Məhkəmə qərarları › İş №e-2-2(113)-573/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-573/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-573/2021 25.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 80290 manat əsas borc, borcun ödənilməsi 1 il 2 ay gecikdirildiyinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 4683,58 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 85003,58 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (sonradan “xxxx” MMC) qarşı 80290 manat əsas borc, borcun ödənilməsi 9 ay gecikdirildiyinə görə 3010,87 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 83330,87 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 80290 manat əsas borc, borcun ödənilməsi 1 il 2 ay gecikdirildiyinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 4683,58 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 85003,58 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 16.01.2020ci il tarixli 01/20 saylı podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı – Şamaxı şossesi ünvanında yerləşən Əmlak kompleksinin ərazisində elektrik təchizatı üçün “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən texniki şərtə əsasən yarımstansiya tikməyi və bununla əlaqədar digər zəruri işlərin aparılması işlərini öz öhdəsinə götürür. Podratçı müqavilə üzrə avans ödəniş sifarişçi tərəfindən ödənildikdən sonra 2020-ci ilin fevral ayının 27-ni keçməmək şərti ilə 40 gün ərzində, müqavilə ilə müəyyən edilən şərtlərə əsasən, sifarişçinin əmlakına zərər vurmadan yüksək keyfiyyətlə işləri başa çatdırmaq vəzifəni götürmüşdür (3.4.1). Bu müqavilə üzrə podrat haqqı ƏDV daxil 454300 manat təşkil edir (4.1). Müqavilə üzrə görülən işlərə görə sifarişçi podratçıya avans olaraq ümumi məbləğin 30% avans, işin gedişatı zamanı 40% və iş tamamlandıqdan sonra qalan məbləği ödəməli idi (4.2). İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, 454300 manat podrat haqqından müxtəlif vaxtlarda cəmi 374010 manat ödəniş etmiş, 80290 manat borcu ödənilməmiş qalmışdır. Cavabdehə bu barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq heç bir nəticə verməmişdir. Müqavilədən göründüyü kimi podratçının işi icra etməsi üçün son tarix 27.02.2020-ci il müəyyən edilmiş, podratçı həmin tarixədək öhdəliyini icra etmiş və bununla bağlı sifarişçi tərəfindən hər hansı bir etiraz daxil olmayaraq ödənişləri davam etdirmiş, 80290 manat məbləğində borcu 27.02.2020-ci il tarixdən indiyədək (9 ay) gecikdirmişdir. Cavabdeh 80290 manat borcun ödənilməsini 09 ay gecikdirdiyindən illik 5 faiz olmaqla 3010,87 manat faiz ödəməyə borcludur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, qətnamə qəbul edilərkən cavabdehin adının “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi nəzərə alınmasını xahiş edir. Həmçinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 80290 manat məbləğində borcu 27.02.2020-ci il tarixdən 27.04.2021-ci il tarixədək 1 il 2 ay gecikdirmişdir. Cavabdeh 80290 manat borcun ödənilməsini 1 il 2 ay gecikdirildiyindən illik beş faiz olmaqla 4683,58 manat faiz ödəməyə borcludur. Sonda iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin qanuni təmsilçisi X2 məhkəmə iclasında iddianı qismən etiraf edərək, izahatında bildirdi ki, cavabdeh texniki cəhətdən problem olduğu üçün pretenziya və iddia barədə məlumatı olmamışdır. Hazırda iddiaçı tərəfindən iddia tələbi olan əsas borcu qəbul edir. Pandemiyaya görə ödəniş edə bilməmişdir. Pandemiya fors major haldır və iddiaçı tərəf bunu nəzərə almalıdır. Həmçinin cavabdeh sınaq protokolları keçirən zaman 10.000 manat məbləğində ziyan vurulmuşdur. Qarşı tərəflə aralarında təhvil-təslim aktı olsaydı bu orda öz əksini tapacaqdı. Bugünkü gündə tərəflər arasında danışıqlar gedirdi. İddiaçı, cavabdeh 80.000 manat pulu ödədikdən sonra qeyd olunan ziyan məbləğini ödəyəcəklərini bildirmiş və cavabdeh bununla razılaşmamışdır. Əgər təhvil təslim aktı yoxdursa iddiaçının cavabdehə iddia qaldırmaq hüququ yoxdur. Cavabdeh borcu tam ödəməməklə öhdəliyi yerinə yetirməmişdirə qarşı tərəfdə təhvil-təslim aktı olmadığı üçün öhdəliyi yerinə yetirməmişdir. Sonda cavabdehin qanuni təmsilçisi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı 28.06.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 16.01.2020-ci il tarixli 01/20 saylı podrat müqaviləsinin surətindən müəyyən olunur ki, iddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı – Şamaxı şossesi ünvanında yerləşən Əmlak kompleksinin ərazisində elektrik təchizatı üçün “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən texniki şərtə əsasən yarımstansiya tikməyi və bununla əlaqədar digər zəruri işlərin aparılması işləri görməyi, cavabdeh isə iddiaçıya müqavilə üzrə ƏDV daxil olmaqla 454300 manat podrat haqqını müqavilə üzrə görülən işlərə görə avans olaraq ümumi məbləğin 30% avans, işin gedişatı zamanı 40% və iş tamamlandıqdan sonra qalan məbləği ödəməyi öhdələrinə götürmüşlər. 22 yanvar 2020-ci il tarixli 4203826AZN200122 saylı və 420820AZN200122 saylı, 19 fevral 2020-ci il tarixli 4371569AZN200218 saylı və 4371551AZN200218 saylı, 10 iyul 2020-ci il tarixli 4976583AZN200710 saylı ödəniş tapşırıqlarının surətlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına müvafiq olaraq 15500 manat, 100000 manat, 54000 manat, 100000 manat və 47457,63 manat, cəmi 316957,63 manat ödəniş edilmişdir. 16.03.2020-ci il tarixə yetirnə yetirilən işlər haqqında arayışdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 454300 manat dəyərində işlər görülmüşdür. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin qanuni təmsilçisinin izahatlarını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 16.01.2020-ci il tarixli 01/20 saylı Podrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı – Şamaxı şossesi ünvanında yerləşən Əmlak kompleksinin ərazisində elektrik təchizatı üçün “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən texniki şərtə əsasən yarımstansiya tikməyi və bununla əlaqədar digər zəruri işlərin aparılması işləri görməyi, cavabdeh isə iddiaçıya müqavilə üzrə ƏDV daxil olmaqla 454300 manat podrat haqqını müqavilə üzrə görülən işlərə görə avans olaraq ümumi məbləğin 30% avans, işin gedişatı zamanı 40% və iş tamamlandıqdan sonra qalan məbləği ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik icra edilmiş, cavabdeh tərəfindən iddiaçının hesabına müvafiq olaraq 15500 manat, 100000 manat, 54000 manat, 100000 manat və 47457,63 manat, cəmi 316957,63 manat ödəniş edilmişdir. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyini tam icra etməmişdir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, razılaşdırılmış işlər görərək cavabdehə təhvil vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 80290 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış 4683,58 manat (80290 manat x 5% = 4014,5:12 ay = 334,541 x 14 ay = 4683,58 manat) faiz cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 80290 manat əsas borc, borcun ödənilməsi 1 il 2 ay gecikdirildiyinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 4683,58 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 85003,58 manat “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar