Məhkəmə qərarları › İş №e-2-2(113)-6210/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6210/2022

22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6210/2022 22.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaranmış 300000 manat borc məbləğinin və həmin məbləğin məhkəmə qərarının qəbul edildiyi günə olan rəsmi uçot dərəcəsi ilə faizinin hesablanaraq cavabdeh "xxxx" ASC-dən tutularaq, İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (podratçı) ilə cavabdeh "xxxx" ASC (subpodratçı) arasında 16-NWC-NGA-463 saylı 02 fevral 2017-ci il tarixli subpodrat Müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən podratçı tərəfindən subpodratçıya 600000 manat məbləğində ilkin ödəniş həyata keçirilmişdir. Lakin sonradan müqaviləyə xitam verilmiş və 10 aprel 2018-ci il tarixində tərəflər arasında subpodratçıya ilkin ödənilmiş pul vəsaitindən 500000 manat məbləğində vəsaitin (100000 manat məbləğində vəsait güzəşt edilmişdir) podratçıya aşağıdakı qaydada qaytarılması barədə razılaşma protokolu imzalanmışdır: 1. 100000 manat – 07 iyun 2018-ci ilədək; 2. 100000 manat – 07 iyul 2018-ci ilədək; 3. 100000 manat – 07 avqust 2018-ci ilədək, 100000 manat – 07 sentyabr 2018-ci ilədək; 5. 100000 manat – 07 oktyabr 2018-ci ilədək. Lakin, bu günədək cavabdeh təşkilat yalnız 200000 manat məbləğində vəsait geri qaytarmışdır. Qalan 300000 manat məbləğində pul vəsaitinin (borcun) geri qaytarılması üzrə cavabdehin öhdəliyinin icrası uzun müddətdir ki,əsassız olaraq gecikdirilmişdir. İddiaçı dəfələrlə cavabdeh təşkilatın rəhbərliyi ilə görüşüb bu münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışmasına baxmayaraq cavabdeh tərəfindən laqeyd rəftar edilərək, iddiaçının əsaslı tələbləri təmin edilməmişdir. Həmçinin mübahisənin pretenziya qaydasında həll edilməsi üçün müvafiq pretenziyalar da cavabdehə iddiaçı tərəfindən göndərilmiş, lakin həmin pretenziya məktubularına da əsaslandırılmış cavab verilməmişdir yaxud öhdəliyin icrası istiqamətində hər hansı əməli addımlar atılmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin (həmçinin razılaşma protokolunun) maddələri, qanunvericiliyin tələbləri, praktiki işgüzar adətlər, işgüzar etika cavabdeh tərəfindən kobud şəkildə pozularaq, yaranmış mübahisənin həlli, pul öhdəliyin icrası üçün hər hansı əməli addımlar atılmır. Cavabdeh "xxxx" ASC elektron məhkəmə informasiya sisteminə ərizə yükləyərək, iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı MMC iddia müddətinin tətbiqinə dair ərizəyə qarşı ərizə verərək ərizəsində bildirmişdir ki, İddiaçı MMC və "xxxx" ASC arasında 10 aprel 2018-ci ildə “Razılaşma protokolu” imzalanmışdır. İddiaçıya geri ödənilməli olan 600000 manat ümumi məbləğdən, cavabdehə 100000 manat güzəşt edilmişdir. Razılaşma Protokoluna müvafiq olaraq cavabdeh 1-ci olaraq 15 oktyabr 2018-ci ildə - 100000 manat 2-ci olaraq 23 noyabr 2018ci ildə - 50000 manat 3-cü olaraq 27 fevral 2019-cu il tarixdə ödənişlər etmişdir. İddiaçı tərəfindən cavabdehə Razılaşma Protokolu üzrə öhdəliklərinin icrası tələbi ilə 09 iyul 2020-ci il, 21 oktyabr 2020-ci il, 19 yanvar 2021-ci il, 07 sentyabr 2022-ci il (onlayn kargüzarlıq vasitəsilə) tarixlərində rəsmi pretenziya məktubları, 08 sentyabr 2022-ci il tarixində isə “Mediasiya prosesinin tətbiqi barədə təklif’ göndərilmişdir. Cavabdeh pretenziya məktublarını şifahi cavablayaraq, pandemiyaya istinad etmiş və maddi çətinliklərinin olduğunu bildirərək ödəniş üçün əlavə möhlət istəmişdir. Məlum olduğu kimi, 2020-2021 -ci illərdə COVİD-19 pandemiyasının pik həddə olduğu dövrdə bütün dünyada, eləcə də, Azərbaycan Respublikasında sərt karantin rejimi tədbiq edildiyindən, bütün biznes subyektlərində olduğu kimi bizim müəssisənin də, həmçinin dövlət və məhkəmə orqanlarının fəaliyyəti əhəmiyyətli şəkildə məhdudlaşdırılmışdır. Bu və digər sadalanan amillər (məsul şəxslərin koronavirusa yoluxması halları da daxil) həmin dövrdə borc tələbi üzrə iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsinə əngəl törətmişdir. Buna baxmayaraq yuxarıda artıq qeyd edildiyi kimi iddiaçı tərəfindən cavabdehə həmin dövrdə borc tələbi ilə, dörd pretenziya məktubu, son ikisi 19 yanvar 2021- ci il və 07 sentyabr 2022-ci il tarixlərində göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinə və iddia müddətinin tətbiqinə dair ərizəyə qarşı ərizəyə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 02 fevral 2017-ci il tarixli İddiaçı MMC ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 16-NWC-NGA-463 nömrəli subpodrat müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən "xxxx" ASC İddiaçı MMC-nin tələblərinə əsasən və smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə metal konstruksiya işlərini yerinə yetirməyi, işi başa çatdırmağı və İddiaçı MMC-yə tam hazır vəziyyətdə təhvil verməyi, İddiaçı MMC isə "xxxx" ASC-nin gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürürlər. xx.xx.2018-ci il tarixli 100000 manat, xx.xx.2018-ci il tarixli 50000 manat və xx.xx.2019-cu il tarixli 50000 manat məbləğində olan ödəniş tapşırıqlarından görünür ki, "xxxx" ASC İddiaçı MMC-yə hazırki müqavilə üzrə ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.1-ci maddələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, 02 fevral 2017-ci il tarixdə podradçı İddiaçı MMC ilə subpodradçı "xxxx" ASC arasında subpodrat müqaviləsi bağlanmış, İddiaçı MMC icraçı "xxxx" ASC-yə smetada razılaşdırılmış həcmdə və qiymətlər üzrə metal konstruksiya işlərinin yerinə yetirilməsi ilə bağlı sifariş vermiş və bu məqsədlə xx.xx.2017ci il tarixdə subpodraçının hesabına 600000 manat məbləğində vəsait köçürmüş, lakin təxminən bir ildən sonra müqavilə münasibətlərinə xitam verildiyinə görə tərəflərin arasında 10 aprel 2018-ci il tarixli razılaşma protokolu imzalanmışdır. Sözügedən razılaşmaya əsasən subpodratçı ilkin ödənilmiş pul vəsaitindən 500000 manat məbləğində vəsaitin (100000 manat məbləğində vəsait güzəşt edilmişdir) podratçıya aşağıdakı qaydada: 1) 100000 manat – 07 iyun 2018-ci ilədək; 2) 100000 manat – 07 iyul 2018-ci ilədək; 3) 100000 manat – 07 avqust 2018-ci ilədək, 4) 100000 manat – 07 sentyabr 2018ci ilədək; 5) 100000 manat – 07 oktyabr 2018-ci ilədək qaytarılması öhdəliyini götürmüşdür. Lakin subpodratçı "xxxx" ASC xx.xx.2018, xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərdə müvafiq olaraq 100000 manat, 50000 manat və 50000 manat cəmi 200000 manat məbləğində vəsaiti İddiaçı MMC-yə ödəmişdir. Göründüyü kimi "xxxx" ASC axırıncı ödənişi xx.xx.2019-cu il tarixdə etmiş, iddiaçı isə 300000 manat borc məbləğinin və həmin məbləğin məhkəmə qərarının qəbul edildiyi günə olan rəsmi uçot dərəcəsi ilə faizinin hesablanması tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət edərək iddia ərizəsinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı yaranmış 300000 manat borc məbləğinin və həmin məbləğin məhkəmə qərarının qəbul edildiyi günə olan rəsmi uçot dərəcəsi ilə faizinin hesablanaraq cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı yaranmış 300000 manat borc məbləğinin və həmin məbləğin məhkəmə qərarının qəbul edildiyi günə olan rəsmi uçot dərəcəsi ilə faizinin hesablanaraq cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar