Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6569/2025 03.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, mal göndərmə müqaviləsi, müqavilədən imtina: qüsurlu icra və icranın gecikdirilməsi, dəbbə pulunun azaldılması, zərər: əldən çıxmış fayda) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti a) İddiaçı Cavabdehnə qarşı ilkin iddiası
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 012/2024 nömrəli podrat müqaviləsi üzrə ƏDV daxil 375875,96 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmış 12827,55 manat və ödənilmiş 665,86 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli 012/2024 nömrəli müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli 012/2024 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı “Azərbaycan Respublikası Milli Bank layihəsində mebel və quraşdırılma işləri”ni cavabdeh tərəfindən təqdim olunmuş iş həcmləri və layihə cizgilərinə əsasən müqavilənin qiymətlərin razılaşdırma protokolu 1-də göstərilən malları və işləri bu müqaviləyə uyğun yerinə yetirməyi, başa çatdırmağı və cavabdehə təhvil verməyi, cavabdeh isə iddiaçının gördüyü işin müqabilində müqavilənin əlavəsində razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. 2.2. xx.xx.2024-cü il tarixli 012/2024 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı podratçı tərəf olaraq öz üzərinə düşən öhdəliyini tam şəkildə yerinə yetirməsinə baxmayaraq, cavabdeh sifarişçi tərəf olaraq üzərinə düşən öhdəliyini yerinə yetirməmiş və müqavilə üzrə ƏDV daxil olmaqla 375875,96 manat qalıq ödənişini bu günədək icra etməmişdir (318538,95 manat (əsas) + 57337,01 manat (ƏDV)). Ödəniş öhdəliyinin icra edilməməsi müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl hesab olunur. Eyni mahiyyətli məktub (pretenziya) cavabdehə rəsmi qaydada göndərilmişdir. Lakin məktubu almasına baxmayaraq, qarşı tərəf bu günədək hər hansı ödəniş etməmişdir. 2.3. Belə ki, iddiaçı tərəflər arasında imzalanmış müqaviləyə əlavə 1-ə əsasən, JO-111 qarderob (korpus laminat, “kapak”lar boya) – 63 ədəd, ƏDV daxil olmaqla 110 617,92 manat; JO-110 qarderob (korpus laminat, “kapak”lar boya) – 59 ədəd, ƏDV daxil olmaqla 129 493,2 manat; JO-105 mətbəx mebeli (korpus laminat, “kapak”lar “şpon”) – 1 ədəd, ƏDV daxil olmaqla 5338,851 manat; JO-104 mətbəx mebeli (korpus laminat, “kapak”lar “şpon”) – 2 ədəd, ƏDV daxil olmaqla 8779,2 manat; JO-103 mətbəx mebeli (korpus laminat, “kapak”lar “şpon”) – 2 ədəd, ƏDV daxil olmaqla 7242,84 manat; JO-102 mətbəx mebeli (korpus laminat, “kapak”lar “şpon”) – 3 ədəd, ƏDV daxil olmaqla 19917,81 manat; JO-101 mətbəx mebeli (korpus laminat, “kapak”lar “şpon”) – 21 ədəd, ƏDV daxil olmaqla 94486,14 manat – ümumilikdə isə 375 875,961 manat dəyərində işlər görmüşdür. Hansı ki bu xidmətlər xx.xx.2025-ci il tarixli qaimə ilə təsdiqlənir. Lakin iddiaçı tərəfindən görülmüş işlər müqabilində cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. İddiaçı ona həvalə edilmiş işlərin icrasını 21 yanvar 2025-ci il tarixdə yerinə yetirmiş və cavabdehə malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura göndərmiş, cavabdeh tərəfindən də işlərin icrası təsdiq edilmiş, lakin hər hansı ödəniş edilməmişdir. 2.4. İddiaçı tərəfindən görülmüş işlərin dəyəri 21 yanvar 2025-ci il tarixindən (malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturanın göndərildiyi gündən) cavabdeh tərəfindən ödənilməli idi. Lakin bu günədək, yəni 26 sentyabr 2025-ci il tarixinədək ödəniş həyata keçirilməmişdir. Beləliklə, ödənişin edilməsi 249 gün gecikdirilmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, aşağıdakı məbləğlər hesablanmışdır: əsas borc: 375 875,96 manat, gecikdirilmiş 249 gün üçün faiz borcu: 12827,55 manat (375 875,96 × 0,05 × 249/365 ≈ 12827,55 manat).
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsi göstərilmişdir.
4. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, İddiaçı MMC-nin Cavabdeh MMCyə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının təmin edilməməsini, məhkəmə xərclərinin iddiaçıya aid edilməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində göstərilir ki, guya cavabdeh xx.xx.2024 tarixli 012/2024 saylı podrat müqaviləsi üzrə 375 875,96 manat məbləğində ödənişi həyata keçirməmişdir. İddiaçı bu məbləğin ödənilməsini məhkəmə qaydasında tələb edir. Lakin göstərilən iddia əsassızdır və mövcud hüquqi və faktiki hallara ziddir. Çünki iddiaçı bağlanmış müqavilə üzrə öhdəliklərini kobud şəkildə pozmuş, işləri nə vaxtında, nə də keyfiyyətlə yerinə yetirmiş, müqavilə şərtlərinə uyğun olaraq təhvil-təslim aktını təqdim etməmişdir. Bundan əlavə, podratçının hərəkətləri nəticəsində cavabdehin böyük maliyyə zərərləri yaranmışdır. İşlərin 294 gün gecikdirilməsi, təhvil verilməməsi və qüsurlu icrası səbəbindən cavabdeh həm əsassız ödənişlər etmiş, həm də böyük məbləğdə gəlirdən məhrum olmuşdur. Müqavilənin 7-ci maddəsinə əsasən gecikməyə görə hesablanmış penya isə bir milyon manatdan artıq məbləğ təşkil edir. Beləliklə, iddiaçının ödəniş tələbi əsassızdır, əksinə, onun özü cavabdeh qarşısında 1 613 172,12 manat məbləğində öhdəlik daşıyır. 5.2. 25 iyul 2024-cü il tarixində cavabdeh ilə iddiaçı arasında 012/2024 saylı podrat müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən, podratçı Milli Bank layihəsi çərçivəsində müəyyən olunmuş mebel və quraşdırma işlərini icra etməyi, sifarişçi isə görülmüş işlərin müqabilində ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırma protokolunda (QRP-1) görüləcək işlərin həcmi, növləri və dəyərləri dəqiq şəkildə təsbit edilmişdir. Müqavilənin 3-cü maddəsinə əsasən, ödənişlərin edilməsi yalnız avans zəmanət məktubu, Forma-2 və Forma-3 təqdim edildikdən sonra mümkün idi. Lakin podratçı bu əsas sənədləri təqdim etmədən ödənişlərin bir hissəsini qəbul etmişdir. Müqaviləyə görə işlərin təhvil verilmə tarixi 15 noyabr 2024-cü il müəyyən olunmuşdur. 5.3. Lakin bu günədək – 05 sentyabr 2025-ci il tarixinə qədər işlər tam şəkildə başa çatdırılmamış, təqdim edilən hissə isə qüsurlu və natamam olmuşdur. Bu, açıq şəkildə müqavilə şərtlərinin pozulmasıdır. Müqavilənin 4.2.1 və 4.2.2-ci bəndlərinə görə podratçı işləri keyfiyyətlə və vaxtında yerinə yetirməli, yalnız aktlaşdırıldıqdan sonra sifarişçiyə təhvil verməli idi. Həqiqətdə isə heç bir təhvil-təslim aktı təqdim edilməmiş, işlər natamam vəziyyətdə qalmışdır. Müqavilənin 7-ci maddəsinə görə hər gecikən gün üçün podratçı müqavilə dəyərinin 1 %-i həcmində penya ödəməlidir. Müqavilənin dəyəri 375 875 manat təşkil edir. İşlərin təhvil verilməli olduğu tarixdən etibarən bu günə qədər 294 gün gecikmə baş vermişdir. Gündəlik 3758,75 manat hesabı ilə ümumi penya məbləği 1 105 072,50 manat təşkil edir. İşlərin gecikdirilməsi və keyfiyyətsiz icrası səbəbindən “Tekfen İnşaat və Tesisat A.Ş.” işlərin bir qismini cavabdehdən geri almış və digər podratçıya həvalə etmişdir. Nəticədə cavabdeh 399 008,62 manat məbləğində gəlirdən məhrum olmuşdur. Bu məbləğ Mülki Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq “əldən çıxmış fayda” kimi tanınır və tam ödənilməlidir. 5.4. Podratçıya müxtəlif tarixlərdə ümumilikdə 92 450 manat ödəniş edilmişdir. Bu məbləğ ƏDV ilə birlikdə 109 091 manat təşkil edir. Lakin görülən işlər tam təhvil verilmədiyindən və tələb olunan sənədlər təqdim olunmadığından bu məbləğ əsassız ödəniş hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddəsinə əsasən əsassız ödənilmiş vəsait geri qaytarılmalıdır. Beləliklə, 012/2024 saylı podrat müqaviləsi üzrə iddiaçıya ödənilmiş vəsaitlər aşağıdakı kimidir: xx.xx.2024 tarixli, № BD5, Kapital Bank – 20 000 manat; xx.xx.2024 tarixli, № 463187124(4), Unibank – 18450 manat; xx.xx.2025 tarixli, № 2050, Azərtürkbank – 9000 manat; xx.xx.2025 tarixli, № 2532, Azərtürkbank – 15000 manat; xx.xx.2025 tarixli, № 2547, Azərtürkbank – 15000 manat; xx.xx.2025 tarixli, № 2557, Azərtürkbank – 15000 manat; ümumi ödəniş: 92450 manat; ƏDV 16641 manat; yekun: 109 091 manat təşkil edir. Beləliklə, podrat müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 109 091 manat məbləğində vəsait ödənilmişdir. Bu ödənişlər müxtəlif bank əməliyyatları ilə rəsmiləşdirilmiş və heç bir şübhə doğurmadan sənədlərlə təsdiq olunmuşdur. Lakin iddiaçı açıq-aşkar vicdanlılıq və ədalət prinsiplərinə zidd olaraq, həmin vəsaitlərin artıq ödənildiyini bildiyi halda, onları nəzərə almamış, sanki heç bir ödəniş edilməmiş kimi davranaraq, eyni məbləği yenidən borc kimi cavabdehin üzərinə yükləməyə cəhd göstərmişdir. Halbuki bu vəsaitlərin müqabilində nəzərdə tutulan işlər faktiki yerinə yetirilməmiş, təhvil-təslim aktı təqdim olunmamış və müqavilə öhdəlikləri icra edilməmişdir. Bu davranış iddiaçının tələbinin əsassızlığını, eyni zamanda onun qanunsuz və əsassız varlanma niyyətini bütün çılpaqlığı ilə üzə çıxarır. 5.5. Mülki Məcəllənin 18-ci maddəsi göstərir ki, məhkəməyə təqdim edilən bütün tələblərin – dəbbə pulu, penya, vurulmuş ziyanın əvəzinin ödənilməsi, artıq ödənilmiş məbləğlərin geri qaytarılması, əsassız saxlanılan vəsaitlərə faizlərin tutulmasının hamısı qanuni müdafiə üsuludur. Cavabdehin qarşılıqlı tələbləri məhz bu maddəyə uyğun legitim müdafiə formasıdır. İddiaçı müqavilə öhdəliklərini pozaraq həm real zərər, həm də əldə edilməmiş gəlir (399 008,62 manat) yaratmışdır. Mülki Məcəllənin 21-ci maddəsi cavabdehin bütün zərərlərin tam ödənilməsini tələb etmək hüququnu təsdiqləyir. Mülki Məcəllənin 385.1-ci maddəsi ümumi öhdəlik prinsipini müəyyən edir. Podratçı işləri müqaviləyə uyğun görməli idi. Görmədiyi üçün cavabdeh ödənilmiş vəsaitin qaytarılmasını tələb etməkdə haqlıdır. İddiaçı müqavilə müddətində işləri vaxtında və keyfiyyətlə görməmişdir. Müddətin bitməsi onu məsuliyyətdən azad etmir. İddiaçı tərəf vicdanlılıq prinsiplərini pozmuşdur: işləri gecikdirmiş, keyfiyyətsiz təqdim etmiş və nəticədə sifarişçiyə zərər vurmuşdur. Mülki Məcəllənin 427-ci maddəsi icra müddətinin pozulmasını hüquqi məsuliyyət yaradan fakt kimi müəyyən edir. İddiaçı 294 gün gecikmə ilə işləri təqdim etməklə öhdəliyi kobud şəkildə pozmuşdur. Cavabdeh tərəfindən əsassız ödənilmiş 109 091 manat Mülki Məcəllənin 439.4-cü maddəsinə görə geri qaytarılmalıdır. 5.6. Mülki Məcəllənin 442, 443.1-ci maddələrində podratçının vaxtında və keyfiyyətsiz işlərinə görə məsuliyyət açıq şəkildə müəyyən olunur. İddiaçı ödənilmiş vəsaitləri əsassız saxladığına görə yalnız əsas məbləği yox, həm də faizləri qaytarmalıdır. Mülki Məcəllənin 450-ci maddəsi göstərir ki, cavabdeh penya ödəməklə məsuliyyətdən azad olmur – həm zərəri, həm də dəbbə pulunu ödəməlidir. Zərərin ödənilməsi qanunla məhdudlaşdırıla bilməz. İddiaçı birtərəfli qaydada məsuliyyətdən yayınmaq hüququna malik deyil. Podratçının işçiləri və subpodratçıları onun cavabdehliyini aradan qaldırmır, işçilərin səhvi də podratçının məsuliyyətidir. Mal təchizatı müqavilələrində ödəniş tam və vaxtında edilməlidir. Ödəniş gecikdirildikdə həm əsas məbləğ, həm də əlavə faizlər tələb oluna bilər. Podrat müqaviləsinə görə podratçı işləri müqavilədə nəzərdə tutulmuş kimi icra etməli idi. Bu öhdəlik yerinə yetirilmədiyindən sifarişçi ödənilmiş məbləği geri tələb etmək hüququna malikdir.
6. İddiaya etirazda maddi hüquqi əsas kimi Mülki Məcəllənin 18, 21.1, 21.2, 385.1, 399.4, 425.1, 425.2, 427, 439.4, 442, 443.1, 445.1, 445.2, 456, 598, 452, 1091-ci və s. maddələri göstərilmişdir.
b) İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddiası
7. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024 tarixli 012/2024 nömrəli podrat müqaviləsi üzrə 109 091 manat əsassız ödənilmiş vəsait, 199 008,62 manat əldən çıxmış fayda, 105 072,50 manat penya məbləğinin, xx.xx.2024-cü il tarixli 0104 nömrəli mal təchizatı müqaviləsi üzrə artıq ödənilmiş 7567,60 manat, xx.xx.2024-cü il tarixli 001/2024 nömrəli mal təchizatı müqaviləsi üzrə 45813,74 manat əsas borc, 26373,88 manat dəbbə pulu, 4581,37 manat 10 % cərimənin, ümumilikdə 497 508,71 manat məbləğində pulun və məhkəmə xərcləri, o cümlədən dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 8.1. iddiaçı ilə cavabdeh arasında 2024-cü ildə müxtəlif müqavilələr bağlanmışdır. Bu müqavilələr aşağıdakılardır: xx.xx.2024 tarixli 012/2024 saylı podrat müqaviləsi; xx.xx.2024 tarixli 0104 nömrəli mal təchizatı müqaviləsi; xx.xx.2024 tarixli 001/2024 nömrəli mal təchizatı müqaviləsi. Bu işdə baxılan mübahisə iddiaçı ilə cavabdeh arasında 2024-cü ildə bağlanmış bir sıra müqavilələrin icrası ilə bağlıdır. Müqavilələrin hüquqi mahiyyəti müxtəlif olsa da (biri podrat, ikisi mal təchizatı müqaviləsidir), onların hamısında eyni mənzərə müşahidə olunur: Cavabdeh MMC öz öhdəliklərini vicdanla və vaxtında icra etmiş, İddiaçı MMC isə müqavilə intizamını pozaraq qarşı tərəfin hüquqlarını və qanuni mənafelərini ciddi şəkildə zədələmişdir. Burada söhbət yalnız ayrı-ayrı ödənişlərin, malların və ya rəqəmlərin hesablanmasından getmir. Məsələnin kökündə duran əsas məsələ tərəflər arasında yaranmış etimadın pozulması, kommersiya münasibətlərində dürüstlük prinsipinin kobud şəkildə tapdanması və müqavilə öhdəliklərinə hörmətsizlikdir. Cavabdeh MMC tərəfdaşına etibar etmiş, işlərin görülməsi və malların təqdim olunması üçün lazım olan ödənişləri vaxtında etmişdir. Bununla yanaşı, şirkət öz üzərinə düşən bütün məsuliyyətləri icra etmiş, malları təhvil vermiş, üçüncü tərəflər qarşısında öhdəliklərini yerinə yetirməyə çalışmışdır. Əksinə, İddiaçı MMC isə üç müqavilə üzrə də fərqli formalarda, lakin eyni mahiyyətli sistematik pozuntulara yol vermişdir. Bu pozuntular nəticəsində Cavabdeh MMC bir tərəfdən artıq ödənişlər etmiş, digər tərəfdən əsas borcunu ala bilməmiş, həmçinin gəlir imkanlarından məhrum olmuşdur. Daha da önəmlisi, Cavabdeh MMC üçüncü tərəflər qarşısında – xüsusilə “Tekfen İnşaat və Tesisat A.Ş.” qarşısında nüfuz itirməklə üzləşmişdir. 8.2. Mülki qanunvericilik açıq şəkildə tələb edir ki, hər bir müqavilə tərəfi öz öhdəliklərini vicdanla, qarşı tərəfin qanuni mənafeyini nəzərə almaqla yerinə yetirməlidir. Bu işdə isə İddiaçı MMC həmin prinsipləri ardıcıl şəkildə pozmuş, əsassız varlanmaya yol vermiş, əsas borcları ödəməkdən boyun qaçırmış və müqavilə intizamını kobud şəkildə tapdamışdır. İddiaçı MMC tərəfindən müqavilə öhdəliklərinin ardıcıl və kobud şəkildə pozulması, xüsusilə də işlərin keyfiyyətsiz və gecikmiş icrası, razılaşdırılmış sənədlərin təqdim olunmaması, təhvil verilməli məhsulların qüsurlu və natamam olması nəticə etibarilə Cavabdeh MMC-nin əsas sifarişçisi olan “Tekfen İnşaat və Tesisat A.Ş.” ilə müqavilə münasibətlərinin pozulmasına gətirib çıxarmışdır. “Tekfen İnşaat və Tesisat A.Ş.” şirkəti yaranmış gecikmələr və keyfiyyətsizlik səbəbilə sifarişləri ləğv etmiş, əməkdaşlığı birtərəfli qaydada dayandırmış və layihədən Cavabdeh MMC-ni kənarlaşdırmışdır. Bu səbəbdən, Cavabdeh MMC daha əvvəl İddiaçı MMC-nin sifariş etdiyi mal və xidmətlərə nə texniki, nə də kommersiya baxımından ehtiyac duyur. Başqa sözlə, bu öhdəliklərin icrası Cavabdeh MMC üçün artıq hər hansı iqtisadi və funksional dəyər daşımır; tərəf sadəcə olaraq müqavilə üzrə öhdəlikləri yerinə yetirilməmiş, işgüzar nüfuzu zərər görmüş və layihədən maddi mənfəət əldə etmək imkanını tamamilə itirmişdir. Bu şəraitdə müqavilənin predmeti və məqsədi faktiki olaraq aradan qalxmışdır. 8.3. 25 iyul 2024-cü il tarixində Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında bağlanmış 012/2024 saylı podrat Müqaviləsinə əsasən, podratçı Milli Bank layihəsi çərçivəsində mebel və quruluş işlərinin görülməsini, sifarişçi isə həmin işlərin müqabilində ödənişlərin edilməsini öhdəsinə götürmüşdür. Müqavilənin ayrılmaz hissəsi olan xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşdırma protokolu (QRP-1) əsasında işlərin həcmi, növləri və dəyərləri müəyyən edilmişdir. Müqavilənin 3-cü bəndinə əsasən, ödənişlərin həyata keçirilməsi yalnız avans zəmanət məktubu, Forma-2 və Forma-3 təqdim edildikdən sonra mümkün idi. Lakin podratçı bu sənədləri təqdim etmədən ödənişləri qəbul etmişdir. Müqavilənin 4.2.1 və 4.2.2-ci maddələrinə görə, işlər keyfiyyətlə və vaxtında icra olunmalı, aktlaşdırıldıqdan sonra təhvil verilməli idi. Bu tələblər yerinə yetirilməmişdir. Müqavilənin 4.1.13 və 4.2.10-cu maddələrinə əsasən, podratçı üçüncü şəxslərə vurduğu ziyana görə məsuliyyət daşıyır. Burada zərərçəkən tərəf “Tekfen İnşaat və Tesisat A.Ş.”-nin Azərbaycan nümayəndəliyi olmuşdur. Müqavilənin 5.5 və 6.1-ci maddələrinə əsasən, işlərin təhvil verilməsi yalnız təhvil-təslim aktı ilə mümkün idi. Belə akt təqdim olunmamışdır. Müqavilənin 7-ci maddəsinə əsasən, hər gecikən gün üçün podratçı müqavilə dəyərinin 1 %-i həcmində penya ödəməli idi. 8.4. Müqavilə üzrə işlərin xx.xx.2024-cü il tarixində təhvil verilməsi nəzərdə tutulmuşdur. Lakin bu günədək (xx.xx.2025) işlər təhvil verilməmiş, təqdim edilənlər isə qüsurlu və natamam olmuşdur. Qüsurlu və natamam işlər nəticəsində “Tekfen İnşaat və Tesisat A.Ş.” işlərin bir qismini Cavabdeh MMC-dən alaraq başqa podratçıya həvalə etmişdir. Bu səbəbdən Cavabdeh MMC 399 008,62 manat məbləğində gəlirdən məhrum olmuşdur. Müqavilə çərçivəsində İddiaçı MMC-yə ödənilmiş vəsaitlər aşağıdakı kimidir: xx.xx.2024 tarixli, № BD5, Kapital Bank – 20 000 manat; xx.xx.2024 tarixli, № 463187124(4), Unibank – 18450 manat; xx.xx.2025 tarixli, № 2050, Azərtürkbank – 9000 manat; xx.xx.2025 tarixli, № 2532, Azərtürkbank – 15000 manat; xx.xx.2025 tarixli, № 2547, Azərtürkbank – 15000 manat; xx.xx.2025 tarixli, № 2557, Azərtürkbank – 15000 manat; ümumi ödəniş: 92450 manat; ƏDV 16641 manat; yekun: 109 091 manat təşkil edir. Penya hesablaması isə aşağıdakı qaydada aparılmışdır: müqavilə dəyəri – 375 875 manat, gecikmə müddəti – 294 gün (xx.xx.2024 – xx.xx.2025), gündəlik penya – 3758,75 manat, ümumi penya: 1 105 072,50 manat. Podrat müqaviləsi üzrə yekun tələb isə aşağıdakı kimidir: 109 091 manat əsassız ödənilmiş vəsaitin qaytarılması; 399 008,62 manat əldə edilməmiş gəlirin əvəzi; 1 105 072,50 manat penya məbləği; cəmi tələb: 1 613 172,12 manat. 8.5. 25 iyul 2024-cü il tarixli podrat müqaviləsi üzrə görülən işlərin faktiki vəziyyəti göstərir ki, İddiaçı MMC müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Təqdim olunan işlər nəinki natamam olmuş, həm də keyfiyyətsiz və qüsurlu icra edilmişdir. Sözügedən müqavilə Milli Bank layihəsi çərçivəsində bağlanmışdır və bu layihə dövlət səviyyəli strateji əhəmiyyət daşıyır. İddiaçı MMC tərəfindən təqdim olunmuş işlər isə nə dövlət əhəmiyyətli bu layihənin tələblərinə cavab vermiş, nə də kommersiya dövriyyəsində istifadəyə yararlı olmuşdur. Ən mühüm məqam odur ki, işlərin təhvil verilməsi üçün müəyyən edilmiş son tarix – 15 noyabr 2024-cü il çoxdan keçməsinə baxmayaraq, bu günədək işlər nə aktlaşdırılmış, nə də qəbul ediləcək keyfiyyətdə təqdim edilmişdir. Bu səbəbdən, layihənin baş podratçısı “Tekfen İnşaat və Tesisat A.Ş.” işlərin bir qismini Cavabdeh MMC-dən alaraq başqa podratçıya həvalə etmək məcburiyyətində qalmışdır. Bunun nəticəsində Cavabdeh MMC əldə etməli olduğu gəlirdən məhrum olmuşdur. Bundan əlavə, təqdim olunmuş natamam və qüsurlu işlər yalnız Milli Bank layihəsinə yararsız deyil, həm də bu gün bazarda satılacaq kommersiya dəyərinə malik deyil. Bu səbəbdən Cavabdeh MMC həmin işləri təhvil almamışdır. Beləliklə, İddiaçı MMC-nin bu davranışı sadəcə müqavilə öhdəliklərinin pozulması ilə məhdudlaşmır, həm də Cavabdeh MMC-nin etibarının sarsılmasına, Milli Bank layihəsində nüfuzunun zədələnməsinə və ciddi maliyyə zərərlərinə səbəb olmuşdur. Bu halların hamısı İddiaçı MMC-nin məsuliyyətini daha da ağırlaşdırır və onun müqavilə intizamına qarşı açıq-aşkar hörmətsiz münasibətini nümayiş etdirir. İddiaçı MMC-in təqdim etdiyi işlər o qədər keyfiyyətsiz və qüsurludur ki, onlar nə dövlət səviyyəli Milli Bank layihəsinə, nə də ən sadə məişət bazarında satılacaq mal dəyərinə belə malik deyil. 8.6. 01 aprel 2024-cü il tarixində Cavabdeh MMC (alıcı) ilə İddiaçı MMC (satıcı) arasında 0104 saylı mal təchizatı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, İddiaçı MMC malları təhvil verməli, Cavabdeh MMC isə təqdim olunmuş malların müqabilində ödənişləri vaxtında həyata keçirməli idi. Müqavilə üzrə malların təqdim olunmasına dair xx.xx.2024 tarixli MT2405 11489387 saylı elektron qaimə-faktura tərtib edilmişdir. Sözügedən qaimənin ƏDV-siz dəyəri 47432,40 manat, ƏDV ilə birlikdə isə 55830 manat təşkil etmişdir. Müqavilə üzrə Cavabdeh MMC tərəfindən aşağıdakı ödənişlər həyata keçirilmişdir: xx.xx.2024 tarixli, 1678 saylı ödəniş tapşırığı (Azərtürkbank) – 15000 manat; xx.xx.2024 tarixli, **********85 saylı ödəniş qəbzi (Yapıkredi Bank) – 30000 manat; xx.xx.2024 tarixli, İB**********_408581_240507 saylı ödəniş tapşırığı (Rabitəbank) – 10000 manat. Beləliklə, cəmi ödəniş məbləği 55000 manat olmuşdur. Müqavilə üzrə ƏDV-siz dəyər nəzərə alındıqda, faktiki olaraq 7567,60 manat artıq ödəniş edilmişdir. Satıcı olan İddiaçı MMC müqavilə şərtlərini pozaraq, artıq ödənişi geri qaytarmamışdır. Bu hərəkət Cavabdeh MMC-nin hüquqlarını pozmuş və qarşı tərəfin əsassız olaraq maliyyə üstünlüyü əldə etməsinə səbəb olmuşdur. Kommersiya münasibətlərində belə hallar əsassız varlanma kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarına əsasən, hər hansı şəxs hüquqi əsas olmadan digər şəxsin vəsaiti hesabına varlanarsa, həmin məbləği geri qaytarmaq öhdəliyi daşıyır. Burada isə “X3” MMC artıq ödənişi qaytarmamaqla, həm müqavilə öhdəliklərini, həm də qanunun tələbini pozmuşdur. Bununla yanaşı, bu davranış qarşı tərəfin əsassız maliyyə üstünlüyü əldə etməsinə səbəb olmuşdur. Kommersiya etikası və müqavilə intizamı baxımından belə hərəkət yalnız maliyyə zərəri yaratmır, eyni zamanda etibar və işgüzar münasibətlərin sabitliyini də pozur. 8.7. 24 yanvar 2024-cü il tarixində Cavabdeh MMC (icraçı) ilə İddiaçı MMC (sifarişçi) arasında 001/2024 saylı mal təchizatı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, icraçı malları müqavilə və qiymət razılaşdırma protokoluna uyğun olaraq sifarişçiyə təhvil verir, sifarişçi isə onları qəbul edib müəyyən edilmiş müddətdə ödəniş etməli idi. Müqavilənin 4.1 və 4.4-cü bəndlərinə görə, ödənişlər tam şəkildə və vaxtında həyata keçirilməli idi. Müqavilənin 4.2-ci bəndinə görə, ödəniş gecikdikdə 2 həftəlik güzəşt müddətindən sonra hər gecikmiş gün üçün 0,1 % dəbbə pulu, əlavə olaraq isə ümumi borc məbləğinin 10 %-i həcmində cərimə tətbiq olunmalı idi. İcraçı (Cavabdeh MMC) öz öhdəliklərini tam icra etmiş, malları təhvil vermiş və təsdiqedici sənədlər – qaiməfakturalar təqdim etmişdir. Təqdim edilmiş əsas qaimə-fakturalar aşağıdakılardır: EBEC 769145, tarix xx.xx.2024 – 6843,10 manat (ƏDV daxil); MT2405 10989551, tarix xx.xx.2024 – 123,64 manat (ƏDV daxil); MT2411 12738088, tarix xx.xx.2024 – 37170 manat (ƏDV daxil); MT2502 11387807, tarix xx.xx.2025 – 177 manat (ƏDV daxil); MT2505 11681386, tarix xx.xx.2025 – 1500 manat (ƏDV daxil). Yuxarıdakı qaimələr üzrə ümumi məbləğ 45813,74 manat (ƏDV daxil) təşkil etmişdir. Buna baxmayaraq, bu günədək ödəniş tam şəkildə həyata keçirilməmiş, nəticədə müqavilə öhdəlikləri pozulmuşdur. Müqavilə öhdəliklərinin pozulması və maliyyə hesablamaları müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanmış dəbbə pulu və cərimələr: əsas borc: 45813,74 manat (ƏDV daxil); dəbbə pulu (0,1 % gündəlik): 26373,88 manat; 10 % cərimə: 4581,37 manat; ümumi tələb olunan məbləğ: 76768,99 manat. 24 yanvar 2024-cü il tarixli 001/2024 saylı mal təchizatı müqaviləsi üzrə işin mahiyyəti açıq və birmənalıdır. Cavabdeh MMC müqavilə üzrə öz öhdəliklərini tam və vaxtında icra etmiş, malları şərtlərə uyğun olaraq təhvil vermiş və bu barədə bütün müvafiq qaimə-fakturaları rəsmiləşdirərək qarşı tərəfə təqdim etmişdir. Qeyd olunmalıdır ki, təqdim edilən bütün qaimə-fakturalar İddiaçı MMC tərəfindən qəbul edilmiş, onlara qarşı hər hansı bir etiraz, rəsmi bildiriş və ya şikayət irəli sürülməmişdir. Bu hal təsdiq edir ki, İddiaçı MMC malların miqdarı və keyfiyyəti ilə bağlı heç bir iddia irəli sürməmiş, onları qəbul etdiyini faktiki olaraq təsdiq etmişdir. Lakin bütün bunlara baxmayaraq, İddiaçı MMC müqavilə üzrə əsas öhdəliyini – təqdim edilmiş mallara görə ödənişin vaxtında və tam şəkildə həyata keçirilməsini icra etməmişdir. Bu, müqavilə intizamının kobud şəkildə pozulması ilə yanaşı, kommersiya münasibətlərində qarşılıqlı etimad prinsiplərinə də ziddir. Yuxarıda göstərilən müqavilələr üzrə İddiaçı MMC-nin müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində Cavabdeh MMC-yə ciddi maliyyə zərərləri dəymişdir. 8.8. Müvafiq pretenziya məktubu da vaxtında və rəsmi qaydada İddiaçı MMC-yə təqdim edilmişdir. Lakin buna baxmayaraq, qarşı tərəf tərəfindən hər hansı addım atılmamış, borcun könüllü qaydada ödənilməsi istiqamətində heç bir iradə nümayiş etdirilməmişdir. Bu hal onu göstərir ki, İddiaçı MMC öz müqavilə öhdəliklərinə etinasız yanaşmış və yaranmış mübahisənin danışıqlar yolu ilə həll olunması imkanını dəyərləndirməmişdir. Belə davranış yalnız müqavilə intizamının pozulması deyil, həm də kommersiya münasibətlərində etimad və əməkdaşlıq prinsiplərinə ziddir. Bu səbəbdən, yaranmış vəziyyətin hüquqi qaydada həlli üçün məhkəmənin müdaxiləsi zəruridir.
9. Qarşılıqlı iddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 18, 21.1, 21.2, 390.4, 427, 443.1, 449, 598, 452-ci və s. maddələrinə istinad edilmişdir.
II. Tərəflərin mövqeləri:
10. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 əvvəlki məhkəmə iclaslarında iştirak edərək ilkin iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, podrat müqaviləsi üzrə cəmi 507 000 manat dəyərində iş görülmüş, lakin cavabdeh tərəfindən ƏDV daxil 375875,96 manat məbləğində pul ödənilməmişdir.
11. Məhkəmənin suallarına cavab olaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili göstərdi ki, xx.xx.2024-cü il tarixli 0104 nömrəli mal təchizatı müqaviləsi üzrə cavabdeh tərəfindən artıq ödəniş edildiyi qəbul edilir. Həmçinin podrat müqaviləsi üzrə olan ödənişlərin bir qismi cavabdehin digər müqavilə üzrə borcuna silinmişdir.
12. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2, nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclaslarında iştirak edərək ilkin iddiaya etiraz etdi, qarşılıqlı iddianın məzmununa uyğun izahat verdilər və eyni zamanda bildirdilər ki, tərəflər arasında bir neçə müqavilə olduğundan rəsmiləşdirilməyə önəm verilməmişdir. Bu səbəbdən elektron qaimələr təsdiqlənmişdir. Cavabdehin təqdim etdiyi mebellərin hamısı qüsurlu olmuş, alınan mallar üçüncü şəxs tərəfindən qəbul edilməmişdir.
13. Məhkəmənin suallarına cavab olaraq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, 7567 manat artıq ödənişin tələb edildiyi 01 aprel 2024-cü il tarixli 0104 saylı mal təchizatı müqaviləsinin əsli onlarda yoxdur, lakin həmin müqavilə üzrə elektron qaimələr göndərilmişdir.
14. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəyə yazılı çıxış təqdim edərək göstərmişdir ki: – hazırkı kommersiya mübahisəsi Cavabdeh MMC ilə İddiaçı MMC arasında 2024cü ildə bağlanmış üç müxtəlif müqavilənin – bir podrat və iki mal təchizatı müqaviləsinin icrası zamanı yaranmış hüquqi ziddiyyətlərə əsaslanır. Bu mübahisənin kökündə dayanan əsas məqam tərəflər arasında yaranmış kommersiya etimadının İddiaçı MMC tərəfindən sistematik olaraq pozulması və müqavilə intizamına qarşı göstərilən etinasızlıqdır. Cavabdeh MMC hər üç müqavilə üzrə öz öhdəliklərini vicdanla, vaxtında və müqavilə şərtlərinə uyğun olaraq icra etmişdir. Lakin təqdim edilmiş sübutlardan aydın olur ki, İddiaçı MMC həm podratçı, həm də satıcı qismində çıxış etdiyi bu münasibətlərdə öhdəliklərini kobud şəkildə pozmuşdur. Bu pozuntular nəinki Cavabdeh MMC-yə birbaşa maddi zərər vurmuş, həm də onun dövlət əhəmiyyətli strateji layihə olan Milli Bank (CBAR) layihəsi çərçivəsindəki nüfuzunu ciddi şəkildə zədələmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, İddiaçı MMC-nin işləri keyfiyyətsiz və gecikmiş şəkildə icra etməsi Cavabdeh MMC-nin əsas sifarişçisi olan “Tekfen İnşaat və Tesisat A.Ş.” ilə olan əməkdaşlığının pozulmasına və layihədən kənarlaşdırılmasına gətirib çıxarmışdır. Həm ilkin iddianın nə dərəcədə əsassız olduğu, həm də qarşılıqlı iddia tələblərinin maddi və prosessual sübutlarla tam şəkildə sübuta yetirildiyi aydındır. – İddiaçı MMC-nin “podrat müqaviləsi üzrə pulun tutulması” barədə ilkin iddia tələbi həm faktiki hallara, həm də iş materiallarında mövcut olan maddi sübutlara tamamilə ziddir. İş materiallarına məhz iddiaçı tərəfindən əlavə edilmiş xx.xx.2025-ci il tarixli 1 nömrəli təhvil-təslim aktı ilkin iddianın əsassızlığının ən bariz sübutudur. 012/2024 saylı podrat müqaviləsi çərçivəsində tərtib edilmiş bu sənəddə JO-110 və JO-111 kodlu mebellərin adı çəkilsə də, sənədin xüsusi qeyd hissəsində birbaşa yazılmışdır: “Mətbəx mebeli işləri icra olunmamışdır”. Görülməyən işə görə ödəniş tələb etmək Mülki Məcəllənin öhdəliklərin icrası prinsiplərinə kökündən ziddir. 012/2024 saylı podrat müqaviləsinin 3.2-ci bəndinə əsasən, ödənişlərin həyata keçirilməsi üçün podratçı tərəfindən Forma-2 (görülmüş işlərə dair akt) və Forma-3 (hesab-faktura) təqdim edilməli idi. Lakin İddiaçı MMC bu sənədləri qanuni qaydada təqdim etmədən ödənişləri qəbul etmişdir. Müqavilənin 5.5 və 6.1-ci maddələrinə görə, işlərin təhvil verilməsi yalnız tərəflərin səlahiyyətli şəxslərinin imzaladığı və möhürləri ilə təsdiq etdiyi yekun təhviltəslim aktı ilə mümkün idi. İş üzrə belə bir yekun akt mövcud deyildir. – İddiaçı MMC tərəfindən təqdim edilməyə çalışılan işlər o dərəcədə keyfiyyətsiz və qüsurlu olmuşdur ki, onlar Milli Bank (CBAR) layihəsinin strateji tələblərinə cavab verməmişdir. Mülki Məcəllənin 762-ci maddəsinə görə, podratçı işi elə icra etməlidir ki, nəticə qüsursuz olsun. Lakin İddiaçı MMC-nin yaratdığı gecikmələr və keyfiyyətsizlik nəticəsində layihənin baş podratçısı “Tekfen İnşaat” 19 noyabr 2024-cü il tarixli rəsmi bildirişi ilə (“delays on procurement and installation”) Cavabdeh MMC-ni layihədən kənarlaşdırmışdır. Bu səbəbdən İddiaçı MMC-nin gecikmiş və qüsurlu xidmətləri Cavabdeh MMC üçün artıq hər hansı iqtisadi və ya funksional dəyər daşımır. Müqavilə üzrə işlərin son təhvil tarixi xx.xx.2024-cü il müəyyən edilmişdi. Lakin xx.xx.2025-ci il tarixinədək, yəni müəyyən edilmiş müddətdən 294 gün keçməsinə baxmayaraq, işlər nə aktlaşdırılmış, nə də keyfiyyətli şəkildə təqdim edilmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin vaxtında icra edilməməsi onun pozulması hesab olunur. İddiaçı MMC-nin bu davranışı Cavabdeh MMC-nin işgüzar nüfuzuna və strateji layihədəki mövqeyinə ağır zərbə vurmuşdur. Beləliklə, İddiaçı MMC müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini rəsmi sənədlərlə (xx.xx.2025 tarixli akt №1) təsdiq etdiyi halda, hər hansı ödəniş tələbi irəli sürməsi hüquqi əsassızlıqdır və qəti şəkildə rədd edilməlidir. – Cavabdeh MMC-nin qarşılıqlı iddia tələbləri sadəcə iddiaçı tərəfə cavab vermək məqsədi daşımır; bu tələblər İddiaçı MMC-nin sistematik olaraq müqavilə öhdəliklərini pozması nəticəsində dəymiş real və ağır zərərlərin hüquqi bərpasına yönəlmişdir. Təqdim edilmiş sübutlar və tərəflər arasındakı maliyyə balansı birbaşa göstərir ki, hazırkı mübahisədə borclu tərəf Cavabdeh MMC deyil, məhz İddiaçı MMC-dir. 012/2024 saylı podrat müqaviləsi üzrə İddiaçı MMC-nin iddiaları – müqavilə üzrə işlərin guya icra edildiyi barədə iddialar məhkəməyə təqdim edilmiş maddi sübutlarla tamamilə təkzib olunur. İş materiallarında mövcud olan, məhz iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 1 nömrəli təhvil-təslim aktında qeyd mövcuddur: “Mətbəx mebeli işləri icra olunmamışdır”. Bu, podratçının öz öhdəliyini yerinə yetirmədiyinin birbaşa və rəsmi etirafıdır. Hətta icra edilmiş sayılsa idi belə, İddiaçı MMC həmin aktdakı JO-110 və JO-111 kodlu dolabları təhvil vermişdir. Həmin işlərin dəyəri (təqribən 203 484 manat ƏDV-siz) olsa belə, Cavabdeh MMC tərəfindən bu müqavilə üzrə artıq 109 091 manat (ƏDV daxil) nağd ödəniş edilmişdir. Lakin qarşı tərəfin bu natamam və keyfiyyətsiz fəaliyyəti nəticəsində Cavabdeh MMC-nin məruz qaldığı zərərlər bu məbləğləri qat-qat üstələyir. İddiaçı MMCnin işləri xx.xx.2024 tarixinədək bitirməməsi və icra etdiyi hissələrin qüsurlu olması səbəbindən əsas sifarişçi “Tekfen İnşaat və Tesisat A.Ş.” 19 noyabr 2024-cü il tarixli məktubu ilə Cavabdeh MMC-ni layihədən kənarlaşdırmışdır, nəticədə sonuncu 399 008,62 manat məbləğində təmiz gəlirdən məhrum olmuşdur. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, bu məbləğ birbaşa olaraq İddiaçı MMC tərəfindən ödənilməli olan əldən çıxmış faydadır. İşlərin icrası xx.xx.2025 tarixinədək 294 gün gecikdirilmişdir. Müqavilənin 7-ci maddəsinə əsasən hesablanmış penya məbləği 1 105 072,50 manat təşkil edir. Nəticə olaraq, podrat müqaviləsi üzrə İddiaçı MMC-nin Cavabdeh MMC-yə olan borcu və vurduğu zərər (cəmi 1 613 172,12 manat), onların iddia etdiyi nəticəsiz işlərin dəyərindən dəfələrlə çoxdur. – Digər müqavilələr üzrə İddiaçı MMC-nin maliyyə borcları yalnız podrat işləri ilə bitmir. Onlar hər üç müqavilə üzrə sistematik olaraq Cavabdeh MMC-nin vəsaitlərini və mallarını mənimsəmişlər. Cavabdeh MMC İddiaçı MMC-nin hesabına cəmi 55000 manat ödəniş etmişdir. Lakin İddiaçı MMC tərəfindən təqdim edilmiş malların dəyəri cəmi 47432,40 manat (ƏDV-siz) olmuşdur. Aradakı 7567,60 manat fərq heç bir hüquqi əsas olmadan İddiaçı MMC-nin hesabında qalmaqdadır ki, bu da Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən geri qaytarılmalı olan əsassız varlanmadır. – 001/2024 saylı müqavilə üzrə Cavabdeh MMC satıcı qismində öz öhdəliklərini tam icra edərək 45813,74 manat dəyərində malı (EBEC 769145, MT2411 12738088 və s. qaimələr üzrə) təhvil vermişdir. “Crystal” bu malları qəbul etməsinə və onlara qarşı heç bir etiraz bildirməməsinə baxmayaraq, bir qəpik də ödəniş etməmişdir. Cərimə və dəbbə pulları ilə birlikdə bu müqavilə üzrə tələb 76768,99 manat təşkil edir.
III. Məhkəmə baxışının hədləri:
15. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İlkin və qarşılıqlı iddia tələbləri ilə bağlı
16. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
17. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
18. Məhkəmə, əvvəla, ilkin iddia tələbini və qarşılıqlı iddianın xx.xx.2024 tarixli 012/2024 nömrəli podrat müqaviləsi üzrə pul tələbinə dair hissəsinin qiymətləndirilməsini zəruri hesab edir.
19. İş materiallarında olan sübutlar əsasında müəyyən olunur ki: – İddiaçı MMC (podratçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 25 iyul 2024-cü il tarixli 012/2024 nömrəli podrat müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, podratçı Azərbaycan Respublikası Milli Bank layihəsində sifarişçi tərəfindən təqdim olunmuş iş həcmləri və layihə cizgilərinə əsasən qiymətlərin razılaşdırma protokolu 1-də (QRP 1) göstərilən malları və işləri müqaviləyə uyğun yerinə yetirib sifarişçiyə təhvil verməyi, sifarişçi isə podratçının gördüyü işin müqabilində müqavilənin əlavəsində razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin işlərin həcmi və ödənişlə bağlı şərtlərinə əsasən podratçı və sifarişçi tərəfindən təsdiq edilməli olan iş proqramına (Əlavə 2 – iş qrafiki) uyğun şəkildə işlər podratçı tərəfindən icra edilməli, sifarişçi əlavədə qeyd olunmuş məbləğin 150 000 manatını avans qaydasında, 80 %-ni podratçı görülmüş işlərə dair aktları (Forma-2) təqdim etdiyində, qalan 20 %-i isə Forma-3 əsasında işlər tam təhvil verildikdə ödəməlidir. Müqaviləyə 25 iyul 2024-cü il tarixli 01 nömrəli əlavə olan qiymətlərin razılaşdırılması protokolu ilə ümumilikdə ƏDV daxil 507 400 manat məbləğində işin görülməsi, 02 nömrəli əlavə ilə işlərin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək görülməsi razılaşdırılmışdır. – İddiaçı MMC tərəfindən ƏDV daxil 375 875,961 manat dəyərində işin görülməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə MT2501 11208683 seriya və nömrəli elektron qaimə tərtib edilərək Cavabdeh MMC-yə göndərilmiş, sonuncu tərəfindən həmin elektron qaimə “müqavilə nömrəsi səhv qeyd olunub, 012/2024 saylı xx.xx.2024-cü il tarixli qeyd olunmalıdır” əsası ilə xx.xx.2025-ci il tarixdə düzəlişə qaytarılmış, İddiaçı MMC tərəfindən düzəliş edildikdən sonra “müqavilə nömrə 012/2024, tarix xx.xx.2024” qeydi ilə xx.xx.2025-ci il tarixdə yenidən düzəlişə qaytarılmış, düzəliş edildikdən sonra xx.xx.2025ci il tarixdə, saat 16:58-də Cavabdeh MMC tərəfindən təsdiq edilmişdir. – Cavabdeh MMC tərəfindən avans qaydasında xx.xx.2024-cü il tarixdə 18450 manat, xx.xx.2024-cü il tarixdə 20000 manat, MT2501 11208683 seriya və nömrəli elektron qaiməyə istinadla xx.xx.2025-ci il tarixdə 9000 manat, xx.xx.2025-ci il tarixdə 15000 manat, xx.xx.2025-ci il tarixdə 15000 manat, xx.xx.2025-ci il tarixdə 15000 manat əsas məbləğ, avans qaydasında xx.xx.2024-cü il tarixdə 3600 manat, xx.xx.2024-cü il tarixdə 3321 manat, adıçəkilən elektron qaiməyə istinadla xx.xx.2025-ci il tarixdə 1620 manat, xx.xx.2025-ci il tarixdə 2700 manat, xx.xx.2025-ci il tarixdə 2700 manat, xx.xx.2025-ci il tarixdə 2700 manat ƏDV məbləği olmaqla ümumilikdə ƏDV daxil 109 091 manat ödəniş edilmişdir.
20. İlkin iddia üzrə iddiaçı 25 iyul 2024-cü il tarixli 012/2024 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərinin – 375 875,96 manat məbləğində pulun tutulmasını tələb edir.
21. Qarşılıqlı iddia üzrə iddiaçı podrat müqaviləsindən imtina edərək ödənilmiş 109 091 manat məbləğində pulun qaytarılmasını tələb edir.
22. Mülki Məcəllənin 752-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.
23. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı).
24. Müqavilədən imtina ilə bağlı göstərilməlidir ki, qarşılıqlı iddia üzrə iddiaçı podratçının işləri vaxtında icra etməməsi və qüsurlu icra etməsi ilə bağlı müqavilədən imtina etdiyini bildirir.
25. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə müqavilədən imtina ilə bağlı münasibətlər, xüsusilə öhdəliyin icrasının gecikdirilməsi və müqavilədən imtinaya dair məsələlər öhdəlik hüququnun ümumi hissəsi ilə tənzimlənmiş, podrat müqaviləsi ilə bağlı xüsusi normalarda öhdəliyin podratçı tərəfindən qüsurlu icrası və bu əsasla müqavilədən imtina ilə bağlı tənzimləmələr aparılmışdır.
26. Bu mənada Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
27. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.
28. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. “Müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
29. Məhkəmə podratçı tərəfindən öhdəliyin icrası müddətinin pozulması əsası ilə 25 iyul 2024-cü il tarixli 012/2024 nömrəli podrat müqaviləsindən imtina əsasının yaranıbyaranmamasını qiymətləndirərkən qeyd edir ki, əvvəlcə 02 nömrəli əlavə ilə işlərin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək görülməsi razılaşdırılmış, lakin Cavabdeh MMC 375 875,961 manat dəyərində işlərin görülməsi ilə bağlı göndərilən elektron qaiməni məhz xx.xx.2025-ci il tarixdə təsdiq etmişdir. Başqa sözlə, sifarişçi kimi öhdəliyin vaxtında icra edilmədiyini bildirən Cavabdeh MMC-nin podratçı tərəfindən göndərilmiş 375 875,961 manat dəyərində işlərin görülməsinə dair elektron qaiməni təsdiq etməsinin səbəbləri aydın deyildir.
30. Digər tərəfdən, iş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli 03 nömrəli əlavədən müqavilə müddətinin xx.xx.2025-ci il tarixə qədər uzadılması hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Halbuki ilkin olaraq müqavilənin 4 ay müddətinə bağlanması, işlərin xx.xx.2024-cü il tarixə yekunlaşması nəzərdə tutulmuşdur.
31. Bununla yanaşı, 25 iyul 2024-cü il tarixli 012/2024 nömrəli podrat müqaviləsində işlərin xx.xx.2024-cü il tarixdən görülməyə başlanması, Cavabdeh MMC tərəfindən avans qaydasında 150 000 manatın ödənilməsi razılaşdırılmış, lakin xx.xx.2024-cü il tarixdə 18450 manat, xx.xx.2024-cü il tarixdə 20000 manat, xx.xx.2024-cü il tarixdə 3600 manat, xx.xx.2024-cü il tarixdə 3321 manat olmaqla cəmi 45371 manat avans ödənişi edilmişdir. Həmin ödənişlərin isə 23600 manatı məhz işlər başladıqdan sonra, hətta Əlavə 2-də göstərilən işlərin yekunlaşma tarixindən (xx.xx.2024-cü il) sonra edilmişdir.
32. Göründüyü kimi, podratçının müqavilə üzrə öhdəliyini vaxtında icra etmədiyinə istinad edən sifarişçi müqavilə üzrə avansın ödənilməsi öhdəliyini vaxtında icra etməmiş, həmçinin müqavilə müddətinin uzadılması ilə bağlı razılığa gəlmişdir. Göstərilənlər isə podrat müqaviləsi üzrə İddiaçı MMC tərəfindən öhdəliyin icrasının gecikdirilmədiyi, hər iki hüquqi şəxsin razılığı ilə müddətin uzadıldığını deməyə əsas verir və öhdəliyin icrasının gecikdirilməsi ilə bağlı 25 iyul 2024-cü il tarixli 012/2024 nömrəli podrat müqaviləsindən imtina edilməsi mövqeyinin əsassızlığına dəlalət edir.
33. Qüsurlu icra əsası ilə 25 iyul 2024-cü il tarixli 012/2024 nömrəli podrat müqaviləsindən imtina edilməsinə münasibətdə isə aşağıdakılar göstərilməlidir.
34. Mülki Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
35. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
36. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
37. Həmin Məcəllənin 764.1-ci maddəsinə əsasən, əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.
38. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
39. Məhkəmə qeyd edir ki, məmulatın qüsuru olduqda sifarişçinin qanunda təsbit olunan əlavə icra tələbi hüququ mövcuddur. Bu hüququn həyata keçirilməsi qaydası isə qanunda birbaşa təsbit olunmuşdur. Yalnız əlavə icra üçün müəyyənləşdirilmiş müddətdə qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər.
40. Hazırkı işin hallarından sifarişçi tərəfindən işlərin qüsurlu olması ilə bağlı podratçıya hər hansı pretenziya irəli sürülməsi, əlavə icra üçün vaxt müəyyən edilməsi öz təsdiqini tapmır. Əksinə sifarişçi görülmüş işlərə dair elektron qaiməni təsdiq etmiş, həmin elektron qaiməyə istinadla ödənişlər etmişdir. Əlavə icra üçün hər hansı müddətin müəyyən edilməməsi, qüsurlar barədə hər hansı etirazın irəli sürülməməsi isə sifarişçinin qüsurlu icraya istinadla müqavilədən imtina etməsini istisna edir.
41. Beləliklə, məhkəmə qarşılıqlı iddianın 25 iyul 2024-cü il tarixli 012/2024 nömrəli podrat müqaviləsindən imtina edilməsi və onun nəticəsi olaraq 109 091 manat məbləğində pulun tutulması hissəsində əsassız olduğu qənaətinə gəlir.
42. Podrat müqaviləsi üzrə yerinə yetirilmiş iş üçün muzdun ödənilməsindən bəhs edən Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
43. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
44. Hazırda tərəflər arasında görülmüş işlərin həcmi, ödənilmiş muzdun məbləği ilə bağlı da mübahisə mövcuddur. Belə ki, ilkin iddia üzrə iddiaçı 375 875,96 manat məbləğində işin dəyərinin ödənilmədiyini, qarşılıqlı iddia üzrə iddiaçı isə 109 091 manat ödənişin edildiyini bildirir.
45. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.
46. Hazırkı iş üzrə 375 875,96 manat dəyərində işin görüldüyü öz təsdiqini tapsa da, ilkin iddiaçı tərəfindən daha çox işin görüldüyünə dair hər hansı sübut təqdim edilməmişdir. Həmçinin ödəniş tapşırıqları ilə 25 iyul 2024-cü il tarixli 012/2024 nömrəli podrat müqaviləsinə istinadla 109 091 manat ödənişin edildiyi göründüyü halda, ilkin iddia üzrə iddiaçı həmin ödənişlərin digər borclara silindiyini bildirməklə haqlı olmamışdır. Belə ki, Mülki Məcəllənin 440.1-ci maddəsinə əsasən, əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir.
47. Qarşılıqlı iddia üzrə iddiaçının işlərin həcmi ilə bağlı etirazına münasibətdə qeyd edilməlidir ki, sonuncu bir tərəfdən xx.xx.2025-ci il tarixli 01 nömrəli təhvil-təslim aktının mötəbərliyini şübhə altına almış, digər tərəfdən həmin aktda ƏDV daxil 240 111,12 manat dəyərində işin təhvil alındığı, mətbəx mebeli işlərinin icra olunmadığının göstərildiyini bildirmişdir. Lakin tərəflər arasında podrat müqaviləsi üzrə görülmüş işlərin təhvil alınmasına dair Forma-2 aktının tərtib edilmədiyinin, müqavilə münasibətlərinin sona çatmadığının işin mübahisəsiz hallarını təşkil etdiyi nəzərə alındığında həmin təhvil-təslim aktının bütün işlər üzrə yekun sənəd kimi çıxış etdiyi, yoxsa bir neçə təhvil-təslim aktının sadəcə birini təşkil etdiyi müəyyən olunmalıdır.
48. Bu mənada məhkəmə təkrarən xx.xx.2025-ci il tarixli MT2501 11208683 seriya və nömrəli elektron qaiməyə nəzər salaraq göstərir ki, İddiaçı MMC tərəfindən ƏDV daxil 375 875,961 manat dəyərində işin görülməsi ilə bağlı göndərilmiş adıçəkilən qaimə Cavabdeh MMC tərəfindən görülmüş işlərin dəyərinin çox göstərilməsi və ya görülməmiş işlərin əks olunması əsası ilə yox, məhz “müqavilə nömrəsi səhv qeyd olunub, 012/2024 saylı xx.xx.2024-cü il tarixli qeyd olunmalıdır”, “müqavilə nömrə 012/2024, tarix xx.xx.2024” qeydi ilə 2 dəfə düzəlişə qaytarılmış, daha sonra isə təsdiq edilmişdir.
49. Bu isə adıçəkilən təhvil-təslim aktının yekun sənəd deyil, bir neçə təhvil-təslim aktından sadəcə biri olduğunu deməyə əsas verir.
50. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 25 iyul 2024-cü il tarixli 012/2024 nömrəli podrat müqaviləsi üzrə cəmi 375 875,961 manat dəyərində iş görülmüş, 109 091 manat ödəniş edilmiş, sifarişçinin podratçıya 266 784,961 manat borcu qalmışdır.
51. İlkin iddia üzrə iddiaçı, həmçinin əsas borca 21 yanvar 2025-ci il tarixindən (elektron qaimə-fakturanın göndərildiyi gündən) 26 sentyabr 2025-ci il tarixədək olan 249 gün üçün illik 5 faizlə hesablanmış 12827,55 manat məbləğində pulun tutulmasını tələb edir.
52. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
53. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
54. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.
55. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir.
56. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir. Göstərilən yanaşma – xəbərdarlığın göndərilməsi hələ qədim Roma hüququnda kreditor tərəfindən borcluya “interpellatio” göndərilməsi formasında məlum idi.
57. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur.
58. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış 25 iyul 2024-cü il tarixli 012/2024 nömrəli podrat müqaviləsində işlərin dəyərinin ödənilməsi müddətinə dair hər hansı təqvim günü müəyyən edilməmiş, müqavilə üzrə yekun ödənişin Forma-3 aktı tərtib edildikdən sonra edilməsi razılaşdırılmışdır. Bu isə Mülki Məcəllənin 445.4-cü maddəsinin tətbiqi istisna edilir.
59. İddiaçının xx.xx.2025-ci il tarixdə pulun tələb edilməsi barədə pretenziya məktubunu cavabdehə X1 Sistemi vasitəsilə çatdırmaqla ödənişin ödənilməsini tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmaqla iddiaçının hesablamanı apardığı dövrün sonu olan xx.xx.2025-ci il tarixə qədər 49 gün üçün həyata keçirilməlidir.
60. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5 % ilə hesablanan məbləğ 1790,75 manat (266 784,961 manat x 5% / 100 / 365 gün (1 günün faizi) * 49 gün (gecikdirilən gün sayı)) təşkil edir.
61. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 1790,75 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
62. Qarşılıqlı iddia üzrə iddiaçı 25 iyul 2024-cü il tarixli 012/2024 nömrəli podrat müqaviləsi üzrə 199 008,62 manat əldən çıxmış fayda, 105 072,50 manat penya məbləğinin də tutulmasını tələb edir.
63. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
64. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4)
65. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
66. Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən öhdəliyin vaxtında icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.
67. Lakin zərərin formasından asılı olaraq ayrı-ayrı əlavə meyarların da nəzərə alınması zəruridir. Belə ki, Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
68. Məhkəmə qeyd edir ki, əldən çıxmış faydanın ödənilməsi tələbi irəli sürülərkən zərər çəkmiş, qarşı tərəfin vəzifəsini pozması nəticəsində əldə edə bilmədiyi gəlirin həcmini, bunlar arasında səbəbli əlaqəni sübut etməlidir. Əldə edilməmiş gəlirlərin məbləği müəyyən edilərkən zərərçəkmiş şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyini güman etdiyi gəlirlərin reallığı (həqiqiliyi), kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri və s. müəyyən edilməlidir.
69. Lakin hazırkı iş üzrə qeyd olunan hallar sübutlarla təsdiqlənmir. Belə ki, iş materialları ilə qarşılıqlı iddia üzrə cavabdehin icranı gecikdirməsi öz təsdiqini tapmır. Həmçinin belə gecikdirmə olsa belə, qarşılıqlı iddia üzrə iddiaçının üçüncü şəxslə bağlanan müqaviləyə sonuncu tərəfindən birtərəfli qaydada xitam verilməsi, bu xitama məhz cavabdehin icranı gecikdirməsinin səbəb olması, nəticədə iddiaçının itirdiyi konkret gəlir barədə sübutlar iş materiallarında mövcud deyildir.
70. 25 iyul 2024-cü il tarixli 012/2024 nömrəli podrat müqaviləsi üzrə 105 072,50 manat penya məbləğinin tutulması tələbinə münasibətdə isə məhkəmə göstərir ki, həmin müqavilə üzrə 109 091 manat məbləğində pulun və əldən çıxmış fayda tələbinin rədd edilməsi, adıçəkilən tələbə bağlı dəbbə pulunun tutulması tələbinin də rədd edilməsi ilə nəticələnir.
71. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Hazırda isə podratçı tərəfindən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi öz təsdiqini tapmır.
72. Məhkəmə 25 iyul 2024-cü il tarixli 012/2024 nömrəli podrat müqaviləsi üzrə ilkin və qarşılıqlı iddia tələblərinə hüquqi qiymət verildikdən sonra xx.xx.2024 tarixli 0104 nömrəli mal təchizatı müqaviləsi üzrə 7567,60 manat, xx.xx.2024 tarixli 001/2024 nömrəli mal təchizatı müqaviləsi üzrə 45813,74 manat əsas borc, 26373,88 manat və 4581,37 manat dəbbə pulunun tutulmasına dair qarşılıqlı iddia tələbinə münasibət bildirilməsini zəruri hesab edir.
73. Tərəflər arasında xx.xx.2024-cü il tarixli 0104 nömrəli mal təchizatı müqaviləsi, başqa sözlə, yazılı müqavilə olmasa da, hər iki tərəf həmin müqavilə üzrə mal təchizatının aparıldığını qəbul etmişdir. Belə ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 55970,232 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2024 tarixli 0104 nömrəli müqaviləyə istinadla xx.xx.2024-cü il tarixli MT2405 11469387 seriya və nömrəli elektron qaimə göndərilmiş, Cavabdeh MMC tərəfindən avans qaydasında xx.xx.2024-cü il tarixdə 15000 manat, xx.xx.2024-cü il tarixdə 30000 manat, xx.xx.2024-cü il tarixdə 10000 manat əsas məbləğ üzrə, xx.xx.2024-cü il tarixdə 1290 manat, xx.xx.2024-cü il tarixdə 1410 manat, xx.xx.2024-cü il tarixdə 5400 manat, xx.xx.2024-cü il tarixdə 1800 manat olmaqla ümumilikdə ƏDV daxil 64900 manat məbləğində pul ödənilmişdir.
74. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yəni öhdəlik bir tərəfin müəyyən hərəkətlər etməsi və ya müəyyən hərəkətlərdən çəkinməsi, digər tərəfin isə tələb etmək hüququ ilə xarakterizə edilən qarşılıqlı hüquqi münasibətdir. Hər bir hüquqi münasibət kimi öhdəlik hüquq münasibətinin də müəyyən yaranma - əmələ gəlmə əsası olur. Mülki Məcəllənin 386-cı maddəsi öhdəliklərin əmələ gəlmə əsaslarını müəyyən edir. Belə ki, öhdəliyin əmələ gəlmə əsaslarına başlıcası müqavilə olmaqla zərər vurulması, əsassız varlanma və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar aid edilir. Mülki hüquq nəzəriyyəsində bu əsaslar müqavilədən və müqavilədən kənar olmaqla iki yerə bölünür. Öhdəliyin əsassız varlanma ilə əmələ gəlməsi onun müqavilədən kənar əsasla yaranması hesab olunur.
75. Mülki Məcəllənin 58-ci fəsli “əsassız varlanma” adlanır. Mülki Məcəllənin 1091-ci maddəsi əsassız varlanmaya anlayış verir. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
76. Göründüyü kimi, əsassız varlanma hüquqi əsas – bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadan və ya həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənərək başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edilməsidir.
77. Eyni zamanda Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
78. Mülki hüquq nəzəriyyəsində məhrum olanın əsassız əldə edilmiş və ya saxlanılmış əmlakı qaytarmaq barədə varlanmış şəxsə verdiyi tələb kondikasiya iddiası adlanır və bu növ iddiada bir neçə şərtin mövcudluğu sübut edilməlidir. Belə ki, kondikasiya iddiasının sübutetmə predmetinə (1) varlanmanın baş verməsi, (2) bu varlanmanın hüquqi əsasa malik olmaması, (3) varlanmanın məhrum olanın hesabına formalaşması daxildir. Bu şərtlərdən hər hansı birinin mövcudluğunun sübut edilməməsi kondikasiya iddiasının rəddi üçün əsasdır.
79. İş materiallarından göründüyü kimi, ƏDV daxil olmaqla 55970,232 manat dəyərində mal üçün Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil 64900 manat məbləğində ödəniş edilmişdir. Belə olan halda, 7567,60 manat ödənişin müqavilə öhdəliyindən kənar Cavabdeh MMC-nin hesabına edildiyi və İddiaçı MMC-nin həmin məbləği bank hesabı vasitəsilə əldə edərək varlandığı təsdiq edilir.
80. Beləliklə, 7567,60 manat məbləğində pul əsassız varlanma qaydasında İddiaçı MMC-dən tutulmalıdır.
81. xx.xx.2024-cü il tarixli 001/2024 nömrəli mal təchizatı müqaviləsi üzrə qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edilməlidir ki, iş materiallarına əsasən, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixli 001/2024 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, Cavabdeh MMC müqavilə ilə müəyyən olunan şərtlər çərçivəsində qiymət razılaşma protokolunda göstərilən mallarla İddiaçı MMC-ni təchiz etməyi, sonuncu isə həmin malı təhvil almağı və onun dəyərini müqavilə ilə müəyyən olunmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixli MT2411 12738088 seriya və nömrəli elektron qaimə ƏDV daxil 37170 manat, xx.xx.2024-cü il tarixli MT2405 10989551 seriya və nömrəli elektron qaimə 123,66 manat, xx.xx.2024-cü il tarixli EBEC 769145 seriya və nömrəli elektron qaimə ƏDV daxil 6843,17 manat, xx.xx.2025-ci il tarixli MT2502 11387807 seriya və nömrəli elektron qaimə ƏDV daxil 177 manat, xx.xx.2025-ci il tarixli MT2505 11681386 seriya və nömrəli elektron qaimə ƏDV daxil 1500,37 manat olmaqla ümumilikdə ƏDV daxil 45814,2 manat dəyərində malın verilməsi ilə bağlı tərtib edilərək İddiaçı MMC-yə göndərilmiş, xx.xx.2024-cü il tarixli EBEC 769145 seriya və nömrəli elektron qaimə sonuncu tərəfindən, digər elektron qaimələr sistem tərəfindən təsdiq edilmiş, ləğvə və ya düzəlişə qaytarılmamışdır.
82. Qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış xx.xx.2024 tarixli 001/2024 nömrəli alqı-satqı müqaviləsi malların partiyalarla göndərilməsini nəzərdə tutan, hər iki tərəfin sahibkarlıq fəaliyyəti subyekti olduğu alqı-satqı müqaviləsinin xüsusi növü – malların göndərilməsi müqaviləsidir.
83. Mülki Məcəllənin 627.1-ci maddəsinə əsasən, göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.
84. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi olub, iddiaçının qabaqcadan ödənilmiş məbləğin qaytarılmasını tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 637.1 – 637.2-ci maddələri təşkil edir.
85. Belə ki, Mülki Məcəllənin 637.1-ci maddəsinə görə, alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir.
86. Həmin Məcəllənin 637.2-ci maddəsinə əsasən, göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər.
87. Göründüyü kimi, Cavabdeh MMC qeyd edilən hüquq normasından irəli gələn göndərilmiş malların ödənilməsini tələb etmək hüququnu realizə edir. İddiaçı MMC isə həmin malların dəyərinin ödənilməsinə dair hər hansı sübut təqdim etməmişdir.
88. Belə olan halda, məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli 001/2024 nömrəli mal təchizatı müqaviləsi üzrə 45813,74 manat məbləğində pul İddiaçı MMCdən tutulmalıdır.
89. Həmin müqavilə üzrə 26373,88 manat dəbbə pulu, 4581,37 manat 10 % cərimənin tutulması tələbinə münasibətdə isə aşağıdakılar göstərilməlidir.
90. xx.xx.2024-cü il tarixli 001/2024 nömrəli mal təchizatı müqaviləsinin 4.2-ci bəndinə əsasən, bu müqavilə ilə nəzərdə tutulmuş ödəmə şərtləri pozulduqda, “Sifarişçi” “İcraçı”ya 2 (iki) həftəlik güzəşt müddətindən sonra hər gecikmə günü üçün gecikdirilmiş ödəmənin 0,1 % həcmində, lakin gecikdirilmiş ödəmənin ümumi dəyərinin 10 %-dən artıq olmamaq şərti ilə cərimə ödəyəcəkdir.
91. Əvvəla, qeyd edilməlidir ki, Cavabdeh MMC 26373,88 manat dəbbə pulu, 4581,37 manat 10 % cərimənin tutulmasını tələb etsə də, qeyd edilən yanaşma müqavilə şərtinin yanlış şərh olunmasına əsaslanmışdır. Belə ki, tərəflər arasındakı razılaşmada əlavə olaraq 10 % cərimə nəzərdə tutulmamış, cərimə məbləğinin ödəmənin ümumi dəyərindən artıq olmaması şərtləşdirilmişdir. Başqa sözlə, müqavilə şərtinə müvafiq olaraq 4581,37 manat dəbbə pulunun tənasüblüyü araşdırılmalı, 26373,88 manat dəbbə pulu hissəsində iddia rədd edilməlidir.
92. Mülki Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
93. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
94. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar İddiaçı MMC-yə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Eyni zamanda məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, hissəvi ödəniş edilmişdir.
95. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin 2200 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
96. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cərimənin tutulması hissəsində qarşılıqlı iddia tələbi qismən təmin edilməli, 2200 manat məbləğində pul Cavabdeh MMC-yə ödənilməlidir.
97. Yekun olaraq ilkin və qarşılıqlı iddia tələblərinə hüquqi qiymət verilərək hesab edilir ki, ilkin iddia üzrə İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024cü il tarixli podrat müqaviləsi üzrə 266784,961 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmış 1790,75 manat olmaqla 268575,711 manat məbləğində pul Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə, qarşılıqlı iddia üzrə İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə 7567,6 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 45813,74 manat əsas borc, 2200 manat cərimə olmaqla ümumilikdə 55581,34 manat məbləğində pul cavabdeh İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
98. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən edilir ki, ********** nömrəli mədaxil qəbzi ilə ilkin iddiaçı tərəfindən dövlət büdcəsinə iddia ərizəsinin verilməsi üçün 666 manat, ********** nömrəli mədaxil qəbzi ilə 14 manat ödəniş edilmişdir. Bundan başqa, **********30 nömrəli mədaxil qəbzi ilə qarşılıqlı iddiaçı tərəfindən dövlət büdcəsinə qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 788 manat ödəniş edilmişdir.
99. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
100. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 466 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə, 88 manat İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilsin.
V. Nəticə:
101. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli podrat müqaviləsi üzrə 266784,961 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmış 1790,75 manat olmaqla 268575,711 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə 7567,6 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 45813,74 manat əsas borc, 2200 manat cərimə olmaqla ümumilikdə 55581,34 manat məbləğində pul cavabdeh İddiaçındən tutularaq iddiaçı Cavabdehnə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 466 manat Cavabdehndən tutularaq İddiaçınə, 88 manat İddiaçındən tutularaq Cavabdehnə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova