Məhkəmə qərarları › İş №e-2-2(113)-567/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-567/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-567/2022 31.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “FCB Artgroup” MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh “FCB Artgroup” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 23.10.2018-ci il tarixli işgüzar əməkdaşlıq şərtləri əsasında podrat müqaviləsinə əsasən podratçı təşkilata ödənilmiş 51362.94 ABŞ dolları muzd məbləğinin, müqavilənin 1.4-cü bəndinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış 2980.45 ABŞ dolları maliyyə kompensasiyasının, 200 manat mediasiyaya dair xərcin, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 367.15 manat dövlət rüsumunun cavabdehdən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, tərəflər arasında 23.10.2018-ci il tarixli işgüzar əməkdaşlıq şərtləri əsasında podrat müqaviləsi (bundan sonra “müqavilə”) bağlanmşdır. Müqavilənin 1.2-ci bəndinə əsasən, podratçı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş “Tapşırıq” və ya işləri Əlavədə qeyd olunmuş müddət ərzində icra etməyi, müştəri isə görülmüş işlərə görə muzd ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanılmış podrat müqaviləsi reklam və proqram təminatı xidmətlərinin göstərilməsi ilə bağlı olmuşdur. Müqaviləyə 1 saylı Əlavədən də göründüyü kimi, podratçıya həvalə edilən tapşırıqlara İddiaçı ASC üçün veb saytın və loqonun, kommersiya strategiyasının və marketinq planının hazırlanması, kommersiya sahəsində konsultasiya xidmətlərinin göstərilməsi, televiziya, radio və s. platformalarda iddiaçının reklam olunması, iddiaçıya proqram təminatının hazırlanması və s. xidmətlər aid olmuşdur. Müqavilə 3 (üç) ay müddətinə bağlanmış, həm müqavilə, həm də ona 1 və 2 saylı Əlavələr iki dildə - həm Azərbaycan, həm də ingilis dillərində tərtib olunmuşdur. Eləcə də müqaviləyə 1 saylı Əlavədə podratçı tərəfindən görüləcək hər bir işin reallaşdırma müddəti göstərilmişdir. Əlavədən görünür ki, işlərin ən sonuncusunun təhvil verilmə tarixi 15.01.2019-cu ilə təsadüf edir. Həmin tarixdən 3 ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh üzərinə düşən müqavilə öhdəliklərini bugünə qədər yerinə yetirməmişdir. Podrat müqaviləsinə əsasən müştəri cavabdehə görüləcək işlərin və xidmətlərin qarşılığında əlavə dəyər vergisi daxil olmaqla ümumilikdə 55460 ABŞ dolları, manat ekvivalentində 94282 manat muzd ödəməli idi. İddia ərizəsinə əlavə olunmuş ödəmə tapşırıqlarından da göründüyü kimi, İddiaçı ASC muzd məbləğindən cəmi 87317 manat, dollar ekvivalentində 51362.94 ABŞ dolları ödəniş etmişdir. Belə ki, cavabdehin bank hesabına 04.12.2018-ci il tarixli, ********* nömrəli ödəmə tapşırığına əsasən 31960 manat, 04.12.2018-ci il tarixli, ********* nömrəli ödəmə tapşırığına əsasən 5752.80 manat, 08.08.2019-cu il tarixli, ********* nömrəli ödəmə tapşırığına əsasən 19975 manat, 08.08.2019-cu il tarixli, ********* nömrəli ödəmə tapşırığına əsasən 3595.50 manat, 07.01,2020-ci il tarixli, ********* nömrəli ödəmə tapşırığına əsasən 5033.70 manat, 14.01,2020-ci il tarixli, ********* nömrəli ödəmə tapşırığına əsasən 7000 manat, 15.01.2020-ci il tarixli, ********* nömrəli ödəmə tapşırığına əsasən 7000 manat, 16.01,2020-ci il tarixli, ********* nömrəli ödəmə tapşırığına əsasən ********* nömrəli ödəmə tapşırığına əsasən 7000 manat pul vəsaiti köçürülmüşdür. Müqavilənin 1.6-cı bəndinə əsasən, tapşırıq/iş müştəri tərəfindən yoxlanandan və yazılı formada təsdiq olunandan sonra tamamlanmış hesab olunur. Müştəri tapşırıq/iş haqqında cavabını (təsdiqini) yalnız onun bütün bəndlərə və şərtlərə cavab verdiyi halda bildirir; həmin cavab/təsdiq hazırkı müqavilənin 9-cu bölməsinə uyğun olaraq tərtib olunmalıdır. Müqavilənin 1.7-ci bəndinə əsasən, müvafiq olaraq yoxlama və təsdiq etmə mərhələsi iş və ya tapşırığın müştəriyə təhvil verildiyi gündən başlanır. Öhdəlik götürmüş hər bir tərəf tamamlamanı və ya xitam verməni yazılı formada, tarix göstərməklə sənədləşdirməlidir. Müqavilənin 1.8-ci bəndinə əsasən, hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən hazırkı müqaviləyə Əlavədə imzalanmalı olan xüsusi təkliflər və ya prays-listlər istisna olmaqla müştərinin cavabları, o cümlədən elektron poçt vasitəsilə alınmış cavabları yazılı formada sənədləşdirilməlidir. Müqavilənin 4.3-cü bəndinə əsasən, tapşırığın/işin son versiyası təhvil verilərkən müştəri onları təhvil aldığını yazılı formada və ya elektron poçt vasitəsilə, təhviltəslim aktını (hazırki müqaviləyə 2 saylı Əlavə) imzalamaq yolu ilə təsdiq etməlidir.Müqaviləyə 2 saylı Əlavədə yerinə yetirilmiş işlərin təhvil-təslim aktının forması göstərilmişdir. Tərəflər arasında bağlanmş 13.10.2018-ci il tarixli podrat müqaviləsinin şərtlərinə əsasən, tərəflər işlərin təhvil verilməsini məhz 2 saylı Əlavədə göstərilmiş təhvil-təslim aktını müvafiq qaydada imzalamaqla təsdiq etməli idilər. Lakin müqavilə öhdəlikləri podratçı tərəfindən icra edilmədiyindən təbii olaraq tərəflər arasında təhvil-təslim aktı imzalanmamışdır. Bundan başqa, tərəflər arasında bağlanmış podrat müqaviləsinin 2.3-cü maddəsinə əsasən, hazırki müqavilənin 1.4 bəndində razılaşdırılmış əlavə tapşırıqlar istisna olmaqla, tapşırıqlar 1 saylı Əlavədə layihənin bütün tapşırıqları üçün şərtləşdirilmiş son müddət ərzində yerinə yetirilmədiyi halda, müştəri bu cür gecikmənin hər iş gününə görə layihənin ümumi dəyərinin 2 (iki) %-nə bərabər məbləğdə maliyyə kompensasiyasını tələb etmək hüququna malikdir. Yuxarıda da qeyd olunduğu kimi, müqaviləyə 1 saylı Əlavədə qeyd olunmuş tapşırıqların son icra nüddətindən, yəni 15.01.2019-cu il tarixdən bugünə (09.12.2021) kimi 1059 gün keçmişdir. Müqavilənin 2.3- ü bəndini nəzərə alsaq, cavabdehdən əsas məbləğə əlavə olaraq hesablanmş 51362.94 USD x 2% -5- 365 x 1059 gecikmə günü : 2980.45 USD tələb hüquqları var. Beləliklə, icra olunmamış tapşırıq, iş və xidmətlərə görə cavabdehə ödənilən 51362 ABŞ dolları muzd məbləğini və həmin məbləğə hesablanmış 2980.45 ABŞ dolları maliyyə kompensasiyasını, ümumilikdə 4343.39 ABŞ dolları pul məbləğini geri tələb edir. 31 may 2022-ci il tarixdə İddiaçı məhkəməyə izahat (açıqlama) təqdim edərək bildirmişdir ki, İddiaçı ilə cavabdeh arasında bağlanılmış 23.10 2018-ci i! tarixli işgüzar əməkdaşlıq şərtləri əsasında podrat müqaviləsinə "Tapşırıqların siyahısı, layihənin dəyəri və reallaşdırma müddəti’nə dair 1 saylı Əlavədə tapşırıqların qiyməti ABŞ dolları ilə müəyyənləşdirildiyindən pul məbləğini manatla deyil, məhz ABŞ dolları ilə tələb edirik Mülki Məcəllənin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Qeyd olunan səbəbdən iddiaçı bank cavabdeh hüquqi şəxsə ödənişləri yalnız milli valyuta ilə etmişdir. 1 saylı Əlavəyə əsasən, Cavabdeh MMC-yə ümumilikdə ƏDV daxil olmaqla 55460 ABŞ dolları manat ekvivalentində 94282 manat ödəniş edilməli idi. İddia ərizəsində də qeyd etdiyimiz kimi, iş materillarında olan ödəmə tapşırıqlarına əsasən, ‘AtaBank” ASC podratçı hüquqi şəxsə ƏDV də daxil olmaqla ümumilikdə 87317 manat - dollar ekvivalentində 51362.94 ABŞ dolları ödəniş etmişdir. Cavabdehə ödənilmiş məbləğin 14382 manatı - dollar ekvivalentində 8460 ABŞ dolları əlavə dəyər vergisidir. Qeyd olunan məbləğ də cavabdehin depozit hesabına köçürülmüşdür ki, bu da ödəmə tapşırıqları ilə sübut olunur. İddia ərizəsində qeyd olunmuş maliyyə kompensasiyası tərəflər arasında bağlanılmış podrat müqaviləsinin 1.4-cü bəndinə əsasən hesablanmışdır. Müqavilə üzrə ödənilmiş məbləğ ABŞ dolları ilə tələb olunduğundan maliyyə kompensasiyası da həmin valyuta ilə tələb edirik. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə iddia tələbi tam şəkildə təmin olunmalıdır. “FCB Artgroup” MMC tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, müqavilə qüvvədə olduğu müddətdə tərəflərindən müqavilədə qeyd olunan işlər görülmüş, "xxxx" ASC tərəfindən də müxtəlif tarixlərdə ödənişlər həyata keçirilmiş, hətta bankın maliyyə vəziyyətinin pisləşməsinə görə ödənişlər də gecikmələr olmuşdur. Tərəflər arasında bağlanmış 23 oktyabr 2018-ci il tarixli müqavilənin 4.3-cü bəndində elektron poçt vasitəsi ilə işlərin təhvil alınması göstərilmişdir. Müqavilə üzrə görülmüş tapşırıqlar elektron xidmətlərə aid olduğu üçün həmin tapşırıqlar podraçtı tərəfindən müştəriyə elektron qayqada göndərilmiş, 3 dekabr 2018-ci il tarixli və 31 iyul 2019-cu il tarixli təhvil-təslim aktları imzalanmışdır. Sonuncu ödənişlərdən sonra Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair tədbirlər həyata keçirildiyi üçün 2020-ci ildə həyata keçirilən ödənişlərdən sonra təhvil-təslim aktlarını imzalanması gecikmiş, daha sonraki tarixlərdə də "xxxx" ASC-nin lisenziyası ləğv edildiyi üçün təhvil-təslim aktlarının imzalanması bizdən asılı olmayan səbəblərdən mümkün olmamışdır. Daha sonra həmin müqäviləyə 1 iyun 2020-ci il tarixdə iddiaçı tərəfindən xitam verilmişdir. Həmin müqavilənin 11.2-ci bəndinə əsasən razılığa gələn hər bir tərəf hər hansı səbəb göstərilmədən müqaviləyə xitam vermək barədə qeyd olunan tarixdən 30 gün əvvəl digər tərəfə yazılı bildiriş göndərməklə müqaviləyə xitam vermək hüququna malikdir. Hazırki müqaviləyə xitam verildiyi halda podratçı 1 saylı əlavədə göstərilən yerinə yetirilmiş və ya başlanmış, lakin tamamlanmamış işlərlə bağlı bütün xərclərin ödənilməsini tələb etmək hüququna malikdir, müştəri isə onları ödəməlidir. Təkrarən qeyd etmək istəyirəm ki, “ATA BANK" ASC-nin lisenziyası ləğv edildiyi üçün müqaviləyə 1 iyun 2020-ci il tarixdə iddiaçı tərəfindən xitam verilmişdir. Elektron poçt vasitəsi ilə aparılan yazışmalardan, digər yazışmalardan, həmçinin elektron qaimalər qarşılığında "xxxx" ASC tərəfindən edilmiş ödənişlərdən görünür ki, müqavilənin tərəfləri müqavilənin müddətini əsas götürməmiş, müqavilə bəndlərinə tam uyğun olmayan, lakin müqavilə və qanunvericiliyə zidd olmayan hərəkətləri ilə müqavilə öhdəliklərini yetirə yetirmişlər.Tərəflər arasında bağlanmış müqavilə üzrə hər iki tərəfin birgə fəaliyyət dövründə işgüzar adətləri meydana gəlmişdir. İşin hallarından göründüyü kimi tərəflər arasında müqavilə bağlandıqdan dərhal sonra tərəflər arasında təbii yolla işgüzar adətlər formalaşmışdır. Belə ki, qeyd olunan müqavilə də göstərilən işin görülmə müddəti, ödənişlərin ödənmə müddəti, habelə təhvil- təslim aktının forması müqavilənin bəndlərində göstərilən qaydada deyil tərəflər arasında formalaşan işgüzar adət üzrə həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili məhkəməyə təqdim edilmiş etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-də maliyyə direktoru vəzifəsində işləyən X3 verdiyi izahatda bildirdi ki, müqavilədə əks olunan işlər görülən zaman o şirkətdə çalışmırdı. Lakin mediasiya prosesində özü iştirak etmişdir. Mediasiya sessiyasında iştirak edən zaman qarşı tərəfin nümayəndəsi bildirdi ki, MMC tərəfindən hər hansı bir iş görülməmiş, bankın saytında heç bir dəyişiklik edilməmişdir. Nəzərinizə çatdırılır ki, görülməli olan iş saytın dəyişilməsi ilə əlaqədar deyildir. Bu tamamilə yeni bir məhsulla bağlı olmuşdur. Cavabdeh şirkət yalnız aplikasiyaya daxil olunduğu zaman, onun hansı formada görünəcəyini dizayn edir. Məhz müqavilənin 3-cü bəndində də bu əks olunmuşdur. Aktlardan kənar olan işlərlər bağlı bildirir ki, məsələn e-consultant xidməti. Belə ki, konsultantın Bakıya gəliş-gediş biletləri və ofisə gəlməklə bağlı olan yazışmalar sistemdə mövcud olmalıdır. Onun gəlib-getməsi barədə təhvil-təslim aktı imzalanmamışdır. Lakin onun gəlməsini göstərən otel rezervasiyası, biletlər sübut kimi mövcuddur. 7-ci bəndə öz əks tapan 360 kreativlə bağlı isə qeyd edir ki, bu bütün sferalarda reklam strategiyasının hazırlanması,radio və televiziyada necə reklam olunacağı barədə planlamanı özündə əks etdirir. 4-cü bənddə əlas olunan e-commerce app dizaynı isə androis, apple telefonları ilə daxil olunacağı zaman görünüşün hansı formada olması barədədir. Bunlar da cavabdeh tərəfindən hazırlanmışdır. Sistemdə mövcud olan faylların yaranma tarixindən də bunları görmək mümkündür. Eyni zamanda bununla bağlı e-mail yazışmaları da mövcuddur. Bundan əlavə iddiaçı, tərəflər arasında bağlanmış təhvil-təslim aktlarını mübahisələndirmişdir. Halbu ki, həmin aktların göndərilməsini təsdq edən qəbzlər də mövcuddur. Təhvil-təslim aktlarının forması da cavabdeh tərəfindən müəyyən olunmuşdur. Qalan məbləğllə bağlı təhviltəslim aktlarının imzlanmaması isə tərəflər arasında mövcud olan əməkdaşlıq, eyni zamanda pandemiya ilə əlaqədar olmuşdur. Lakin həmin işlərin hamısı cavabdeh tərəfindən icra olunmuşdur. Hətta bununla bağlı işçilərə əmək haqqı da ödənilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Bundan sonra müştəri adlandırılacaq "xxxx" ASC ilə podratçı adlandırılacaq “FCB Artgroup” MMC arasında bağlanmış 23.10.2018-ci il tarixli müqaviləyə əsasən tərəflər razılığa gəlirlər ki, podratçı razılaşdırılmış iş həcmi üçün müştərinin tapşırıqlarını razılaşdırılmış müddət ərzində həyata keçiriləcək. Burada və bundan sonra müqavilə üzrə bütün tapşırıqlar birlikdə layihə adlandırılacaq. Hər bir tapşırıq ayrılıqla tapşırıq və ya iş adlandırıla bilər və onlara dair istifadə, sahiblik, sərəncam hüququ müştəriyə keçir və hazırki müqaviləyə uyğun olaraq müştərinin yazılı razılığı olmadan podratçı hər hansı elementləri podratçının digər müştəriləri ilə münasibətlərdə istifadə edə bilməz. Tərəflər razılığa gəlirlər ki, hazırki müqavilənin predmetini təşkil edən bütün işlər və /və ya tapşırıqlar, eləcə də müddət, dəyər və ödəniş qaydası hazırki müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilir. Hazırki işgüzar razılaşmanı imzalayan podratçı razılaşdırılmış tapşırıqları, həmçinin həmin tapşırıqlarla sıx əlaqəli olan və podratçı tərəfindən layihənin yerinə yetirilməsinə birbaşa təsir edən digər tədbiləri hazırki müqaviləyə 1 saylı Əlavədə göstərilən müddət ərzində icra etməyi öhdəsinə götürür. Müştəri səbəbsiz qeyd olunan tapşırıqların podratçı tərəfindən yerinə yetirilməsinə xitam verərsə, o zaman podratçının sifarişi başa çatdırmaq üçün çəkdiyi bütün xərclərin qarşılığını ödəməlidir. 1.7-ci bəndə əsasən, müvafiq olaraq yoxlama və təsdiq etmə mərhələsi iş və ya tapşırığın müştəriyə təhvil verildiyi gündən başlanır. Öhdəlik götürmüş hər bir tərəf tamamlamanı və ya xitam verməni yazılı formada, tarix göstərməklə sənədləşdirməlidir. 1.8-ci bəndə əsasən, hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən hazırkı müqaviləyə Əlavədə imzalanmalı olan xüsusi təkliflər və ya prays-listlər istisna olmaqla müştərinin cavabları, o cümlədən elektron poçt vasitəsilə alınmış cavabları yazılı formada sənədləşdirilməlidir. 4.3-cü bəndə əsasən, tapşırığın/işin son versiyası təhvil verilərkən müştəri onları təhvil aldığını yazılı formada və ya elektron poçt vasitəsilə, təhvil-təslim aktını (hazırki müqaviləyə 2 saylı Əlavə) imzalamaq yolu ilə təsdiq etməlidir. - Müqaviləyə edilmiş “tapşırıqların siyahısı, Layihənin dəyəri və reallaşdırılma müddəti” barədə 1 saylı Əlavəyə əsasən "xxxx" ASC və “FCB Artgroup” MMC-nin nümayəndələri əlavədə göstərilən müddətlər ərzində (03.12.2018, 14.12.2018, 15.01.2019-cu il) e-commerce veb sayt adı və logo (qiymət 8000 ABŞ dolları, ƏDV 1440 ABŞ dolları), E-commerce strategiyası və marketinq planı (qiymət 4000 ABŞ dolları, ƏDV 720 ABŞ dolları), E-commerce veb sayt dizaynı, o cümlədən front end (no back hand) (qiymət 10,000 ABŞ dolları, ƏDV 1800 ABŞ dolları), E-commerce app dizaynı, o cümlədən front end (qiymət 5000 ABŞ dolları, 900 ABŞ dolları ƏDV), E-cüzdan veb sayt və app dizaynı, o cümlədən front end (qiymət 3000 ABŞ dolları, ƏDV 540 ABŞ dolları), E-commerce konsultant (qiymət 2000 ABŞ dolları, ƏDV 360 ABŞ dolları), 360 Creatives (TVC, Outdoor, Radio, Ambient, digital etc..) (qiymət 13000 ABŞ dolları, 2340 ABŞ dolları), Vizual təlim kitabı (qiymət 2000 ABŞ dolları, ƏDV 360 ABŞ dolları) olmaqla ümumilikdə görüləcək işlərin ümumi dəyəri 47000 ABŞ dolları, ƏDV 8460 ABŞ dolları təşkil edir. - 23.10.2018-ci il tarixli müqaviləyə edilmiş 2 saylı Əlavəyə əsasən tərəflər yerinə yetirilmiş işlərin təhvil-təslim aktının formasını təsdiq etmişlər. - "xxxx" ASC-nin İdarə Heyətinin sədri Quliyev Dəyanət və Cavabdeh MMC-nin direktoru X5 tərəfindən imzalanmaqla və hüquqi şəxslərin möhürü vurulmaqla tərtib edilmiş 03 dekabr 2018-ci il tarixli akta əsasən tərəflər 03.12.2018-ci il tarixli FCB/056-2018 hesaba əsasən E- Commerce xidməti üçün 31,960 manat və 5,752.80 manat ƏDV olmaqla , ümumilikdə 37,712.8 manat dəyərində işlərin görülməsini təsdiq etmişlər. - 31.07.2019-cu il tarixli aktdan görünür ki, 31.07.2019-cu il FCB/043-2019 hesaba əsasən E-Commerce xidməti üçün 19,975 manat və 3,595.50 manat ƏDV olmaqla, ümumilikdə 23570.50 manat dəyərində işlərin görülməsini təsdiq etmişlər. - 04.12.2018-ci il tarixli, ********* nömrəli ödəmə tapşırığına əsasən "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə 31960 manat, 04.12.2018-ci il tarixli, ********* nömrəli ödəmə tapşırığına əsasən 5752.8 manat, 08.08.2019-cu il tarixli, ********* nömrəli ödəmə tapşırığına əsasən 19975 manat, 08.08.2019-cu il tarixli, ********* nömrəli ödəmə tapşırığına əsasən 3595.5 manat, 07.01.2020-ci il tarixli, ********* nömrəli ödəmə tapşırğına əsasən 5033.7 manat, 14.01.2020-ci il tarixli, ********* nömrəli ödəmə tapşırığına əsasən 7000 manat, 16.01.2020-ci il tarixli, ********* nömrəli ödəmə tapşırığına əsasən 7000 manat, 15.01.2020-ci il tarixli, ********* nömrəli ödəmə tapşırığına əsasən 7000 manat olmaqla, ümumilikdə 87317 manat (51362.94 ABŞ dolları) məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MMnin 399.4-cu maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 448.1 (“Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”), 448.2 (“Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.”) və 448.4-cü (“Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.”) Hazırki işin hallarında məlum olur ki, tərəflər arasında bağlanmış 23.10.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh müqaviləyə edilmiş 1 saylı Əlavədə göstərilmiş işləri qeyd olunmuş müddət ərzində icra etməyi, iddiaçı isə görülmüş işlərin müqabilində ödəniş həyata keçirməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından məlum olur ki, iddiaçı tərəfindən ümumilikdə 87317 manat (dollar ekvivalentində 51362.94 ABŞ dolları) məbləğində ödəniş həyata keçirilmişdir. İddiaçı iddia tələbində edilmiş ödənişlər müqabilində cavabdeh tərəfindən işlərin görülmədiyini iddia edir. Lakin cavabdeh tərəf məhkəməyə işlərin bir qisminin görülməsi barədə 03.12.2018-ci il və 31.07.2019-cu il tarixli təhvil-təslim aktlarını təqdim etmişdir. Sözügedən aktardan məlum olur ki, cavabdeh tərəfindən 03.12.2018-ci il tarixli akt zrə 31960 manat +5,752.80 manat ƏDV və 31.07.2019-cu il tarixli akta əsasən 19975 manat+3595.50 manat ƏDV olmaqla, ümumilikdə 61,283.30 manat dəyərində işlər görülmüşdür. İddiaçı sözügedən aktları mübahisələndirərək, aktda əks olunun imzanın "xxxx" ASC-nin keçmiş İdarə Heyətinin sədri olan Dəyanət Quliyevə məxsus olmadığını qeyd etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dəyanət Quliyev də verdiyi ifadəsində imzanın ona məxsus olmadığını bildirmişdir. Yaranmış mübahisənin həllini tapması məqsədilə məhkəmənin 11 fevral 2022-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 14.04.2022-ci il tarixli, 4/302 nömrəli rəydən görünür ki, ekspertizaya təqdim olunmuş, tapşırıqların siyahısı, Layihənin dəyəri və reallaşdırılması müddəti barədə 1 saylı Əlavədə “Sifarişçi” qrafasındakı imza: yerinə yetirilmiş işlərin təhvil-təslim aktının forması barədə 2 saylı Əlavədə “sifarişçi” qrafasındakı imza, 31.07.2019-cu il tarixli və 3 dekabr 2018-ci il tarixli təhviltəslim aktlarında “Sifarişçi” qrafalarındakı imzalar-X4 tərəfindən icra olunmuşdur. Göründüyü kimi məhkəməyə təqdim edilmiş ekspert rəyində təhvil-təslim aktlarında əks olunan imzanın bankın keçmiş İdarə Heyətinin sədrinə məxsus olduğu müəyyən olunmuşdur. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq sənədlər, cavabdeh şirkət tərəfindən tərəflər arasında bağlanmış müqavilə üzrə müəyyən xidmətlərin icra edildiyini təsdiq edir. Məhkəmə iclasında izahat verən cavabdehin nümayəndələri müqavilədə və müqaviləyə edilmiş əlavədə öz əksini tapan bütün işlərin cavabdeh tərəfindən həyata keçirildiyini iddia etsələr də, bununla bağlı müvafiq sübutları ( təhvil-təslim aktları) məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı bank tərəfindən tərəflər arasında bağlanmış 23.10.2018-ci il tarixli müqavilə üzrə ödənilmiş 87317 manat məbləğində pulun müqabilində cavabdeh tərəfindən ümumilikdə (təhvil-təslim aktları üzrə) 61,283.30 manat dəyərində xidmət göstərilmişdir. Qalan 26.003.70 (15294 ABŞ dolları ekvivalentində) manat məbləğində edilmiş ödənişlə əlaqədar göstərilmiş xidmətlər barədə isə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçı iddia tələbində eyni zamanda tərəflər arasında bağlanmış öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış 2980.45 ABŞ dolları məbləğində pulun ödənilməsini tələb edir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçı tələbini bu hissədə MM-in 445,449-cu maddələri ilə əsaslandırılmağa çalışmışdır. Məhkəmə İddiaçının bu cür əsaslandırması ilə razılaşmır. Çünki MM-in 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərarında göstərmişdir ki, “MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir”. AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plennum Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Göründüyü kimi, MM-in 445,449-cu maddələrinin hazırkı mübahisəyə tətbiqi üçün hər hansı əsas yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyin bir qisminin icra edildiyini, lakin həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən ümumilikdə 15294 ABŞ dollarının eksvivalenti olan 26,003.70 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İşin hallarından görünür ki, cavabdeh tərəfindən mediasiya sessiyasında iştirak edilmiş və müvafiq ödəniş həyata keçirilmişdir. Odur ki, bu hissədə iddia tələbini əsaslı hesab etmir. Bundan əlavə məhkəmə qeyd edir ki, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş dövlət rüsumunun 125 manatı cavabdehə, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi üçün çəkilmiş 127 manat məbləğində xərc isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 26,003.70 (iyirmi altı min üç manat yetmiş qəpik) manat (15,294 ABŞ dollarının ekvivalenti olan) pul məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 (yüz iyirmi beş) manat tutularaq iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan ekspertiza xərcinin əvəzi olaraq 127 ( yüz iyirmi yeddi) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar