Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6568/2022 05.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, İddiaçı MMC tərəfindən verilmiş iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2 FZE” şirkətinin Azərbaycan Respublikasındakı filialından İddiaçı MMC-nin xeyrinə 129.000 manat əsas, 23.220 manat məbləğində ƏDV, 50.000 manat məbləğində zərərin əvəzi, məhkəməyə müraciət üçün ödənilmiş 95 manat dövlət rüsmunun əvəzi, 2.000 manat məbləğində hüquqi yardıma görə ödənilən xərc və 400 manat məbləğində mediasiyaya görə ödənilən vəsait ümumilikdə 204.715 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdeh qismində Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı qeyd olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq hüquqi şəxs hesab olunmadığı üçün hazırki iş üzrə cavabdeh ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin: 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 268-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı MMC tərəfindən verilmiş iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-6568/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6568/2022
05.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver