Məhkəmə qərarları › İş №e-2-2(113)-612/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-612/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-612/2023 06.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta müqaviləsi, əldən çıxmış fayda, mənəvi zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanan xx.xx.2021-ci il tarixli sığorta müqaviləsinə əsasən cavabdehin sığorta hadisəsi ilə əlaqədar ona dəymiş ziyana görə ödəməli olduğu 38444 manat məbləğində sığorta ödənişinin, 11 aylıq müddət ərzində əldən çıxmış faydaya görə itirdiyi 50000 manat məbləğin, həmçinin, 10.000 manat məbləğində dəymiş mənəvi zərərin, o cümlədən ödənilmiş 386 manat dövlət rüsumunun və mediasiya xərcləri üçün ödənilən 200 manatın, ümumilikdə 99.030 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında xx.xx.2021ci il tarixində sığorta müqaviləsi bağlanmış və bunun əsasında ona BB519557 nömrəli “Daşınmaz Əmlakın İcbari Sığortası” şəhadətnaməsi verilmişdir. Qeyd olunan bu sığorta şəhadətnaməsində mülkiyyətində olan daşınmaz əmlakın təyinatı müəyyən olunmuş və bunun əsasında 14.444 manat məbləğində sığorta məbləği müəyyən edilmişdir. Eyni zamanda cavabdehlə aralarında olan sığorta müqaviləsinə əsasən ona təqdim olunan AZ072589 saylı “əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsi” üzrə qoşma № 1-ə əsasən sığorta predmeti olan daşınan əmlakların dəyəri - ticarət malları 20.000 manat, mebel və digər avadanlıqlar 4000 manat olmaqla, cəmi 24.000 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, mülkiyyətində olan ərzaq mağazası cavabdeh tərəfindən ümumilikdə 38.444 manat sığorta ödənişi məbləğində sığortalanmışdır. 20 yanvar 2022-ci il tarixdə saat 13:33 radələrində Saatlı rayonu Çolpu kəndində yerləşən mülkiyyətində olan ərzaq-ticarət mağazasında elektrik naqillərində yaranmış qısa qapanma səbəbindən yanğın baş vermiş və yanğın hadisəsi səbəbindən ərzaq-ticarət mağazası ərzaq məhsulları və bütün avadanlıqlar ilə birlikdə tamamilə yanaraq məhv olmuşdur. Yanğın hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Əməliyyat - İstintaq İdarəsi tərəfindən araşdırma aparılmış və aparılmış araşdırmaya əsasən yanğın hadisəsi səbəbindən ona ümumilikdə 11520+28212=39732 manat ziyan dəydiyi müəyyən olunmuşdur. İndiyə qədər hadisə baş verən dükanında onun aylıq qazancı 4000-5000 manat aralığında, hətta mövsümi vaxtlarda bu məbləğ daha da çox olmuşdur, lakin 2022-ci ilin yanvarın 20-dən bu aylıq qazanclarından tamamilə məhrum olmuş, buna görə də, cavabdeh ona məxsus sığorta ödənişlərini vaxtında ödəmədiyi üçün yanğın baş verən tarixdən bu günə kimi ona dəyən zərər, yəni əldən çıxmış fayda ən azı 50.000 manat dəyərində olmuşdur. Həmçinin bütün bu göstərilənlərlə paralel əmlakına bu qədər zərər dəydikdən sonra, sığorta şirkəti tərəfindən ona ödənilməli olan sığorta məbləğinin ödənilməməsi, artıq bir ilə yaxındır ki, ərzaq dükanını istifadə edə bilməməyi ona ciddi mənəvi və psixioloji təsir etmişdir. Belə ki, məlum olduğu kimi, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bunun üçün də, bütün qeyd olunanları nəzərə alaraq ona vurulan mənəvi zərəri 10.000 manat məbləğində qiymətləndirir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sığorta müqavilələrini şəxsən özü imzalamış, sığorta haqqı tərəfindən cavabdehin nümayəndəsinə ödənilmiş, bu barədə qəbz verilsə də, həmin qəbz ona məxsus digər sənədlərlə birlikdə mağazada yanğında yanmış, hətta təqdim etdiyi sığorta müqavilələrinin də bir hissəsi göründüyü kimi yanğında zədələnmişdir.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Ş.Xudiyev iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sığorta hadisəsi baş verdikdən sonra daşınmaz və daşınar əmlak tərəflərindən qiymətləndirilmiş, tərəfə sığorta ödənişinin veriləcəyi ilə bağlı bildiriş verilmişdir, lakin sonradan məhkəmə araşdırması gedişində bu yaxınlarda tərəflərindən müəyyən edilmişdir ki, daşınmaz əmlakla bağlı müqavilə üzrə sığorta haqqı iddiaçı tərəfindən ödənilsə də, daşınar əmlakla bağlı ödəniş edilməmişdir. Bundan əlavə, sığorta müqavilələri, sığorta ödənişinin verilməsi ilə bağlı edilmiş müraciətdə (ərizə) olan imzaların bilavasitə iddiaçıya aid olması onlarda şübhə doğurur. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. AZ 072589 nömrəli əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsindən görünür ki, ünvan 1i ünvanında yerləşən ərzaq mağazası (əlavədə göstərilən daşınar əmlak) xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 24000 manat məbləğində sığortalanmışdır.

8. Qeyd olunan sığorta şəhadətnaməsinə 1 nömrəli qoşma sığorta məbləğinin bölgüsünə əsasən ticarət malları 20000 manat, digər avadanlıqlar 4000 manat olmaqla sığortalanmışdır.

9. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin 25 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 20 yanvar 2022-ci il tarixdə, saat 13:33-də Saatlı rayonu, Çolpı kəndində yerləşən vətəndaş İddiaçı məxsus ərzaq mağazasında baş vermiş yanğında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.

10. RAZ********** nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, 519557 nömrəli arayışa əsasən İddiaçı istifadəsində olan mağaza 14444 manat məbləğində sığortalanmışdır.

11. Cavabdeh tərəfindən iddiaçıya verilmiş sığorta ödənişinin verilməsinə dair bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində daşınar əmlaka dəymiş zərərin müəyyən edilməsi üçün hadisə yerinə sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert cəlb olunmuş, zərər çəkmiş daşınar əmlaka dair təqdim etdiyi elektron qaimələrə əsasən müstəqil ekspert tərəfindən daşınar əmlaka 5386 manat məbləğində zərər müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixli AZ/072589 seriya nömrəli sığorta şəhadətnaməsinin şərtlərinə əsasən şərtsiz azadolma məbləği 480 manat təşkil edir. Müqavilə şərtləri əsas götürülərək 480 manat azadolma məbləği müstəqil ekspert tərəfindən hesablanan zərər məbləğindən çıxarılaraq tərəflərindən 4906 manat sığorta ödənişi hesablanmış, həmin ödənişin faydalanan şəxsə birbaşa ödənilməsi mümkün hesab edilmişdir.

12. Cavabdeh tərəfindən iddiaçıya verilmiş sığorta ödənişinin verilməsinə dair bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində daşınmaz əmlaka dəymiş zərərin müəyyən edilməs üçün hadisə yerinə sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert cəlb olunmuş, müstəqil ekspertin xx.xx.2022-ci il tarixli rəinə əsasən daşınmaz əmlaka dəymiş zərər 5000 manat məbləğində müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixli BB519557 seriya nömrəli sığorta şəhadətnaməsinin şərtlərinə əsasən şərtsiz azadolma məbləği 100 manat təşkil edir. Müqavilə şərtəri əsas götürülərək 100 manat azadolma məbləği müstəqil ekspert tərəfindən hesablanan zərər məbləğindən çıxılaraq tərəflərindən 4900 manat sığorta ödənişi hesablanmış, ödənişin həyata keçirilməsi üçün müvafiq sənədlərin (şəxsiyyət vəsiqəsi və bank rekvizitləri) təqdim edilməsi təklif edilmişdir.

13. Azərbaycan Respublikası Mərkəzi Bankı Sığorta Sahəsində Yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestrində daxil edilmiş şəxs Məhkəmə Ekspertizası və Kriminalistika Bürosu” MMC tərəfindən verilmiş 16 aprel 2023cü il tarixli 272 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı istifadəsində olan Saatlı rayonu Çolpu kəndində yerləşən ümumi sahəsi 100 kv.metr olan mağazada xx.xx.2023cü il tarixdə baş vermiş yanğın nəticəsində 10316 manat məbləğində zərər dəymişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli 10/1372-9/140 nömrəli ekspert rəyindən görünür ki, Saatlı rayonu, Çolpı kəndində yerləşən İddiaçı məxsus ərzaq mağazasına tikinti üzrə dəymiş maddi ziyan 11617 manat təşkil edir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21 aprel 2022-ci il tarixli 10/1309 nömrəli ekspert rəyindən görünür ki, Saatlı rayonu, Çolpı kəndində yerləşən İddiaçı məxsus ərzaq mağazasına dəymiş zərər 11520 manat müəyyən edilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21 fevral 2022-ci il tarixli 9/1299 nömrəli ekspert rəyindən görünür ki, Saatlı rayonu, Çolpı kəndində yerləşən İddiaçı məxsus ərzaq mağazasında olan mallara dəymiş zərər 28212 manat müəyyən edilmişdir.

17. Belə ki, iddia tələbləri üç hissədən ibarətdir: 38444 manat məbləğində sığorta ödənişinin, 11 aylıq müddət ərzində əldən çıxmış faydaya görə hesablanmış 50000 manat məbləğin, həmçinin 10.000 manat məbləğində dəymiş mənəvi zərərin ödənilməsi.

18. Məhkəmə iddia tələblərinin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

21. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

22. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

23. 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.

24. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

25. İşin araşdırılan hallarından məlum olur ki, tərəflər arasında daşınmaz və daşınar əmlakın icbari sığortası müqaviləsi bağlanıldığı üçün sığorta hadisəsinin baş veribverməməsi halı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən müəyyən edilməlidir.

26. Həmin maddənin tələblərinə görə daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: yanğın, ildırım düşməsi (36.1.1); məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı (36.1.2); elektrik naqillərində baş verən qısa qapanma (36.1.3); buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı (36.1.4); su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyriyaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma (36.1.5); hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri (36.1.6); yerüstü nəqliyyat vasitəsinin dəyməsi (36.1.7); təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi (36.1.8); üçüncü şəxslərin hərəkətləri (36.1.9).

27. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 20 yanvar 2022-ci il tarixdə saat 13:33 radələrində Saatlı rayonu Çolpu kəndində yerləşən mülkiyyətində olan ərzaq-ticarət mağazasında elektrik naqillərində yaranmış qısa qapanma səbəbindən yanğın baş vermiş və yanğın hadisəsi səbəbindən ərzaq-ticarət mağazası ərzaq məhsulları və bütün avadanlıqlar ilə birlikdə tamamilə yanaraq məhv olmuşdur. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli 10/1372-9/140 nömrəli məhkəmə yanğın texniki ekspertizasının rəyinə əsasən Saatlı rayonu, Çolpı kəndində yerləşən İddiaçı məxsus ərzaq mağazasına tikinti üzrə 11617 manat, 21 fevral 2022-cü il tarixli 9/1299 nömrəli ekspert rəyindən görünür ki, Saatlı rayonu, Çolpı kəndində yerləşən İddiaçı məxsus ərzaq mağazasında olan mallara dəymiş zərər 28212 manat təşkil edir.

28. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə sığorta hadisəsinin baş verməsi sübut olunur. Ona görə də, iddiaçı, cavabdehdən sığorta ödənişinin verilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə sığorta hadisəsi baş verdiyinə görə cavabdehin iddiaçı qarşısında sığorta ödənişini vermək öhdəliyi yaranmışdır.

29. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, sığorta hadisəsi nəticəsində iddiaçıya dəymiş ziyan daşınmaz əmlak üzrə - 5000 manat, daşınar əmlak üzrə - 5386 manat təşkil edir.

30. Cavabdeh etirazının əsası kimi Məhkəməyə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 1309 və 1310 nömrəli rəylərini (i.v.78-79) təqdim etmişdir.

31. Cavabdehin istinad etdiyi həmin sənədlər məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz.

32. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən yazılı sənədlər sübut hesab olunur.

33. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.

34. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübut da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda ona qiymət verilməlidir.

35. Cavabdehin Məhkəməyə təqdim etdiyi sənədlər kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu sənədlər baş vermiş yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin onun təyinatı üzrə istifadə edilmədiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

36. Belə ki, adı çəkilən həmin rəylər verilərkən hansı tədqiqat obyektlərindən istifadə edilməsi, hansı materialların ekspertizaya təqdim edilməsi və ekspert tərəfindən hansı qaydada tədqiqatın aparılması müəyyən olunmur.

37. Bundan əlavə, cavabdehin özü tərəfindən Məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin 272 saylı, xx.xx.2023-cü il tarixli rəyində isə daşınar əmlaka dəymiş zərər 10316 manat müəyyən edilmişdir.

38. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sığorta hadisəsi nəticəsində iddiaçıya dəymiş zərər müəyyən edilərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli 10/1372-9/140 nömrəli və 21 fevral 2022-ci il tarixli 9/1299 nömrəli ekspert rəyləri əsas götürülməlidir.

39. Bundan əlavə, cavabdehin sonuncu məhkəmə iclasında tərəflər arasında bağlanmış sığorta müqavilələrinin bilavasitə iddiaçı tərəfindən imzalanmaması, habelə daşınar əmlakın sığorta müqaviləsi üzrə sığorta haqqının iddiaçı tərəfindən ödənilməməsi barədə dəlilləri ilə də Məhkəmə razılaşmır, belə ki, materiallardan görünür ki, iddia ərizəsi Məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olsa da, göstərilən müddət ərzində cavabdeh bu halları mübahisələndirməmiş, yalnız sonuncu məhkəmə iclasında bu xüsusatları bildirmiş, bundan əlavə i.v.75 və i.v.76-da olan sığorta ödənişinin verilməsinə dair bildirişlərdə isə cavabdeh tərəfindən iddiaçıya baş vermiş sığorta hadisəsi ilə əlaqədar olaraq sığorta ödənişlərinin verilməsinə razılıq verilmişdir.

40. Göstərilən arqumentlərin daha əvvəl bildirilməməsinin səbəbini isə cavabdeh ağlabatan şəkildə əsaslandıra bilməmişdir.

41. Beləliklə, materiallarda olan sübutlarla iddiaçıya məxsus ərzaq-ticarət mağazasına və orada olan daşınar əşyalara zərər dəyməsinin təsdiq olunması, həmin zərərin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəylərinə əsasən 11617 manat və 28212 manat müəyyən edilməsi iddianın sığorta ödənişinin tələb edilməsi hissəsində təmin edilməsi üçün əsas hesab edilməlidir. Çünki həmin zərərin məhz xx.xx.2022-ci il tarixdə və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsində göstərilən sığorta hadisəsi nəticəsində dəyməsi işin araşdırılan halları ilə sübut olunur.

42. Bununla yanaşı, iddiaçıya məxsus daşınar əşyalara sığorta hadisəsi nəticəsində 28212 manat zərər dəyməsi müəyyən edilsə də, materiallardan görünür ki, tərəflər arasında bağlanmış AZ 072589 nömrəli əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsindən görünür ki, ünvan 1i ünvanında yerləşən ərzaq mağazası (müqavilənin əlavəsində göstərilən daşınar əmlak) xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 24000 manat məbləğində sığortalanmışdır.

43. Bu səbəbdən azadolma məbləği çıxılmaqla, iddiaçıya məxsus daşınmaz əmlaka dəymiş zərərlə bağlı 11517 manat (11617 manat – 100 manat azadolma məbləği) və daşınar əmlaka dəymiş zərərlə bağlı 23520 manat (24000 manat – 480 manat azadolma məbləği) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

44. Məhkəmə iddia tələbinin ikinci, əldən çıxmış faydanın tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

45. Belə ki, MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

46. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

47. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

48. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

49. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

50. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

51. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

52. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

53. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

54. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

55. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

56. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

58. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

59. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

60. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 50000 manat məbləğindəəldən çıxmış faydanın tələb edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.

61. Belə ki, materiallarından görünür ki, iddiaçı iddia ərizəsində ona dəymiş mənəvi ziyanın əvəzi olaraq 10.000 manat pulun ödənilməsi tələbini də irəli sürmüşdür.

62. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

63. Belə ki, işin araşdırılan halları ilə cavabdeh tərəfindən iddiaçıya zərər vurulması halı müəyyən edilmədiyinə görə məhkəmə hesab edir ki, 10000 manat mənəvi ziyanın tutulması barədə iddia tələbi də təmin edilməməlidir.

64. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 35037 manat (23520 manat + 11517 manat) məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

66. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat manat dövlət rüsumu cavabdehə, qalan 185 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

56. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 35037 manat məbləğində pul və ödənilmiş 200 manat dövlət rüsumu, ümumilikdə 35237 (otuz beş min iki yüz otuz yeddi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 185 (bir yüz səksən beş) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar