Məhkəmə qərarları › İş №e-2-2(113)-6107/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6107/2022

05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6107/2022 05.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı Safaie Amirin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Safaie Amir cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 54.000 manat məbləğində borcun, 2700 manat məbləğində faiz borcunun və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat məbləğində haqqın, ümumilkdə 57.100 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı fərdi sahibkar Safaie Amirə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1” MMC ilə fərdi sahibkar Safaie Amir arasında bağlanılan xx.xx.2020-ci il tarixli subpodrat müqaviləsinə əsasən iddiaçı Xocasən qəsəbəsi ərazisində tikilən 13 saylı binada bina daxili tavan və divarların astar və üzlüklərin çəkilməsi və digər işləri yerinə yetirmiş və təhvil vermişdir. “X1” MMC tərəfindən görülən işlərə görə nəzərdə tutulmuş ödənişlər tam yerinə yetirməmiş və görülən işə görə xidmət haqqı tam ödəməmişdir. xx.xx.2020-ci il tarixli subpodrat müqaviləsinə xx.xx.2021ci il tarixli əlavə Razılaşma 1 bağlanmışdır. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən “X1” MMC, fərdi sahibkar Safaie Amir və "xxxx" ASC razılaşırlar ki, “X1” MMC-nin borc öhdəlikləri "xxxx" ASC-yə ötürülür. xx.xx.2021-ci il tarixli Əlavə Razılaşma 1-in 2-ci bəndinə əsasən razılaşmanın imzalanma tarixinə borcun 54.000 manat olduğunu qəbul edirlər. Razılaşma imzalandığı tarixdən qüvvəyə minmişdir. Keçən müddət ərzində cavabdehlə aparılan danışıqlar nəticə verməmiş, iddiaçının nə pretenziya ərizəsinə, nə də mediasiya təklifinə cavab verilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh podrat müqaviləsi ilə üzərinə düşən öhdəlikləri lazımı qaydada və vaxtında icra etmədiyindən, o, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçının tələbi həcmində gecikdirilmiş vaxt üçün 1 il müddətinə illik beş faizlə hesablanmış 2700 manat (54000,00/100*5=2700*1il=2700 Manat) məbləğində pul vəsaiti cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - “X1” MMC (podratçı) ilə Safaie Amir (subpodratçı) arasında bağlanmış 25 noyabr 2020-ci il tarixli AGCX 114/2020 saylı bağlanmış podrat müqaviləsindən görünür ki, həmin müqavilənin: 1-ci bəndinə əsasən subpodratçı, podratçının tələblərinə əsasən və smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə Xocasən qəsəbəsi ərazisində zəruri sosial-texniki strukturlu olan 810 ailə üçün yeni yaşayış məhəlləsində 9 mərtəbəli 13 nömrəli binanın tikintisi: bina daxili tavan və divarlara astar və üzlük şpaklyovkanın çəkilməsi, poduqaların quraşdırılması və s. işləri (müqavilənin ayrılma/ tərkib hissəsi sayılan Əlavə 1-də göstərilən işləri) yerinə yetirməyi, işi başa çatdırmağı və podratçıya tam hazır vəziyyətdə təhvil verməyi, subpodratçı isə subpodratçının gördüyü işin müqabilində bu Müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür. 4.1.4-cü bəndinə əsasən podratçı müqavilə ilə şərtləndirilmiş qaydada və müddətdə işləri yerində qəbul edərək dəyərini ödəyir. 4.2.1-ci bəndinə əsasən subpodratçı işləri tətbiq olunan standartlara, layihə cizgilərinə, işlərin icrası proqramına və texniki şərtlərə uyğun şəkildə qüsursuz, keyfiyyətlə və vaxtında icra edir və podratçıya təhvil verir. 14.1-ci bəndinə əsasən bu müqaviləyə edilən bütün əlavə və dəyişikliklər bu müqavilənin ayrılmaz tərkib hissəsidir. 14.2-ci bəndinə əsasən bu müqaviləyə edilən bütün əlavə və dəyişikliklər yalnız yazılı formada olduqda və tərəflərin səlahiyyətli şəxsləri ilə imzalandıqda və möhürləndikdə hüquqi qüvvəyə malikdir. 14.3-cü bəndinə əsasən heç bir tərəf öz hüquq və öhdəliklərini üçüncü tərəfə, qarşı tərəfin yazılı razılığı olmadan ötürə bilməz. Müqavilə podratçının imzası və möhürü, subpodratçının imzası ilə təsdiq edilmişdir. - "xxxx" ASC (birinci tərəf) X1” MMC (ikinci tərəf) Safaie Amir (üçüncü tərəf) arasında bağlanmış 02 avqust 2021-ci il tarixli AGCX 114/2020 nömrəli, xx.xx.2020-ci il tarixli müqaviləyə edilmiş 1 nömrəli Əlavə Razılaşmadan görünür ki, həmin razılaşmanın: 1-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, bu razılaşma imzalandığı tarixdən podratçı - “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilə üzrə borc öhdəlikləri (ƏDV xaric olmaqla) "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ötürülür. 2-ci bəndinə əsasən tərəflər eyni zamanda qəbul edirlər ki, müqavilə üzrə “X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Subpodratçı” - Safaie Amira bu razılaşmanın imzalanma tarixinə 54000 manat (ƏDV xaric) (əlli dörd min manat) məbləğində borcu mövcuddur. 3-cü bəndinə əsasən tərəflər razılaşırlar ki, müqavilə üzrə bu razılaşmanın 2-ci bəndindəki borc məbləği (ƏDV xaric olmaqla cəmi 54000 manat) "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Safaie Amirin bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək. Qeyd edilən ödəniş həyata keçirildikdən sonra X2 üzrə hər hansı tələb hüququndan imtina etmiş olur. 5-ci bəndinə əsasən bu razılaşma müqavilənin ayrılmaz tərkib hissəsidir, imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Razılaşma "xxxx" ASC və X1” MMC-nin imzası və möhürü, Safaie Amirin imzası ilə təsdiq edilmişdir. İddiaçı Safaie Amirin nümayəndəsi və vəkili Vəkil tərəfindən "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, ASC-dən podrat müqaviləsinə 1 saylı əlavə üzrə 54.000 manat məbləğində borcun 10 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Safaie Amir (subpodratçı) ilə “X1” MMC arasında 25 noyabr 2020-ci il tarixli AGCX 114/2020 saylı podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən subpodratçı müqavilədə nəzərə tutulmuş tikinti işlərini icra edib, podratçıya təhvil verməyi, podratçı görülmüş işlərin müqabilində həmin işlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 02 avqust 2021-ci il tarixdə "xxxx" ASC, “X1” MMC və Safaie Amir arasında AGCX 114/2020 saylı Müqaviləyə 1 saylı əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən tərəflər “X1” MMC-nin Safaie Amirə müqavilə üzrə 54.000 manat məbləğində borcu olmasını təsdiq etmiş və həmin borc öhdəliyinin cavabdeh "xxxx" ASC-yə verilməsi barədə razılığa gəlmişlər. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 522.1-ci və 522.2-ci maddəsinə görə kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Belə olan halda məhkəmə “X1” MMC-nin iddiaçı Safaie Amirə 25 noyabr 2020-ci il tarixli AGCX 114/2020 saylı podrat müqaviləsi üzrə 54.000 manat məbləğində borc öhdəliyinin kreditor (A.Safaie), əvvəlki borclu (“X1” MMC) və yeni borclu (Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC) arasında üçtərəfli müqaviləyə əsasən cavabdeh "xxxx" ASC-yə verildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı Safaie Amir sözügedən borcun cavabdeh "xxxx" ASC-dən tutulmasını tələb etməkdə haqlıdır. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 54.000 manat borcun ödənilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 2700 manat məbləğində faizlərin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Məhkəmə qeyd edir ki, hazırkı halda əvvəlki borclu “X1” MMC-nin razılaşmanın imzalandığı tarixə iddiaçı A.Safaie qarşısında 54.000 manat məbləğində ödənilməsi vaxtı çatmış pul öhdəliyinin olması iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı öhdəlikdə tərəfin dəyişdiyi tarixdən (xx.xx.2021-ci il) sonrakı bir illik müddət üçün ödənilməsi gecikdirilmiş məbləğə MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış 2700 manat məbləğində faizlərin də öhdəliyi qəbul edən şəxs – cavabdeh "xxxx" ASC-dən tutulmasını tələb etməkdə də haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən ƏDV xaric 54.000 (əlli dörd min) manat məbləğində borc, 2700 (iki min yeddi yüz) manat məbləğində faiz, cəmi 56.700 (əlli altı min yeddi yüz) manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Safaie Amira ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.. . Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar