Məhkəmə qərarları › İş №e-2-2(113)-6198/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6198/2025

08.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6198/2025 08.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MTK) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanında tikilmiş ona məxsus çoxmərtəbəli bina kompleksinin 4-cü girişdə -1, -2 və + 1-ci mərtəbələrində yerləşən cəmi 750 kv.m. qeyri-yaşayış sahəsindən cavabdeh "xxxx" ASC-nin (onun struktur bölməsi olan Binəqədi rayon Enerji Təchizatı və Satışı İdarəsinin) çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında olmuş qarşılıqlı razılaşma əsasda İddiaçı MTK-ya məxsus ünvan 2 ünvanında yerləşən yaşayış bina kompleksinin 4-cü girişdə -1, -2 və 1-ci mərtəbələrində yerləşən cəmi 750 kv.m. qeyri-yaşayış sahəsi, sonradan satılmaq şərti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin istifadəsinə verilmiş və gələcəkdə ona satılması ilə bağlı ilkin razılaşmalar da təsdiqlənmişdir. Uzun illərdir ki, orada cavabdehin strukturuna daxil olan Binəqədi rayon Enerji Təchizatı və Satışı İdarəsinin inzibati ofisi yerləşdirilmişdir. Qeyriyaşayış sahəsinin alqı-satqısının tamamlanmasına kimi hazırkı istifadənin icarə müqaviləsi ilə rəsmiləşdirilməsi ilə bağlı cavabdehə dəfələrlə təkliflər edilmiş, lakin hər dəfə bir bəhanə ilə bundan yayınmışdır. Ona görə də cavabdehdən həmin sahənin boşaldılması tələb olunmuşdur. Bununla bağlı görüşlər zamanı cavabdeh həmin qeyri-yaşayış sahələrinə dair 3 müqavilənin surətlərini təqdim edilmiş və son yazışmalara xx.xx.2024-cü il tarixli, 13-13/2-1/16-1377/2024 saylı cavab məktubunda mübahisəli qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı "xxxx" ASC ilə İddiaçı MTK arasında 12 və 16 may 2008-ci il tarixli müqavilələrin imzalandığı və həmin müqavilələrə əsasən 396000, 400000 və 170000 manat olmaqla, ümumilikdə İddiaçı MTK-ya 813000 manat pulun ödənildiyi qeyd edilmişdir. Cavabdeh tərəfindən kserosurət şəklində təqdim edilmiş üç müqavilənin məzmununa görə qeyri-yaşayış sahəsinin 1 kv.m. üçün 1-ci mərtəbədə 2000 manat, -1 və -2-ci mərtəbələri üçün 1000 manat hesabı ilə ümumi sahələr üçün razılaşdıqları ilkin dəyər məbləği 966000 (170000 +396000 + 180000) manat şərtləndirilmişdir. Məlum məsələdir ki, cavabdeh tərəf kooperativ binada sahə əldə etməsi və ya qeyd olunan qeyri-yaşayış sahəsinə əmlak (mülkiyyət) hüququnu əldə etməsi üçün həmin sahəyə görə razılaşdırılmış məbləği tam şəkildə ödəməlidir. Lakin cavabdeh ödənişlə bağlı hər hansı sənəd təqdim edə bilməmiş və ödənişlə bağlı MTK-da belə bir məlumat qeydə alınmamışdır. Sahə ilə bağlı icarə müqaviləsinin bağlanmasından da imtina edilir. Belə olan halda cavabdehin həmin qeyri-yaşayış sahəsindən qanunsuz istifadə etməsi, mülkiyyətçinin (sahibin) iradəsinə zidd istifadəyə davam etməsi isə özbaşnalıqdır. Cavabdehdən həmin sahənin təcili olaraq boşaldılması tələbi ilə son xəbərdarlıq edilmiş və bu barədə ona təkrar rəsmi pretenziya verilmişdir. Bundan sonra da qeyri-yaşayış sahələrinin boşaldılması üçün cavabdeh tərəflə dəfələrlə görüşüb məsələnin həll edilməsi tələb edilmiş, lakin cavabdehin hərəkətsizliyi üzündən məsələni məhkəmədən kənar həlli mümkün olmamışdır. Ona görə də məsələnin məhkəmə yolu ilə həll edilməsi məcburiyyəti yaranmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş tərəflər arasında bağlandığı qeyd edilmiş 3 müqavilədə həmin qeyri-yaşayış sahələrinin MTK tərəfindən cavabdehə veriləcəyi və əvəzində cavabdehin 966000 manat ödəməli olduğunun razılaşdırıldığı müəyyən edilsə də, cavabdeh cavab məktubunda MTK-ya 813000 manat ödədiyini qeyd etsə də, cavabdeh tərəfindən adı çəkilən qeyri-yaşayış sahələrinə görə hər hansı ödəniş edilməmişdir. Həmçinin istifadəsinə aldığına baxmayaraq, sahənin istifadəsini icarə əsasında rəsmiləşdirməkdən imtina edir. Ona görə də həmin sahənin boşaldılması cavabdehdən tələb olunmalıdır. Belə ki, mülki qanunvericiliyin prinsipləri təsbit olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152.1, 164.1, 164.2-ci maddələrinə istinad edilmişdir.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il müəyyən edilmişdir. İddiaçı isə 2008-ci ildə bağlanılmış “Kooperativ Mənzil Tikintisi haqqında” müqavilələrə əsasən Cəmiyyət tərəfindən satın alınmış əmlakları tələb edir. Buradan da görünür ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Odur ki, iddia müddətinin tətbiq edilməsi xahiş edilir. Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, həmin bina 2003cü ildə tikilməyə başlanılmış və 2006-cı ildən binada sakinlər yaşamağa başlamışlar, cavabdehə əmlaklar müqavilə bağlanandan təxminən 2-3 ay sonra təhvil verilibdir. Həmin binada heç kəsdə əmlaka dair çıxarış yoxdur. Ödənişlər tam edildikdən sonra maliyyə arayışı verilir. Hazırkı işdə də maliyyə arayışı yoxdur. Cavabdehlə alqı-satqı müqavilələrini bağlayan MTK-nın əvvəlki rəhbəri olan şəxs rəhmətə gedibdir. Hazırda onlarda müqavilələr yoxdur.

6. Cavabdehin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında etiraz ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən müqavilənin predmetini kooperativə ayrılmış ünvan 3 ünvanında payçıların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının qeyri-yaşayış sahəsinin "xxxx" ASC-yə təklif edilməsi təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kooperativ inşa ediləcək binanın giriş -2-ci mərtəbəsindəki, qeyri-yaşayış sahəsini payçıya təhvil verməyi öhdəsinə götürür; 3-cü bəndinə əsasən qeyri-yaşayış sahəsinin proqnozlaşdırılmış dəyəri 170000 manat təşkil edir. Payçı müqavilə bağlanan gün qeyri-yaşayış sahəsinin proqnozlaşmış dəyərinin 100%-i miqdarında ödəniş edir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. "xxxx" ASC ilə İddiaçı arasında kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən müqavilənin predmetini kooperativə ayrılmış ünvan 3 ünvanında payçıların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının qeyriyaşayış sahəsinin "xxxx" ASC-yə təklif edilməsi təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kooperativ inşa ediləcək binanın giriş 1-ci mərtəbəsindəki, qeyri-yaşayış sahəsini payçıya təhvil verməyi öhdəsinə götürür; 3-cü bəndinə əsasən qeyri-yaşayış sahəsinin proqnozlaşdırılmış dəyəri 396000 manat təşkil edir. Payçı müqavilə bağlanan gün qeyri-yaşayış sahəsinin proqnozlaşmış dəyərinin 100%-i miqdarında ödəniş edir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən müqavilənin predmetini kooperativə ayrılmış ünvan 3 ünvanında payçıların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının qeyri-yaşayış sahəsinin "xxxx" ASC-yə təklif edilməsi təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kooperativ inşa ediləcək binanın giriş -1-ci mərtəbəsindəki, qeyri-yaşayış sahəsini payçıya təhvil verməyi öhdəsinə götürür; 3-cü bəndinə əsasən qeyri-yaşayış sahəsinin proqnozlaşdırılmış dəyəri 400000 manat təşkil edir. Payçı müqavilə bağlanan gün qeyri-yaşayış sahəsinin proqnozlaşmış dəyərinin 100%-i miqdarında ödəniş edir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. "xxxx" ASC İddiaçı MTK-ya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 13-13/2-1/16- 1377/2024 nömrəli məktubu ilə qeyd edilmişdir ki, hazırda Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin inzibati binasının yerləşdiyi sahənin alqı-satqısına dair "xxxx" ASC ilə İddiaçı MTK arasında xx.xx.2008-ci il tarixli və 16 may 2008-ci il tarixli müqavilələr imzalanmışdır. Müqavilələrə əsasən "xxxx" ASC İddiaçı MTK-ya 396000 manat, 400000 manat, 170000 manat olmaqla, ümumilikdə 813000 manat pul ödənilmişdir. Məlumat bildirilir ki, hazırda qeyd olunan yerdə “Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsi fəaliyyət göstərir və həmin sahə "xxxx" ASC-nin balansındadır.

11. İddiaçı tərəfindən "xxxx" ASC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, "xxxx" ASC tərəfindən qanunsuz istifadə edilən ünvan 4 ünvanında yerləşən çoxmərtəbəli yaşayış bina kompleksinin 4-cü girişində -1, -2 və 1-ci mərtəbələrində yerləşən 750 kv.m qeyri-yaşayış sahəsinin istifadəsinin qarşılıqlı müqavilə əsasında rəsmiləşdirilməsi, sahənin 10 gün müddətində boşaldılması tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 646.1-ci maddəsinə əsasən əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmənin mövqeyi

14. İşin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı MTK ilə "xxxx" ASC (indiki "xxxx" ASC) arasında hər biri 2008-ci il olmaqla, ayrı-ayrı tarixlərdə 3 kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmış və ünvan 2 ünvanında yerləşən yaşayış bina kompleksinin 4-cü girişdə -1, -2 və 1-ci mərtəbələrində yerləşən cəmi 750 kv.m. qeyriyaşayış sahəsi "xxxx" ASC-nin istifadəsinə verilmişdir. Həmin müqavilələrin 3-cü bəndinə əsasən qeyri-yaşayış sahələrinin proqnozlaşdırılmış dəyəri 1-ci mərtəbə üzrə 396000 manat, -1-ci mərtəbə üzrə 400000 manat, -2-ci mərtəbə üzrə 170000 manat təşkil etmişdir. İddiaçı müqavilələrə əsasən "xxxx" ASC tərəfindən İddiaçı MTK-ya həmin vəsaitin ödənildiyini, qeyd olunan əmlakda Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin fəaliyyət göstərdiyini və həmin sahənin "xxxx" ASC-nin balansında olduğunu bildirmişdir.

15. Eyni zamanda məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, mübahisəli əmlakın yerləşdiyi bina 2003-cü ildə tikilməyə başlanılmışdır və binada sakinlər 2005-2006-cı ildən yaşamağa başlamışlar və həmin binada hazırda da heç kəsdə əmlaka dair çıxarışlar yoxdur. Cavabdehə isə əmlaklar müqavilələr bağlanandan təxminən 2-3 ay sonra təhvil verilibdir.

16. Beləliklə, tərəflər arasında alqı-satqı müqavilələrinin bağlanması, əmlakın cavabdehə təhvil verilməsi, təxminən 2008-ci ildən hazırkı vaxtadək əmlakın cavabdehin istifadəsində olması işin mübahisəsiz hallarını təşkil etmişdir. Mübahisəli hal əmlakların dəyərinə dair müqavilələrdə nəzərdə tutulan məbləğlərin ödənilməsi ilə bağlı olmuşdur. iddiaçı tərəf həmin məbləğlərin ödənilmədiyini, ona görə də əmlakı geri tələb etdiyini bildirmiş, cavabdeh tərəf isə əmlakın dəyərinin ödənildiyini, lakin uzun zaman keçdiyinə görə həmin sənədi arxivdən əldə edə bilmədiklərini qeyd etmiş, həm həmin əsasla, eyni zamanda iddia müddətini tətbiq etməklə iddianın rədd olunmasını xahiş etmişdir.

17. İddia tələbini İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanında tikilmiş və ona məxsus çoxmərtəbəli bina kompleksinin 4-cü girişdə -1, -2 və 1-ci mərtəbələrində yerləşən cəmi 750 kv.m. qeyri-yaşayış sahəsindən cavabdeh "xxxx" ASCnin (onun struktur bölməsi olan Binəqədi rayon X1 İdarəsinin) çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi təşkil edir.

18. Əvvəla, qeyd edilməlidir ki, əmlakın dəyərini ödənilməsini sübut etmək vəzifəsi cavabdehə aid olmuş, cavabdeh isə ödənişə dair sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də cavabdeh alqı-satqı müqaviləsi üzrə əmlakların dəyərini ödəmək vəzifəsini icra etmədiyindən satıcının ödənilməmiş əmlakın geri qaytarılmasını tələb etmək hüququ olmuşdur.

19. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuş və iddia müddətinin tətbiq edilməsi xahiş edilmişdir.

20. Məhkəmə qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia üzrə iddia müddəti tətbiq edilməli və bu səbəbdən iddia təmin edilməməlidir. Belə ki, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

21. Belə ki, məhkəmədə hazırkı iş üzrə mülki qanunvericilikdə nəzərdə tutulan müddətin axımının dayandırılması və kəsilməsi halları müəyyən edilməmişdir. Tərəflər arasında bağlanmış 2008-ci il tarixli müqavilələrdə öhdəliklərin icrası günü kimi müqavilənin bağlandığı gün qeyd edilmişdir. İddiaçı tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə müraciət edilmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş 6 illik iddia müddəti (daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir), hətta qanunvericiliklə müəyyən edilmiş 10 illik ümumi iddia müddəti ötürülmüşdür.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar