Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6206/2022 20.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndələri X1 və Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı (MMC) Cavabdehnə qarşı zərərin əvəzinin ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əldən çıxmış fayda kimi 87607,92 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01 iyul 2017-ci il tarixdə mühasibat-konsaltinq xidmətinin göstərilməsi haqqında 07/2017 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Vergi, Dövlət Sosial Müdafiə Fondu, Statistika Komitəsi, Məşğulluq idarəsi ilə əlaqədar xidmətlər, mühasibat uçotunun aparılması, dövlət orqanları tərəfindən keçirilən yoxlamalarda müşaiyət edilməsi, maliyyə və vergi qanunvericiliyi sahəsində məsləhətlərin verilməsi, bank ödənişlərinin həyata keçirilməsi və digər xidmətlərin cavabdeh tərəfindən iddiaçının xeyrinə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilə üzrə Cavabdeh MMC tərəfindən həyata keçirilən xidmətlərdən biri də tender müsabiqələrində iştirak üçün müvafiq sənədlərin hazırlanması və təqdim edilməsi olmuşdur. Belə ki, 2020-ci ildə cavabdeh tərəfindən İddiaçı MMC-yə satınalma (tender) müsabiqəsində iştirak üçün müvafiq sənədlərin hazırlanması və bank qarantiyası sənədinin təqdim edilməsi xidməti göstərilmişdir. 2021-ci ilin noyabr ayında İddiaçı MMC "xxxx" QSC tərəfindən “Üç televiziya və iki radio kanallarının internet şəbəkəsi vasitəsi ilə yayım xidmətinin satın alınması” üzrə keçirilmiş müsabiqədə iştirak etmiş, müsabiqə üçün tələb olunan sənədlərdən biri - bank qarantiyası barədə sənəd İddiaçı MMC tərəfindən təqdim edilmədiyindən müsabiqədən kənarlaşdırılmışdır. Bunun əsas səbəbi Cavabdeh MMC tərəfindən bank qarantiyası adlı sənədin əvəzinə fərqli sənəd təqdim etməsi olmuşdur. Belə ki, İddiaçı MMC tərəfindən tenderdən kənarlaşdırılmanın səbəbi barədə məlumat alınması üçün "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanmış müraciətə 013/2-185 saylı, 22 sentyabr 2022-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, X3 məlumat xəritəsində tələb edilən bank qarantiyası barədə sənəd müraciət edilən sənədlərdə mövcud olmamışdır. Belə ki, həmin sənədin əvəzinə sənədin alınmasına dair banka ünvanlanmış müraciət məktubu yerləşdirilmişdir. Bu səbəbdən İddiaçı MMC həmin tenderdən kənarlasdırılmışdır. Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edilmiş, sonuncu tərəfindən İddiaçı MMC-yə 11 fevral 2022-ci il tarixli məktub ünvanlanacaq, "xxxx" QSC tərəfindən keçirilən müsabiqəyə aid olan tender təklifinin təminatının təqdim olunmamasının podratçının həmin tender prosedurundan “Dövlət Satınalmaları haqqında” Qanunun 36.5.3-cü maddəsinə əsasən formal tələbə uyğun olmayan tender təklifi kimi kənarlaşdmlması üçün əsas olduğu bildirilmişdir. İddiaçı sözügedən satınalmada iştirak üçün lazımi sənədlərin hazırlanması, toplanması və təqdim olunması ilə bağlı Cavabdeh MMC-nin əməkdaşları ilə dəfələrlə əlaqədə olmuş, məhz bank qarantiyası barədə sənədin statusu ilə maraqlanmış, sənədin hazır olduğu və iddiaçıya təqdim edildiyi barədə cavab alınmışdır. Bu kommunikasiya “WhatsApp” və elektron poçt yazışmaları ilə də öz təsdiqini tapır. İddiaçı MMC-nin qeyd edilən satınalma müsabiqəsində iştirakdan kənarlaşdırılmaqdan sonra Cavabdeh MMC tərəfindən göstərilən hal ilə əlaqədar heç bir araşdırma təqdim edilməmiş, hətta onların müvafiq sahədə xidmətin göstərilməsi öhdəliklərinin olmaması bildirilərək hazırki müqaviləyə xitam verilməsi barədə bildiriş göndərmişlər. Buna baxmayaraq cavabdeh tərəfindən 2020-ci ildə də müvafiq xidmətlər iddiaçı üçün göstərilmiş və həmin sahəyə dair sənədlərin əsli 18 aprel 2022-ci il təhvil-təslim aktı ilə iddiaçıya geri qaytarılmışdır. Qeyd olunmalıdır ki, "xxxx" QSC-nin “Üç televiziya və iki radio kanallarının internet şəbəkəsi vasitəsi ilə yayım xidmətinin satın alınması” məqsədi ilə açıq tender proseduranda təklif zərflərinin açılması üzrə 28 yanvar 2022-ci il tarixli, 2 №-li iclas protokolunda tenderdə iştirak edən iddiaçıların təqdim etdiyi qiymətlər açıqlanmış və məlum olmuşdur ki, ən aşağı qiymət təklifi (87607,92 manat) İddiaçı MMC tərəfindən verilmişdir. Lakin buna baxmayaraq, iddiaçı tenderdən yuxarıda qeyd olunan səbəbdən kənarlaşdırıldığına görə tenderdə qalib gələ bilməmişdir. Göründüyü kimi tenderdə ən aşağı qiymət İddiaçı MMC tərəfindən təklif edilməsinə baxmayaraq cavadbeh tərəfindən müvafiq bank qarantiyası sənədinin təqdim edilməməsi nəticəsində İddiaçı MMC müsabiqədən kənarlaşdırılmışdır. Nəticədə İddiaçı MMC əldə edə biləcəyi qazancdan məhrum olunmuş və ona 87607,92 manat maddi zərər dəymişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi və iddia tələbinə etiraza dair mülahizə ilə eyni məzmunlu izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, tərəflər arasında 01 iyul 2017-ci il tarixində mühasibatkonsaltinq xidmətinin göstərilməsi haqqında 07/2017 nömrəli müqavilə bağlanmışdır. Müqavilədə göstərilən xidmətlərin konkret siyahısı tərəflər arasında razılığa gəlinərək dəqiqliklə qeyd edilmişdir. Həmin xidmətlərə Vergilər Nazirliyinə aylıq ƏDV, illik əmlak və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin təqdim edilməsi, şəhadətnamə dublikatlarının online sifariş edilməsi, online kargüzarlıq bölməsinə gəlmiş məktubların vaxtında cavablandırılması, Dövlət Sosial Müdafiə Fonduna rüblük B1, illik B3 hesabatının verilməsi, yeni qəbul edilmiş işçilər üçün SNN-lərin alınması, hamiləlik və xəstəliklə bağlı müavinatların hesablanması, Statistika Komitəsinə rüblük və illik hesabatların təqdim edilməsi, Məşğulluq İdarəsinə aylıq, rüblük və illik hesabatların təqdim edilməsi, ilkin məlumatların yığılması və mühasibat uçotunun 1C mühasibat proqramında aparılması, Azərbaycan Respublikası qanunvericiliyi əsasında dövlət orqanları (VN, DSMF, DƏM) tərəfindən keçirilən yoxlamalarda müşayət edilməsi, maliyyə və vergi qanunvericiliyi sahəsində məsləhətlərin verilməsi, bank ödənişlərinin həyata keçirilməsi, Eqaimə və Vergi Hesab fakturalarının hazırlanması, kadr sənədlərinin hazırlanması (əmr, müqavilə, əmək kitabçası), şirkət qeydiyyatı, qeydiyyat dəyişikliyi və müqavilələrlə bağlı ilkin hüquqi rəyin bildirilməsi aiddir. Göründüyü kimi, müqavilədə yalnız mühasibatlıq sahəsində nəzərdə tutulan xidmətlər göstərilmişdir. İddia tələbində nəzərdə tutulan xidmətin, yəni satınalma (tender) müsabiqəsində iştirak üçün müvafiq sənədlərin hazırlanması və bank qarantiyası sənədinin təqdim edilməsi müqavilədə nəzərdə tutulmamışdır. İddiaçı isə qeyd olunan məsələnin müqavilə üzrə tənzimləndiyini bildirir. Cavabdeh tərəfindən həyata keçirilən proses müqavilədən kənar, köməklik göstərilməsi məqsədilə icra olunmuşdur. Qeyd olunan xidmətin göstərilməsi müqavilədə nəzərdə tutulmadığı üçün heç bir hüquqi əhəmiyyət daşımır və müqavilədən irəli gələn öhdəlik sayıla bilməz. Belə ki, cavabdeh qarşı tərəfə dəymiş ziyana görə heç bir hüquqi məsuliyyət daşımır. Sonda cavabdehin nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı MMC cavabdehin iddia tələbinə etirazı ilə bağlı mülahizəsində qeyd etmişdir ki, 01 iyul 2017-ci il tarixli 07/2017 saylı müqavilədə icraçı tərəfindən görüləcək xidmətlərin siyahısı verilmişdir. Həmin siyahıda göstərilən xidmətlər mühasibatlıq çərçivəsində görülən işlərin ümumi əhatə dairəsini müəyyən edir. Yəni, siyahıda göstərilən xidmətlərin dəqiq müəyyən edilmiş sərhədləri yoxdur. Belə ki, həmin siyahının birinci bəndində qeyd olunan vergi sahəsində olan xidmətlərdən vergi orqanının onlayn kargüzarlıq bölməsindən müəyyən sənədlərin, arayışların alınması həmin siyahıda qeyd olunmasa da icraçı tərəfindən sifarişçinin xeyrinə bu tip işlər görülmüşdür. Bu xidmətlərin həyata keçirilməsinin hüquqi əsası adı çəkilən müqavilənin 2.2-ci maddəsinin sonuncu cümləsində qeyd olunub. İcraçının vəzifələri adlı 2-ci maddənin 2-ci bəndinə əsasən icraçı bu müqavilənin 1-ci bölməsində qeyd olunmuş xidmətlərin yerinə yetirilməsinə lazımi şərait yaratmağı öz öhdəsinə götürür, yəni: bu müqavilənin 1-ci bölməsində göstərilmiş xidmətlərin yerinə yetirilməsi çərçivəsində sifarişçi tərəfindən tələb olunan hərəkətləri yerinə yetirmək. İcraçı tərəfindən yuxarıda qeyd olunan müqavilədə sadalanan xidmətlər çərçivəsində və həmin xidmətlərdən kənar xidmətlərdə sifarişçinin xeyrinə göstərilmişdir. Belə ki, 01 iyul 2017-ci il tarixli 07/2017 saylı müqavilənin 4.1-ci maddəsində qeyd olunur ki, müqavilə çərçivəsində göstərilməli xidmətlərin dəyəri aylıq 300 manat müəyyən olunur. Həmin maddənin 3-cü abzasında qeyd olunur ki, əgər icraçı 1.1-ci maddədə qeyd olunmuş xidmətlərdən əlavə başqa xidmətləri göstərirsə, bu xidmətlərin məbləğləri müqavilənin 4.1-ci maddəsində qeyd olunmuş qiymətə əlavə olaraq irəli sürülmüş hesab-fakturalar əsasında ödənilir. Müqavilənin tələbindən göründüyü kimi xidmət göstərilməsinə görə sifarişçi icraçıya ayda 300 manat ödəniş etməlidir. Lakin əlavə xidmətlərin göstəriləcəyi və işlərin görüləcəyi təqdirdə bu məbləğ artırıla bilər. İlk müqavilə bağlananda ödəniş 300 manat müəyyən olunsa da sonrada icraçı sifarişçi üçün əlavə xidmətlər göstərdiyinə görə bu xidmət haqqı artırılmışdır. Belə ki, İcraçı tərəfindən sifarişçiyə təqdim edilmiş elektron hesabfakturalarda müəyyən olunur ki, 2018-ci ildə hər ay 400 manat, 2019-cu ildə oktyabr ayına qədər hər ay 400 manat oktyabr, noyabr və dekabr ayları üzrə hər ay 600 manat, 2020-ci ildə hər ay 600 manat, 2021-ci ildə yanvar, fevral, mart, aprel ayları üzrə hər ay üçün 600 manat, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayı üzrə hər ay üçün 900 manat, 2022-ci ilin yanvar üçün 900 manat pul sifarişçi tərəfindən icraçıya xidmət haqqı kimi ödənilmişdir. Göründüyü kimi müqavilə üzrə xidmət haqqı 300 manat nəzərdə tutulsa da icraçı tərəfindən görülən işlərin artması əlavə xidmətlərin və həmçinin bank qarantiyası sənədinin təqdim olunması xidmətinin göstərildiyi üçün xidmət haqqı da artırılmış və 900 manata çatmışdır. Yəni, icraçıya sifarişçi tərəfindən göstərdiyi bank qarantiyası sənədinin təqdim olunması xidmətinə görə ödəniş edilmiş və bu barədə elektron hesab-faktura göndərilmişdir.Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim olunmuş etiraz ərizəsində bildirilmişdir ki, onun tərəfindən tender üçün sənədlərin toplanılması köməklik göstərilməsi məqsədilə icra olunmuşdur. Cavabdeh MMC-nin öz internet saytında qeyd olunur ki, bu şirkət mühasibat xidmətləri bazarında çoxillik təcrübəyə malik konsaltinq şirkətidir. Həmin saytda Cavabdeh MMC tərəfindən göstərilən xidmətlərin siyahısında tenderdə iştirak üçün sənədlərin hazırlanması, bank qarantiyası sənədinin alınması və digər xidmətlər qeyd olunur. Buna əsaslanaraq qeyd olunmalıdır ki, məhkəməyə təqdim edilmiş etirazda tender üçün sənədlərin toplanmasının köməklik məqsədilə edilməsi mövqeyinin heç bir hüquqi əsası yoxdur. Belə ki, göstərilən xidmətə görə əlavə ödəniş verilmişdir və bu elektron qaimə-fakturalarla təsdiq olunur. Əgər bir xidmətə görə əlavə ödəniş edilirsə demək burada həmin xidmətin göstərilməsi sifarişçi tərəfindən sifariş edilib və icraçı tərəfindən icra edilərək iradə ifadəsi ilə təsdiqlənib və buna görə xidmət haqqı ödənilmişdir. Cavabdeh MMC tərəfindən göstərilən konsaltinq və mühasibatlıq xidmətləri çərçivəsində tender üçün sənədlərin toplanması və bank qarantiyası sənədinin əldə olunması xidməti açıq-aşkar özünün internet saytında qeyd olunur. Yəni, Cavabdeh MMC bu xidməti gəlir əldə etmək məqsədilə göstərir. “Bank qarantiyası” banka online daxil olaraq bank əməliyyatlarını həyata keçirən şəxs tərəfindən həyata keçirilir. Təhvil təslim aktına əsasən və həmçinin tərəflərin bütün danışıqlarında bu fakt təsdiq olunur ki, bank əməliyyatlarını icraçı həyata keçirmişdir. Bankın təqdim etdiyi sənədlər, həmçinin ciddi hesabat blankları və sair həqiqiliyi və sair təsdiqləmək daha çox baş mühasibin funksiyasıdır. Bu funksiya cari müqavilə ilə bu şirkətə həvalə edilmişdirr. Bu sənədin doğruluğunu bildirən tərəf şirkətin baş mühasib funksiyasını həyata keçirən şəxsdir və o qədər də məsuliyyət daşıyır. Bu həmçinin dövlətin hüquqi şəxslərə qarşı qoyduğu yeganə tələbdir: baş mühasib vəzifəsində əməkdaşın götürülməsi və yaxud mühasibat-konsaltinq müqaviləsinin bağlanmağı tapşırılır. Cavabdehin əvvəlki saytında sifarişçinin şərhi yer almışdır. Bütün şifahi və yazılı danışıqlarda və münasibətdə Sifarişçi mühasibatlıq- konsaltinq işinin qarşı tərəfinə təqdim edib və tam etibar etməsini göstərmişdir, icraçı isə bunu təsdiqləmişdir. Sifarişçi işlərin böyüməsini və qarşı tərəfin işlərinə müdaxilə və yoxlama imkanının olmamasını dəfələrlə bildirmiş və bu risklərin aradan qaldırılması üçün icraçının direktorundan məsləhətlər istəmişdir. Həmçinin bu tip yazışmaların birində, müqavilədə göstərilən xidmətlərin adını yazaraq bu işin icrasını daxili işçiyə etibar edilməsini, icraçının isə digər işləri aparması və onlara fokuslanması təklif olunmuşdur. Bu yazışma onu təsdiq edir ki, qarşı tərəfin yalnız irad bildirdiyi kimi işi qaimə qəbul edib göndərmək deyil və faktiki işi müqavilədə adı çəkilən bəndlərdən çox olmuşdur. İcraçı sifarişçi tərəfindən yaradılmış Whatsapp qrupunda tenderdə iştirak üçün bəzi sənədlərin toplanması tapşırığından sonra bu işlərin nə yerdə olduğunu 7 dəfə dəqiqləşdirmişdir. Həmçinin, icraçı bank qarantiyasının alınması üçün sifarişçinin əlavə dəqiqləşdirici suallarını da cavablandırmışdır. Həmçinin, icraçı tərəfindən yaradılan qrupda Sifarişçi 27 dekabr 2021ci ildə (zərflərin açılmasına 1 ay qabaqcadan) birbaşa olaraq bank qarantiyası statusu haqqında soruşmuş və İcraçı tərəfindən hazır olması barədə məlumat verilmişdir. Sifarişçi icraçıdan səhvin yaranma səbəbini araşdırmaq üçün yazılı izahat tələb etmişdir. İcraçı səhv etdikləri haqqında araşdırıb izahat təqdim etməyini söz versə də, müxtəlif bəhanələrlə müqaviləyə xitam vermişdir və səhvin necə yaranmasını izah etməmişdir. Bu qarşı tərəfin digər maraqlarının olub-olmamasını şübhə altına alır. İcraçı 5 il ərzində əməkdaşlıq nəticəsində həmin tenderdən şirkətin nə qədər asılı olduğunu və icraçıya nə qədər etibar etdiyini bilməməsi mümkün deyildir. Məsələ xahiş kimi qəbul olunsa da, bu əvvəldən qarşı tərəfin heç bir məsuliyyəti olmayacağına əminlik var idisə bu məsələdən öz maraqları üçün istifadə edilməsi əsaslı şübhələr yaradır. Bank qarantiyası adı ilə təqdim edilmiş sənəd bank qarantiyası üçün müraciət sənədi olmuş və həmin sənəddə məbləğ və bank qarantiyası sözü olduğu üçün iddiaçı onun bank qarantiyası sənədi olmadığını bilməmişdir. İddiaçı bu sahədə ixtisaslaşmış mühasib olmadığı üçün həmin sənədi hazırlamağı cavabdehə tapşırmış və cavabdeh tərəfindən səhv sənəd göndərilmişdir. Göründüyü kimi Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş etirazda istinad olunan mövqenin heç bir hüquqi əsası yoxdur. Cavabdeh MMC tərəfindən yanlış sənədin təqdim edilməsi səbəbindən İddiaçı MMC real olaraq əldə edə biləcəyi gəlirdən məhrum olduğundan hüquqi şəxsin dövriyyəsi azalmış və işçi heyyətinin sayının azaldılması məcburiyyətində qalmışdır. Belə ki, 2021-ci ildə İddiaçı MMC-nin ümumi dövriyyəsi 289230,17 manat olduğu halda, 2022-ci ilin 01 yanvar 2022 – 22 noyabr 2022-ci il tarixlərində 178640,86 manat olmaqla ümumi dövriyyə 110589,31 manat azalmışdır. Həmçinin, 2021-ci ildə şirkət eyni sənədlərinin toplanmasını cavabdehə həvalə etmiş və eyni tenderdə qalib gələrək 100847,52 manat gəlir əldə etmişdir. Cavabdeh MMC-nin yanlış sənəd təqdim etməsinə görə İddiaçı MMC-nin əldə edə biləcəyi gəlirdən məhrum olması nəticəsində İddiaçı MMC öz mövcud iqtisadi vəziyyətini qorumaq və iflas olmanın qarşısını almaq məqsədilə kredit maliyyələşməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, İddiaçı MMC-nin müraciəti əsasında "xxxx" ASC tərəfindən ona 19 yanvar 2022-ci il tarixində illik 15,5 faiz olmaqla 15000 manat, 04 mart 2022-ci il tarixdə illik 17 faiz olmaqla 11000 manat, 04 may 2022-ci il tarixdə illik 17 faiz olmaqla 12000 manat və 17 noyabr 2022-ci il tarixdə illik 16,5 faiz olmaqla 5000 manat ümumilikdə 43000 manat kredit ayrılmışdır. İddiaçı MMC əldə edə biləcəyi gəlirdən real olaraq məhrum olunduğu üçün kredit maliyyələşməsindən istifadə etmək məcburiyyətində qalmışdır. Bu isə onun öhdəliklərinin daha da artması ilə nəticələnmişdir. Beləliklə, müəyyən olunur ki, Cavabdeh MMC xx.xx.2017-ci il tarixli 07/2017 saylı müqaviləsinin 2-ci maddəsinə əsasən göstərilən xidmətlər çərçivəsində sifarişçi tərəfindən tələb olunan hərəkətləri yerinə yetirmiş, həmin müqavilənin 4-cü maddəsinə əsasən müqavilədə qeyd olunan xidmətlərdən əlavə xidməti göstərmiş və buna görə əlavə xidmət haqqı almış, mübahisələndirilən xidmətin göstərilməsi Cavabdeh MMC-nin müştərilərinə göstərdiyi xidmət növlərindən biri olması onun öz saytında təsdiqlənmiş və Cavabdeh MMC tərəfindən səhv xidmətin göstərilməsi nəticəsində İddiaçı MMC ən az qiymət təklifi etsə də tenderdən kənarlaşdırılmış və o real olaraq əldə edəcəyi gəlirdən məhrum olmaqla iqtisadi dövriyyəsi kiçilmiş və kredit maliyyələşməsindən istifadə etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış mühasibat-konsaltinq xidmətinin göstərilməsi haqqında 01 iyul 2017-ci il tarixli, 07/2017 nömrəli müqaviləyə əsasən icraçı - Cavabdeh MMC sifarişçi - İddiaçı MMC-yə Vergilər Nazirliyinə aylıq ƏDV, illik əmlak və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin təqdim edilməsi, şəhadətnamə dublikatlarının online sifariş edilməsi, online kargüzarlıq bölməsinə gəlmiş məktubların vaxtında cavablandırılması, Dövlət Sosial Müdafiə Fonduna rüblük B1, illik B3 hesabatının verilməsi, yeni qəbul edilmiş işçilər üçün SNN-lərin alınması, hamiləlik və xəstəliklə bağlı müavinatların hesablanması, Statistika Komitəsinə rüblük və illik hesabatların təqdim edilməsi, Məşğulluq İdarəsinə aylıq, rüblük və illik hesabatların təqdim edilməsi, ilkin məlumatların yığılması və mühasibat uçotunun 1C mühasibat proqramında aparılması, Azərbaycan Respublikası qanunvericiliyi əsasında dövlət orqanları (VN, DSMF, DƏM) tərəfindən keçirilən yoxlamalarda müşayət edilməsi, maliyyə və vergi qanunvericiliyi sahəsində məsləhətlərin verilməsi, bank ödənişlərinin həyata keçirilməsi, E-qaimə və Vergi Hesab fakturalarının hazırlanması, kadr sənədlərinin hazırlanması (əmr, müqavilə, əmək kitabçası), şirkət qeydiyyatı, qeydiyyat dəyişikliyi və müqavilələrlə bağlı ilkin hüquqi rəyin bildirilməsi xidmətlərin göstərilməsini öhdəliyinə götürmüşdür. "xxxx" QSC-nin İddiaçı MMC-yə ünvanlanmış 22 sentyabr 2022-ci il tarixli, 613/2-185 saylı məktubuna əsasən tenderdən kənarlaşdırılmanın səbəbi kimi X3 məlumat xəritəsində tələb edilən bank qarantiyası barədə sənəd müraciət edilən sənədlərdə mövcud olmaması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddia tələbinin məzmunundan görünür ki, tələb olunan zərərin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulan “əldən çıxmış fayda”, yəni, hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olması təşkil edir və bu xüsusat cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi ilə əsaslandırılır. Buna görə də hazırkı mübahisə üzrə araşdırılmalı məsələ cavabdehin müqavilə əsasında hansı öhdəlikləri üzərinə götürməsidir. Öhdəliklərin məzmunu isə tərəflər arasında bağlanmış mühasibat-konsaltinq xidmətinin göstərilməsi haqqında 01 iyul 2017-ci il tarixli, 07/2017 saylı müqavilənin 1-ci bölməsi və 2.2-ci bəndi ilə müəyyən olunur. Müqavilənin 1-ci bölməsinə əsasən icraçı - Cavabdeh MMC aşağıdakı xidmətlərin göstəriləməsini üzərinə götürmüşdür: Vergilər Nazirliyinə aylıq ƏDV, illik əmlak və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin təqdim edilməsi, şəhadətnamə dublikatlarının online sifariş edilməsi, online kargüzarlıq bölməsinə gəlmiş məktubların vaxtında cavablandırılması; Dövlət Sosial Müdafiə Fonduna rüblük B1, illik B3 hesabatının verilməsi, yeni qəbul edilmiş işçilər üçün SNN-lərin alınması, hamiləlik və xəstəliklə bağlı müavinatların hesablanması; Statistika Komitəsinə rüblük və illik hesabatların təqdim edilməsi; Məşğulluq İdarəsinə aylıq, rüblük və illik hesabatların təqdim edilməsi; ilkin məlumatların yığılması və mühasibat uçotunun 1C mühasibat proqramında aparılması; Azərbaycan Respublikası qanunvericiliyi əsasında dövlət orqanları (VN, DSMF, DƏM) tərəfindən keçirilən yoxlamalarda müşayət edilməsi; maliyyə və vergi qanunvericiliyi sahəsində məsləhətlərin verilməsi; bank ödənişlərinin həyata keçirilməsi; E-qaimə və Vergi Hesab fakturalarının hazırlanması; kadr sənədlərinin hazırlanması (əmr, müqavilə, əmək kitabçası); şirkət qeydiyyatı, qeydiyyat dəyişikliyi və müqavilələrlə bağlı ilkin hüquqi rəyin bildirilməsi. Xidmətlərin siyahısından göründüyü kimi bu siyahıda “bank qarantiyasının alınması” növündə xidmət nəzərdə tutulmamışdır. Bundan başqa, cavabdehin iddiaçı qarşısında sənədlərin tenderə təqdim edilməsi, bu sənədlərə görə məsuliyyət daşıması kimi bir öhdəliyi də yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan normanın məzmununa əsasən bank qarantiyasının alınması öhdəliyinin cavabdehin üzərində olması üçün müqavilədə bu xidmət növü qeyd olunmalı idi. İddiaçı bu öhdəliyin cavabdehin üzərində olmasını “İcraçının vəzifələri” adlı 2-ci maddənin 2-ci bəndi ilə əsaslandırır. Həmin bənddə qeyd olunmuşdur ki, icraçı bu müqavilənin 1-ci bölməsində qeyd olunmuş xidmətlərin yerinə yetirilməsinə lazımi şərait yaratmağı öz öhdəsinə götürür, yəni: bu müqavilənin 1-ci bölməsində göstərilmiş xidmətlərin yerinə yetirilməsi çərçivəsində sifarişçi tərəfindən tələb olunan hərəkətləri yerinə yetirmək. İstinad olunan bənlərdə də vurğulanır ki, icraçının üzərinə götürdüyü öhdəlik məhz müqavilənin 1-ci bölməsində qeyd olunmuş xidmətlərin yerinə yetirilməsi çərçivəsində olmalıdır. Lakin yuxarıda qeyd olunduğu kimi 1-ci bölmədə “bank qarantiyasının alınması” növündə xidmət nəzərdə tutulmamışdır. İddianın digər əsası kimi ona istinad edilir ki, Cavabdeh MMC-nin öz internet saytında qeyd olunur ki, bu şirkət mühasibat xidmətləri bazarında çoxillik təcrübəyə malik konsaltinq şirkətidir və göstərilən xidmətlərin siyahısında tenderdə iştirak üçün sənədlərin hazırlanması, bank qarantiyası sənədinin alınması və digər xidmətlər qeyd olunur. Lakin qeyd olunan xüsusat da bu öhdəliklərin cavabdehin üzərində olması qənaətinə gəlməyə əsas vermir. Əksinə, cavabdehin saytında “tenderdə iştirak üçün sənədlərin hazırlanması”, “bank qarantiyası sənədinin alınması” kimi xidmətlərin xüsusi olaraq vurğulanması onu təsdiq edir ki, hər biri ayrıca xidmət növü kimi müqavilə şərtində əksini tapmalıdır. Digər əsas olaraq iddiaçı ona istinad edir ki, kimi müqavilə üzrə xidmət haqqı 300 manat nəzərdə tutulsa da icraçı tərəfindən görülən işlərin artması əlavə xidmətlərin və həmçinin bank qarantiyası sənədinin təqdim olunması xidmətinin göstərildiyi üçün xidmət haqqı da artırılmış və 900 manata çatmışdır. Lakin artıq ödənilmiş pul vəsaitinin məhz müqavilədə ayrıca xidmət növü kimi nəzərdə tutulmamış “tenderdə iştirak üçün sənədlərin hazırlanması”, “bank qarantiyası sənədinin alınması” kimi xidmətlərə görə ödənilməsi işin faktiki halları ilə təsdiqini tapmır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, müqaviləyə əsasən cavabdeh tərəfindən göstərilməli olan xidmətlərin siyahısında “bank qarantiyası sənədinin alınması” nəzərdə tutulmadığından iddia rədd olunmalı, məhkəmə xərcləri iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı zərərin əvəzinin ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-6206/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6206/2022
20.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver