Məhkəmə qərarları › İş №e-2-2(113)-5691/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5691/2024

11.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5691/2024 11.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əsassız ödənilmiş pul vəsaitinin qaytarılması, əsassız varlanma) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı ASC-nin xeyrinə 47800 manat əsas borc, 2176,23 manat özgəsinin pul vəsaitini qanunsuz saxladığı üçün faizlər, ümumilikdə 49976,23 manat, habelə iddia verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 240 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs MMC bankda olan hesablaşma hesabından 26 dekabr 2023-cü il tarixli №14584788 saylı müqaviləyə əsasən 26 dekabr 2023-cü il tarixində Cavabdeh MMC-nin "xxxx" ASC-də olan hesablaşma hesabına 47800 manat pul vəsaiti səhvən iki dəfə köçürülmüşdür. Bank proqramında yaranmış texniki nasazlıq səbəbindən vəsait 2 dəfə Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. Nəticədə əsassız olaraq Cavabdeh MMC-yə 47800 manat pul artıq köçmüşdür. Vəsaitin geri qaytarılması üçün "xxxx" ASC-yə SWİFT vasitəsilə sorğu ünvanlanmış, lakin cavabdehin hesabında vəsaitin qalmadığı məlum olmuş və sorğu Cavabdeh MMC-yə ünvanlanmışdır. Cavabdeh MMC "xxxx" ASC-yə məlumat verərək, vəsaiti qısa zamanda geri qaytarılacağına vəd vermiş, eyni zamanda bu vədlər bankın əməkdaşlarına da bildirilmişdir. Buna baxmayaraq, vəsait geri qaytarılmamışdır. Cavabdeh MMC-yə xəbərdarlıq ünvanlanaraq vəsaitin geri qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən vəsait geri qaytarılmamışdır. Cavabdeh MMC-nin pul vəsaitini geri qaytarmaması əsassız varlanma halı yaratmışdır. Belə ki, Mülki Məcəllənin 14.2.7-ci maddəsi əsassız varlanma kimi bizim üçün pul vəsaitinin geri tələb etmək hüququnu, cavabdeh üçün isə həmin vəsaitin geri qaytarılması vəzifəsini yaradır. Məcəllənin 449.2.-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Mərkəzi Bankın rəsmi internet səhifəsindəki məlumatlara görə xx.xx.2023-cü il tarixdən – xx.xx.2024-cü il tarixədək - 8.0% (40 gün – 424,89 manat), xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək – 7,75% (57 gün – 586,55 manat), xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uçot faiz dərəcəsi 7,25% (121 gün – 1164,79 manat) təşkil etmişdir. Beləliklə, cavabdeh özgəsinin pul vəsaitini qanunsuz saxladığı üçün 2176,23 manat faiz ödəməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 386.1, 449.1, 449.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Bank qismində İddiaçı ASC ilə müştəri qismində Maraqlı şəxs MMC arasında xx.xx.2023-cü il tarixdə hüquqi şəxs və fərdi sahibkarlara Bank Xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtləri (bundan sonra - ümumi şərtlər) üzrə cari hesabın açılmasına dair razılaşma bağlanmışdır. Razılaşmanın 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, hesab açılması və ebankçılıq xidmətlərindən istifadə ilə bağlı tərəflər arasındakı münasibətlər hüquqi şəxs və fərdi sahibkarlara bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilə (bu əsas şərtlər, müqavilənin ümumi şərtləri və müqavilənin digər ayrılmaz tərkib hissələridə daxil olmaqla) ilə tənzimlənir. Müştəri "xxxx" ASC-də xx.xx.2023 ci il tarixində təsdiq edilmiş, müqavilənin hazırkı tarixə qüvvədə olan və bankın https://rbt.az/huquqi internet səhifəsində dərc olunan ümumi şərtlərini əldə etdiyini, həmin şərtlərlə diqqətlə tanış olduğunu, onlarla razılaşdığını və qəbul etdiyini bu razılaşmanı imzalamaqla təsdiq edir və bu razılaşmanın imzalanması nəticəsində həmin ümumi şərtlərin gələcəkdə onunla bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir. Müştəri müqavilənin ümumi şərtlərinə yuxarı sol küncdə yerləşdirilmiş QR-kod vasitəsilə də keçid edə bilər. Razılaşmanın 3.2-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, bank müştərinin bank qarşısında hər hansı bir əsasla yaranmış və ödəniş vaxtı çatmış istənilən borc öhdəliyini (kredit, hesablanmış faizlər və dəbbə pulu da daxil olmaqla), habelə texniki (icazə verilməmiş) overdraft nəticəsində və/və ya səhvən müştərinin hər hansı bir hesabına köçürülən digər vəsaitləri, bank tarifləri ilə tutulmalı olan xidmət haqqi/komissiya və digər ödənişləri təminat qismində rəsmiləşdirilib rəsmiləşdirilməməsindən və bu razılaşma ilə bağlı olub-olmamasından asılı olmayaraq, müştərinin razılığı tələb olunmadan bu razılaşma əsasında açılan hesabdakı vəsaitindən mübahisəsiz qaydada akseptsiz olaraq silmək hüququna malikdir (əgər pul vəsaiti müştərinin hesabından digər valyutalarda silinirsə, konvertasiya silinmə tarixinə bankın tətbiq etdiyi müvafiq valyuta üzrə məzənnə əsas götürülməklə bankın tariflərinə əsasən həyata keçirilir).

8. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 47778 manat məbləğində pul 26 dekabr N14584788 saylı müqaviləyə əsasən Maraqlı şəxs MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmişdir.

9. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 47800 manat məbləğində pul 26 dekabr N14584788 saylı müqaviləyə əsasən Maraqlı şəxs MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmişdir.

10. Maraqlı şəxs MMC-nin hesabdan çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs MMC tərəfindən Cavabdeh MMC-yə 47778 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

11. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 26 dekabr 2023-cü il tarixində Cavabdeh MMC-nin "xxxx" ASC-də olan hesablaşma hesabına bank proqramında yaranmış texniki nasazlıq səbəbindən əsassız olaraq 47800 manat artıq pul köçürmüşdür. Mərkəzi Bankın rəsmi internet səhifəsindəki məlumatlara görə xx.xx.2023-cü il tarixdən – xx.xx.2024-cü il tarixədək - 8.0% (40 gün – 424,89 manat), xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək – 7,75% (57 gün – 586,55 manat), xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uçot faiz dərəcəsi 7,25% (121 gün – 1164,79 manat) təşkil etmişdir. Özgəsinin pul vəsaitini qanunsuz saxladığı üçün faiz borcu 2176,23 manat təşkil edir.

12. İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, 47800 manat məbləğində pulun 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

13. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Maraqlı şəxs MMC arasında xx.xx.2023-cü il tarixdə cari hesabın açılmasına dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən Maraqlı şəxs MMCnin ödəniş tapşırığı üzrə 26 dekabr N14584788 saylı müqavilə əsasında 47778 manat məbləğində pul Cavabdeh MMC-nin hesabına göndərilmişdir. Bundan əlavə həmin tarixdə 26 dekabr N14584788 saylı müqavilə əsasında 47800 manat məbləğində pul vəsaiti də Cavabdeh MMC-nin hesabına göndərilmişdir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman bas verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

16. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən əsassız olaraq ödənilmiş 47800 manat pul vəsaitinin tutulması təşkil edir. 17 Qeyd olunan qanunvericilik normalarını işin müəyyən olunan hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh heç bir qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçının (məhrum olanın) hesabına əmlak, yəni pul vəsaiti əldə etdiyindən, mübahisə predmeti olan 47800 manat pul vəsaiti üzərində iddiaçının mülkiyyət hüququ olduğundan və mülkiyyətçinin özgəsinin, yəni hazırkı halda cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ olduğundan iddiaçı qeyd olunan məbləğdə pul vəsaitinin ona qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

18. İddia tələbinin digər hissəsi cavabdehdən özgəsinin pul vəsaitini qanunsuz saxladığı üçün 2176,23 manat faiz borcunun tutulmasından ibarətdir.

19. Bununla bağlı məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixdən – xx.xx.2024-cü il tarixədək - 8.0% uçot faiz dərəcəsi ilə faiz borcu 419,1 manat (47800*8%/365*40 gün=419,1 manat), xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək – 7,75% uçot faiz dərəcəsi ilə faiz borcu 578,5 manat (47800*7,75%/365*57 gün=578,5 manat), xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək 7,25% uçot faiz dərəcəsi 1148,8 manat (47800*7,25%/365*121 gün=1148,8 manat), ümumilikdə 2146,4 manat (419,1+578,5+1148,8) təşkil edir. Ona görə də həmin hissədə iddia qismən təmin edilərək, cavabdehdən bank uçot dərəcəsinə uyğun 2146,40 manat (iki min yüz qırx altı manat qırx qəpik) faiz məbləği tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

20. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 240 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.

21. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 239,80 manat (iki yüz otuz doqquz manat səksən qəpik) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 47800 (qırx yeddi min səkkiz yüz) manat pul vəsaiti, bank uçot dərəcəsinə uyğun olaraq 2146,40 manat (iki min yüz qırx altı manat qırx qəpik) faiz məbləği, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 239,80 manat (iki yüz otuz doqquz manat səksən qəpik) olmaqla, ümumilikdə 50186,20 manat (əlli min yüz səksən altı manat iyirmi qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar