Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-580/2021 05.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil4, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndə və vəkilləri Vəkil1, Vəkil2 və Vəkil3 iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı yaşayış, qeyri-yaşayış sahələrinin, qarajların naturada təhvil verilməsi və cavabdehin üzərinə müqavilə öhdəliklərinin icra edilməsi vəzifəsinin qoyulması tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı yaşayış, qeyri-yaşayış sahələrinin, qarajların naturada təhvil verilməsi və cavabdehin üzərinə müqavilə öhdəliklərinin icra edilməsi vəzifəsinin qoyulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçı İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh (MMC) arasında bağlanmış 23 iyul 2008-ci il tarixli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi, 1058-ci məhəllədə yerləşən 17264,5 m torpaq sahəsi üzərində inşa olunmuş 10 girişli, 13 mərtəbəli yaşayış binasından Cavabdeh MTK tərəfindən təhvil verilməmiş 18837,99 m yaşayış, 11551,42 m qeyri-yaşayış sahələrinin və 213 ədəd qarajın İddiaçı MMC-yə naturada təhvil verilməsi; 21408,85 m yaşayış, 12816,62 m qeyriyaşayış sahələrinin və 274 ədəd qarajın İddiaçı MMC-nin mülkiyyətinə verilməsi ilə bağlı Cavabdeh MTK-nın üzərinə 23 iyul 2008-ci il tarixli podrat müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərinin icra edilməsi vəzifəsinin qoyulması; vəkil Bürosuna hüquqi yardıma görə ödənilmiş 1020 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat olmaqla, cəmi 1050 pulun cavabdehdən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (sonradan MTK) ilə İddiaçı MMC arasında ilkin olaraq 18 yanvar 2008-ci il tarixdə bağlanılmış Podrat müqaviləsinə əsasən sifarişçi Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi, 1058-ci məhəllədə yerləşən 17264,5 kv.m sahədə 10 girişli, çoxmərtəbəli yaşayış binalarını podratçı İddiaçı MMC öz vəsaiti hesabına layihələndirilməsini, tikməsini və həmin binaların bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirəcəyini öhdəsinə götürmüş və tikilən bütün yaşayış və qeyri-yaşayış sahələrinin 25%-nin sifarişçinin (Cavabdeh MMC-nin), 75%-nin isə İddiaçı MMC-nin mülkiyyətinə verilməsi razılığına gəlinmişdir. Sonradan 18.01.2008-ci il tarixli Müqaviləyə hər iki tərəf yenidən baxaraq, müqaviləyə dəyişiklik edərək, 23 iyul 2008-ci il tarixli Podrat müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən sifarişçi Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi, 1058-ci məhəllədə yerləşən 17264,5 kv.m sahədə 10 girişli, çoxmərtəbəli yaşayış binalarını podratçı İddiaçı MMC öz vəsaiti hesabına layihələndirilməsini, tikməsini və həmin binaların bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirəcəyini öhdəsinə götürmüş, eyni zamanda həmin Podrat müqaviləsinin 1.2-ci bəndinə əsasən podratçı tərəfindən qeyd olunan işlər lazımi qaydada tam başa çatdıqdan sonra, həmin binanın bütün yaşayış və qeyri-yaşayış sahələri daxil olmaqla ümumi sahəsinin 10% (on) faizini sifarişçi Cavabdeh MMC-nin, 90% (doxsan) faizinin isə podratçı İddiaçı MMC-nin mülkiyyətinə verilməklə bölünməsi barədə tərəflər razılığa gəlmişlər. Müqavilənin 3-cü bəndində müqavilə üzrə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi ilə bağlı xərclərin podratçı tərəfindən ödənilməsi müəyyən edilmişdir. Qeyd olunan müqavilənin 6-cı bəndində podratçının məsuliyyəti, 7-ci bəndində isə sifarişçinin məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı MMC cavabdehlə aralarında bağlanmış 23 iyul 2008-ci il tarixli Podrat müqaviləsi üzrə üzərinə götürdüyü bütün işləri yüksək keyfiyyətlə başa çatdırmış və sifarişçi Cavabdeh MMC tərəfindən yerinə yetirilmiş işlər qəbul edilmiş, sifarişçinin təqdim etdiyi şəxslərin mülkiyyətlərinə verilməsi ilə bağlı ilkin sənədlər təqdim olunmuş və həmin şəxslərin adlarına rəsmiləşdirilərək müvafiq Çıxarışlar alınmasnı, eyni zamanda cavabdeh MTK-nın adından satışı həyata keçirsə də, Cavabdeh MTK bu günədək qüvvədə olan Podrat müqaviləsi üzrə sifarişçi kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, razılaşdırılmış payın podratçı İddiaçı MMC-yə tam ödənilməsini təmin etməmiş və müxtəlif bəhanələrlə bundan yayınmışdır. Hansı ki, qüvvədə olan 23.07.2008-ci il tarixli Podrat müqaviləsinin 1.1-ci bəndinə əsasən İddiaçı MMC yaşayış binasının tikməsini həyata keçirməklə yanaşı, həmin binaların bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirməli idi. Amma faktiki tikilib təhvil verilmiş bütün yaşayış və qeyri-yaşayış sahəsinin satışını cavabdeh özü həyata keçirmişdir. 23 iyul 2008-ci il tarixli Podrat müqaviləsinin tələblərinə uyğun olaraq İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi, 1058-ci məhəllədə yerləşən 17264,5 m2 sahədə 56516,5 m2 yaşayış, 13215,8 m2 qeyri-yaşayış, cəmi 69732,3 m2 mənzil və qeyri-yaşayış və ümumi sahəsi 11700,0 m2 olan 305 ədəd qaraj tikilmiş və Cavabdeh MMC həmin müqavilənin şərtlərinə zidd olaraq faktiki 24489,64 m2 yaşayış, 12873,0 m2 qeyri-yaşayış sahəsi və ümumi sahəsi 9360,0 m2 təşkil edən 244 ədəd qaraja sahiblənmişdir. Tərəflər arasındakı mövcud 23 iyul 2008-ci il tarixli Podrat müqaviləsinin şərtlərinə əsasən Cavabdeh MMC-yə 5651,65 m2 yaşayış sahəsi, 1321,58 m2 qeyri-yaşayış sahəsi və ümumi sahəsi 1170,0 m2 olan 31 ədəd qaraj ödənilməli idi. Göründüyü kimi Cavabdeh MMC müqavilədə göstəriləndən yaşayış sahəsi üzrə 18837,99 m2, qeyri-yaşayış sahəsi üzrə 11551,42 m2 və qaraj üzrə 213 ədəd artığına sahiblənmişdir. Bundan sonra, yuxarıda qeyd olunduğu kimi, cavabdeh təqdim olunan yaşayış və qeyriyaşayış sahələrinin Cavabdeh MTK-nın adından ayrı-ayrı şəxslərə satışını həyata keçirərək, satdığı yaşayış və qeyri-yaşayış sahələri ilə həmin şəxslərə DƏDRX-dən müvafiq Çıxarışın verilməsini təmin etmişdir. Cavabdeh MTK ilə aramızda olan 23.07.2008-ci il tarixli müqaviləyə əsasən cavabdeh ümumilikdə yaşayış və qeyri-yaşayış sahəsinin 90%-ni İddiaçı MMC-yə ödəməli olduğu halda, müqavilənin bu şərtinə əməl etməmiş, yaşayış sahəsinin 43,3%-ni, qeyri yaşayış sahəsinin 97,4 %-ni və qarajın 80,0%ni faktiki olaraq satışını artıq həyata keçirməklə ayrı-ayrı şəxslərin mülkiyyətlərinə verilməsini təmin etmiş, müqavilədə nəzərdə tutulmuş yaşayış və qeyri-yaşayış sahəsinin nə naturada, nə də satışını həyata keçirdiyi hissəsinndən əldə etdiyi gəlirin müqaviləyə uyğun hissəsinin İddiaçı MMC-yə ödənilməsini təmin etməmişdir. Əksinə cavabdeh faktiki İddiaçı MMC-nin istifadəsindəki 2570,86 m2 sahədən ibarət olan 25 ədəd mənzilin, sahəsi 1265,2 m2 olan qeyri-yaşayış sahəsinin və 61 ədəd qarajın sənədləşdirilməsinə, yəni mülkiyyətinə verilməsinə süni maneələr yaratmaqla, sifarişçi kimi hüququndan sui-istifadə edir. Faktiki İddiaçı MMC-nin istifadəsində olan 2570,86 m2 yaşayış və 1265,2 m2 qeyriyaşayış sahəsi ümumi tikintinin 5,5 faizini təşkil edir. Cavabdeh MTK müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini qalan hissədə təmin etmir və faktiki istifadələrində olan hissədə isə yaşayış və qeyri-yaşayış sahələri üzrə mülkiyyət hüququ verən Çıxarışın alınmasına əngəllər yaratmaqda davam edir. İddiaçı MMC tərəfindən 23.07.2008-ci il tarixli podrat müqaviləsi ilə müəyyən edilmiş öhdəliklər tam olaraq yerinə yetirilmişdir. Qüvvədə olan 23.07.2008-ci il tarixli podrat müqaviləsi üzrə Cəmiyyətə yaşayış, qeyri-yaşayış sahəsi verilməli olmasına dair öhdəlik cavabdeh MTK tərəfindən 18837,99 m2 yaşayış sahəsi, 11551,42 m2 qeyri-yaşayış sahəsi və 213 ədəd qaraja dair hissədə bu günədək icra olunmadığından, Cəmiyyətə külli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, cavabdeh vaxtında müqavilə öhdəliyini icra etsəydi və ya onun dəyərini ödəsəydi, İddiaçı MMC əldə olunan (30389,41 m2 sahədən ibarət yaşayış və qeyri-yaşayış sahəsinin və 213 ədəd qarajın naturada ödənildiyi təqdirdə onun satışından əldə olunan gəlirdən, yaxud da razılaşdırılmış ölçüdə sahənin dəyərini real şəkildə ödənilməsi təmin edilsəydi) gəlirdən ötən bu 8 il ərzində istifadə etməklə, iki-üç dəfə çox gəlir əldə edə bilərdi. İddiaçı MMC-nin nəzdində ictimai iaşə mərkəzi fəaliyyət göstərir, həmçinin Cəmiyyət kommersiya fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, Cəmiyyətin maddi bazası göstərilən fəaliyyətlə məşğul olmaq imkanından məhrum edilmiş və gəlir əldə etməsi mümkün olmamışdır. Qeyd edilən binanın tikintisi zamanı su, elektrik enerjisi, kanalizasiya, rabitə, qaz verilişi ilə bağlı texniki şərtlər İddiaçı MMC tərəfindən alınmış və bütün xərc də Cəmiyyət tərəfindən ödənilmişdir. Bundan başqa, 2008-2011-ci illər üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi tərəfindən yoxlanılmış, əlavə hesablanmış 4156465,48 manat vəsait və tətbiq edilmiş 1291632,96 manat məbləğində maliyyə sanksiyası, ümumilikdə 5448098,44 manat pul vəsaiti İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilmişdir. 19.04.2008-ci il tarixdən 28.02.2020-ci il tarixədək olan dövr ərzində Cəmiyyət tərəfindən X3 ilə hesablanmış əlavə vəsaitlər və maliyyə sanksiyaları da daxil olmaqla 7444027,60 manat vergi məbləği dövlət büdcəsinə ödənilmişdir. "xxxx" MTK İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin təmin olunmayaraq rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi, 1058-ci məhəllədə yerləşən 17264,5 m2 torpaq sahəsi üzərində inşa olunmuş 10 girişli, 13 mərtəbəli ümumi sahəsi 81.867,58 m2 olan yaşayış binasının yaşayış sahəsindən 11.918 m2 hissəsinin, ümumi sahəsi 13.215 m2 qeyri-yaşayış sahəsindən 3303 m2 hissəsinin "xxxx" MTK -ya naturada təhvil verilməsi vəzifəsinin, eləcə də 11.918 m2 yaşayış, 3.303 m2 qeyri-yaşayış sahəsinin "xxxx" MTK-nın mülkiyyətinə verilməsi ilə bağlı 23 iyul 2008-ci il tarixli podrat müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərinin icra edilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması, habelə Vəkil Bürosuna hüquqi yardıma görə ödənilmiş 220,0 manat və dövlət rüsumu üçün ödənilmiş 30,0 manat, cəmi 250 manat pulun qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi - Cavabdeh MMC ilə Podratçı - İddiaçı MMC arasında 18 yanvar 2008-ci il tarixli Podrat müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, “Podratçı” Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi, 1058-ci məhəllədə yerləşən, 17264,5 m2 sahəsində 10 girişli çoxmərtəbəli yaşayış binalarını öz vəsaiti hesabına layihələndirəcək, tikəcək və həmin binaların bütün yaşayış və qeyri-yaşayış sahələrinin satşını həyata keçirəcəkdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu Müqavilənin 1.1-ci bəndində qeyd edilmiş işlər lazımi qaydada tam başa çatdıqdan sonra, həmin binanın bütün yaşayış və qeyri-yaşayış sahələri daxil olmaqla, ümumi sahəsinin 25 (iyirmi beş) faizi Sifarişçinin, 75 (yetmiş beş) faizi isə Podraçının mülkiyyətinə verilməklə Tərəflər arasında bölünəcəkdir. Həmin Müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq, bu Müqavilənin müddəti bu Müqavilənin 1.2-ci bəndində qeyd edilmiş işlər bitənədək müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, müqavilə üzrə nəzərdə tutulmuş hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının tikintisinə başlama müddətinin 10.04.2008-ci il, tikintinin bitmə tarixinin isə 30.08.2011-ci il müəyyən edilməsinə baxmayaraq, qarşılıqlı iddia üzrə cavabdehin təqsiri üzündən həmin müddətə əməl edilməmiş, Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi, 1058-ci məhəllədə yerləşən, yuxarıda adı çəkilən tikinti işləri tam başa çatdıqdan və mənzil sahiblərinin çoxsaylı narazılıqları əsasında, onun tərəfindən müvafiq sənədlər bizə təqdim edildikdən sonra, 01.07.2019-cu il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura komitəsi tərəfindən çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi qərara alınmışdır. Yuxarıda adı çəkilən çoxmənzilli yaşayış binasının artıq istismara verilməsinə və tərəflərindən çoxsaylı müraciətlər edilməsinə baxmayaraq, qarşılıqlı iddia üzrə cavabdeh tərəflər arasında bağlanmış 18 yanvar 2008-ci il tarixli Podrat müqaviləsinin 1.2 və 2.1-ci bəndlərinə müvafiq olaraq, üzərinə götürdüyü öhdəlikləri tam icra etməyərək, bizə aid olan yaşayış və qeyri-yaşayış sahələrinin hazırkı vaxtadək Müqavilə şərtlərinə müvafiq qaydada bizə təqdim olunmasını təmin etməmişdir. Belə ki, ümumi sahəsi 81867,58 m2 olan inşa edilmiş çoxmənzilli yaşayış binasının 56.516 m yaşayış sahəsindən 14129 m2 hissəsi, ümumi sahəsi 12873 m2 qeyri-yaşayış sahəsindən 3303 m2 hissəsi bizə verilməli olduğu halda, yalnız yaşayış sahəsindən 2211 m2 hissə şirkətə təqdim edilmiş, qalan hissə isə təhvil verilməmişdir. O da qeyd olunmalıdır ki, əldə etdikləri məlumata əsasən, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən inşa edilmiş yaşayış binalarının onlara aid olan hissəsi də onun tərəfindən özlərinə yaxın olan adamların adına rəsmiləşdirilmişdir ki, burada da məqsəd həmin sahələrin onlara təqdim edilməməsindən ibarətdir. İddiaçı MMC tərəfindən onlara ünvanlanmış 08 oktyabr 2020-ci il tarixli pretenziya məktubunda 18 yanvar 2008-ci il tarixli Podrat müqaviləsinə istinad edilərək tələblər həmin müqviləsində nəzərdə tutulmuş öhdəliklər üzrə irəli sürülsə də, Bakı Kommersiya Məhkəməsinə təqdim edilmiş iddia ərizəsində 23 iyul 2008-ci il tarixli Podrat müqaviləsi əsas götürülmüşdür ki, bu da pretenziya tələbləri ilə iddia tələbləri arasında uyğunsuzluq və ziddiyyət təşkil edir. Digər tərəfdən, İddiaçı MMC tərəfindən bütün müvafiq vergi və digər məcburi dövlət ödənişləri 18 yanvar 2008-ci il tarixli Podrat müqaviləsinə əsasən həyata keçirilmişdir. Tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icra edilməsi istiqamətində dəfələrlə qarşılıqlı iddia üzrə cavabdehə etdikləri şifahi müraciətlərə, eləcə də pretenziya məktubu təqdim etmələrinə baxmayaraq, İddiaçı Podrat Müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınır ki, onun da belə hərəkətləri nəticəsində, hazırda şirkət külli miqdarda maddi ziyan çəkməkdədir. Daha sonra ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi, 1058-ci məhəllədə yerləşən 17264,5 m2 torpaq sahəsi üzərində inşa olunmuş 10 girişli, 13 mərtəbəli ümumi sahəsi qarajlarla birlikdə 81867,58 m2 olan yaşayış binasının yaşayış sahəsindən 11804 m2 hissəsinin Cavabdeh MTK-ya naturada təhvil verilməsi vəzifəsinin, eləcə də 11804 m2 yaşayış sahəsinin Cavabdeh MTK-nın mülkiyyətinə verilməsi ilə bağlı 18 yanvar 2008-ci il tarixli podrat müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərinin icra edilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulması, habelə vəkil bürosuna hüquqi yardıma görə ödənilmiş 220 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat, cəmi 250 manat pulun qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq Cavabdeh MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndə və vəkilləri ilkin iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, ilkin iddianın təmin və qarşılıqlı iddianın isə əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndə və vəkilləri qarşılıqlı iddianı müdafiə edib, qarşılıqlı iddia ərizəsində göstərilənləri təsdiq edərək, qarşılıqlı iddianın təmin və ilkin iddianın isə əsassız olduğundan rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, Cavabdeh əvvəlki qanuni təmsilçisi olmuşdur. İddiaçı MMC-nin rəhbərliyi ilə aralarında qarşılıqlı etibar var idi. İşlərin çoxluğu ilə əlaqədar olaraq onun tərəfindən imzalanmış boş vərəqlər verilmişdir. Razılşmaya əsasən pay bölgüsü 25-75 faiz nisbətində olmuşdur. Tərəflər araasında 18.01.2008-ci il tarixli müqavilədən başqa müqavilə bağlanılmamışdır Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını, şahid ifadəsini dinləyib, iş üzrə araşdırma apararaq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Cavabdeh MTK tərəfindən təqdim edilmiş İddiaçı MMC ilə müxtəlif fiziki şəxslər arasında müxtəlif tarixlərdə bağlanmış müqavilələrdən və İddiaçı MMC tərəfindən tərtib edilərək verilmiş müxtəlif tarixli maliyyə arayışlarından görünür ki, İddiaçı MMC Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi, 1058-ci məhəllədə yerləşən sözügən müqavilələrdə qeyd edilmiş mənzilləri müxtəlif fiziki şəxslərlə alqı-satqı etmiş və mənzillərin dəyərləri alıcılar tərəfindən tam şəkildə ödənilmişdir. - İddiaçı MMC ilə Cavabdeh MTK arasında bağlanmış 15 aprel 2008-ci il tarixli müqavilədən görünür ki, MMC Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında yerləşən İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında tikilməkdə olan 110A saylı binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 161 m2 (yol tərəfi) olan qeyri-yaşayış sahəsini Cavabdeh MTK-ya verməyi, Cavabdeh MTK isə həmin sahəni qəbul etməyi və müəyyənləşdirilmiş sahə haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı MMC tərəfindən tərtib edilmiş 15 aprel 2008-ci il tarixli Maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh MTK tərəfindən İddiaçı MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında yerləşən 110A saylı binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 161 m2 olan qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir. Bu sahə üzrə heç bir borc yoxdur. - 22 dekabr 2015-ci il tarixli İddiaçı MMC payçılarının ümumi iclasının 458 nömrəli protokolundan Çıxarışda qeyd olunmuşdur ki, Cavabdeh MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında yerləşən 110A saylı binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 161 m2 olan qeyri-yaşayış sahəsinin payçısı olması təsdiq edilsin. - İddiaçı MMC ilə Cavabdeh MTK arasında bağlanmış 20 aprel 2008-ci il tarixli, QY02 nömrəli müqavilədən görünür ki, MMC Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında yerləşən İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında tikilməkdə olan 110C saylı binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 1013,6 m2 olan qeyri-yaşayış sahəsini Cavabdeh MTK-ya verməyi, Cavabdeh MTK isə həmin sahəni qəbul etməyi və müəyyənləşdirilmiş sahə haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı MMC tərəfindən tərtib edilmiş 20 aprel 2008-ci il tarixli Maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh MTK tərəfindən İddiaçı MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında yerləşən 110C saylı binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 1013,6 m2 olan qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir. Bu sahə üzrə heç bir borc yoxdur. - 22 dekabr 2015-ci il tarixli İddiaçı MMC payçılarının ümumi iclasının 457 nömrəli protokolundan Çıxarışda qeyd olunmuşdur ki, Cavabdeh MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında yerləşən 110C saylı binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 1013,6 m2 olan qeyri-yaşayış sahəsinin payçısı olması təsdiq edilsin. - İddiaçı MMC ilə Cavabdeh MTK arasında bağlanmış 20 aprel 2008-ci il tarixli, QY03 nömrəli müqavilədən görünür ki, MMC Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında yerləşən İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında tikilməkdə olan 110C saylı binanın 2-ci girişinin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 399,2 m2 olan qeyri-yaşayış sahəsini Cavabdeh MTK-ya verməyi, Cavabdeh MTK isə həmin sahəni qəbul etməyi və müəyyənləşdirilmiş sahə haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı MMC tərəfindən tərtib edilmiş 20 aprel 2008-ci il tarixli Maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh MTK tərəfindən İddiaçı MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında yerləşən 110C saylı binanın 2-ci girişinin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 399,2 m2 olan qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir. Bu sahə üzrə heç bir borc yoxdur. - 22 dekabr 2015-ci il tarixli İddiaçı MMC payçılarının ümumi iclasının 456 nömrəli protokolundan Çıxarışda qeyd olunmuşdur ki, Cavabdeh MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında yerləşən 110C saylı binanın 2-ci girişinin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 399,2 m2 olan qeyri-yaşayış sahəsinin payçısı olması təsdiq edilsin. - İddiaçı MMC ilə Cavabdeh MTK arasında bağlanmış 19 aprel 2008-ci il tarixli, QY004 nömrəli müqavilədən görünür ki, MMC Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında yerləşən İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında tikilməkdə olan 110C saylı binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 3182,2 m2 olan qeyri-yaşayış sahəsini Cavabdeh MTK-ya verməyi, Cavabdeh MTK isə həmin sahəni qəbul etməyi və müəyyənləşdirilmiş sahə haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı MMC tərəfindən tərtib edilmiş 19 aprel 2008-ci il tarixli Maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh MTK tərəfindən İddiaçı MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında yerləşən 110B saylı binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 3182,2 m2 olan qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir. Bu sahə üzrə heç bir borc yoxdur. - 22 dekabr 2015-ci il tarixli İddiaçı MMC payçılarının ümumi iclasının 457 nömrəli protokolundan Çıxarışda qeyd olunmuşdur ki, Cavabdeh MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə 1058 ünvanında yerləşən 110B saylı binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 3182,2 m2 olan qeyri-yaşayış sahəsinin payçısı olması təsdiq edilsin. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2021-ci il tarixli, 5/815-4/1056-5/829 saylı ekspert rəyindən görünür ki, 1) tədqiqata təqdim edilmiş 23 iyul 2008-ci il tarixli Podrat müqaviləsinin çap mətni elektrofotoqrafik çap qurğusunda (lazer printerdə) çap edilmişdir. 2) Təqdim edilmiş 23 iyul 2008-ci il tarixli Podrat müqaviləsinin 1-2-ci və 3-cü vərəqlərindəki çap mətni tərtibatına və şriftlərinin ölçülərinə görə fərqlənirlər. 3) Tədqiq olunan podrat müqaviləsinin 1-2-ci vərəqləri və 3-cü vərəqləri müxtəlif printerlərdə çap olunmuşdurlar. 4) Təqdim edilmiş müqavilənin vərəqləri ilkin tikilmiş vərəqlər deyildir, vahid bir müqavilənin vərəqlərini təşkil etmir. 5) Tədqiqata təqdim edilmiş 23 iyul 2008-ci il tarixli Podrat müqaviləsinin birinci vərəqinin aşağı sol tərəfində əvvəlcə imza icra edilmişdir, sonradan çap mətni çap edilmişdir. 6) Rəyin tədqiqi hissəsinin 4-cü bəndində göstərilən səbəbə görə qərarda göstərilən “Müqavilənin 1-2-ci səhifələri ilə 3-cü səhifənin eyni kompüter sənədi ilə və ya printer ilə eyni vaxta çap edilib-edilməməsi müəyyən edilsin” sualı üzrə tədqiqat aparılmadı. 7) Ekspertizaya təqdim edilmiş Cavabdeh MTK ilə İddiaçı MMC-nin adlarında olan 23 iyul 2008-ci il tarixli Podrat müqaviləsinin 1-2-ci vərəqlərin aşağı sol tərəfindəki imzalar və 3-cü vərəqdə “Sifarişçinin adından” qrafasındakı imza öz aralarında – eyni bir şəxs tərəfindən icra olunmuşdur. - İddiaçı MMC tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış 08 oktyabr 2020-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh MTK-dan podrat müqaviləsinə uyğun olaraq 7 (yeddi) gün müddətində İddiaçı MMC-yə düşən payı təhvil verməsi, həmin payla faktiki istifadələrində olan pay hissəsinə mülkiyyət hüququnun əldə edilməsi üçün tələb olunan sənədlərin təqdim edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. - Cavabdeh MTK tərəfindən cavabdeh İddiaçı MMC-yə ünvanlanmış 26 oktyabr 2020-ci il tarixli pretenziya məktubunda qeyd olunmuşdur ki, podrat müqavilə üzrə götürdüyünüz öhdəliklərin icra edilməsi Sizin məsuliyyətiniz altında olduğundan, həmin binanın bütün yaşayış və qeyri-yaşayış sahələri daxil olmaqla, ümumi sahəsinin 25 (iyirmi beş) faizinin müvafiq təsdiqedici sənədlərlə və təhvil-təslim aktı ilə 10 (on) gün ərzində onlara təqdim edilməsinin təmin edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İlk iddia üzrə iddiaçının nümayəndələri tərəflər arasında 2008-ci ildə iki müqavilənin bağlandığını (yanvar və iyul aylarında) bildirmiş, hər iki müqavilənin 1.2-ci bəndi istisna olmaqla, müqavilənin qalan bütün bənd və müddəaların eyni olduğunu, ikinci müqavilənin bağlanması ilə birinci müqavilənin qüvvədən düşdüyünü bildirmişlər. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndələri tərəflər arasında yalnız 2008-ci ilin yanvar ayında müqavilə bağlandığını, iyul ayında bağlanmış müqavilədən məlumatları olmadığını bildirmişlər. 2008-ci ilin yanvarında bağlanmış müqavilə məhkəməyə təqdim olunmamışdır. Lakin tərəflər həmin müqavilənin aralarında bağlandığını mübahisələndirməmişlər. Məhkəmə iclasında 2008-ci ildə hər iki tərəfin qanuni təmsilçiləri olmuş, müqaviləni imzalayıb möhür vuran Ş.Mehdiyev və H.Məmmədov bildirdilər ki, tərəflər arasında razılaşma olmuşdur ki, ümumi sahənin 25 faizi sifarişçinin, 75 faizi isə podratçının mülkiyyətinə verilməklə, tərəflər arasında bölünəcək. Tərəflərin hər ikisi də bunu belə qəbul etmişlər. Ekspert rəyindən göründüyü kimi, 23 iyul 2008-ci il tarixli Podrat müqaviləsinin 1-2-ci və 3-cü vərəqlərindəki çap mətni tərtibatına və şriftlərinin ölçülərinə görə fərqlənirlər. Tədqiq olunan podrat müqaviləsinin 1-2-ci vərəqləri və 3-cü vərəqləri müxtəlif printerlərdə çap olunmuşdur. Təqdim edilmiş müqavilənin vərəqləri ilkin tikilmiş vərəqlər deyildir, vahid bir müqavilənin vərəqlərini təşkil etmir. Tədqiqata təqdim edilmiş 23 iyul 2008-ci il tarixli Podrat müqaviləsinin birinci vərəqinin aşağı sol tərəfində əvvəlcə imza icra edilmişdir, sonradan çap mətni çap edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, təqdim olunan 23 iyul 2008-ci il tarixli podrat müqaviləsi tərəflərin razılaşdırılmış iradə ifadəsinin nəticəsi deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 390.1.-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İlk iddia tələbini 23 iyul 2008-ci il tarixli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi, 1058-ci məhəllədə yerləşən 17264,5 m torpaq sahəsi üzərində inşa olunmuş 10 girişli, 13 mərtəbəli yaşayış binasından Cavabdeh MTK tərəfindən təhvil verilməmiş 18837,99 m yaşayış, 11551,42 m qeyri-yaşayış sahələrinin və 213 ədəd qarajın İddiaçı MMC-yə naturada təhvil verilməsi; 21408,85 m yaşayış, 12816,62 m qeyri-yaşayış sahələrinin və 274 ədəd qarajın İddiaçı MMC-nin mülkiyyətinə verilməsi ilə bağlı Cavabdeh MTK-nın üzərinə 23 iyul 2008-ci il tarixli podrat müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərin icra edilməsi vəzifəsinin qoyulması təşkil edir. Qarşılıqlı iddia tələbi Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi, 1058-ci məhəllədə yerləşən 17264,5 m2 torpaq sahəsi üzərində inşa olunmuş 10 girişli, 13 mərtəbəli ümumi sahəsi qarajlarla birlikdə 81867,58 m2 olan yaşayış binasının yaşayış sahəsindən 11804 m2 hissəsinin Cavabdeh MTK-ya naturada təhvil verilməsi vəzifəsinin, eləcə də 11804 m2 yaşayış sahəsinin Cavabdeh MTK-nın mülkiyyətinə verilməsi ilə bağlı 18 yanvar 2008-ci il tarixli podrat müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərinin icra edilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulmasından ibarətdir. 23.07.2008-ci il tarixli müqavilənin tərəflərin iradə ifadəsini əks etdirməməsi qənaətinə gəlməklə yanaşı qeyd olunmalıdır ki, bağlanmış müqavilələrdən və verilmiş müxtəlif tarixli maliyyə arayışlarından görünür ki, göstərilən ünvanda yerləşən mənzillər müxtəlif fiziki şəxslərə satılmış, mənzillərin dəyərləri alıcılar tərəfindən tam şəkildə ödənilmiş, mənzillərə dair çıxarışlar verilmişdir. Hər iki iddiaçı inşa olunmuş 10 girişli, 13 mərtəbəli yaşayış binasında özgəninkiləşdirilməmiş hansı yaşayış, qeyri-yaşayış sahələrinin təhvil verilməli olduğu, lakin təhvil verilmədiyini göstərməmiş, buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hər iki iddia rədd olunmalıdır. Eləcə də, hər iki iddia hüquqi yardıma ödənilmiş məbləğlərin cavabdehdən tutulması hissəsində də təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hər iki iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 62 (altmış iki) manat məbləğində pulun 31 manat hissəsi İddiaçındən, 31 manat hissəsi isə Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilməsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 62 (altmış iki) manat məbləğində pulun 31 manat hissəsi İddiaçındən, 31 manat hissəsi isə Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-580/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-580/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver