Məhkəmə qərarları › İş №e-2-2(113)-6033/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6033/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6033/2023 07.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul və digər tələblərinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər KE/64130/83/22 saylı, xx.xx.2021 tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 24019,41 manat əsas, 4072,89 manat faiz borcunun, cəmi 28092,3 manat borcun və tərəfimizdən ödənilmiş 200 manat dövlət rüsumunun tutulmasını, yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdeh - Cavabdeh3 məxsus olan Bakı şəh, Qaradağ ray, Qobustan qəs, 4-cü yaşayış massivi, Neftalı küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində olan 41 saylı fərdi yaşayış evi ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və digər şəxslərin əmlakdan çıxarılması və əmlakı boşaldaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İpoteka haqqında qanunun 59.3, 59.3.1 və 59.4-cü maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, pul və tələbin ipoteka predmetinə yönəlməsi hissəsində iddiaya kommersiya mübahisəsi ilə bağlı mülki icraat qaydasında baxıldığı halda, iddiaçının ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və digər şəxslərin əmlakdan çıxarılması və əmlakı boşaldaraq banka təhvil verməsi hissəsində tələbə məhkəmədə baxılmalı deyil, belə ki, “İpoteka haqqında” qanuna əsasən tutma məhkəmə qərarına əsasən mənzilə yönəldiyi təqdirdə artıq yeni məhkəmə qərarı olmadan icra sənədi əsasında mənzildə yaşayan şəxslər məcburi qaydada 10 təqvim günü müddətində yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdırlar. Göründüyü kimi iddia ərizəsində məhkəmə baxılmalı olan və olmayan tələblər, yəni bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmışdir. Bundan başqa məhkəmə İddiaçı ASC-nin diqqətinə çatdırır ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixdə (elektron məhkəmə sistemi vasitəsi ilə müəyyən edilib) öldüyünə görə və həmin şəxsin hüquqi varisi müəyyən edilməyənə qədər məhkəməyə iddia ərizəsi ilə müəraciət edilməsi mümkün deyil. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul və digər tələblərinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı ASC -yə izah edilsin ki, ölmüş Cavabdeh3 hüquqi varisi müəyyən edildikdən sonra kommersiya mübahisəsi ilə bağlı mülki icraat qaydasında baxılması mümkün olan tələblə yenidən məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar