Məhkəmə qərarları › İş №e-2-2(113)-5926/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5926/2022

13.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5926/2022 13.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehin “internetdə iddiaçının adından qanunsuz olaraq istifadənin dayandırılması və dəymiş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X1 Komitəsi cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən internetdə iddiaçının adından qanunsuz olaraq istifadə etməyi dayandırmaları və Cavabdeh tərəfindən bu kimi qeyri-qanuni davranışlar nəticəsində, həmçinin Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və X1 Komitəsi öz üzərinə düşən vəzifələri effektiv şəkildə həyata keçirmədiyi üçün dəymiş zərərə görə iddiaçıya 20000 manat, hüquqi yardım üçün 100 manat, mediasiya üçün 200 manat, yol xərci 120 manat olmaqla, ümumilikdə 20420 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC olaraq xüsusi tibbi fəaliyyət ilə məşğuldurlar. Şirkət öz fəaliyyət sahəsində ölkədə böyük uğurlar qazanmışdır. Qazanılan uğurların nəticəsidir ki, camaat arasında işgüzar nüfuzları yüksəkdir və çoxlu sayda müştəriləri vardır. Lakin son zamanlar Cavabdeh qanunsuz əməlləri nəticəsində iddiaçının işgüzar nüfuzuna və müştərilər qarşısındakı etibarına böyük zərər vurulmuşdur. Buna görə lazımi tədbirlər görülməli və şirkətə dəymiş zərərin əvəzi ödənilməlidir. İşin halları ilə bağlı qeyd edilir ki, Cavabdeh öz fəaliyyətini genişləndirmək üçün iddiaçının adından qanunsuz olaraq istifadə edir. Belə ki, “Google” axtarış sisteminə iddiaçı şirkətin adını yazdıqda Cavabdeh adı və “Kind eşitmə mərkəzi - Pulsuz Müayine” başlıqlı paylaşımı ortaya çıxır. Həmin paylaşımda qeyd olunur: “24 ay faizsiz şərtlərlə, ayda cəmi 19 manatdan, üstəlik 2 il rəsmi zəmanətlə əldə edin. Son məlumatla təchiz olunmuş məkanda yoxlanışdan keçin. Münasib qiymetler.” Bunun nəticəsidir ki, iddiaçı şirkətə dəyən zərər gündən-günə artır. Kommersiya şirkəti olaraq fəaliyyətləri ilə əlaqədar əmtəə nişanı şəhadətnaməsi də daxil olmaqla qanunvercilik ilə tələb olunan bütün sənədlər mövcuddur. Belə ki, patent sənədi İddiaçı MMC adının iddiaçıya məxsus olmasının və qanunvericiliklə həmin adın qorunmasının sübutudur. Cavabdeh qanunsuz olaraq yerləşdirdiyi paylaşımının nəticəsidir ki, tibbi fəaliyyəti zamanı iddiaçı şirkət bir sıra problemlərlə üzləşir. Belə ki, həmin paylaşımla əlaqədar iddiaçı şirkətə hər gün onlarla adam zəng vurub kredit götürmək istədiklərini və bununla bağlı şərtləri onlardan soruşurlar. İddiaçı şirkət də öz işi ilə yanaşı bu kimi zəngləri cavablandırmaq məcburiyyətində qalır. İddiaçı şirkətin əməkdaşları tərəfindən həmin şəxslərə şirkətin kredit borcu verməklə deyil, tibbi fəaliyyət ilə məşğul olduğu bildirildikdə şirkəti saxtakarlıqda günahlandırırlar. Həmçinin də bildirilir ki, axtarış sistemində iddiaçının adından istifadə edilərək qeyd olunmuş pulsuz müayinə başlığına görə bu günə kimi yüzlərlə vətəndaş öz etirazlarını bildirmişdir. Etiraz edərkən iddiaçıdan onu tələb edirlər ki, onları pulsuz müayinə və müalicə etsinlər. İddiaçı şirkətin fəaliyyətinin ödənişli olduğunu dedikdə isə onlardan hüquq mühafizə orqanlarına şikayət edəcəklərini bildirirlər. Bu kimi qeyri-qanuni əməllərin nəticəsində xalq arasında belə bir yalnış tendensiya yaranmışdır ki, İddiaçı MMC pulsuz müayinə həyata keçirən, kredit verən təşkilatdır. Nəticədə işgüzar nüfuza və müştərilər qarşısındakı etibara böyük zərər vurulmuşdur. Həmçinin Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və X1 Komitəsi öz üzərinə düşən vəzifələri effektiv şəkildə həyata keçirmir. Əgər Komitə üzərinə düşən vəzifələri effektiv şəkildə yerinə yetisə idi, Cavabdeh tərəfindən bu kimi qeyri-qanuni davranışlar sərbəst şəkildə həyata keçirilə bilməzdi. Göründüyü kimi, Cavabdeh tərəfindən bu kimi qeyri-qanuni davranışlar nəticəsində, həmçinin Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və X1 Komitəsi öz üzərinə düşən vəzifələri effektiv şəkildə həyata keçirmədiyinə görə iddiaçı şirkətə böyük zərər dəymişdir. Daha sonra İddiaçı MMC Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdilməsi” barədə ərizə verərək, Cavabdeh tərəfindən internetdə iddiaçının adından qanunsuz olaraq istifadə etməyi dayandırmaları və Cavabdeh tərəfindən bu kimi qeyri-qanuni davranışlar nəticəsində iddiaçının işgüzar nüfuzuna dəymiş mənəvi zərərə görə 10000 (on min) manat, maddi zərərə görə 10000 (on min) manat, həmçinin hüquqi yardım üçün 100 manat, mediasiya üçün 200 manat, çəkilmiş yol xərci üçün 120 manat olmaqla, ümumilikdə 20420 (iyirmi min dörd yüz iyirmi) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində Cavabdeh tərəfindən internetdə onların adlarından qanunsuz olaraq istifadə etməyi dayandırmağı və Cavabdeh tərəfindən bu kimi qeyri-qanuni davranışlar nəticəsində, həmçinin Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə öz üzərinə düşən vəzifələri effektiv şəkildə həyata keçirmədiyi üçün dəymiş zərərə görə bizə 20000 manat, hüquqi yardım üçün 100 manat, mediasiya üçün 200 manat, yol xərci 120 manat ümumilikdə 20420 manat məbləğində pul ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, guya cavabdeh qanunsuz olaraq iddiaçının adından istifadə edir. Belə ki, “Google” axtarış sistemində iddiaçı şirkətin adını yazdıqda Cavabdeh MMC-nın adı, həmçinin də müxtəlif kredit şərtləri, pulsuz müayinə kimi ifadələr çıxır. Məhkəmənin nəzərinə çatdırılır ki, cavabdeh qətiyyən iddiaçının hüquqlarını pozacaq, onun işgüzar nüfuzuna xələl gətirəcək hərəkətlərə yol verməmişdir və iddiaçının bu iddiası tamamilə əsassızdır. Belə ki, iddiaçı qeyd etdiyi halları və cavabdeh tərəfindən onun işgüzar nufuzuna necə xələl gəlməsi, habelə maddi zərərə məruz qalması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ümumiyyətlə “Google” axtarış sisteminin işləmə mexanizminə gəldikdə isə bildirilir ki, bu platformada ödənişli reklam sistemi var, hansı ki, istənilən şəxs, sahibkarlıq subyekti müvafiq qaydada ödəniş etməklə həmin üstünlükdən yararlana bilər. Cavabdeh şirkət də hər zaman öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qaydada tutmuş, heç bir zaman başqa bazar subyektlərinin hüquqlarını pozmamış, tamamilə qanun çərçivəsində öz əmtəə nişanını və fəaliyyətini reklam etmişdir. Həmçinin cavabdeh kimi digər bazar subyektləri də, o cümlədən iddiaçı da sözügedən paltformada müvafiq qaydada ödəniş etməklə öz əmtəə nişanını və xidmətini reklam edə bilər. Ancaq bir daha diqqətə çatdırılır ki, cavabdeh qətiyyən iddiaçının hüquqlarını pozmamış, nə onun əmtəə nişanından, nə də onun xidmətindən öz iradəsi daxilində bu və ya digər məqsədlər üçün istifadə etməmişdir. Hətta diqqət yetirilsə, bir çox hallarda “Google” axtarış sistemində axtarış verərkən ilk qrafalarda fərqli məlumatlar çıxır və hər zaman bu kimi məlumatların yuxarı sol küncündə “reklam” (“реклама”) ifadəsi də işlədilir ki, bu da sırf “Google” şirkətinin özünün yaratdığı alqoritm nəticəsində baş verir və buna nəinki cavabdeh, ümumiyyətlə heç bir internet istifadəçisi müdaxilə etmək imkanına malik deyildir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinə etiraz etdi və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, sübutları məcmu halda qymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş 2019 0866 nömrəli Şəhadətnamədən görünür ki, iddiaçıya İddiaçı adı ilə əmtəə nişanı verilmiş və əmtəə nişanın qüvvədə olma müddəti xx.xx.2029-cu il tarixədək qeyd olunmuşdur. - İddiaçı tərəfindən cavabdehə 29 sentyabr 2022-ci il tarixdə pretenziya məktubu göndərilərək, iddiaçının adından qanunsuz olaraq istifadə etməyi dayandırmaqlarını və dəymiş zərərə görə iddiaçıya 20000 manat məbləğində pulun ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, iddiaçı cavabdeh tərəfindən iddiaçının adından qanunsuz olaraq istifadə edilməsinin dayandırılması və dəymiş zərərə görə iddiaçıya pulun ödənilməsini tələb etmişdir. İddiaçı sübut qismində “Google” axtarış sistemindən çıxarışların kserosurətlərinə istinad edərək əmtəə nişanı iddiaçıya məxsus “Kind Səs eşitmə mərkəzi” sözlərinin axtarışa verildiyi zaman cavabdehə məxsus “www.otomed.az” veb saytının daxilində “Kind eşitmə mərkəzi” sözlərinin qeyd edildiyini bildirmişdir. Cavabdehin nümayəndəsi və vəkili iddiaçı tərəfindən təqdim edilmiş həmin sübutun həqiqiliyinə şübhə etdiyini bildirmişdir. Tərəflərin iştirakı ilə keçirilmiş məhkəmə baxış iclası zamanı “Google” axtarış sistemində “Kind Səs eşitmə mərkəzi” sözləri axtarışa verilsə də, axtarışın nəticəsi iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi kserosurətdə əks olunmuş məzmunda olmamışdır. İddiaçı iddia tələbini təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmiş və cavabdeh tərəfindən internetdə iddiaçının adından qanunsuz olaraq istifadə edilməsi sübuta yetirilməmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, cavabdeh internetdə iddiaçının adından qanunsuz olaraq istifadə etsə də, artıq bir neçə müddətdir ki, həmin istifadəni dayandırmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbində qeyd edilənlərin mövcudluğunu təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmadığından iddia rədd olunmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar