Məhkəmə qərarları › İş №e-2-2(113)-6690/2024

Bakı Kommersiya Məhkəməsi Məhkəmə əmri — İş №e-2-2(113)-6690/2024

02.09.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2-2(113)-6690/2024 02.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı Kreditor Borclundən borc müqaviləsi üzrə pulun tutulması barədə məhkəmə əmri haqqında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİ: Kreditor məhkəmə əmri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Borclundən xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə 260 000 manat, xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə 46700 manat olmaqla ümumilikdə 306 700 manat borcun borcludan kreditorun xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, kreditor ilə borclu bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə 200 000 ABŞ dolları, xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə 320 000 manat, xx.xx.2023-cü tarixli borc müqaviləsi üzrə 53800 manat borc verilmişdir. Həmin borc müqavilələri üzrə verilmiş borcun bir hissəsinin qaytarılmasına baxmayaraq, ümumilikdə 355 500 manat məbləğində olan hissə bu günədək qaytarılmayıb. Dəfələrlə şifahi və yazılı formada qalıq borcun birdəfəlik qaytarılması barədə müraciət olunmasına baxmayaraq, borc ödənilməmiş qalmaqdadır. Borc müqavilələri üzrə məbləğlərin Borclu MMC-nin "xxxx" ASC-də olan bank hesablarına köçürülməsi və eyni zamanda həmin məbləğlər üzrə qalıq borclar "xxxx" ASC tərəfindən verilmiş arayışla tam təsdiq edilir. Həmin arayışdan da görünür ki, yuxarıda qeyd edilən borc müqavilələri üzrə Borclu MMC tərəfindən ödənilməmiş qalan qalıq məbləği cəmi 355 500 manat təşkil edir. Həmçinin borc müqavilələri üzrə Borclu MMC-nin Kreditor qaytarılmamış ümumi qalıq məbləğinin 355 500 manat təşkil etdiyi xx.xx.2024-cü il tarixdə Borclu MMC-nin rəhbəri ilə bağlanmış üzləşdirmə aktı ilə bir daha təsdiq edilir. Lakin xx.xx.2023-cü il tarixli 16/2023 nömrəli borc müqaviləsi üzrə müqavilə müddəti hələ başa çatmayıb. Həmin müqavilə üzrə öhdəliyin icra edilmə müddəti xx.xx.2024-cü il tarixdə bitir. Müqavilələrdən də görünür ki, kreditor ilə borclu arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsi istisna olmaqla, digər iki müqavilə üzrə, yəni xx.xx.2023-cü il tarixli və xx.xx.2022-ci il tarixli borc müqavilələri üzrə öhdəliyin icra edilmə müddətləri başa çatıb, lakin Borclu MMC tərəfindən borc müqaviləsi üzrə öhdəlik icra edilməyib. Ona görə də müqavilə müddətləri başa çatmış xx.xx.2022-ci il tarixli 07/2022 nömrəli borc müqaviləsi üzrə 260 000 manat, xx.xx.2023-cü il tarixli 15/2023 nömrəli borc müqaviləsi üzrə 46700 manat olmaqla ümumilikdə 306 700 manat məbləğində pulun Borclu MMC-dən tutulub kreditora ödənilməsi barədə məhkəmə əmri çıxarılmalıdır. Məhkəmə hesab edir ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmalıdır. İş materiallarından görünür ki, kreditor ilə borclu arasında xx.xx.2022-ci il və xx.xx.2023-cü il və xx.xx.2023-cü tarixlərində üç ayrı borc müqaviləsi bağlanmış, kreditor xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə 200 000 ABŞ dolları, xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə 320 000 manat, xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə 53800 manat məbləğində pulu borclunun mülkiyyətinə verməyi, borclu isə borcu xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 13 avqust 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə 270000 manat, xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə 319500 manat, xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə 48800 manat məbləğində pul kreditor tərəfindən borcluya köçürülmüşdür. Həmçinin kreditor və borclu arasında tərtib edilmiş və borclunun möhürü ilə təsdiq edilmiş 10 avqust 2024-cü il tarixli üzləşmə aktından da görünür ki, xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə 260 000 manat, xx.xx.2023-cü il tarixli borc müqaviləi üzrə 46 700 manat olmaqla cəmi borc 306 700 manat olaraq təsdiq edilmişdir. Mülki Məcəllənin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Məhkəmə qeyd edir ki, tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən, əlavə sübutlar cəlb edilərək tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən kreditor tərəfındən irəli sürülən əmlakın tələb edilməsinə dair tələbin tam əsaslılığının məhkəmə əmrinin verilməsinə dair ərizəyə əlavə olunmuş sənədlərdən məhkəmə üçün aşkar olması başa düşülməlidir. Tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması dedikdə isə, kreditorun ərizə ilə birlikdə məhkəməyə təqdim etdiyi sənədlərdən belə bir vəzifənin mövcud olmasının və onun hər hansı bir mübahisə doğurmadığının aydın olması başa düşülməlidir. Belə bir mübahisəsiz vəzifənin olması onu bildirir ki, kreditor borclu ilə bağlı olduğu konkret hüquq münasibətində öz vəzifələrini lazımınca icra etmişdir, lakin borclu həmin münasibətlərdən irəli gələn və aşkar xarakter daşıyan vəzifəsini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 276.2.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. Beləliklə, iş materialları əsasında təsdiq olunur ki, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli borc müqavilələri üzrə öhdəlik Borclu MMC tərəfindən lazımınca icra edilməmiş, kreditorun tələbinə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 276.2.2-ci maddəsinə uyğun olaraq əmr icraatı qaydasında baxıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə əmrinin çıxarılması üçün maddi və prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcuddur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280-282,284-cü maddələrini rəhbər tutaraq, məhkəmə ƏMR ETDİ: Kreditor ilə Borclu arasında bağlanmış 13 dekabr 2022-ci il tarixli 07/2022 nömrəli borc müqaviləsi üzrə 260 000 manat, 01 dekabr 2023-cü il tarixli 15/2023 nömrəli borc müqaviləsi üzrə 46700 manat olmaqla ümumilikdə 306 700 manat məbləğində pul Borclundən (VÖEN – **********; hüquqi ünvanı – XXXX) tutularaq tələbkar Kreditor (FİN xxxxxxx; VÖEN – **********, yaşayış yeri – XXXX) ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar