Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6208/2025 28.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, müqavilə azadlığı, iddia müddəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli xidmət müqaviləsi üzrə 4226 manat ƏDV daxil olmaqla 27706,2 manat əsas borc, 4887 manat cərimə və 188 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 31 yanvar 2020-ci il tarixli AA/31/01-5 saylı xidmət müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən, icraçı sifarişçinin tapşırığı ilə müqavilənin əlavəsində qeyd olunan xidmətləri icra edib sifarişçinin mülkiyyətinə verir, sifarişçi isə bu işlərin dəyərini icraçıya ödəməlidir. Tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən, görüləcək işlər üzrə cəmi əsas borc 1 586 946,88 manat, ƏDV borcu 285 650,44 manat olmaqla elektron qaimələr təsdiqlənmişdir. 1 563 466,68 manat əsas borc və 281 424 manat ƏDV borcu sifarişçi tərəfindən podratçıya ödənilmişdir. Təsdiqlənmiş 14 yanvar 2021-ci il tarixli EBAW seriyalı 117796 nömrəli dəyəri 61 001,92 manat olan (52 544 manat əsas borc və 9457,92 manat ƏDV) elektron qaiməyə əsasən avans olaraq əsas borc üzrə 29 063,8 manat, ƏDV borcu üzrə isə 5231,48 manat borc 14 yanvar 2021-cü il tarixində sifarişçi tərəfindən icraçıya ödənilmiş, 23 480,20 manat əsas borc və 4226 manat ƏDV borcu, 4847 manat cərimə borcu olmaqla cəmi 32 553,64 manat borc qalmışdır. 2.2. Müqavilə üzrə sifarişçi öhdəliklərini kobudcasına pozaraq qalıq ödənişlərini icra etməmişdir. Dəfələrlə icraçı sifarişçiyə borcun ödənilməsi üçün müraciət etsə də, sonuncu müqavilə üzrə qanunvericiliklə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, müqavilədə dəbbə pulunun hesablanması nəzərdə tutulmasa belə, müqavilə üzrə öhdəliklərini icra etməyən tərəfə müqavilə üzrə qalıq borca illik 5 % bank uçot dərəcəsi ilə cərimə ödəməlidir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 462.1, 752.1-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə hazırlıq iclasında iştirak edərək iddianın məzmununa uyğun izahlar verdi və eyni zamanda bildirdi ki, tərəflər arasında müqavilə münasibətləri ilə yanaşı iddiaçının rəhbəri ilə cavabdehin təsisçisi və direktoru arasında tanışlıq olmuşdur. Lakin cavabdehin rəhbəri vəfat etdikdən sonra yeni direktor işdəki nöqsanları əsas gətirərək borcu ödəməkdən imtina etmişdir.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, bir müddət cavabdehin direktoru olmamış, bu səbəbdən iddiaçı yeni drirektorun təyin edilməsini gözləmiş, iddia müddətinin axımı kəsilmişdir.
7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, 23480 manat dəyərində xidmət cavabdehə göstərilmişdir. Tərəflər arasında həmin xidmətin başqa şəxs tərəfindən göstərilməsi ilə bağlı razılıq olmuş, bu səbəbdən uzun müddət borc tələb edilməmişdir. Göstərilmiş xidmətlərin dəyəri tam ödənilmişdir. Həmçinin hətta hər hansı borcun olduğu ehtimal edilsə belə, üç illik iddia müddəti ötmüşdür.
8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq qeyd etmişdir ki, 31 yanvar 2020-ci il tarixli AA/31/01-5 saylı xidmət müqaviləsi əsasında tərtib olunmuş iddiaçının 14 yanvar 2021-ci il tarixli, EBAW seriyalı 117796 nömrəli elektron qaimə-fakturasının icra müddəti 30 gündür – müqavilənin 4.1-ci bəndi. Beləliklə, müqavilənin icra müddəti 13 fevral 2021-ci il tarixdə bitmiş, 14 fevral 2021-ci tarixdən iddia müddətinin axımı başlanmış və 3 illik iddia müddəti 14 fevral 2024-cü il tarixdə başa çatmışdır. Hazırkı iş üzrə iddiaçı 1 avqust 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı iddia müddətinin başa çatmasından sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq iddiaçı qanunvericiklə müəyyən edilmiş iddia müddətinin keçməsindən sonra məhkəməyə müraciət etdiyinə görə iddia müddəti tətbiq edilməli və bununla əlaqədar iddiaçının cavabdehə qarşı iddia tələbləri təmin olunmamalıdır.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. Məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 31 yanvar 2020-ci il tarixli AA/31/01-5 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehin sifarişləri əsasında müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrində (qiymət razılaşma protokolları) qeyd olunan adlara uyğun xidmətləri cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin xidmətləri qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada xidmətlərin dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin xidmətlərin təhvili və ödəniş şərtlərinə əsasən, icraçı müqaviləyə uyğun olaraq sifarişçi tərəfindən xidmət sifariş edildikdən, tərəflər arasında qiymət razılaşma protokolu imzalandıqdan və ödəniş edildikdən sonra 30 gün müddətinə xidmətləri tam yararlı vəziyyətdə təhvil verməli, xidmətlərin dəyərinin 50 %-i avans olaraq, qalan hissəsi isə işlər tam başa çatdıqdan sonra müqavilə və razılaşma protokoluna əsasən köçürmə yolu ilə həyata keçirilməlidir. Həmin müqaviləyə xx.xx.2020-ci il tarixli 01 saylı əlavə olan qiymətlərin razılaşdırma protokoluna əsasən, ümumilikdə ƏDV daxil olmaqla 55365,6 manat dəyərində xidmət barədə razılıq əldə olunmuşdur. xx.xx.2021-ci il tarixli EBAW 117796 seriya və nömrəli elektron qaimə ƏDV daxil 62001,92 manat dəyərində xidmətin göstərilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə göndərilmiş, həmin elektron qaiməyə istinad edilməklə xx.xx.2021-ci il tarixdə 29063,8 manat əsas məbləğ, 5231,48 manat ƏDV məbləği ödənilmişdir.
13. İddiaçı 31 yanvar 2020-ci il tarixli AA/31/01-5 nömrəli xidmət müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli EBAW 117796 seriya və nömrəli elektron qaimə üzrə xidmətin qalıq dəyərinin – ƏDV daxil olmaqla 27706,2 manat məbləğində pulun ödənilməsini tələb edir.
14. Cavabdeh iddiaya etiraz edərək razılaşdırılmış xidmətlərin üçüncü şəxs tərəfindən göstərildiyini, 3 illik iddia müddətinin ötdüyünü bildirərək iddianın rədd edilməsini xahiş edir.
15. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirmədən öncə məhkəmə qeyd edir ki, ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
16. Belə ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 may 2008-ci il tarixli Qərar).
17. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
20. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli AA/31/01-5 nömrəli xidmətlərinin göstərilməsi haqqında müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
21. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
22. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
23. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
24. Təqdim olunan sübutları qanunvericilik normalarının tələbi baxımından araşdırdıqda müəyyən olunur ki, iddiaçı müvafiq subyektiv hüquqa malikdir və həmin hüquq cavabdeh tərəfindən pozulub. Belə ki, cavabdeh xidmətlərin göstərilmədiyi qeyd etsə də, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə elektron qaimə təqdim edildikdən sonra cavabdeh tərəfindən ləğvə və ya düzəlişə qaytarılmamış, əksinə cavabdeh xx.xx.2021-ci il tarixdə avans ödənişi etmişdir. Başqa sözlə, iddiaçı həmin məbləğləri tələb etmək üçün subyektiv hüquqa malikdir, cavabdeh tərəfindən isə adıçəkilən hüquq pozulmuşdur.
25. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
26. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
27. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
28. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərar).
29. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
30. Məhkəmə iddia müddətinin bitdiyi tarix ilə bağlı aşağıdakıları qeyd edir.
31. Tərəflər arasında bağlanmış 4.1-ci bəndinə əsasən, “icraçı” müqaviləyə uyğun olaraq “sifarişçi” tərəfindən xidmət sifariş edildikdən, tərəflər arasında qiymət razılaşma protokolu imzalandıqdan və ödəniş edildikdən sonra “sifarişçi”nin müəyyən etdiyi tarixdə, yəni 30 (otuz) gün müddətinə xidmətləri “sifarişçi”nin öhdəliyinə buraxaraq tam yararlı vəziyyətdə təhvil verməyi öhdəsinə götürür.
32. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, müqaviləyə əsasən “sifarişçi” sifariş olunan xidmətlərin dəyərini müqavilə imzalandıqdan sonra müqavilə dəyərinin 50 %-i avans olaraq, işlər tam başa çatdıqdan sonra isə müqavilə dəyərinin geridə qalan məbləği bu müqavilə və razılaşma protokoluna əsasən köçürmə yolu ilə həyata keçirir.
33. Göründüyü kimi tərəflər ödəniş edildikdən sonra 30 gün müddətində işlərin təhvil verilməsini, işlər başa çatdıqdan sonra qalan məbləğin ödənilməsini razılaşdırmışlar. Belə olan halda xx.xx.2021-ci il tarixdə ödənişin edildiyini nəzərə alan məhkəmə qeyd edir ki, xidmətlərin qalıq dəyəri xx.xx.2021-ci il tarixdə tam ödənilməli idi. Bu isə xx.xx.2021-ci il tarixdən iddia müddətinin axımının başladığını və xx.xx.2024-cü il tarixdə başa çatdığını deməyə əsas verir. İddiaçı isə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş, müqavilə tələbləri üzrə üç illik iddia müddətini ötürmüşdür.
34. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
35. Beləliklə, müəyyən olunur ki, iddiaçı tərəfindən xidmət haqqının tələb edilməsi üzrə iddia müddəti ötürülmüşdür.
36. İddiaçı cavabdehin direktorunun vəfat etməsinin iddia müddətinin axımının kəsilməsinə səbəb olduğunu qeyd etsə də, Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
37. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbi üzrə iddia müddəti keçdiyindən, həmin tələb rədd olunmalıdır.
38. Məhkəmə iddia tələbinin 4847 manat cərimə borcu hissəsində isə qeyd edir ki, Mülki Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Belə olan halda həmin hissədə də iddia rədd edilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
39. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 188 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
40. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. İddia tələbinin rədd edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə xərci iddiaçıya aid edilir.
V. Nəticə:
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova