Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6137/2025 11.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" firmasının Cavabdeh MMC-yə qarşı qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, tapşırıq) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı "xxxx" firmasının Cavabdeh MMC-yə qarşı qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 19744,80 manat məbləğində pulun və ödənilmiş 150 manat dövlət rüsumunun tutularaq "xxxx" Firmasına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, GTG” MMC ilə "xxxx" firması arasında “Sponsor reklamı xidmətlərinin göstərilməsi haqında” 18 oktyabr 2021-ci il tarixli, 06/S saylı müqavilə, daha sonra 03 yanvar 2022-ci il tarixli, 02/S saylı müqavilə bağlanmış, bundan sonra sonuncu müqaviləyə 26 fevral 2022-ci il və 01 may 2022-ci il tarixlərdə dəyişikliklər edilmişdir. Müqavilə üzrə GTG” MMC Sifarişçi,"xxxx" firması isə İcraçıdır. Müqavilənin 1-ci hissəsinə əsasən, İcraçı Sifarişçinin Sponsor qismində təqdim etdiyi və Müqaviləyə 1 saylı Əlavədə göstərilən sxem üzrə sponsor reklamı materiallarının “ARAZ RADİO” 103.3 FMdə “Düzgün Hərəkət” verilişində həftənin 5 iş günü 3 (üç) saat müddətində (saat 17.00-dan 20.00-a qədər) yerləşdirilməsi ilə bağlı xidmətlərin göstərilməsini öz üzərinə götürmüşdür. Sifarişçi isə həmin xidmətə görə razılaşdırılmış haqqı Müqavilənin 3-cü hissəsində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. 03 yanvar 2022-ci il tarixli müqavilə üzrə hər ay üçün xidmət haqqı 2500 (iki min beş yüz) manat, 26 fevral 2022-ci il tarixli dəyişikliklərdən sonra hər ay üçün xidmət haqqı 5000 (beş min) manat, 01 may 2022-ci il tarixli dəyişikliklərdən sonra isə hər ay üçün xidmət haqqı 2850 (iki min səkkiz yüz əlli) manat razılaşdırılmış, bu məbləğlərin üzərinə ƏDV-də hesablanması nəzərdə tutulmuşdur Aramızda olan hər iki müqaviləyə uyğun olaraq sifariş olunmuş müqavilədə nəzərdə tutulmuş xidmətlər icra edilmiş, hər iki müqaviləyə 1 saylı Əlavədə göstərilən sxem üzrə sponsor qismində təqdim etdiyiniz sponsor reklamı materialları “ARAZ RADİO” 103.3 FM-də “Düzgün Hərəkət” verilişində həftənin 5 iş günü 3 (üç) saat müddətində (saat 17.00-dan 20.00-a qədər) yerləşdirilmişdir. Hər ikimüqavilə üzrə icra edilmiş xidmətlərin dəyəri olaraq müqavilələrin icra müddəti bitənədək 6100 (altımin yüz) manat əsas məbləğ, 2898 (iki min səkkiz yüz doxsan səkkiz) manat ƏDV ödənilmişdir. Yaranmış borcun qalan hissəsi vaxtında ödənilmədiyindən bizim təşəbbüsümüzlə mediasiya prosesi başlanmış, Bakı 9 saylı Mediasiya Təşkilatında 23 noyabr 2023-cü il tarixli Barışıq sazişi imzalanmışdır. Bu Barışıq sazişindən sonra əsas borcdan daha 3000 (üç min) manatı ödənilmişdir. Bundan sonra ödəniş edilmədiyinə və Barışıq sazişində göstərilən icra müddəti keçdiyinə görə Bakı Kommersiya məhkəməsinə "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizə ilə müraciət etdik və məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ərizəni təmin edərək, Barışıq sazişini təsdiq etdi. Barışıq sazişində və məhkəmənin qətnaməsində göstərildiyi kimi, Cavabdeh MMC ilə "xxxx" firması arasında bağlanmış “Sponsor reklamı xidmətlərinin göstərilməsi haqında” 18 oktyabr 2021-ci il tarixli müqavilə, 06/S saylı və 03 yanvar 2022-ci il tarixli, 02/S saylı müqavilə (26 fevral 2022-ci il və 01 may 2022-ci il tarixli dəyişikliklərlə) üzrə yalnız 30 aprel 2022-ci il tarixədək göstərilən xidmətlərin haqqı həmin sazişdə və qətnamədə təsbit edilmişdir. Sonuncu müqavilənin icrası üzrə 01 may 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək göstərilmiş xidmətlərin haqqı da bu günədək ödənilməmişdir. Aramızda bağlanmış 03 yanvar 2022-ci il tarixli, 02/S saylı müqaviləyə edilmiş 01 may 2022-ci il tarixli dəyişikliklərdən və onların 1 saylı Əlavəsindən görünür ki, xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixləri aralığında göstərdiyimiz xidmətlərin haqqı olaraq Cavabdeh MMCnin yaranmış borcunun əsas məbləği 8550 (səkkiz min beş yüz əlli) manat və 1539 (bir min beş yüz otuz doqquz) manat ƏDV-dən ibarətdir. Həmin borc bu günədək bizə ödənilməmişdir. Cavabdehlə danışıqlarımızda yuxarıda göstərilən borc məbləğinin ödəniləcəyinə dair vəd verilmsinə baxmayaraq, hazırkı vaxtadək cavabdeh tərəfindən öhdəliyi icra edilməmişdir. xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixləri aralığında göstərdiyimiz xidmətlər xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli təhvil-təsil aktları ilə təsdiq olunsa da, yuxarıda göstərilən 8550 (səkkiz min beş yüz əlli) manat əsas məbləğ və 1539 (bir min beş yüz otuz doqquz) manat ƏDV məbləği ödənilməmiş qalmışdır. Yuxarıda istinad etdiyim müqavilənin 5.3-cü bəndinə əsasən, bu müqavilənin 3.1-ci bəndində göstərilən ödəniş müddətinin pozulmasına görə ödənişin gecikdirilməsinin birinci günündən başlayaraq, gecikdirilmiş hər təqvim günü üçün ödənilməmiş məbləğdən 0,1% (sıfır tam onda bir faiz) həcmində dəbbə pulu ödəməsi haqqında İcraçının Sifarişçiyə yazılı tələb irəli sürmək hüququ vardır. Sifarişçi dəbbə pulunu İcraçının yazılı tələbiəsasında ödəyir. Bu bəndə uyğun olaraq tərəfinizdən ödənişi gecikdirilmiş xidmət haqqına görə indiyədək hesablanan dəbbə pulunun məbləği 9655,8 manat (doqquz min altı yüzəlli beş manat, 80 qəpik) olmuşdur. Qeyd edirik ki, cavabdehə xx.xx.2025-ci il tarixli Pretenziya məktubu ilə müraciət olunaraq 05 (beş) iş günü müddətində Cavabdeh MMCnin "xxxx" firmasına borclu olduğu cəmi 18205,8 manat (on səkkiz min iki yüz beş manat, 80 qəpik) əsas məbləğ və dəbbə pulu borcunun, həmçinin 1539 (bir min beş yüz otuz doqquz) manat ƏDV borcunun ödənilməsi tələb olunmuşdur. Buna baxmayaraq cavabdeh təşkilat öz öhdəliyini icra etməyərək 19744,80 məbləğində pul vəsaitinin ödənilməsini təmin etməmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 10089 (on min səksən doqquz) manat (ƏDV ilə birlikdə) əsas borcun, 9655,8 (doqquz min altı yüz əlli beş manat, 80 qəpik) manat dəbbə pulunun və ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Firmasına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehin iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddiaçının tələb etdiyi məbləği düzgün hesablanmamışdır və iddia tələbi ilə razı deyillər. Həmçinin, müqavilənin bütün vərəqlərində imza göstərilsə də, tərəflərindən möhürlənərək təsdiq olunmamışdır. Bu da müqavilənin etibarlılığını şübhə altına alır. Həmçinin, göstərilən məbləğlərdə ziddiyyətlərin olmasına dair tərəflərindən araşdırmanın aparılaraq arayışın verilməsini zəruri hesab edirlər.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edlməsini xahiş etdi.
6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
7. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
VI. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
VII. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. "xxxx" firması ilə Cavabdeh MMC arasında bağlanmış 03 yanvar 2022-ci il tarixli, 02/S saylı “Sponsor reklamı xidmətlərinin göstərilməsi haqında” müqaviləyə əsasən:
11. Müqavilənin 1-ci bəndinə əsasən bu Müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında 03 yanvar 2022-ci il tarixindən 31 mart 2022-ci il tarixinədək İcraçı Sifarişçinin Sponsor qismində təqdim etdiyi və bu Müqaviləyə 1 saylı Əlavədə göstərilən sxem üzrə sponsor reklamı materiallarının "ARAZ RADİO" 103.3 FM-də "Düzgün Hərəkət'’ verilişində həftənin 5 iş günü 3 (üç) saat müddətində (saat 17.00-dan 20.00-a qədər) yerləşdirilməsi ilə bağlı xidmətlərin göstərilməsini öz üzərinə götürür.
12. Müqavilənin 2.1.1-ci bəndinə əsasən tərəflər arasında razılaşdırılan müddətdə sponsor reklamının yerləşdirilməsinə görə xidmətlərin göstərilməsi üçün bütün lazımi məlumatları İcraçıya təqdim edir.
13. Müqavilənin 2.1.2-ci bəndinə əsasən bu Müqavilə ilə təyin olıınaıı şərtlər və həcmdə reklamın yerləşdirilməsinə görə İcraçının xidmətlərinin haqqını ödəyir.
14. Müqavilənin 2.2.1-ci bəndinə əsasən sifarişçini, yerləşdirmə sxeminə tam dəqiq uyğun olaraq, radionun efirində sponsor reklamı yerləşdirməsi üzrə xidmətlərlə təmin edir. Yerləşdirmə sxeminin razılaşdırılması elektron poçt və yaxud digər əlavə formalar vasitəsilə həyata keçirilir. Yerləşdirilmə sxemii. reklamın radionun efirində yerləşdirilməsinə ən azı 2 (iki) iş günü qalmış Tərəflər arasında razılaşdırılmalı və qəbul olunmalıdır.
15. Müqavilənin 3.1-ci bəndinə əsasən hər ay üçün xidmətin haqqı həmin ayın ilk 15 (on beş) günü ərzində Sifarişçi tərəfindən tam olaraq İcraçıya köçürmə yolu ilə ödənilməlidir.
16. Müqavilənin 3.2-ci bəndinə əsasən ödənişlər bu müqaviləyə 1 saylı Əlavədə verilən hər iki tərəfin imzası ilə təsdiq olunmuş qiymətlərin razılaşdırılması protokoluna əsasən aparılır.
17. Müqavilənin 3.3-cü bəndinə əsasən icraçı qiymətləri yalnız Sifarişçini 30 (otuz) gün əvvəlcədən xəbərdarlıq etməklə və müvafiq qaydada qiymətlərin razılaşdırılması protokolunu imzalamaqla dəyişə bilər.
18. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə məsuliyyət daşıyır.
19. Müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər hər birinə aid olan konfidensial məlumatları, o cümlədən kommersiya və bank sirri olan məlumatları qorumalıdırlar. Belə məlumatları yayan Tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir.
20. Müqavilənin 5.3-cü bəndinə əsasən bu müqavilənin 3.1 bəndində göstərilən ödəniş müddətinin pozulmasına görə İcraçının Sifarişçiyə ödənişin gecikdirilməsinin birinci günündən başlayaraq, gecikdirilmiş har təqvim günü üçün ödənilməmiş məbləğdən 0.1% (sıfır tam onda bir faiz) həcmində dəbbə pulu ödəməsi haqqında yazılı tələb irəli sürmək hüququ vardır. Sifarişçi dəbbə pulunu İcraçının yazılı tələbi əsasında ödəyir. Sifarişçi tərəfindən müqavilənin şərtlərinə uyğun qaydada ödəniş edildiyi təqdirdə İcraçı üzərinə düşən öhdəliyi yerinə yetirməsə, lazımınca yerinə yetirməsə və ya gecikdirərsə. Sifarişçinin gecikdirilmiş hər təqvim günü üçün ödənilmiş məbləğdən 0.1% (sıfır lam onda bir faiz) həcmində dəbbə pulu ödənilməsi haqqında yazılı tələb irəli sürmək hüququ vardır. İcraçı dəbbə pulunu Sifarişçinin yazılı tələbi əsasında ödəyir.
21. Tərəflər arasında imzalanmış 03 yanvar 2022-ci il tarixli X1 əsasən reklamın təqdimatı üçün aylıq xidmət haqqı ədv daxil 2950 manat müəyyən edilmişdir.
22. “Sponsor reklamı xidmətlərinin göstərilməsi haqında” 03 yanvar 2022-ci il tarixli, 02/S saylı müqaviləyə dəyişiklik edilməsi barədə 26 fevral 2022-ci il tarixli müqaviləyə əsasən:
23. 1-ci bəndinə əsasən həmin Müqavilənin 1-ci hissəsində "03 yanvar 2022-ci il tarixindən 31 mart 2022-ci il tarixinədək” ifadəsi "03 yanvar 2022-ci il tarixindən 30 aprel 2022-ci il tarixinədək" ifadəsi ilə əvəz olunsun.
24. 2-ci bəndinə əsasən həmin Müqavilənin 4.1-ci bəndində "31 ma 2022-ci il tarixinədək qüvvədədir" ifadəsi "30 aprel 2022-ci il tarixinədək qüvvədədir" ifadəsi ilə əvəz edilsin.
25. 3-cü bəndinə əsasən həmin Müqaviləyə 1 saylı Əlavədə verilən qiymətlərin razılaşdırılması protokolu aşağıdakı yeni redaksiyada verilsin (Əlavə olunur).
26. Tərəflər arasında imzalanmış 26 fevral 2022-ci il tarixli X1 əsasən reklamın təqdimatı üçün aylıq xidmət haqqı ədv daxil 5900 manat müəyyən edilmişdir.
27. 01 may 2022-ci il 02 №-li Əlavəyə əsasən :
28. 1-ci bəndinə əsasən həmin Müqavilənin 1-ci hissəsində “30 aprel 2022-ci il tarixinədək” ifadəsi “31 iyul 2022-ci il tarixinədək” ifadəsi ilə əvəz olunsun.
29. 2-ci bəndinə əsasən həmin Müqavilənin 4.1-ci bəndində “30 aprel 2022-ci il tarixinədək qüvvədədir” ifadəsi “31 iyul 2022-ci il tarixinədək qüvvədədir” ifadəsi ilə əvəz edilsin.
30. 3-cü bəndinə əsasən həmin Müqaviləyə 1 saylı Əlavədə verilən qiymətlərin razılaşdırılması protokolu aşağıdakı yeni redaksiyada verilsin (əlavə olunur).
31. Tərəflər arasında imzalanmış 01 may 2022-ci il tarixli X1 əsasən reklamın təqdimatı üçün aylıq xidmət haqqı ədv daxil 10089 manat müəyyən edilmişdir.
32. 01 iyul 2022-ci il tarixli Təhvil-təslim aktına əsasən 2022-ci ilin iyun ayı üçün ədv daxil 3363 manat məbləğində, 01 iyun 2022-ci il tarixli Təhvil-təslim aktına əsasən 2022-ci ilin may ayı üçün ədv daxil 3363 manat məbləğində, 01 avqust 2022-ci il tarixli Təhviltəslim aktına əsasən 2022-ci ilin iyul ayı üçün ədv daxil 3363 manat məbləğinə sponsor reklamı xidməti "xxxx" firması tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
33. Sponsor reklamı (2022-ci ilin may, iyun, iyul ayları) üzrə xidmətlərin təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli MT**********12 saylı e-qaiməyə əsasən 10089 manat məbləğində iddiaçı tərəfindən cavabdehə e-qaimə göndərilmişdir.
34. Məhkəmə iş materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
35. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
36. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
37. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
38. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
39. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə sponsor reklam xidmətlərinin göstərilib-göstərilməsidir.
40. Məhkəmə araşdırılması nəticəsində müəyyən edildi ki, tərəflər arasında “Sponsor reklamı xidmətlərinin göstərilməsi haqında” müqavilə bağlanmışdır. İddiaçı iddia edir ki, xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixləri aralığında xidmətlər göstərilmişdir. Həmin aylara görə cəmi 10.089 manat pul tutularaq iddiaçıya ödənilməsini xahiş edir.
41. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsas borc hissəsində təqdim olunmuş sübutlarla müqavilə, təhvil-təslim aktları, e-qaimə ilə təsdiqini tapdığı üçün 03 yanvar 2022-ci il tarixli, 02/S saylı xidmət müqaviləsi üzrə xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixləri aralığında göstərilmiş xidmətlərə görə 10.089 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. O ki qaldı cavabdehin yazılı etirazına, məhkəmə qeyd edir ki, etiraz formal tərtib edərək, etirazın əsasını təşkil edən hər hansı sübut etiraza əlavə edilməmişdir. Etirazda həmçinin qeyd edilmişdir ki, müqavilənin hər səhifəsində imza olsa da, möhür yoxdur. Lakin tərəflər arasında imzalanmış müqaviləyə nəzər yetirdikdə müəyyən edilir ki, müqavilənin, giymət razılaşdırma protokolların, təhvil-təslim aktlarının rekvizitlər bölməsində hər iki tərəfin imza və möhürü mövcüddur. Qanunvericilikdə müqavilənin hər səhifəsinin möhürlənməsi tələbi nəzərdə tutulmamışdır. İşlərin görülməsinə dair tərəflər arasında təhvil-təslim aktları təsdiq edilmişdir.
42. Bundan əlavə iddiaçı müqavilənin 5.3-cü bəndinə istinad edərək 9655,80 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.
43. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
44. Məhkəmə hesab edir ki, cavabdehin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
45. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
46. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (10.089 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, tutulacaq dəbbə pulu azaldılaraq 505 manat məbləğində müəyyən edilməlidir.
47. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iddianın təmin edilmiş məbləğinə mütənasib olaraq, ödənilmiş 122 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
VIII. Nəticə:
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 10.089 manat əsas borc, 505 manat dəbbə pulu olmaqla cəmi 10594 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 122 manat tutularaq iddiaçı "xxxx" firmasına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova