Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6464/2025 03.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nəqliyyat xidmətlərinin göstərilməsinə dair” 05 iyun 2023-cü il tarixli 055 saylı Müqavilə üzrə 7486.69 (yeddi min dörd yüz səksən altı manat altmış doqquz qəpik) manat həcmində borc məbləğinin, borc öhdəliyinin icra edilməməsinə görə 7486.69 AZN-in 7,25 %-i məbləğində, yəni 542 (beş yüz qırx iki) AZN məbləğində faizin və vurulmuş zərərin əvəzi olaraq hüquqi xidmət üçün 1000 (bir min) manat məbləğində vəsaitin, ümumilikdə 9028.69 (doqquz min iyirmi səkkiz manat 69 qəpik) Azərbaycan manatı məbləğində vəsaitin, eləcə də iddia ərizəsinin verilməsinə görə ödənilmiş 110,29 (yüz on manat 29 qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (İcraçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında “Nəqliyyat xidmətlərinin göstərilməsinə dair” 05 iyun 2023-cü il tarixli 055 saylı Müqavilə (bundan sonra “Müqavilə”) imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinin tələbinə əsasən, İcraçı mülkiyyətində olan və xidmət müqaviləsi ilə xidmət aldığı xüsusi nəqliyyat vasitələri ilə torpaq hamarlama, bərkitmə və daşınma işlərinin aparılması xidmətinin yerinə yetirilməsini, Sifarişçi isə göstərilmiş xidmətin həcminə uyğun, razılaşdırılmış qiymətlərə əsasən İcraçıya xidmələri ödəməyi öhdəsinə götürüb. İddiaçı qeyd edilən Müqavilə tələblərinə uyğun olaraq Cavabdehə müvafiq xidmətləri göstərsə də, Cavabdeh göstərilmiş xidmətlərə görə Müqavilə üzrə nəzərdə tutulmuş xidmət haqqını ödəməyib. Nəticədə, Cavabdehin İddiaçı qarşısında7486.69 (yeddi min dörd yüz səksən altı manat altmış doqquz qəpik) manat həcmində borc öhdəliyi yaranıb. İddiaçı tərəfindən Cavbdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borc öhdəliyini bugünədək icra etməmişdir. Cavabdeh aldığı xidmətlərə görə yaranmış borc öhdəliyini yerinə yetirməklə yanaşı, bu borcun vaxtında ödənilməməsinə görə qanunvericiliyə əsasən müəyyən edilmiş faiz məbləğini və eyni zamanda iddiaçıya vurulmuş zərəri də ödəməlidir.
3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Nəqliyyat xidmətlərinin göstərilməsinə dair” 05 iyun 2023cü il tarixli 055 saylı Müqavilə üzrə 7486.69 (yeddi min dörd yüz səksən altı manat altmış doqquz qəpik) manat həcmində borc məbləğinin, borc öhdəliyinin icra edilməməsinə görə 7486.69 AZN-in 5 %-i məbləğində, yəni 374 (üç yüz yetmiş dörd) AZN məbləğində faizin və hüquqi xidmət üçün 1000 (bir min) manat məbləğində vəsaitin, eləcə də, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 110,29 (yüz on manat 29 qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
İİ. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə2 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qiyabi qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında göstərilmiş xidmətlərlə bağlı hər hansı təhvil aktı imzalanmamış, cavabdehə iki qaimə göndərilmiş, bir qaimə üzrə ödəniş edilsə də, hazırkı qaimə üzrə hər hansı vəsait ödənilməmişdir.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
7. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
II. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı (İcraçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış 05 iyun 2023-cü il tarixli, 055 saylı “Nəqliyyat xidmətlərinin göstərilməsinə dair” müqaviləyə əsasən icraçı mülkiyyətində olan və xidmət müqaviləsi ilə xidmət aldığı xüsusi nəqliyyat vasitələri ilə torpaq hamarlama, bərkitmə və daşınma işlərinin aparılması xidmətinin yerinə yetirilməsini, sifarişçi isə göstərilmiş xidmətin həcminə uyğun, razılaşdırılmış qiymətlərə əsasən icraçıya xidmətləri ödəməyi öhdəsinə götürür.
10. Müqavilənin 3.1-ci bəndinə əsasən nəqliyyat üzrə xidmətlərin qiyməti (yanacaq xaric, sürücü daxil) bir ay üçün ədv daxil 10030,00 manat (qiyməti 8500+1530 ədv) təşkil edir.
11. Müqavilənin 3.2-ci bəndinə əsasən hesablamaların aparılması üçün bir ay 28 gündür, bir gün 10 saat.
12. Müqavilənin 3.7-ci bəndinə əsasən xidmətlərin yerinə yetirilməsi müvafiq təhviltəslim aktının imzalanması yolu ilə təsdiq olunur.
13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, EBDL 807081 nömrəli 7486,69 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDJ 194649 nömrəli 3546,31 manat məbləğində elektron qaimə-fakturalar təqdim edilmişdir.
14. İddiaçı tərəfindən təqdim olunmuş AVİS sistemindən çıxarışa əsasən xx.xx.2023cü il tarixli, EBDL 807081 nömrəli 7486,69 manat məbləğində elektron qaimə-faktura sistem tərəfindən təsdiq olunmuşdur.
15. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən cavabdeh tərəfindən iddiaçıya 3005,35 manat məbləğində ödəniş olunmuşdur.
16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında 05 iyun 2023-cü il tarixli, 055 saylı “Nəqliyyat xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh həmin müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmiş, ona təqdim edilmiş sonuncu qaimə üzrə ödəniş etməmişdir.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
23. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.
24. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 7486,69 manat tutularaq iddiaçıya ödənilməlidir.
26. Bundan əlavə iddiaçı cavabdehdən bir illik dövr üzrə 374 manat məbləğində illik beş faizlə hesablanmış faiz borcunun tutulub iddiaçıya ödənilməsini xahiş etmişdir.
27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
28. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
29. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
30. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
31. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
32. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
33. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
35. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
36. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
37. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
38. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır, iddia həmin hissədə də təmin edilməlidir.
39. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 7486,69 manat əsas borc, 374 manat illik beş faizlə hesablanmış faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
40. Bundan başqa iddiaçı iddia ərizəsində hüquqi xidmətin göstərilməsi ilə bağlı 1000 manat xərcin də cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hüquqi yardımla bağlı yaranmış xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
41. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına həmin vəsait ödənilmişdir.
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
43. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 110,29 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV. Nəticə:
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 7486,69 manat əsas borc, 374 manat illik beş faizlə hesablanmış faiz borcu, 1000 manat hüquqi yardıma görə xərc, 110,29 manat dövlət rüsumu, ümumilikdə 8970,98 (səkkiz min doqquz yüz yetmiş manat doxsan səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən apellyasiya şikayəti verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova