəndinə görə, bu müqavilənin şərtlərinə əsasən podratçı sifarişçinin Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 109 ünvanında yerləşən Azərbaycan Respublikası Vergilər Nazirliyinin binasının tikinti layihəsində keramika və boya işləri üçün tələb olunan bütün material və işçiliyin təmin olunmasını bu müqavilə ilə razılaşdırılmış qiymətə və müddətdə yerinə yetirməyi, sifarişçiyə tam işlək vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin işlərin nəticələrini təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə podratçıya ödəməyi öhdəsinə götürür.
20. Müqavilənin 3.2-ci bəndinə görə podratçı işləri qrafik ilə razılaşdırılmış müddət ərzində, yəni 28 fevral 2021-ci il tarixinədək yerinə yetirəcək və işlərin irəliləməsi və nəzarətinə görə özü məsuliyyət daşıyır.
21. Müqavilənin 4.1-ci bəndinə görə işlərin qənaətbəxş və tam icrası müqabilində sifarişçi podratçıya bu müqaviləyə əlavə olunacaq Əlavə 2 (material üzrə qiymətli iş həcmləri) və Əlavə 3 (işçilik üzrə qiymətli iş həcmləri) ilə müəyyən olunan aşağıda göstərilən məbləğlərin cəmini, yəni ƏDV xaric 109000 USD (yüz doqquz min USD) ödəyəcək. Bu müqavilə ilə müəyyən olunmuş hallar istisna olmaqla, bu müqavilənin qüvvədə olduğu müddət ərzində müqavilədə təsbit olunmuş məbləğ dəyişməz olaraq qalacaq.
22. 14.12.2020-ci il tarixli, yerinə yetirilmiş işlərin qəbul aktına görə 140000 manat (ƏDV-siz), xx.xx.2021-ci il tarixli yerinə yetirilmiş işlərin qəbul aktına görə 45300 manat (ƏDV-siz) məbləğində iş xx.xx.2020-ci il tarixli, 042\20 nömrəli müqavilə üzrə yerinə yetirilmişdir.
23. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alcı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, P/01/20 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılma protokollarında göstərilən qablaşdırılmış sementi alıcıya satır, alıcı isə öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəyir.
24. xx.xx.2020-ci il tarixli, P/01/20 saylı müqaviləyə 1 saylı Əlavə-qiymətlərin razılaşdırılması protokoluna görə təhvil veriləcək malların məbləği 16665,36 manat (ƏDVsiz) təşkil edir.
25. xx.xx.2020-ci il tarixli, P/01/20 saylı müqaviləyə 2 saylı Əlavə-qiymətlərin razılaşdırılması protokoluna görə təhvil veriləcək malların məbləği 4486,04 manat (ƏDVsiz) təşkil edir.
26. xx.xx.2020-ci il tarixli, P/01/20 saylı müqaviləyə 3 saylı Əlavə-qiymətlərin razılaşdırılması protokoluna görə təhvil veriləcək malların məbləği 855,58 manat (ƏDV-siz) təşkil edir.
27. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixli EBBF 572843 nömrəli 3801,73 manat, xx.xx.2021-ci il tarixli EBBK 800891 nömrəli 855,58 manat məbləğində, xx.xx.2020-ci il tarixli EBAT 516194 nömrəli 14123,19 manat (ƏDV-siz) məbləğində elektron qaimələr təqdim olunmuşdur.
28. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, PR/001 nömrəli müqaviləyə görə icraçı sifarişçiyə bu müqaviləyə əlavə olunmuş “xidmətlərin həcmi və ödəmə şərtləri”ndə göstərilən xidmətləri razılaşdırılmış şərtlərlə sifarişçiyə göstərməyi, sifarişçi isə həmin xidmətlərin nəticələrini təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə icraçıya ödəməyi öhdəsinə götürür.
29. xx.xx.2020-ci il tarixli, PR/001 nömrəli müqavilə üzrə təmir tikinti işlərinin qəbul aktına görə təhvil verilmiş işlərin məbləği 12000,23 manat (ƏDV-siz) təşkil edir.
30. xx.xx.2020-ci il tarixli xidmətlərin həcmi və ödəmə şərtlərinə görə xidmətlərin cəmi həcmi 12000,23 manat (ƏDV-siz) təşkil edir.
31. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, PR/002 nömrəli müqaviləyə görə icraçı sifarişçiyə bu müqaviləyə əlavə olunmuş “xidmətlərin həcmi və ödəmə şərtləri”ndə göstərilən xidmətləri razılaşdırılmış şərtlərlə sifarişçiyə göstərməyi, sifarişçi isə həmin xidmətlərin nəticələrini təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə icraçıya ödəməyi öhdəsinə götürür.
32. xx.xx.2021-ci il tarixli, PR/002 nömrəli müqavilə üzrə təmir tikinti işlərinin qəbul aktına görə görülmüş işlərin məbləği 19056,66 manat (ƏDV-siz) təşkil edir.
33. xx.xx.2021-ci il tarixli xidmətlərin həcmi və ödəmə şərtlərinə görə xidmətlərin cəmi həcmi 19056,66 manat (ƏDV-siz) təşkil edir.
34. Pyramid Studio” MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, PR/003 nömrəli müqaviləyə görə icraçı sifarişçiyə bu müqaviləyə əlavə olunmuş “xidmətlərin həcmi və ödəmə şərtləri”ndə göstərilən xidmətləri razılaşdırılmış şərtlərlə sifarişçiyə göstərməyi, sifarişçi isə həmin xidmətlərin nəticələrini təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə icraçıya ödəməyi öhdəsinə götürür.
35. xx.xx.2021-ci il tarixli, PR/003 nömrəli müqavilə üzrə təmir tikinti işlərinin qəbul aktına görə görülmüş işlərin cəmi məbləği 7027 manat (ƏDV-siz) təşkil edir.
36. xx.xx.2021-ci il tarixli xidmətlərin həcmi və ödəmə şərtlərinə görə xidmətlərin cəmi həcmi 7027 manat (ƏDV-siz) təşkil edir.
37. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, P/01/23 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılma protokollarında göstərilən tikinti materiallarını alıcıya satır, alıcı isə öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəyir.
38. xx.xx.2023-cü il tarixli, P/01/23 nömrəli müqaviləyə 1 saylı Əlavə-qiymətlərin razılaşdırılması protokoluna görə təhvil veriləcək malların məbləği 71437,25 manat (ƏDVsiz) təşkil edir.
39. xx.xx.2023-cü il tarixli, P/01/23 nömrəli müqaviləyə 2 saylı Əlavə-qiymətlərin razılaşdırılması protokoluna görə təhvil veriləcək malların məbləği 44791,56 manat (ƏDVsiz) təşkil edir.
40. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 71437,25 manat (ƏDV-siz), 44791,56 manat (ƏDV-siz) məbləğində hesab fakturalar təqdim olunmuşdur.
41. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli EBDİ 938611 nömrəli 35213,60 manat, xx.xx.2023-cü il tarixli EBDİ 771826 nömrəli 36223,65 manat, xx.xx.2023-cü il tarixli EBDL 020715 nömrəli 44791,56 manat (ƏDV xaric) məbləğində elektron qaimələr təqdim olunmuşdur.
42. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixdə 150000 manat (ƏDV-siz), xx.xx.2020-ci il tarixdə 100000 manat (ƏDV-siz), xx.xx.2020-ci il tarixdə 200000 manat (ƏDV-siz), xx.xx.2020-ci il tarixdə 105000 manat (ƏDV-siz), xx.xx.2020-ci il tarixdə 80000 manat (ƏDV-siz), xx.xx.2020-ci il tarixdə 130000 manat (ƏDV-siz), xx.xx.2020-ci il tarixdə 60000 manat, (ƏDV-siz), xx.xx.2020-ci il tarixdə 20000 manat (ƏDV-siz), xx.xx.2020-ci il tarixdə 140000 manat (ƏDV-siz), xx.xx.2021-ci il tarixdə 5000 manat (ƏDV-siz), xx.xx.2021-ci il tarixdə 40000 manat (ƏDV-siz), xx.xx.2021-ci il tarixdə 10000 manat (ƏDV-siz), xx.xx.2021-ci il tarixdə 25000 manat (ƏDV-siz), xx.xx.2021-ci il tarixdə 10000 manat (ƏDVsiz), xx.xx.2021-ci il tarixdə 10000 manat (ƏDV-siz), xx.xx.2021-ci il tarixdə 5000 manat (ƏDV-siz), xx.xx.2021-ci il tarixdə 105000 manat (ƏDV-siz), xx.xx.2023-cü il tarixdə 50000 manat (ƏDV-siz), xx.xx.2023-cü il tarixdə 116000 manat (ƏDV-siz), ümumilikdə ******* (bir milyon iki yüz yetmiş bir min) manat ödəniş olunmuşdur.
43. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, qarşılıqlı iddia təmin edilməli, ilk iddia qismən təmin edilməlidir.
44. Məhkəmə ilk öncə qarşılıqlı iddia ərizəsinə münasibət bildirməyi zəruri hesab edir.
45. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli borc müqaviləsi bağlanmış, cavabdeh tərəfindən iddiaçıya maliyyə yardımı olaraq 55000 manat borc verilmiş, iddiaçı həmin borcu xx.xx.2023-cü il tarixə qədər qaytarmağı öhdəsinə götürsə də, hazırkı günədək həmin vəsaiti qarşılıqlı iddiaçıya geri qaytarmamışdır.
46. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi 55000 manat borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
47. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
49. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
50. Bundan əlavə, qarşılıqlı iddiaçı iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 2750 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla bir il üçün) ödənilməsi tələbini də irəli sürmüşdür.
51. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
52. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
53. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
54. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
55. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
56. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
57. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
58. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
59. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
60. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
61. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
62. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və ilk iddiaçının özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddiaçının həmin tələbi də əsaslıdır və təmin edilməlidir.
63. Belə ki, ilk iddia ərizəsi iki hissədən ibarətdir: İ. Tərəflər arasında bağlanmış müqavilələr üzrə qalıq ƏDV-siz 133651,84 manat borcun ödənilməsi; İİ. xx.xx.2020-ci il tarixli podrat müqaviləsi üzrə cavabdehə təhvil verilmiş materialların hazırda bazar dəyərini təşkil edən 350210,47 manat (ƏDV-siz) pulun tutulması.
64. Məhkəmə ilk iddia ərizəsini birinci hissədə qismən əsaslı hesab edir.
65. Belə ki, ilk iddia ərizəsi, habelə iddiaçının nümayəndəsinin izahatına əsasən tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə yaranmış borc qismən, qalan müqavilələr üzrə borclar isə tam şəkildə ödənilmişdir.
66. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli podrat müqaviləsi üzrə (materiallar barədə tərtib edilmiş təhvil aktı istisna olmaqla) 10 təhvil-təslim aktı üzrə ümumilikdə 614815,59 ABŞ dolları (iddia ərizəsində göstərildiyi qaydada: 1 ABŞ dolları = 1,70 manat hesabı ilə ümumilikdə 1045186,50 manat), xx.xx.2020-ci il tarixli podrat müqaviləsi üzrə ümumilikdə 185300 manat, xx.xx.2020-ci il tarixli podrat müqaviləsi üzrə 12000,23 manat, xx.xx.2021-ci il tarixli podrat müqaviləsi üzrə 19056,66 manat, xx.xx.2021-ci il tarixli podrat müqaviləsi üzrə ümumilikdə 7027 manat həcmində iddiaçı tərəfindən iş görülmüş, material təhvil verilmiş, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ümumilikdə 18780,50 manat, xx.xx.2023cü il tarixli alqı-satqı müqaviləsi üzrə ümumilikdə 116228,81 manat məbləğində mallar cavabdehə təhvil verilmişdir.
67. Materiallarda olan ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər ümumilikdə ******* manat (ƏDV-siz) vəsait ödənilmişdir.
68. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan cəmi 1403579,70 manat məbləğində borcun müqabilində cəmi ******* manat ödənilmiş, qalıq 132579,70 manat ödənilməmişdir.
69. Bu səbəbdən məhkəmə hesab edir ki, ilk iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən 132579,70 manat borc tutularaq iddiaçıya ödənilməlidir.
70. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
71. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
72. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
73. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
74. Bundan əlavə, məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2020, xx.xx.2021-ci il tarixli kassa məxaric orderlərini mötəbər sübut kimi qəbul etmir.
75. Belə ki, iddiaçının nümayəndələri (mühasib, habelə vəkil) məhkəmə iclaslarındakı izahatlarında cavabdeh tərəfindən iddiaçıya ümumiyyətlə hər hansı nağd ödənişin edilmədiyini göstərmişlər.
76. Məxaric orderlərində ödənişlərin təyinatları (hansı tarixli, hansı müqavilə) göstərilməmiş, habelə alıcının məhz iddiaçı MMC olması, imzaların MMC-nin səlahiyyətli nümayəndələrinə aid olması müəyyən edilmir.
77. Bu səbəbdən məhkəmə həmin sənədləri hazırkı iş üzrə mötəbər və təkzibedilməz sübut kimi qəbul etmir.
78. Məhkəmə ilk iddia ərizəsini ikinci hissədə də qismən əsaslı hesab edir.
79. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 022/2020 saylı podrat müqaviləsi üzrə iddiaçı (podratçı olaraq) Bakı şəhəri, H.Əliyev prospekti, 109 ünvanda yerləşən 50 mərtəbəli “İş mərkəzi” binasında, interyer tamamlama işlərini yerinə yetirməyi, cavabdehi (sifarişçi) material və işçiliklə təmin etməyi öz öhdəsinə götürmüşdür.
80. İddiaçı həmin iş icra edilən sahəyə tərəfindən ümumi dəyəri 202006,36 manat (ƏDV-siz) material alınaraq gətirildiyini, lakin 2021-ci ilin iyun ayında işlərin dayandırıldığını, həmin materialların vahidi, miqdarı, qiyməti əks olunan akt tərtib edildiyini, lakin iddiaçının təkidindən sonra, yalnız 2023-cü ildə cavabdeh tərəfindən imzalandığını, bu səbəbdən həmin aktda hər hansı tarix qoyulmadığını göstərmiş, həmin materialların uzun illər ərzində ona geri qaytarılmadığını, habelə dəyərinin vaxtında ödənilmədiyini göstərib həmin materialların hazırkı günə olan bazar qiymətinin cavabdehdən tutulmasını məhkəmədən xahiş edir.
81. Cavabdeh iddiaya bu hissədə etiraz edərək göstərmişdir ki, həmin materiallar müqavilə üzrə işlərin icra edilməsi ilə əlaqədar olaraq sahəyə gətirilmiş, 2021-ci ildə işlər dayandırılmış, 2023-cü ildə həmin akt tərəflərindən imzalansa da, həmin materialların əksər hissəsi tərəflərindən digər şirkətə təhvil verilmiş, qalan hissəsi isə materiallarda olan forma 2-lərdə əks olunan işlərin icra edilməsində istifadə edilmişdir, bundan əlavə, həmin materialların dəyəri müqavilədə razılaşdırılmış, iddiaçı tərəfindən əsassız olaraq hazırda onların dəyəri 75 faiz artırılaraq tələb edilir.
82. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş təmir-tikinti işlərinin qəbul aktına əsasən (aktda tarix yoxdur), iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli podrat müqaviləsi üzrə ümumilikdə dəyəri 202006,36 manat təşkil edən tikinti avadanlıqları təhvil verilmiş, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən məhkəməyə həmin materialların iddiaçıya qaytarıldığını, habelə dəyərinin ödənildiyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
83. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı podratçı olaraq podrat müqaviləsi üzrə sifarişçidən (cavabdeh) təchiz etdiyi materialların dəyərini tələb etməkdə haqlıdır.
84. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır və aktda göstərilən ümumi borc - 202006,36 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
85. Belə ki, materialların dəyəri tərəflər arasında xx.xx.2020-ci il tarixli podrat müqaviləsi, habelə onun əlavələri ilə razılaşdırılmış, müqaviləyə sonradan hər hansı əlavə və ya dəyişiklik edilməmiş, iddiaçının hazırkı tələbi də deliktdən deyil, podrat müqaviləsindən irəli gəlir.
86. Mülki Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.
87. Həmin Məcəllənin 398.2-ci maddəsinə əsasən müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir.
88. Təhvil verilmiş materialların dəyərinin uzun illər ərzində ödənilməməsi nəticəsində iddiaçı ona zərər dəydiyini bildirsə də, dəymiş zərər barədə hər hansı sübutunu məhkəməyə təqdim edə bilməmişdir.
89. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən 202006,36 manat pul tutularaq iddiaçıya ödənilməlidir.
90. Bundan başqa ilk iddia ərizəsində 4080 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edildiyindən 3000 manat hüquqi yardıma görə xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 1080 manat xərc ilk iddiaçının özünə aid edilməlidir.
91. Belə ki, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 4080 manat hüquqi xidmət haqqı köçürülmüşdür.
92. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
93. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
94. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edildiyindən 265 manat dövlət rüsumu iddiaçıdan tutularaq qarşılıqlı iddiaçıya ödənilməli, ilk iddia qismən təmin edildiyindən 624,59 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 149,41 manat dövlət rüsumu isə ilk iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
95. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk iddiası qismən təmin edilsin. Cavabdeh MMC-dən 132579,70 manat məbləğində pul, 202006,36 manat tikinti materiallarına görə vəsait, 624,59 manat dövlət rüsumu, hüquqi yardıma görə 3000 manat vəsait, ümumilikdə 338210,65 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Çəkilmiş qalan məhkəmə xərcləri (149,41 manat dövlət rüsumu, 1080 manat hüquqi yardıma görə xərc) İddiaçı MMC-nin özünə aid edilsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. İddiaçı MMC-dən 55000 manat məbləğində pul, 2750 manat faiz borcu, 265 manat dövlət rüsumu, ümumilikdə 58015 manat məbləğində pul tutularaq Cavabdeh MMC-yə ödənilsin. Hər iki iddia üzrə ayrı-ayrılıqda bir tərəfdən digərinin xeyrinə tutulması qət olunan pul məbləğləri əvəzləşdirilməklə, İddiaçı MMC-nin xeyrinə tutulmalı olan ümumilikdə 338210,65 manat pul məbləğindən, Cavabdeh MMC-yə ödənilməli olan ümumilikdə 58015 manat pul məbləği çıxıldıqdan sonra, yerdə qalan ümumilikdə 280195,65 (iki yüz səksən min bir yüz doxsan beş manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova