Məhkəmə qərarları › İş №e-2-2(113)-6100/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6100/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6100/2025 21.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat münasibətləri, görülmüş işlərə görə muzdun ödənilməsi, qanuni faiz) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (İddiaçı MMC) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01 fevral 2023-cü il tarixli müqavilə üzrə 216 385,71 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 11720,89 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 520 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 01 fevral 2023-cü il tarixində 54/23/S saylı müqavilə bağlanmışdır. Müqavilə üzrə iddiaçı icraçı, cavabdeh isə sifarişçidir. Müqaviləyə əsasən, iddiaçı kondisioner və havalandırma sistemi avadanlıqlarını montaj edərək (material daxil) cavabdehə təhvil verməli, cavabdeh isə məhsulu və xidmətləri qəbul edib dəyərini müqavilənin ayrılmaz hissəsi olan əlavələrdəki (əlavə 01 – əlavə 07) razılaşdırılmış qiymətlərə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, əlavələrdə materialların və xidmətlərin adları, miqdarı və qiymətinə dair məlumat əks etdirilir. Xidmətlərin razılaşdırılması tərəflər arasında əlavələrin imzalanması və möhürlənməsi ilə rəsmiləşdirilir və belə əlavələr müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Əlavələrin bu və ya digər adla adlandırılması onların mahyyətini dəyişmir və bu bənddə göstərilən qaydada rəsmiləşdirildiyi halda hər iki tərəfdən imza və möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir. 2.2. Müqaviləyə uyğun olaraq icraçı ilə sifarişçi arasında 07 ədəd əlavədə işlərin və xidmətlərin həcmi, dəyəri, ödəniş qaydası razılaşdırılaraq imzalanmışdır. Müqavilə və onun əlavələrində nəzərədə tutulmuş, sifarişçi tərəfindən hər bir əlavə ilə materialı, iş və xidmətləri razılaşdırılmış sifarişlər icraçı tərəfindən vaxtında, yüksək keyfiyyətlə icra edilərək sifarişçiyə təhvil verilmişdir. Hər bir əlavə üzrə sifariş edilmiş material, iş və xidmətlər sifarişçi tərəfindən qəbul edilmiş və buna dair tərəflər arasında “yerinə yetirilmiş işlərin qəbul akt”ları (2 №-li Forma) imzalanmışdır. Yerinə yetirilmiş işlərin/satılmış malların qəbul aktlarına əsasən cavabdeh iddiaçıya 2023-cü il üzrə 980 703,05 manat, 2024-cü ildə isə 452 324,16 manat olmaqla 2023-2024-cü illər üzrə cəmi – 1 433 027,21 manat məbləğində pul ödəməli idi. Sifarişçi hal-hazıradək iddiaçıya 1 216 641,50 manat pul ödəmiş, 216 385,71 manat məbləği isə ödəməmişdir. İddiaçı tərəfindən 2 №-li Formalara uyğun olaraq göndərilmiş e-vergi hesab-fakturaları cavabdeh tərəfindən icra olunmamışdır. 2.3. Hazırda xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdehin iddiaçıya 216 385,71 manat ödənilməmiş borcu vardır. İcraçı tərəfindən borcun ödənilməsi xahişi ilə sifarişçiyə dəfələrlə şifahi və yazılı müraciətlər olunmuşdur. Cavabdeh tərəfindən qalmış borc məbləğinin ödəniləcəyinə vəd verilmiş, lakin hazırkı vaxtadək qeyd edilən məbləğdə borcun ödənilməsi təmin olunmamışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən AVİS vasitəsilə cavabdehə “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, pulun ödənilməsi”nə dair təkliflə (pretenziya) müraciət olunmuş, 216 385,71 manat borcun ödənilməsi xahiş olunmuşdur. Lakin cavabdeh tərəfindən göstərilmiş müddətdə təklifə (pretenziyaya) cavab verilməmişdir. İddiaçı tərəfindən öz materiallarını sərf etməklə montaj olunmuş, quraşdırılmış bütün avadanlıqlar, xidmətlər və işlər cavabadeh tərəfindən qəbul edilmiş, 2023 – 2024-cü illərdə göndərilmiş e-qaimələr cavabdeh tərəfindən qəbul olunaraq, böyük əksəriyyəti icra edilmişdir. Bəzən maliyyə çətinliyini səbəb gətirərək ödənişlərdə müəyyən qədər ləngimələr olsa da, ümumən, cavabdeh tərəfindən 1 216 641,50 manat pulun ödənilməsi, bütün görülmüş işlərin, malların və xidmətlərin dəyərinin ödəniləcəyinə, müqavilə öhdəliyinin yerinə yetiriləcəyinə şübhə yaratmamışdır. Lakin son 1 il ərzində cavabdehin öhdəliyini yerinə yetirməməsi, pretenziyaya və şifahi müraciətlərə cavab verməməsi, cavabdehin öz öhdəliklərinin icrasından yayınmasına dəlalət edir. 2.4. Həmçinin cavabdeh iddiaçının pul vəsaitini qanunsuz olaraq özündə saxladığına görə sonuncu 216 385,71 manat məbləğdən əlavə, 2024-cü ilin aprel ayından keçən müddət üçün həmin məbləğə illik 5% pul tələb etməkdə haqlıdır. İllik 5 faiz əlavə pul məbləği 11720,89 manat təşkil edir (216 385,71 x 5 % = 10819,28 manat (illik); 10819,28 manat (illik) : 12 ay = 901,68 manat; 901,68 manat x 13 ay = 11720,89 manat).

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 752.1, 753.1, 769-cu və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclalarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına, qanuni təmsilçisinin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Müqavilə üzrə əsas borcun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 01 fevral 2023-cü il tarixli 54\23\S nömrəli müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqaviləyə uyğun olaraq kondisioner və havalandırma sistemi avadanlıqlarının montaj olunaraq (material daxil) cavabdehin mülkiyyətinə verilməsini, cavabdeh isə məhsul və xidmətlərin qəbul edilərək müqaviləyə əlavədə göstərilən dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Adıçəkilən müqaviləyə xx.xx.2023-cü il tarixli 01 nömrəli, xx.xx.2023-cü il tarixli 02 nömrəli, xx.xx.2023-cü il tarixli 03 nömrəli, xx.xx.2024-cü il tarixli 05 nömrəli, 06 nömrəli və 07 nömrəli əlavə ilə ayrı-ayrı işlərin təsviri, ölçü vahidi, miqdarı qiyməti razılaşdırılmış, 01 – 03 nömrəli əlavələrdə göstərilən işlərin dəyərinin 80%-nin avans olaraq, 20%-nin işlər sona çatdıqdan sonra, 05 – 07 nömrəli əlavələrdə göstərilən işlərin dəyərinin isə 100%-nin avans olaraq köçürmə yolu ilə ödənilməsi şərtləşdirilmişdir. Hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş “forma-2” aktlarına əsasən 2024-cü ilin fevral ayından 2024-cü ilin iyul ayınadək ümumilikdə ƏDV daxil olmaqla 230 728,78 manat dəyərində iş təhvil alınmışdır.

11. İddiaçı 01 fevral 2023-cü il tarixli 54\23\S nömrəli müqavilə üzrə 230 728,78 manat məbləğində pulun tutulmasını tələb edir.

12. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən, məhkəmə iclaslarında iştirak etmir.

13. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

15. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

16. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

17. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

18. Əvvəla göstərilməlidir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən kondisioner və havalandırma sistemi avadanlıqlarının montaj olunaraq (material daxil) iddiaçıya təhvil verilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əlavələrdən həmin istiqamətdə ayrı-ayrı işlərin razılaşdırılması aydın olur. Bu isə hazırkı müqavilənin məhz podrat münasibətlərini ehtiva etdiyini deməyə əsas verir.

19. Bu baxımdan iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddəsi təşkil edir. Həmin Məcəllənin 752.1-ci maddəsinin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

20. İddiaçı hazırda mülki qanunvericilikdən irəli gələn görülmüş işin dəyərinin ödənilməsi hüququnu realizə edir.

21. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir. Lakin cavabdeh görülən işlərin dəyərini ödəməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

23. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

26. Beləliklə, məhkəmə qeyd edir ki, podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərini ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

27. Belə olan halda, 01 fevral 2023-cü il tarixli 54\23\S nömrəli müqavilə üzrə 216 385,71 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

b) Müqavilə üzrə qanuni faiz məbləğinin tutulması tələbi ilə bağlı

28. İddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq əsas borca illik 5 faizlə hesablanmış 11720,89 manat məbləğində pulun da tutulmasını tələb edir.

29. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (əvvəlki redaksiya).

30. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (hazırkı redaksiya).

31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

32. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.

33. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir.

34. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir. Göstərilən yanaşma – xəbərdarlığın göndərilməsi hələ qədim Roma hüququnda kreditor tərəfindən borcluya “interpellatio” göndərilməsi formasında məlum idi.

35. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur.

36. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış 01 fevral 2023-cü il tarixli 54\23\S nömrəli müqaviləyə 01 – 03 nömrəli əlavələrdə göstərilən işlərin dəyərinin 80%-nin avans olaraq, 20%-nin işlər sona çatdıqdan sonra, 05 – 07 nömrəli əlavələrdə göstərilən işlərin dəyərinin isə 100%-nin avans olaraq köçürmə yolu ilə ödənilməsi şərtləşdirilmişdir. Lakin faktiki olaraq həmin şərtlər tətbiq edilməmiş, əvvəlcə avansın ödənilməsi gözlənilmədən işlər görülmüş, ödənişlər daha sonra edilmişdir. Bu isə Mülki Məcəllənin 445.4-cü maddəsinin tətbiqini istisna edir.

37. İddiaçının xx.xx.2025-ci il tarixdə pulun tələb edilməsi barədə (10 gün müddətində) pretenziya məktubunu cavabdehə poçt rabitəsi vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixdən (10 gün vaxt nəzərə alınmaqla) müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmaqla iddiaçı tərəfindən hesablamanın aparıldığı xx.xx.2025-cü il tarixə qədər 22 gün üçün həyata keçirilməlidir.

38. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 652,12 manat (216 385,71 manat x 5% / 100 / 365 gün (1 günün faizi) * 22 gün (gecikdirilən gün sayı)) təşkil edir.

39. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 652,12 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

40. İddiaçı həmçinin ödənilmiş 520 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

41. İş materiallarında olan ********** nömrəli qəbz əsasında müəyyən olunur ki, 520 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.

42. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

43. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

45. İş materialları ilə müəyyən olunur ki, müqavilə üzrə borcun ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq bölüşdürülməlidir.

46. Beləliklə, göstərilənləri və iddianın qiymətinə uyğun dövlət rüsumunun məbləğini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 518,11 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə 216385,71 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 652,12 manat məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 518,11 manat Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar