Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5621/2025 28.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-nin üzərinə İddiaçı MMC barəsində "xxxx" Firmasına vermiş olduğu həqiqətə uyğun olmayan məlumatlara görə iddiaçıdan rəsmi şəkildə üzr istənilməsi, vurulmuş maddi zərərin əvəzi kimi 400.000 manat, mənəvi zərərin əvəzi kimi 100.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 790 manat pulun, hüquqi yardıma görə Bakı 18 saylı Vəkil Bürosuna ödənilmiş 500 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı MMC Azərbaycan Respublikasında mebellərin satışı və quraşdırılması ilə məşğul idi. Eyni zamanda mətbəx mebelinin satışında Türkiyə Cumhuriyyətində qeydiyyatdan keçməklə fəaliyyət göstərən "xxxx" Firmasının Azərbaycan Respublikasında distrübuter şirkəti idi. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən müqavilənin icrasından yayınmaq məqsədi ilə əsassız olaraq İddiaçı MMC barəsində təmsilçisi olduğu "xxxx" Şirkətinə həqiqətə uyğun olmayan məlumat verilmiş və həmin şikayətində cavabdeh qeyd etmişdir ki, guya onlarla bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən onlara "xxxx" şirkətinə məxsus mebel avadanlıqları satılmalı olduğu halda bu edilməmiş və İddiaçı MMC tərəfindən mənşəyi bilinməyən mebel avadanlıqları satılmışdır. Belə olan halda "xxxx" Şirkəti İddiaçı MMC-yə rəsmi pretenziya ünvanlamış, həmin xəbərdarlıqla bildirmişdir ki, bizimlə olan təmsililik fəaliyyətinə xitam verilib və mağazada olan "xxxx" firmasına məxsus bütün mebel avadanlıqları stokdan yığışdırılmaqla təcili şəkildə firmaya geri qaytarılmalıdır. Cavabdeh tərəfindən verilmiş əsassız şikayət əsasında distrübuterlik əlimizdən alınmış və eyni zamanda mağazada olan mallların satışına qadağa gətirilərək geri tələb edildiyi üçün iddiaçı şirkətə külli miqdarda maddi və mənəvi zərər vurulmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2, nümayəndəsi və vəkili Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - “Mənəvi zərərin ödənilməsi barədə” qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir.
Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia 2 hissədən: cavabdeh "xxxx" MMC-nin üzərinə İddiaçı MMC barəsində "xxxx" Firmasına vermiş olduğu həqiqətə uyğun olmayan məlumatlara görə iddiaçıdan rəsmi şəkildə üzr istənilməsi (1), dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq pulun tutulmasından ibarətdir.
8. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işgüzar nüfuzun müdafiəsi barədə iddialara baxılarkən məhkəmələr tərəfindən üç hal-məlumatların işgüzar nüfuzu ləkələyici xarakter daşıması, məlumatların həqiqətəuyğun olmaması və məlumatların yayılması faktı müəyyən edilməlidir.
9. İş materiallarından görünür ki, İddiaçı MMC ilə X3 Sanayi ve Ticaret A.Ş.arasında müqavilə bağlanmışdır.
10. Həmin müqavilənin 1.11.7-ci bəndində İddiaçı MMC tərəfindən məhsulların yalnız satışı ilə məşğul ola bilməsi halı və istehsal edilə bilməməsi müəyyən olunmuşdur.
11. İş materiallarına əlavə edilən sənədlərdən görünür ki, X3 Sanayi ve Ticaret A.Ş. İddiaçı MMC ilə aralarında olan müqaviləyə birtərəfli qaydada xitam verilmişdir.
12. Hazırda iddiaçı X3 Sanayi ve Ticaret A.Ş. İddiaçı MMC ilə aralarında olan müqaviləyə xitam verilməsinə səbəb Cavabdeh MMC tərəfindən onlara göndərilən məktubun səbəb olduğunu və bununla iddiaçıya maddi və mənəvi ziyan vurduğunu bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş edir.
13. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin əsassız olduğunu, Cavabdeh MMC tərəfindən "xxxx" şirkətinə həqiqətə uyğun olmayan məlumatın verilməsi iddiaçı tərəfindən mötəbər sübutla təsdiq olunmadığını bildirərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
14. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən onun işgüzar nüfuzunu ləkələyən şikayətin verildiyini və bununla da ziyana düşdüyünü bildirsə də, bunu təsdiq edə bilməmişdir.
15. Belə ki, iddiaçı tərəf məhz cavabdeh tərəfindən Dekor şirkətinə hansı məlumatların verildiyini, o məlumatların məzmunu ilə bağlı sübutu Məhkəməyə təqdim edə bilməmişdir.
16. Həmçinin də, Məhkəmə qeyd edir ki, Dekor şirkəti müqaviləni yuxarıda qeyd edilmiş Tekaz” MMC ilə X3 Sanayi ve Ticaret A.Ş.arasında bağlanmış müqavilənin 1.11.7ci bəndinə istinad edərək xitam vermişdir.
17. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
Nəticə:
18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov