Məhkəmə qərarları › İş №e-2-2(113)-6154/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6154/2025

11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6154/2025 11.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı X1 Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı X5 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Facility Management MMC-dən xx.xx.2024-cü il tarixli 2401 saylı Alqı-satq müqaviləsi üzrə ödənilməmiş 1.950 manat pulun, hüquqi yardımın göstərilməsi üçün Bakı şəh, 18 saylı Vəkil Bürosuna ödənilmiş 400 manat pulun; dövlət rüsumunun əvəzi kimi 40 manat pulun tutularaq X4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi imzalanmış və müqavilənin şərtlərinə əsasən, cavabdehə içməli su satılmışır. Belə ki, müqavilənin 2.2 bəndinə əsasən suyun 19 litrlik bir balonunun dəyəri 2.50 manat müəyyən edilmişdir. Müqavilənin 4.1 bəndinə əsasən suyun məbləği bir təqvim ayı ərzində köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehə təhvil verilmiş və ümumildə 6442.50 manat dəyərində elektron qaimələr cavabdehə göndərilmişdir. Cavabdeh isə müəyyən vaxtlarda qaimələr üzrə cəmi 4492.50 manatlıq öhdəliyi icra etsədə sonradan öhdəliyin icrasından yayınmış və satılmış suyun qalıq dəyəri olan 1950 azn iddiaçı şirkətə ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.

IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, X5 ilə Cavabdeh MMC (müştəri) arasında xx.xx.2024-cü il tarixli 2401 nömrəli malların satın alınması üzrə alqı-satqı müqaviləsi bağlanmışdır.

8. Müqavilənin 2-ci bəndinə əsasən Saf su servis xidməti 19 litrlik balonlar halında olan içməli suyun müştəriyə çatdırılmasını və müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında təhvil verilməsini öhdəsinə götürür, müştəri müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında hər sifariş üzrə malların Saf su servis xidmətindən qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.

9. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. Məhkəmə qeyd edir ki, ilk növbədə alqı-satqı münasibətləri üzrə malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan X2 üzərinə düşür.

11. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə MT2502 seriyalı, 10328128 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 525 manat, MT2504 seriyalı, 10211021 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 227,50 manat, MT2412 seriyalı, 12340684 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 510 manat, MT2412 seriyalı, 10081352 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 682,50 manat, MT2411 seriyalı, 10150785 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 527,50 manat, MT2410 seriyalı, 10036665 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 590 manat, MT2409 seriyalı, 10111930 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 695 manat, MT2408 seriyalı, 10948193 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 642,50 manat, MT2407 seriyalı, 10415634 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 525 manat, EBED seriyalı, 788208 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 420 manat, EBEC seriyalı, 705420 nömrəli, xx.xx.20204-cü il tarixli dəyəri 150 manat, EBEC seriyalı, 232484 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 250 manat, MT2404 seriyalı, 00252808 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 325 manat, EBEA seriyalı, 902358 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 150 manat,MT2505 seriyalı, 10207471 nömrəli, xx.xx.2025-ci il tarixli dəyəri 222,5 manat məbləğində olan elektron qaimə göndərilmişdir.

12. Yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 6.442,50 manat təşkil edir.

13. Hazırda iddiaçı tərəf 1.950 manat məbləğində pulun tutulmasını xahiş edir.

14. Belə ki, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya elektron qaimələr əsasında xx.xx.2024-cü il tarixində 1.000 manat, xx.xx.2024-cü il tarixində 525 manat, xx.xx.2024-cü il tarixində 1.000 manat, xx.xx.2024-cü il tarixində 632,5 manat, xx.xx.2025-ci il tarixində 300 manat, xx.xx.2025-ci il tarixində 1.035 manat, ümumilikdə 4.492,5 manat məbləğində ödəniş edilmişdir.

15. Məhkəmə qeyd edir ki, tərəflərin özlərinin mal mübadiləsinin elektron qaimələr üzərindən həyata keçirilməsi nəzərə alındığında elektron qaimələrdə qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmişdir.

16. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

17. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 6.442,50 manat olan mallar verilmiş və alıcının da, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

18. Cavabdeh tərəf də, iddiaya münasibət (etiraz) bildirməmiş, malların dəyərinin ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.

19. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 1.950 manat (6.442,5-4.492,5) borcun tələb edilməsi hissəsində əsaslıdır.

20. Məhkəmə həmçinin hesab edir ki, iddianın 400 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də, iddia təmin edilməlidir.

21. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosu ilə X5 arasında bağlanmış xx.xx.2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 400 (beş yüz) manat müəyyən olunur.

22. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, vəkilə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Bundan başqa, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

24. İş materiallarına əlavə olunmuş iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

25. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1.950 (bir min doqquz yüz əlli) manat məbləğində pul Cavabdehndən tutularaq X4 ödənilsin. Hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdehndən tutularaq X4 ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat məbləğində pul Cavabdehndən tutularaq X4 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar