Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6272/2024 01.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyinə qarşı “işlərin yerinə yetirilməsinə və maliyyələşdirilməsinə dair müqavilə üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, tərəflər arasında bağlanmış 17 iyul 2018-ci il tarixli işlərin yerinə yetirilməsinə və maliyyələşdirilməsinə dair müqavilə üzrə 624 545,67 manat məbləğində pulun və ödənilmiş 920 manat dövlət rüsumunun, 5000 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (icraçı qismində) ilə Naftalan Şəhər İcra Hakimiyyəti (nəzarətçi qismində) və cavabdeh “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyi (maliyyələşdirən tərəf qismində) arasında 17 iyul 2018-ci il tarixdə işlərin yerinə yetirilməsinə və maliyyələşdirilməsinə dair üçtərəfli müqavilə bağlanılmışdır. Həmin Müqavilənin 2.1, 2.2, 2.3 və 2.4-cü bəndlərinə əsasən icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında müqavilənin tərkib hissəsi sayılan və tərəflər arasında müvafiq qaydada təsdiqlənmiş 1 nömrəli əlavədə göstərilən işləri tam həyata keçirərək, onun nəzarətçiyə təhvil verilməsini, nəzarətçi müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində bütün işlərin icraçıdan qəbul edilməsini, maliyyələşdirən tərəf isə nəzarətçi tərəfindən qəbul edilmiş işlərin dəyərinin icraçıya ödənilməsini üzərinə götürmüşdür. Adıçəkilən müqaviləyə 28 dekabr 2021-ci il tarixli 1 nömrəli əlavə imzalamış və həmin əlavəyə əsasən nəzarətçi Naftalan şəhəri ərazisində yerləşən istirahət parklarında, o cümlədən şəhərin Z.Ə.Tağıyev küçəsi, Şirvan prospekti və ətrafında bərpayenidənqurma və abadlıq işlərinin görülməsi ilə bağlı icraçıya sifariş verməyi, icraçı həmin işləri görməyi, maliyyələşdirən tərəf isə görüləcək həmin işlərin dəyərini icraçıya ödəməyi öz üzərinə götürmüşdür. İcraçı həmin müqavilə şərtlərinə uyğun olaraq nəzarətçi tərəfindən ona sifariş verilmiş işlərin icrasını həyata keçirmiş və Naftalan Şəhər İcra hakimiyyətinə təhvil vermişdir. Müqaviləyə görə maliyyələşdirən tərəf müqavilə üzrə ödəmələri icraçının təqdim etdiyi və nəzarətçi tərəfindən təsdiq edilmiş sənədlər əsasında, ən qısa müddətdə, lakin 30 gündən gec olmamaq şərti ilə ödəməyə borcludur. İddiaçı tərəfindən 2023-cü ilin iyul ayında Naftalan şəhərinin Şirvan prospektində və ətrafında 216 139,10 manat dəyərində, Z.Ə.Tağıyev küçəsində isə 408 406,57 manat dəyərində olmaqla cəmi 624 545,67 manat dəyərində abadlıq işləri görülmüş və tərtib olunmuş “Forma 2”-lər əsasında Naftalan Şəhər İcra Hakimiyyətinə təhvil vermişdir. Həmin “Forma 2”-lər Naftalan Şəhər İcra Hakimiyyətinin 3 nəfər nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuşdur. Cavabdeh “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyi isə həmin “Forma 2”-ləri imzalamamış, lakin bunun səbəblərini izah etməmişdir. İddiaçı tərəfindən cavabdehə bununla bağlı dəfələrlə müraciət olunmasına baxmayaraq, həmin məbləğ ödənilməmişdir. Buna görə də cavabdehə 22 iyul 2024-cü il tarixdə, həm elektron məhkəmə portalı, həm də elektron vergi sistemi vasitəsi ilə pretenziyalar göndərərək, 5 gün müddətində 624 545,67 manat məbləğdə olan borcun ödənilməsi xahiş edilmiş, əks halda pozulmuş hüquqların müdafiəsi ilə bağlı, əlavə xərclər də tələb edilməklə, məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin cavabdeh tərəf pretenziyaya heç bir cavab verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmyaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd olunan normaların müqayisəli təhlilindən və Ali Məhkəmə Plenumunun qərarından belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Adıçəkilən Qərarın 21-ci bəndlərində həmçinin göstərilmişdir ki, subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyri-sahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılması mübahisənin bilavasitə cavabdeh “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyinin sahibkarlıq fəaliyyətindən irəli gəldiyi halda mümkün olacaqdır. İş materiallarında olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (icraçı qismində) ilə Naftalan Şəhər İcra Hakimiyyəti (nəzarətçi qismində) və cavabdeh “Abadlıq- Sosial İnkişafa Dəstək” İctimai Birliyi (maliyyələşdirən tərəf qismində) arasında bağlanmış 17 iyul 2018-ci il tarixli işlərin yerinə yetirilməsinə və maliyyələşdirilməsinə dair müqavilənin şərtlərindən görünür ki, Nəzarətçi bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli Əlavədə qeyd olunan, Naftalan şəhəri ərazisində yerləşən istirahət parklarında bərpa-yenidənqurma işlərinin görülməsi məqsədilə İcraçıya sifariş verir, Maliyyələşdirən tərəf isə bunun müqabilində görüləcək işlərin dəyərini bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 1 nömrəli Əlavə ilə müəyyən edilmiş 1 770 000 manat məbləğində (ƏDV daxil) vəsaitin ödənilməsini öz öhdəsinə götürür (2.1). İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında bu müqavilənin tərkib hissəsi sayılan və Tərəflər arasında müvafiq qaydada təsdiqlənmiş 1 nömrəli Əlavədə göstərilən işləri tam həyata keçirərək onun Nəzarətçiyə təhvil verilməsini öhdəsinə götürür. İcraçı tərəfindən yerinə yetirilmiş işlər onun bu müqavilədə göstərilmiş şərtiərinə uyğun olmalıdır (2.2). Nəzarətçi müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində bütün işlərin İcraçıdan qəbul edilməsini öhdəsinə götürür (2.3). Maliyyələşdirən tərəf Nəzarətçi tərəfindən qəbul edilmiş işlərin (müvafiq təhvil-qəbul aktı və digər aidiyyəti sənədlər İcraçı tərəfindən təqdim edildikdən sonra) dəyərinin aidiyyəti üzrə ödənilməsini öhdəsinə götürür (2.4). Məhkəməyə təqdim edilən cavabdeh “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyinin 29 dekabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş nizamnaməsindən görünür ki, Birliyin əsas məqsədi ölkənin sosial inkişafına kömək etməkdən ibarətdir (2.1). Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir: sosial inkişaf sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək; ölkənin sosial potensialının və infrastrukturunun inkişafına yardım etmək; müvafiq sahədə xarici ölkələrin müsbət təcrübəsini öyrənmək. Göründüyü kimi, cavabdehin ictimai birlik kimi əsas məqsədi ölkənin sosial inkişafına kömək etməkdən ibarətdir və cəmiyyət həmin məqsədə çatmaq üçün ölkənin sosial potensialının və infrastrukturunun inkişafına yardım etmək vəzifəsini də həyata keçirir. 17 iyul 2018-ci il tarixli işlərin yerinə yetirilməsinə və maliyyələşdirilməsinə dair müqavilə isə bilavasitə həmin məqsədə çatmaq üçün ölkənin sosial potensialının və infrastrukturunun inkişafına yardım etmək vəzifəsi ilə əhatə olunan Naftalan şəhəri ərazisində yerləşən istirahət parklarında bərpa-yenidənqurma işlərinin görülməsi ilə bağlıdır. Başqa sözlə, 17 iyul 2018-ci il tarixli müqavilə ictimai birliyin sahibkarlıq fəaliyyəti ilə bağlı olmayıb, təsis sənədində müəyyən olunmuş məqsədin realizəsi ilə bağlıdır. Belə olan halda, hazırkı mübahisəyə kommersiya məhkəmələrində baxılması istisna edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 22-ci bəndinə əsasən, qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Qeyd olunan Qərarda əks olunmuş hüquqi mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, hazırkı mübahisə tərəflərdən birinin qeyri-kommersiya hüquqi şəxsi, digərinin isə kommersiya hüquqi şəxsi statusuna malik olduğu müqavilədən irəli gələn tələblə bağlı yaranmışdır və belə olan halda ikincinin sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmadığı nəzərə alındığında mübahisənin kommersiya mübahisəsi olması üçün cavabdehin – qeyri-kommersiya hüquqi şəxsinin də sahibklarlıq fəaliyyətindən irəli gəlməsi mütləq şərtdir. Lakin hazırkı mübahisə cavabdehin nizamnamə ilə üzərinə qoyulmuş vəzifələrlə bağlı olub sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) aid olmadığından və qanunvericiliyin tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün ümumi məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş vergi məlumatlarından görünür ki, cavabdehin hüquqi ünvanı AZ1095, ünvan 1a əsasən hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyinə qarşı “işlərin yerinə yetirilməsinə və maliyyələşdirilməsinə dair müqavilə üzrə pulun tutulması” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-6272/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6272/2024
01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver