Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-576/2023 27.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən sifarişçiyə geri ödənilməmiş 105069.13 manat məbləğində vəsaitin, əlavə 5 faiz hesablanmaqla 5253 manat pul vəsaiti, 10000 manat əldən çıxmış fayda və iddia ərizəsinə görə ödənilmiş 410.32 manat dövlət rüsumu, ümumilikdə cəmi 120732,45 manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 26 fevral 2021-ci il tarixli, LA-PT/2021-020 saylı və 26 fevral 2021-ci il tarixli, LA-PT/2021-021R saylı Podrat müqavilələri (işlərin görülməsinə dair) imzalanmışdır. Müqavilələrə əsasən “Sifarişçi” qismində İddiaçı MMC, “Podratçı” qismində Cavabdeh MMC çıxış etmişdir. 26 fevral 2021-ci il tarixli, LA-PT/2021-020 saylı Podrat müqaviləsinə əsasən işlərin görülməsi məqsədi ilə 33.926.00 AZN (ƏDV daxil) avans xx.xx.2021-ci il tarixində Podratçının bank hesabına ödənilmişdir. Əlavə olaraq Cavabdeh MMC ilə "xxxx" MMC arasında 26 fevral 2021-ci il tarixli, LA-PT/2021-021R saylı “Podrat” müqaviləsinə əsasən xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində isə ümumi olaraq işlərin görülməsi üçün 118.596.27 AZN (ƏDV daxil) məbləğində avans məbləğ Podratçının bank hesabına ödənilmişdir. Bağlanmış müqavilələrdə podratçı, yəni Cavabdeh MMC Sifarişçinin sifarişi, bu müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan Sifarişçinin təqdim etdiyi lahiyə sənədlərində, spesifikasiyalarda, texniki tapşırıq və şərtnamələrdə göstərilən şərtlər əsasında Müqavilənin ayrılmaz tərkib hissəsi olan X2 göstərilən işləri yerinə yetirməyi və iş üçün tələb olunan mal-materialı təhciz etməyi, Sifarişçi isə Podratçının müqaviləyə uyğun, razılaşdırılmış keyfiyyətdə və miqdarda yerinə yetirdiyi işləri qəbul edib dəyərini bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşlər. İstinad olunan müqavilələrin şərtlərinə əsasən görülməsi nəzərdə tutulan iş müqabilində ödənilən pul miqdarı qədər işlər yerinə yetirilməli və təhvil-təslim aktı ilə təhvil verilməlidir. Qeyd etməyi zəruri hesab edir ki, hazırkı vaxta qədər cavabdeh Cəmiyyətin yuxarıda sözügedən müqavilələr üzrə ümumilikdə 105.069.13 AZN İddiaçı MMC-yə borcu yaranmışdır. Yuxarıda qeyd olunan yaranmış borcun yaranmasının səbəbi kimi qeyd edə bilər ki, LA- PT/2021-020R saylı “Podrat” müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixində işlərin görülməsi məqsədi ilə 33.926.00 AZN (ƏDV daxil) avans podratçının hesabına göndərilmiş, lakin Podratçı bu məbləğdən 8,645.12 AZN dəyərində işlər görmüş, 25.280.88 AZN mələğində Sifarişçiyə borclu qalmış, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 26 fevral 2021-ci il tarixli, LA-PT/2021-021R saylı müqaviləyə əsasən xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində isə ümumi olaraq işlərin görülməsinə dair 118.596.27 AZN (ƏDV daxil) məbləğində avans məbləğ Podratçının bank hesabına ödənilmiş, Podratıçı isə bu məbləğdən 38.808.02 AZN dəyərində işlər görmüş, 79,788.25 AZN məbləğində Sifarişçiyə borclu qalmışdır. Beləliklə də ümumi olaraq borcun məbləğini 105.069.13 AZN təşkiledir. Qeyd etməyi zəruri hesab edir ki, 26 fevral 2021-ci il tarixli, LA-PT/2021-020 saylı “və LA-PT/2021-021R saylı “Podrat” müqavilələrinə xx.xx.2021-ci il tarixdə xitam verilməsi haqında 01 nömrəli 2 ayrı razılaşma tərtib olunmuş, Podratçı bu razılaşmalarda qeyd olunan 25.280.88 AZN və 79.788.25 AZN məbləğində qəbul etdiyi borcunu xx.xx.2021-ci il tarixə kimi ödəməyi öhdəsinə götürmüşdür. Bildirmək istəyir ki, məsələnin qısa müddət ərzində nəticələnməsi üçün mediasiyaya müraciət olunmuş, xx.xx.2022-ci il tarixdə sessya keçirilmiş, lakin cavabdeh şirkət ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı dəfələrlə cavabdehin məsul şəxsləri ilə görüşüb bu məsələni danışıqlar yolu ilə həll etməyə çalışmasına baxmayaraq cavabdeh tərəfindən laqeyd rəftar edilərək, iddiaçının əsaslı tələbləri təmin edilməmişdir. Hesab edir ki, Cavabdeh MMC 105.069.13 manatı, əsas borca görə əlavə 5% hesablanmaqla, 5 253 manat məbləğində vəsaiti, habelə əldən çıxmış faydanı şəxsən ödəməlidir. Çünki, borclunun icranı gecikdirməsi, pul və hesablanmış faizləri qaytarmaması özgənin vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Operativ xidmət göstərən, daim müasir standartlarla çalışan bir şirkət kimi iddiaçıya məxsus olan pul vəsaitinin vaxtında iddiaçıya ödənilməməsi bəzi ödənişlərin (kommunal, icarə haqqı, əmək haqqı və s.) vaxtında edilməsində çox böyük çətinliklər yaratdı, həmçinin bir sıra layihələrdə şirkət olaraq iştirak etmələrini mümkünsüz hala gətirdi. Yaranmış bu çətinlik şirkət daxilində gərginlik yaratdı və işçilər arasında motivasiyanın aşağı düşməsinə səbəb oldu. Bu səbəbdən əldən çıxmış faydanı minimum 10 000 manat olaraq dəyərləndirir. Cavabdeh iddiaçını aldadaraq bu günə kimi müxtəlif bəhanələrlə hər iki tərəfin imzası ilə təsdiq edilmiş razılaşmalara əməl etmir və iddiaçıya məxsus vəsaiti geri ödəmir. İddia ərizəsinə görə məhkəmənin hesabına ödənilmiş rüsum, digər xərclər cavabdehin qeyri-qanuni əməli nəticəsində yarandığından bu pulu da cavabdeh ödəməlidir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında podrat münasibətləri mövcud olmuş və bununla bağlı xx.xx.2021-ci il tarixli, 2 ayrı podrat müqaviləsi bağlanmışdır. Həmin podrat müqavilələrinə əsasən Podratçı olaraq Sifarişçinin tapşırığına əsasən tərəflərindən müəyyən işlər görülməli idi. Qeyd edilməlidir ki, mübahisə predmeti ola podrat müqavilələri iddiaçı tərəfindən elan edilmiş tender nəticəsində bağlanmışdır. Bağlanmış podrat müqavilələri üzrə ödənişlər isə 2 ay sonra həyata keçirilmişdir. Qeyd olunmalıdır ki, müqavilə bağlanan zaman, yəni fevral ayında tərəflərindən tender komissiyasına görüləcək işlərin və istifadə ediləcək malmaterialların həmin tarixə olan qiymətləri iddiaçı tərəfə təqdim olunmuşdur. Lakin iddiaçı tərəf işlərin görülməsi üçün vacib olan avans məbləğini 2 ay sonra ödəmişdir. Bu zaman ölkəmizdə və dünyada baş verən siyasi və iqtisadi proseslər nəticəsində tikinti bazarında müqavilə bağlanan zaman mövcud olmuş qiymətlərin orta hesabla 40-45% artımı müşahidə edilmişdir. Yerinə yetiriləcək işlər bilavasitə tikinti sahəsində istifadə olunmalı malmateriallarla birbaşa bağlılıq təşkil etdiyindən tərəflərindən müqavilə münasibətləri üzrə qiymətlərin artıma uyğun olaraq yenidən razılaşdırılması üçün dəfələrlə şifahi və yazılı şəkildə sifarişçiyə məlumatlar verilmişdir. Eləcə də tərəflərindən ödənilən avans üzrə görülmüş işlərin həcmi və dəyəri bardə təhvil-təslim aktları tərtib edilərək sifarişçiyə göndərilmişdir. Lakin sifarişçi şirkət həmin göndərilən sənədlərə dair hər hansı bir reaksiya verməmişdir. Bundan sonra mövcud şərtlər daxilində müqavilə münasibətlərinin davam etdirilməsinin mümkün olmaması barədə qarşı tərəfə dəfələrlə e-mail yazışmaları və şifahi qaydada məlumatlar verilmiş və bu şərtlər daxilində podrat müqaviləsinin davam etdirilməsinin iqtisadi cəhətdən rentabeliliyinin olmamasına görə ləğv edilməsi təklif edilmişdir. İddiaçı tərəf hazırda iddia edir ki, onun tərəfindən ödənilmiş avans məbləğinə mütənasib olaraq işlər yerinə yetirilməmişdir. Bunla bağlı qeyd edilməlidir ki, iddia ərizəsinə etiraza əlavə edəcəyi görülmüş işlər barədə təhvil-təslim aktlarından görünür ki, verilmiş avans məbləğləri podratçı tərəfindən tam şəkildə işlərin görülməsinə yönəlmişdir. İddiaçı tərəf öz iddiasının əsasını bağlanmış müqavilələrə xitam verilməsi haqqında razılaşmalara istinad etmiş və həmin razılaşmalar üzrə podratçı olaraq cavabdehin sifarişçiyə borcunun olmasına istinad etmişdir. Hesab edir ki, adıçəkilən razılaşmalar görülmüş işləri tam şəkildə əhatə etmədiyindən nəzərə alınmamalıdır. Belə ki, yuxarıda da qeyd etdiyi kimi respublikada mövcud olan tikinti bazarındakı qiymətlər üzrə sifarişçi tərəfindən ona ödənilmiş pul vəsaitləri podrat müqaviləsi üzrə işlərin görülməsinə sərf edilmişdir. Cavabdeh Mülki Məcəllənin 753.2, 754.1, 754.2, 759.1, 760.2, 767.1, 776.1-ci maddələrini əsas gətirməklə, qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflərindən podrat müqaviləsində nəzərdə tutulmuş işlərin icra edilməsi məqsədilə tender elan edilmiş, tender nəticəsində iddiaçı üçün ən uyğun qiymətləri təklif etmiş cavabdehlə müqavilə bağlanmış, bağlanmış müqavilənin əlavəsinə əsasən bank qarantiyası məktubu təqdim edildikdən qısa müddət sonra avans ödənilmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Belə ki, cavabdeh bir müddət sonra müqavilədə razılaşdırılmış qiymətlərlə işləri icra edə bilməyəcəyini bildirmiş, bu səbəbdən işlərin icrasını dayandırmış, tərəflər arasında son haqq hesab aparılaraq müqavilələrə xx.xx.2021-ci il tarixdə xitam verilmiş, cavabdeh müqavilələr üzrə yaranmış borcunu xx.xx.2021-ci il tarixə qədər ödəməyi üzərinə götürmüşdür. Tərəflər arasında işlərin təhvil verilməsinə dair imzalanmış və möhürlənmiş təhvil-təslim aktı hər iki müqavilə üzrədir. Cavabdehlə olan münasibətləri nəzərə alaraq onlara kifayət qədər vaxt verilmiş, lakin keçən bu müddət ərzində cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli razılaşmalar icra edilməmiş, ödənilmiş avans onlara geri qaytarılmamışdır. İddiaçı cavabdeh tərəfindən görülmüş işlərə qüsurlarla bağlı hər hansı irad bildirməmiş, iradları həmişə işlərin gec və tam şəkildə icra edilməməsi ilə bağlı olmuşdur. Müqavilə üzrə görülməli işlər artıq müqavilə bağladıqları üçüncü hüquqi şəxs tərəfindən tam şəkildə icra edilmişdir. Borcun ödənilməsinin gecikdirilməsinə görə tələb etdikləri illik 5 faizlə hesablanmış borcu xx.xx.2021-ci il tarixdən məhkəməyə müraciət etdikləri tarixə qədər hesablamış, əldən çıxmış faydanı isə əslində həddən artıq olmasına baxmayaraq ən aşağı həddə - 10000 manat tələb edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə etiraz edib, yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlara avans gec ödənilmiş, məhz bu səbəbdən hamıya bəlli olduğu kimi tikinti bazarında yüksək qiymət artımları baş vermiş, işləri həmin qiymətlərlə davam edə bilməyəcəklərini iddiaçıya bildirmiş, hər iki tərəfin razılığı ilə müqavilələrə xitam verilmişdir. Müqavilələrə xitam verilməsinə dair Razılaşmalar onların direktoru tərəfindən təsdiq edilib MMC-nin möhürü ilə təsdiqlənsə də, direktorun hüquqi bilikləri yoxdur, bu səbəbdən Razılaşmaları oxumadan imzalamış, imzalayarkən yalnız müqavilələrə xitam verildiyini zənn etmişdir. Belə ki, qiymət artımları nəzərə alınarsa, onlara ödənilmiş avans məbləğində işlər tam icra edilmişdir. Tərəflər arasında işlərin təhvil verilməsinə dair imzalanmış və möhürlənmiş təhvil-təslim aktı ilə bağlı bildirir ki, həmin aktı da direktor imzalayıb təsdiq etsə də, əslində görülmüş işlərin həcmi daha çoxdur. Cavabdehin Məhkəməyə təqdim etdiyi imzalanıb təsdiqlənməmiş təhvil aktları da qeyri-dəqiqdir, tam deyil, gördükləri işləri tam şəkildə əhatə etmir. Hesab edir ki, iddia tələbi avans məbləğinin geri qaytarılması hissəsində əsasız olduğundan iddia tələbləri qalan hissədə də təmin edilməməlidir. Bundan əlavə, iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək göstərdi ki, iddia əsaslı olduğu halda belə podrat müqaviləsi üzrə işlərin qüsurlu icra edilməsi ilə bağlı irəli sürülən iddia tələblərinə şamil edilən 1 illik iddia müddəti ötürülmüşdür. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 26 fevral 2021-ci il tarixli LA-PT/2021-020 R saylı müqaviləyə əsasən podratçı sifarişçinin sifarişi ilə bu müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişçinin təqdim etdiyi layihə sənədlərində, spesifikasiyalarda, texniki tapşırıq və şərtnamələrdə göstərilən şərtlər əsasında müqavilənin ayrılmaz tərkib hissəsi olan X2 göstərilən işləri yerinə yetirməyi və iş üçün tələb olunan mal-material təchiz etməyi, sifarişçi isə podratçının müqaviləyə uyğun, razılaşdırılmış keyfiyyətdə və miqdarda yerinə yetirdiyi işləri qəbul edib dəyərini bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə ilə görülməsi nəzərdə tutulmuş işlərin qiyməti (müqavilənin ümumi qiyməti) müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolu ilə müəyyənləşdiriləcək. Müqavilənin 2.4-cü bəndinə əsasən podratçının faktiki olaraq yerinə yetirdiyi işlərin miqdarı və həcmi sifarişçinin səlahiyyətli nümayəndəsi tərəfindən bu müqavilənin 1 saylı Əlavəsində göstərilən icra qrafiki nəzərə alınmaqla hesablanacaq və həmin işləri sübut edən sənədlərdə (təhvil-qəbul aktı, Forma 2) əks olunaraq ödəniləcək, o şərtlə ki, görülmüş işlərin keyfiyyəti tərəflər arasında razılaşdırılmış şərtlərə, müqaviləyə uyğun olsun. Müqaviləyə 01 nömrəli 26 fevral 2021-ci il tarixli qiymət razılaşma protokoluna əsasən podratçı protokolda göstərilən işləri qeyd edilmiş qiymətlərə uyğun olaraq yerinə yetirməyi, sifarişçi isə həmin işləri qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. Əlavənin 2-ci bəndinə əsasən podratçı müqavilə ilə nəzərdə tutulmuş işləri əlavədə qeyd edilən qrafik üzrə icra edərək sifarişçiyə təhvil veriləcəyini öhdəsinə götürür. Əlavənin 3-cü bəndinə əsasən sifarişçi podratçıya ödənişi bank qarantiya təqdim etdiyi halda avans olaraq 50 %, yəni 33926 manat (28750,85 manat + ƏDV 5175,15 manat), qalan məbləği isə gördüyü işin həcmindən asılı olaraq əsas müqavilənin tələbləri nəzərə alınmaqla təhvil qəbul aktına əsasən nağd və ya köçürmə yolu ilə ödəyir. Müqaviləyə 2 saylı 26 fevral 2021-ci il tarixli X1 görünür ki, podratçı işləri yüksək keyfiyyətdə, işçi və layihə çertyojlarına müvafiq, sifarişçinin irad və təkliflərini nəzərə almaqla, Azərbaycan Respublikasında qəbul olunmuş texniki norma və standartlara uyğun şəkildə yerinə yetirməlidir. Podratçı işlərin yerinə yetirilməsi üçün təmin etdiyi malmaterialın keyfiyyətinə və Azərbaycan Respublikası ərazisində müəyyən edilmiş standartlara uyğun olmasına cavabdehdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 26 fevral 2021-ci il tarixli LA-PT/2021-021 R saylı müqaviləyə əsasən podratçı sifarişçinin sifarişi ilə bu müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişçinin təqdim etdiyi layihə sənədlərində, spesifikasiyalarda, texniki tapşırıq və şərtnamələrdə göstərilən şərtlər əsasında müqavilənin ayrılmaz tərkib hissəsi olan X2 göstərilən işləri yerinə yetirməyi və iş üçün tələb olunan mal-material təchiz etməyi, sifarişçi isə podratçının müqaviləyə uyğun, razılaşdırılmış keyfiyyətdə və miqdarda yerinə yetirdiyi işləri qəbul edib dəyərini bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə ilə görülməsi nəzərdə tutulmuş işlərin qiyməti (müqavilənin ümumi qiyməti) müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolu ilə müəyyənləşdiriləcək. Müqavilənin 2.4-cü bəndinə əsasən podratçının faktiki olaraq yerinə yetirdiyi işlərin miqdarı və həcmi sifarişçinin səlahiyyətli nümayəndəsi tərəfindən bu müqavilənin 1 saylı Əlavəsində göstərilən icra qrafiki nəzərə alınmaqla hesablanacaq və həmin işləri sübut edən sənədlərdə (təhvil-qəbul aktı, Forma 2) əks olunaraq ödəniləcək, o şərtlə ki, görülmüş işlərin keyfiyyəti tərəflər arasında razılaşdırılmış şərtlərə, müqaviləyə uyğun olsun. Müqaviləyə 01 nömrəli 26 fevral 2021-ci il tarixli qiymət razılaşma protokoluna əsasən podratçı protokolda göstərilən işləri qeyd edilmiş qiymətlərə uyğun olaraq yerinə yetirməyi, sifarişçi isə həmin işləri qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. Əlavənin 2-ci bəndinə əsasən podratçı müqavilə ilə nəzərdə tutulmuş işləri əlavədə qeyd edilən qrafik üzrə icra edərək sifarişçiyə təhvil veriləcəyini öhdəsinə götürür. Əlavənin 3-cü bəndinə əsasən sifarişçi podratçıya ödənişi bank qarantiya təqdim etdiyi halda avans olaraq 50 %, yəni 118596,27 manat (100505,31 manat + ƏDV 18090,96 manat), qalan məbləğ isə gördüyü işin həcmindən asılı olaraq əsas müqavilənin tələbləri nəzərə alınmaqla təhvil qəbul aktına əsasən nağd və ya köçürmə yolu ilə ödəyir. Müqaviləyə 2 saylı 26 fevral 2021-ci il tarixli X1 görünür ki, podratçı işləri yüksək keyfiyyətdə, işçi və layihə çertyojlarına müvafiq, sifarişçinin irad və təkliflərini nəzərə almaqla, Azərbaycan Respublikasında qəbul olunmuş texniki norma və standartlara uyğun şəkildə yerinə yetirməlidir. Podratçı işlərin yerinə yetirilməsi üçün təmin etdiyi malmaterialın keyfiyyətinə və Azərbaycan Respublikası ərazisində müəyyən edilmiş standartlara uyğun olmasına cavabdehdir. xx.xx.2021-ci il tarixli FİN-3950 nömrəli maliyyə arayışından görünür ki, müqaviləyə əsasən iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə LA-PT/2201-020R saylı müqaviləyə əsasən xx.xx.2021-ci il tarixində işlərin görülməsi məqsədi ilə 33926 manat (ƏDV daxil) avans podratçının bank hesabına ödənilmişdir. Podratçı bu məbləğdən 8645,12 manat dəyərində işlər görmüş, 25280,88 manat məbləğində sifarişçiyə borclu qalmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli LA-PT/2021- 021R saylı podrat müqaviləsinə əsasən xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində isə ümumi olaraq işlərin görülməsinə dair avans 118596,27 manat (ƏDV daxil) podratçının bank hesabına ödənilmişdir. Podratçı bu məbləğdən 38808,02 manat dəyərində işlər görmüş, 79788,25 manat məbləğində sifarişçiyə borclu qalmışdır. Yekun olaraq podratçının sifariçiyə 105069,13 manat borcu vardır. xx.xx.2021-ci il tarixli LA-PT/2021-021R saylı podrat müqaviləsi üzrə əməkdaşlığa xitam verilməsi haqqında 06 oktyabr 2021-ci il tarixli 01 nömrəli razılaşmaya əsasən tərəflər razılığa gəlirlər ki, 26 fevral 2021-ci il tarixli LA-PT-2021-021R saylı podrat müqaviləsinə əsasən sifarişçi podratçıya işlərin görülməsi məqsədi ilə ödədiyi 118596,27 AZN (ƏDV daxil) avans məbləğindən, podratçı cəmi 38808,02 manat dəyərində işlər görmüş və gələcəkdə müqavilə üzrə işlərin davam etdirilməsi mümkün olmadığından sifarişçiyə 79788,25 manat məbləği xx.xx.2021-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürür. Tərəflər razılığa gəlirlər ki, müqaviləyə 06 oktyabr 2021-ci il tarixindən xitam verilsin. Razılaşmanın 3-cü bəndinə əsasən podratçı bu razılaşmada qeyd olunan 79788,25 manat məbləğində borcunu xx.xx.2021-ci il tarixə kimi ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli LA-PT/2021-020R saylı podrat müqaviləsi üzrə əməkdaşlığa xitam verilməsi haqqında 06 oktyabr 2021-ci il tarixli 01 nömrəli razılaşmaya əsasən tərəflər razılığa gəlirlər ki, 26 fevral 2021-ci il tarixli LA-PT-2021-020R saylı podrat müqaviləsinə əsasən sifarişçi podratçıya işlərin görülməsi məqsədi ilə ödədiyi 33926 manat (ƏDV daxil) avans məbləğindən, podratçı cəmi 8645,12 manat dəyərində işlər görmüş və gələcəkdə müqavilə üzrə işlərin davam etdirilməsi mümkün olmadığından sifarişçiyə 25280,88 manat məbləği xx.xx.2021-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürür. Tərəflər razılığa gəlirlər ki, müqaviləyə 06 oktyabr 2021-ci il tarixindən xitam verilsin. Razılaşmanın 3-cü bəndinə əsasən podratçı bu razılaşmada qeyd olunan 25280,88 manat məbləğində borcunu xx.xx.2021-ci il tarixə kimi ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışlara əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci ildə 28750,85 manat, xx.xx.2021-ci ildə 5175,15 manat, xx.xx.2021-ci ildə 29661,02 manat, xx.xx.2021-ci ildə 5338,98 manat, xx.xx.2021-ci ildə 70844,29 manat, xx.xx.2021-ci ildə 12751,97 manat məbləğində avans ödənilmişdir. Hüquqi dəyərləndirmə: İddia tələbləri üç hissədən ibarətdir:
1. İddiaçı tərəfindən cavabdehə ödənilmiş 105069,13 manat pul vəsaitinin geri qaytarılması;
2. İllik 5 faiz hesablanmaqla 5253 manat faiz borcunun ödənilməsi;
3. Hesablanmış 10000 manat əldən çıxmış faydanın tutulması. Məhkəmə iddia tələblərinin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 26 fevral 2021-ci il tarixli LA-PT/2021-020 R saylı və 26 fevral 2021-ci il tarixli LA-PT/2021-021 R saylı podrat müqavilələri imzalanmış, həmin müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 152522,26 manat məbləğində avans ödənilmiş, podrat müqavilələrinə xx.xx.2021-ci il tarixdə hər iki tərəfin qarşılıqlı razılığı ilə xitam verilmişdir. İddiaçı 26 fevral 2021-ci il tarixli, LA-PT/2021-020 saylı podrat müqaviləsinə əsasən işlərin görülməsi məqsədi ilə 33.926.00 manat avansın xx.xx.2021-ci il tarixində cavabdehin bank hesabına ödənildiyini, əlavə olaraq 26 fevral 2021-ci il tarixli, LA- PT/2021-021R saylı podrat müqaviləsinə əsasən xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində isə ümumi olaraq işlərin görülməsi üçün 118.596.27 manat məbləğində avans məbləğin cavabdehin bank hesabına ödənildiyini, lakin xx.xx.2021-ci il tarixli LA-PT/2021- 021R saylı podrat müqaviləsi üzrə ödədiyi 118596,27 manat avans məbləğindən, cavabehin cəmi 38808,02 manat dəyərində işlər gördüyünü, ona 79788,25 manat məbləği qaytarmalı olduğunu, xx.xx.2021-ci il tarixli LA-PT/2021-020R saylı podrat müqaviləsi üzrə ödədiyi 33926 manat avans məbləğindən, cavabdehin cəmi 8645,12 manat dəyərində işlər gördüyünü, ona 25280,88 manat məbləği geri qaytarmalı olduğunu iddia edir. Cavabdeh bu hissədə iddiaya etiraz edərək, avans məbləğinin ona gec ödənildiyi üçün müqavilə bağlanan zaman razılaşdırılmış qiymətlərlə deyil, işlərin faktiki icra edildiyi zaman mövcud olan bazar qiymətlərinin əsas götürülməli olduğunu, nəticədə cavabdehin iddiaçıya hər hansı borcunun olmadığını bildirir. Məhkəmə cavabdehin bu arqumenti ilə razılaşmır və bununla bağlı bildirir ki, tərəflər arasında imzalanmış müqavilələrin 2-ci bəndinə əsasən müqavilə ilə görülməsi nəzərdə tutulmuş işlərin qiyməti (müqavilənin ümumi qiyməti) müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolu ilə müəyyənləşdiriləcək. Bu müqavilə üzrə işlərin yerinə yetirilməsi zamanı müqavilə ilə razılaşdırılmayan hər hansı bir işin görülməsi zərurəti yaranarsa və bununla əlaqədar ödəniləcək muzdun miqdarında dəyişiklik edilməsi gərəkli olduqda, podratçı həmin işi icra etməzdən əvvəl bu barədə qabaqcadan sifarişçiyə məlumat verməli, dəyişikliklər barədə müvafiq olaraq müqaviləyə əlavə saziş tərtib edilməlidir. Birtərəfli edilmiş dəyişiklik və əlavələrin hüquqi qüvvəsi yoxdur və sifarişçinin razılığını almadan görülmüş hər hansı işin haqqı ödənilmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə üzrə görüləcək işlərə dair yalnız bir qiymət razılaşma protokolu tərtib edilmiş, sonradan ona hər hansı əlavə və ya dəyişiklik edilməmişdir. Belə ki, adıçəkilən müqavilələrin əlavələri olan qiymət razılaşma protokollarına əsasən sifarişçi podratçıya ödənişi bank qarantiya təqdim etdiyi halda avans olaraq 50 %, qalan məbləği isə gördüyü işin həcmindən asılı olaraq əsas müqavilənin tələbləri nəzərə alınmaqla təhvil qəbul aktına əsasən nağd və ya köçürmə yolu ilə ödəyir. İddiaçı tərəfindən Məhkəməyə təqdim edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli əvvəlcədən ödənişin (avans) geri qaytarılması qarantiyalarına əsasən hazırkı qarantiyalar avans ödənişlərinin ödənildiyi gündən qüvvəyə minir və xx.xx.2021-ci il tarixədək qüvvədədirlər. Materiallardan görünür ki, cavabdeh tərəfindən bank qarantiyası iddiaçıya xx.xx.2021-ci il tarixdə təqdim edilmiş, iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci ildə 28750,85 manat, xx.xx.2021-ci ildə 5175,15 manat, xx.xx.2021-ci ildə 29661,02 manat, xx.xx.2021-ci ildə 5338,98 manat, xx.xx.2021-ci ildə 70844,29 manat, xx.xx.2021-ci ildə 12751,97 manat məbləğində avans ödənilmişdir. Bundan əlavə, podrat müqavilələrinə tərəflərin qarşılıqlı razılığı əsasında xx.xx.2021ci il tarixdə xitam verilmiş, cavabdeh iddiaçıya olan 105069,13 manat borcunu xx.xx.2021ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Əlavə olaraq tərəflər arasında hər iki müqavilə üzrə görülmüş işlərə dair xx.xx.2021ci il tarixdə təhvil-təslim aktı imzalanmış, görülmüş işlərin ümumi dəyəri 48269,23 manat qeyd edilmiş, müqaviləyə xitam razılaşmaları, habelə qeyd olunan təhvil aktı cavabdeh tərəfindən təsdiq edilmiş, həqiqiliyi də Məhkəmə araşdırması zamanı mübahisələndirilməmişdir. Məhkəmə cavabdehin təqdim etdiyi xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı ilə bağlı bildirir ki, həmin təhvil aktı tərəflərin nümayəndələri, habelə möhürlə təsdiqlənməmiş, bundan əlavə cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmin təhvil aktının dəqiq olmadığını və natamam tərtib edildiyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında podrat müqavilələri bağlanmış, iddiaçı həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, nəticədə həmin müqavilə üzrə iddiaçıya 105069,13 manat borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin podrat müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilələr üzrə iddiaçıya ümumilikdə 105069,13 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən 105069,13 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh Məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə verərək, göstərmişdir ki, Mülki Məcəllənin 776.1-ci madəsinə görə sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Göründüyü kimi tərəflər arasında müqavilə münasibətləri xx.xx.2021-ci il tarixdə yaranmış və həmin müqaviləyə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Podrat müqaviləsi üzrə Mülki Məcəllədə mövcud olan xüsusi maddi hüquq normalarına diqqət yetirdikdə müəyyən olunur ki, bu tip mübahisələr üzrə Mülki Məcəllənin 776.1-ci maddəsi tətbiq olunur. Həmin maddəyə nəzər yetirdikdə görünür ki, icranın qüsuru barədə iddia müddət 1 il müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 1 illik iddia müddəti ötürülmüşdür. Qeyd edilənlərə əsasən iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə razılaşmır və qeyd edir ki, hazırkı iddia tələbi podratçı tərəfindən görülmüş işlərin qüsurları ilə bağlı deyil, podratçı tərəfindən müqavilədə nəzərdə tutulan işin vaxtında icra edilməməsi nəticəsində iddiaçı qarşısında yaranmış borcunun ödənilməsi tələbi ilə bağlıdır. Bu səbəbdən iddiaçının hazırkı iddia tələbinə 3 illik iddia müddəti şamil edilməlidir. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Materiallardan görünür ki, cavabdeh iddiaçıya olan borcunu xx.xx.2021-ci il tarixə qədər ödəməyi öhdəsinə götürmüş, lakin həmin öhdəliklər cavabdeh tərəfindən icra edilmədiyi üçün iddiaçı xx.xx.2022-ci il tarixdə hazırkı mübahisə ilə bağlı mediasiya təşkilatına, iddia ərizəsi ilə isə xx.xx.2022-ci il tarixdə Məhkəməyə müraciət etməklə, qanunla nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməmişdir. Məhkəmə iddia tələbinin ikinci hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 5253 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. İddiaçı iddia tələbində cavabdehdən hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 5253 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən 5253 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olubolmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır. Məhkəmə iddia tələbinin üçüncü hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən borcun ödənilməsinin gecikdirilməsinə görə 10000 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi tələbini də irəli sürmüşdür. Belə ki, 10000 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddia həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 105069.13 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 400 manat dövlət rüsumu cavabdehə, 11 manat məbləğində dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 105069,13 (bir yüz beş min altmış doqquz manat on üç qəpik) manat pul və ödənilmiş 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi veriləkdən ödənilmiş 11 (on bir) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova