Məhkəmə qərarları › İş №e-2-2(113)-6764/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6764/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6764/2024 26.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Vepa X1 X4 İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “Vepa X1 X4 İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh “Vepa X1 X4 İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə “VEPA X1 X4 İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış 20210716 saylı, xx.xx.2021-ci il tarixli və 20211206 saylı, xx.xx.2021-ci il tarixli xidmətlərin göstərilməsi müqavilələri üzrə yaranmış ƏDV daxil 9384,95 ( doqquz min üç yüzsəksən dörd manat doxsan beş qəpik ) manat borc məbləği və mediasiya prosesində iştirak üçün 200 manat mediasiya ödənişinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra icraçı) ilə cavabdeh “VEPA X1 X4 İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra sifarişçi) arasında 20210716 saylı, xx.xx.2021-ci il tarixli və 20211206 saylı, xx.xx.2021-ci il tarixli Xidmətlətin Göstərilməsi Müqaviləsi (bundan sonra “Müqavilə”) bağlanmışdır. Qeyd olunan müqavilələrin 1.1-ci bəndinə əsasən cavabdeh iddiaçıya Bakı şəhərində yerləşən “X6” layihəsində və “X5 Stansiya” layihəsində passiv yanğın durdurucu sistemlərinin (Firestop) quraşdırılmasına dair işlərin görülməsini sifariş etmişdir. Sözügedən müqavilələrdə qeyd olunan işlər icraçı tərəfindən tam və vaxtında icra edilərək, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktlarına əsasən sifarişçiyə təvhil verilməklə üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Görülmüş işlərə görə EBBH seriyalı, 911202 saylı elektron qaiməyə uyğun olaraq ƏDV ilə birlikdə 6609,85 manat (altı min altı yüz doqquz manat səksən beş qəpik), EBBO seriyalı 209645 saylı elektron qaiməyə uyğun olaraq ƏDV ilə birlikdə 2775,10 manat (iki min yeddi yüz yetmiş beş manat on qəpik), yekun olaraq 9384,95 manat (doqquz min üç yüz səksən dörd manat, doxsan beş qəpik) dəyərində borc hesablanmışdır. Müqavilələrin 2.4-cü bəndinə əsasən sifarişçi tərtib olunmuş təhvil-təslim aktına əsasən ödənişləri 10 (on) iş günü ərzində icraçının bank hesabına köçürməlidir. Lakin sifarişçi görülmüş işlərə görə icraçıya heç bir ödəniş etməməklə, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəməyə iddia ərizəsi ilə müraciət edilməzdən öncə iddiaçı mediasiya prosesinin tətbiqi ilə bağlı müvafiq mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh ilə razılıq əldə olunmaması səbəbilə iddiaçıya Mediasiya Təşkilatı tərəfindən “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış təqdim edilmişdir

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1, 448.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Qanuni nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində “VEPA X1 X4 İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında xx.xx.2021-ci il tarixdə 20210716 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müqaviləyə əsasən icraçı tərəfindən görüləcək passiv yanğın dayandırma sistemlərinin quraşdırılması işlərinin ümumi dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 1965,44 ABŞ dolları müəyyən olunur və hazırkı müqavilənin ayrılmaz hissəsi hesab olunan 1 nömrəli əlavəyə smeta şəklində əlavə olunur. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən ödənilən məbləğ, ödənilən günün Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq, ƏDV daxil olmaqla AZN-lə ödənilir. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən müqaviləyə əsasən sifarişçi yekun məbləğdən material pulunun 50%-ni, quraşdırılmanın isə 50%-ni müqavilə bağlandığı gündən 5 (beş) bank iş günü ərzində avans ödəyir. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən icraçı işlərini tam yerinə yetirərkən, tərtib olunmuş akta əsasən sifarişçidən ödəniş tələb edir. Ödənişlər icraçının bank hesabına köçürmə yolu ilə 10 (on) bank iş günü ərzində köçürülməlidir. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məhkəmələr tərəfindən həll olunur.

8. İddiaçı MMC ilə “VEPA X1 X4 İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında xx.xx.2021-ci il tarixdə 20211216 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müqaviləyə əsasən icraçı tərəfindən görüləcək passiv yanğın dayandırma sistemlərinin quraşdırılması işlərinin ümumi dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 1383,4 ABŞ dolları müəyyən olunur və hazırkı müqavilənin ayrılmaz hissəsi hesab olunan 1 nömrəli əlavəyə smeta şəklində əlavə olunur. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən ödənilən məbləğ ödənilən günün Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq, ƏDV daxil olmaqla AZN-lə ödənilir. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən müqaviləyə əsasən sifarişçi yekun məbləğdən material pulunun 50%-ni, quraşdırılmanın isə 50%-ni müqavilə bağlandığı gündən 5 (beş) bank iş günü ərzində avans ödəyir. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən icraçı işlərini tam yerinə yetirərkən, tərtib olunmuş akta əsasən sifarişçidən ödəniş tələb edir. Ödənişlər icraçının bank hesabına köçürmə yolu ilə 10 (on) bank iş günü ərzində köçürülməlidir. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məhkəmələr tərəfindən həll olunur.

9. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 20210716 nömrəli xidmət müqaviləsinə xx.xx.2021-ci il tarixli, 01 nömrəli əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə adı qeyd olunmuş xidmətin növü (Firestop – 1965,44 ƏDV daxil deyil) barədə razılığa gəlmişlər. Müqaviləyə əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 20210716 nömrəli xidmət müqaviləsinə xx.xx.2021-ci il tarixli, 01A nömrəli əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə adı qeyd olunmuş xidmətin növü (Passiv yanğın durdurucu sistemləri və sistemin quraşdırılması – 1329,6 ƏDV daxil deyil) barədə razılığa gəlmişlər. Müqaviləyə əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixdə 20211206 nömrəli xidmət müqaviləsinə xx.xx.2021-ci il tarixli, 01 nömrəli əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə adı qeyd olunmuş xidmətin növü (Firestop – 1383,4 ƏDV daxil deyil) barədə razılığa gəlmişlər. Müqaviləyə əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. xx.xx.2021-ci il “Faktiki yerinə yetirilmiş işlərin təhvil-təslim aktı”ndan görünür ki, İddiaçı MMC “VEPA X1 X4 İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının tapşırığı ilə xx.xx.2021-ci il tarixli, 20210716 nömrəli müqaviləyə əsasən passiv yanğın durdururcu sistemlərinin quraşdırılmasına dair işləri tam yerinə yetirmişdir.

13. xx.xx.2021-ci il “Faktiki yerinə yetirilmiş işlərin təhvil-təslim aktı”ndan görünür ki, İddiaçı MMC “VEPA X1 X4 İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının tapşırığı ilə xx.xx.2021-ci il tarixli 20211206 nömrəli müqaviləyə əsasən passiv yanğın durdururcu sistemlərinin quraşdırılmasına dair işləri tam yerinə yetirmişdir.

14. xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 911202 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “Vepa X1 X4 İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6609,85 manat (ƏDV daxil) təşkil edir. Qaimədə əsas qismində xx.xx.2021-ci il tarixdə imzalanmış 20210716 nömrəli xidmət müqaviləsi qeyd olunmuşdur.

15. xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 209645 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “Vepa X1 X4 İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2775,1 manat (ƏDV daxil) təşkil edir. Qaimədə xx.xx.2021-ci il tarixdə imzalanmış 20211206 nömrəli xidmət müqaviləsi qeyd olunmuşdur.

16. İddiaçı MMC tərəfindən “Vepa X1 X4 İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (on) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi

20. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı MMC ilə “VEPA X1 X4 İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında 20210716 saylı, xx.xx.2021-ci il tarixli və 20211206 saylı, xx.xx.2021-ci il tarixli xidmət müqavilələri bağlanmış və tərəflər arasında həmin müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır.

21. İddia tələbinin bir hissəsini “Vepa X1 X4 İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 9384,95 manat məbləğində əsas borcun tutulması təşkil edir.

22. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilələr üzrə iddiaçıya borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və cavabdeh “Vepa X1 X4 İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından ƏDV daxil 9384,95 ( doqquz min üç yüzsəksən dörd manat doxsan beş qəpik ) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu təqdim olunmuş sənədlərlə (müqavilələr, təhvil-təslim aktları, elektron qaimələr və s.) öz təsdiqini tapır. Təqdim olunmuş elektron qaimələr üzrə ƏDV daxil ümumi məbləğ 9384,95 manat təşkil edir.

23. Eləcə də, iddiaçı mediasiya xərclərinə görə ödənilmiş 200 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

24. Məhkəmə hesab edir ki, 200 (iki yüz) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Vepa X1 X4 İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 9384,95 (doqquz min üç yüz səksən dörd manat doxsan beş qəpik) manat borc, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 9584,95 (doqquz min beş yüz səksən dörd manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar