Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6109/2022 14.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 57711,53 manat borcun, 2885,57 manat faiz borcunun və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat haqqın, 2000 manat xidmət haqqının, ümumilikdə 62997,00 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X1” MMC ilə "xxxx" MMC arasnda bağlanılan xx.xx.2020-ci il tarixli Subpodrat Müqaviləsinə əsasən Xocasən qəsəbəsi ərazisində tikilən 12 saylı binada binadaxili tavan və divarların astar və üzlüklərin çəklməsi və s. işlər yerinə yetirmişdir. İddiaçı tərəfindən Müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş və təhvil verilmişdir. “X1” MMC tərəfindən görülən işlərə görə nəzərdə tutulmuş ödənişlər qismən edilsə də, üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və görülən işə görə haqqı tam ödəməmişdir və bununla da borc qalmışdır. xx.xx.2020-ci il tarixli Subpodrat Müqaviləsinə xx.xx.2021-ci il tarixli Əlavə Razılşama 1 bağlanmışdır. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən “X1” MMC, "xxxx" MMC və "xxxx" ASC razılaşırlar ki, “X1” MMC-nin borc öhdəlikləri"xxxx" ASC-yə ötürülür. xx.xx.2021-ci il tarixli Əlavə Razılaşma 1-in 2-ci bəndinə əsasən razlaşmanın imzalanma tarixinə borcun 57711,53 manat olduğunu qəbul edirlər. 5-ci bəndə əsasən Razılşama imzalandığı tarixdən qüvvəyə minmişdir. Cavabdeh podrat müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada və vaxtında icra etmədiyindən, o, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, iddiaçı dəymiş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçının tələbi həcmində gecikdirilmiş vaxt üçün 1 il müddətinə illik beş faizlə hesablanmış 2885,57 manat (57711,53/100*5=2700*1il=2885,57 manat) məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6109/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə “X1” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində hazırkı iş üzrə icraata cəlb edilmişdir. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddia ərizəsində göstərilən 2000 manat xidmət haqqı hüquqi yardıma görə iddiaçı tərəfindən vəkilə ödənilmiş vəsaitdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: “X1” MMC (podratçı) ilə iddiaçı (subpodratçı) arasında bağlanmış 24 noyabr 2020-ci il tarixli AGCX 113/2020 saylı podrat müqaviləsinə əsasən subpodratçı podratçının tələblərinə əsasən və smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə Xocahəsən qəsəbəsi ərazisində zəruri sosial-texniki strukturlu olan 810 ailə üçün yeni yaşayış məhəlləsində 9 mərtəbəli 12 nömrəli binanın tikintisi: bina daxili tavan və divarlara astar və üzlük şpaklyovkanın çəkilməsi, poduqaların quraşdırılması və s. işləri (müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-də göstərilən işləri) yerinə yetirməyi, işi başa çatdırmağı və podratçıya tam hazır vəziyyətdə təhvil verməyi, podratçı isə görülmüş işin müqabilində bu müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.2.1-ci bəndinə əsasən müqavilə üzrə subpodratçıya ödəniləcək məbləğ hər ay subpodratçı tərəfindən hazırlanmış və podratçı tərəfindən təsdiqlənmiş faktiki görülmüş işlərin aktları (Forma-2, Forma-3) əsasında ödəniləcəkdir. Subpodratçı görülmüş işlərə dair aktları (Forma-2, Forma-3təqdim etdiyi gündən etibarən podratçı 5 iş günü ərzində həmin aktlara münasibətini bildirməlidir. Görülmüş işlərə dair aktlar (Forma- 2, Forma-3) podratçı tərəfdən təsdiqləndiyi təqdirdə, aktların təsdiq olunduğu gündən etibarən 10 iş günü ərzində müvafiq olaraq subpodratçıya ödəniş edilməsini təmin etməlidir. Podratçı 5 iş günü ərzində həmin aktlara münasibətini bildirməsə aktlar təsdiq edilmiş hesab ediləcəklər. İddiaçı (subpodratçı), cavabdeh və üçüncü şəxs “X1” MMC (podratçı) arasında bağlanmış 02 avqust 2021-ci il taixli AGCX 113/2020 nömrəli, xx.xx.2020-ci il tarixli müqailəyə 01 nömrəli əlavə razılaşmaya əsasən tərəflər razılaşırlar ki, bu razılaşma imzalandığı tarixdən podratçının müqavilə üzrə borc öhdəlikləri (ƏDV xaric olmaqla) "xxxx" ASC-yə ötürülür. Razılaşmanın 2-ci bəndinə əsasən tərəflər eyni zamanda qəbul edirlər ki, müqavilə üzrə “X1” MMC-nin subpodratçıya bu razılaşmanın imzalanma tarixinə 57711,53 manat (ƏDV xaric) məbləğində borcu mövcuddur. Razılaşmanın 3-cü bəndinə əsasən müqavilə üzrə bu razılaşmanın 2-ci bəndindəki borc məbləği (ƏDV xaric olmaqla cəmi 57711,53 manat) cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək. Qeyd edilən ödəniş həyata keçirildikdən sonra iddiaçı müqavilə üzrə hər hansı tələb hüququndan imtina etmiş olur. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış AGCX 113/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Müqaviləyə xx.xx.2021-ci il tarixli Əlavə Razılaşma 1-ə əsasən yaranmış 57711,54 manat məbləğində borcun, borca görə faizlərin, dəbbə pulun, əldən çıxmış fayda, müqavilədə nəzərdə tutulan digər ödənişlərin və borcun tələbi ilə əlaqədar xərclərin 10 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında podrat müqaviləsi və 01 nömrəli əlavə razılaşma bağlanmış, iddiaçı həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, nəticədə həmin müqavilə üzrə iddiaçıya 57711,53 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin Məcəllənin 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ümumilikdə 57711,53 manat əsas borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 57711,53 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 2885,57 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. İddiaçı iddia tələbində cavabdehdən hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 2885,57 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borclarının məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən əldən çıxmış fayda kimi 2885,57 manat pul tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır. Bundan başqa iddia ərizəsində 2000 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, materiallardan görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə “Hüquqi xidmətlərin göstərilməsinə dair” müqavilə imzalanmışdır. Həmin müqaviləyə həmin tarixli, 1 saylı Əlavədə xidmətlərin dəyəri olaraq 2000 manat (ƏDV xaric) müəyyən edilmişdir. Bank hesabından çıxarışa əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə (Vəkil) hüquqi yardımla bağlı 1000 manat vəsait ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsində hüquqi yardımla bağlı ödənilmiş 2000 manat vəsaitin ödənilməsi tələb edilsə də, yalnız 1000 manat hissəsinin ödənilməsinə dair sənəd təqdim edilmişdir, bundan əlavə Məhkəmə hazırkı iş üzrə 1000 manat hüquqi yardımla bağlı vəsaitin tutulmasını ağlabatan hesab edir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 57711,53 manat pul və 1000 manat hüquqi yardımla bağlı vəsait tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Materiallardan görünür ki, ilkin medasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 400 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-dən 57711,53 (əlli yeddi min yeddi yüz on bir manat əlli üç qəpik) manat pul, 1000 (bir min) manat hüquqi yardıma görə ödənilmiş vəsait və ödənilmiş 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-6109/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6109/2022
14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver