Məhkəmə qərarları › İş №e-2-2(113)-6772/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6772/2024

07.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6772/2024 07.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzi olaraq 3950 manat pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya, sığorta hadisəsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsinin iştirakı olmadan, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzi olaraq 3950 manat pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASCdən 3950 manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 59,9 manat, ümumilikdə, 4009,5 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, AZ/043722 nömrəli sığorta şəhadətnaməsinə əsasən Xətai r-nu, Gəncə prospekti, 57 ünvanında yerləşən "xxxx" MMC tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış obyektinə (Araz Market) İddiaçı ASC tərəfindən “əmlakın yanğından və digər əlavə risklərdən sığortası” üzrə sığorta təminatı verilmişdir. xx.xx.2016-cı il tarixində qeyd olunan qeyri-yaşayış obyektinə subasma hadisəsi nəticəsində maddi ziyan dəymişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı tərtib olunmuş dəymiş zərərin hesablanmasına dair akta əsasən, “Xətai r-nu, Gəncə prospekti, 57 ünvanında yerləşən "xxxx" MMC tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış obyektinə 4200 manat məbləğində maddi zərər dəydiyi müəyyən edilmişdir. Sığorta ödənişi ilə bağlı 4029 nömrəli sığorta aktı tərtib edilmiş, 250 manat məbləğində azadolma məbləği çıxılmaqla 3950 manat məbləğində sığorta ödənişi İddiaçı ASC tərəfindən faydalanan şəxsə ödənilmişdir. Xətai Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 85 saylı Mənzil-Kommunal İstismar sahəsinin 77 nömrəli, xx.xx.2016-cı il tarixli məktubuna əsasən xx.xx.2016-cı il tarixində Cavabdeh ASC-nin Xətai rayon şöbəsi tərəfindən qışa hazırlıqla əlaqədar olaraq istilik xətlərinə su verilmişdir. Suyun verilməsi vaxtı Gəncə prospekti, 57 saylı binanın qeyri-yaşayış sahəsində “Araz” marketdən 2-ci mərtəbəsindəki mənzilən keçən istilik xəttində baş vermiş qəza nəticəsində “Araz” marketdə su axması baş vermişdir.

3. Cavabdehin iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, "xxxx" ASCnin cavabdeh "xxxx" ASC-yə qarşı Subroqasiya huququ uzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair" e-2-2(113)-6772/ 2024 saylı işlə bağlı qeyd olunur ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin və Mülkı Məcəlləsinin müvafiq maddələrinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanıtarıya-texniki və digər avadanlığı ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli qərarı ilə təsdiq olunmuş Cavabdeh ASC-nin Nizamnaməsinin 3 1 yarımbəndınə əsasən Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərim göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir. Eyni zamanda paylanılan istilik xətlərinin yalnız binanın girişinə qədər olan hissəsi Cəmiyyətin balans mənsubiyyətinə daxildir

II. Tərəflərin mövqeləri:

4. 07.10.2024-cü il tarixində iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, subqroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsinə iddiaçının iştirakı olmadan baxıb, qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək rədd edilməsin xahiş etdi.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. 28.02.2013-cü il tarixli 10 saylı daşınmaz əmlakın icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospektinə yerləşən 275 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin icarəsinə verilmişdir.

8. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti MKTB 85 saylı MKİS-in xx.xx.2016-cı il tarixli, 77 saylı arayışına əsasən xx.xx.2016-cı il tarixində "xxxx" ASC Xətai rayon şöbəsi tərəfindən qışa hazırlıqla əlaqədar olaraq istilik xətlərinə su verilmiş və suyun verilməsi vaxtı Gəncə pr., 57 saylı binanın qeyri-yaşayış sahəsində “Araz” marketdən 2-ci mərtəbədəki mənzilə keçən istilik xəttində baş vermiş qəza nəticəsində “Araz” market su axması baş vermişdir.

9. 30.12.2026-cı il tarixli sığorta aktına əsasən xx.xx.2016-cı il tarixdə sığortalı "xxxx" MMC-yə su basma nəticəsində 4200 manat məbləğində zərər dəydiyi müəyyən edildiyi qeyd olunmuşdur.

10. 11.01.2017-ci il tarixli, 100 saylı ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən 3950 manat dəyərində pul məbləği "xxxx" MMC-yə ödənilmişdir.

11. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

12. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

14. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

15. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

16. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiytəqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

17. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə "xxxx" MMC arasında sığorta müqaviləsi bağlanmış, sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə (su basma nəticəsində) sığorta hadisəsi baş vermiş, sığortalıya dəymiş zərər 4200 manat müəyyən edilərək, sığortalıya iddiaçı tərəfindən 3950 manat sığorta ödənişi (azad olma məbləği çıxılmaqla) verilmişdir.

18. Məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi barədə iddiaçının Cavabdeh ASC-yə irəli sürdüyü tələb əsaslı deyildir.

19. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.

20. Həmin Məcəllənin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.

21. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.

22. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.

24. Həmin Məcəllənin 235.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər.

25. Məhkəmə hesab edir ki, binanın daxilində olan ümumi istilik xətti cavabdehin balansında olmadığından, habelə həmin xətlərin salamatlığına, lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsinə həmin yaşayış binasının tərkib hissəsinin mülkiyyətçiləri məsuliyyət daşıdığından baş vermiş hadisəyə görə dəymiş zərərin cavabdehdən tələb edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir.

26. Yuxarıda göstərilən normaların məzmunundan da göründüyü kimi subroqasiya nəticəsində sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ sığorta ödənişini vermiş sığortaçıya keçir.

27. Odur ki, hazırkı halda "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya qaydasında tələb irəli sürmək hüququnun yaranması üçün ilk növbədə cavabdehin sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə məsuliyyət daşıması, yəni hadisənin cavabdeh və ya əməllərinə görə cavabdehin məsuliyyət daşıdığı digər şəxslər tərəfindən törədilmiş delikt nəticəsində baş verməsi müəyyən edilməlidir. Hazırki işdə həmin hallar müəyyən edilmədi.

28. Azərbaycan Respublikası MPM-nin:

29. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.

33. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

34. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

V. Nəticə:

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzi olaraq 3950 manat pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar