Məhkəmə qərarları › İş №e-2-2(113)-6883/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6883/2024

29.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6883/2024 29.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daxili lizinq müqaviləsi, prosessual maraq, dəymiş zərər) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən inzibati xəta protokollarına görə 275 manat məbləğində pulun və ödənilmiş 30,4 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış 27 yanvar 2021-ci il tarixli MAS- 3206 saylı daxili lizinq müqaviləsinə əsasən “Khazar LX” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sonuncunun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq, iddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(005)-1157/2023 nömrəli qətnaməsi ilə iddiaçının iddası təmin edilərək, cavabdehdən ümumilikdə 1669,20 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. 2.2. Lizinq obyekti olan “Khazar LX” minik markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Baş Dövlət Yol Polis İdarəsi və Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: 1. EQ 10988664 saylı protokola görə 45 manat; 2. BNA ******* saylı protokola görə 18 manat; 3. EQ 10645581 saylı protokola görə 80 manat; 4. EQ 10645588 saylı protokola görə 80 manat; 5. BNA ******* saylı protokola görə 18 manat; 6. EQ 11040552 saylı protokola görə 16 manat; 7. BNA ******* saylı protokola görə 18 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən həmin cərimələrə görə ümumilikdə 275 manat məbləğində ödəniş edilmişdir. 2.3. Mülkiyyət hüququ ilə iddiaçıya məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokolar əsasında yaranmış cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün yol-patrul xidməti inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 1096.1, 1097.1, 1099-cu və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ərizələr ilə məhkəməyə müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanına göndərilməklə (çatdırılmaqla), mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Lizinq müqaviləsinin ləğvi və lizinq ödənişlərinin tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 27 yanvar 2021-ci il tarixli MAS-3206 saylı daxili lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı “Khazar LX” minik markalı, NVABA1HHFMF800202 ban nömrəli nəqliyyat vasitəsini cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verməyi, cavabdeh isə müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə iddiaçıya şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürmüşdür.

11. Hazırda iddiaçı nəqliyyat vasitəsi cavabdehin istifadə və sahibliyində olduğu dövrdə cavabdeh tərəfindən həmin nəqliyyat vasitəsini idarə edərkən törədilmiş inzibati xətalara görə tətbiq edilmiş cərimələrin sonuncudan tutulmasını tələb edir.

12. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

13. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

15. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

16. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

17. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

18. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4)

20. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

21. Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən icranın gecikdirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə icranın gecikdirilməsi arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.

22. İş materiallarında olan 27 yanvar 2021-ci il tarixli MAS-3206 saylı “Daxili Lizinq” müqaviləsinə 2 saylı əlavə olan təhvil-təslim aktından görünür ki, xx.xx.2021-ci il tarixdə “Khazar LX” markalı NVABA1HHFMF800202 ban nömrəli 13900 manat dəyərindən nəqliyyat vasitəsi cavabdehə təhvil verilmişdir.

23. İş materiallarında olan nəqliyyat vasitəsinin AD N” 989333 seriya və nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, “Khazar LX” minik markalı 99PU572 dövlət qeydiyyat nişanlı NVABA1HHFMF800202 ban nömrəli nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətindədir.

24. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə “Xəzer LX” markalı 99PU572 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən təhvil alınmışdır.

25. İş materiallarında olan “SMS Radar” sistemindən çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixli EQ1098864 seriya və nömrəli protokol İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə tərtib edilmiş, 50 manat məbləğində cərimə tətbiq edilmiş, xx.xx.2021-ci il tarixli BNA1762647 seriya və nömrəli protokol İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə tərtib edilmiş, 20 manat məbləğində cərimə tətbiq edilmiş, xx.xx.2022-ci il tarixli EQ10645581 seriya və nömrəli protokol İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə tərtib edilmiş, 50 manat məbləğində cərimə tətbiq edilmiş (həmçinin 30 manat dəbbə pulu), xx.xx.2022-ci il tarixli EQ10645588 seriya və nömrəli protokol İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə tərtib edilmiş, 50 manat məbləğində cərimə tətbiq edilmiş (həmçinin 30 manat dəbbə pulu), xx.xx.2021-ci il tarixli BNA1576096 seriya və nömrəli protokol İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə tərtib edilmiş, 20 manat məbləğində cərimə tətbiq edilmiş, xx.xx.2022-ci il tarixli EQ11040552 seriya və nömrəli protokol İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə tərtib edilmiş, 10 manat məbləğində cərimə tətbiq edilmiş (həmçinin 6 manat dəbbə pulu), xx.xx.2021-ci il tarixli BNA1539904 seriya və nömrəli protokol İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə tərtib edilmiş, 20 manat məbləğində cərimə tətbiq edilmiş,

26. İş materiallarında olan elektron qəbzlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə xx.xx.2021-ci il tarixli BNA1576096 seriya və nömrəli protokol üzrə 18 manat, xx.xx.2022ci il tarixli EQ11040552 seriya və nömrəli protokol üzrə 16 manat, xx.xx.2022-ci il tarixli EQ10645588 seriya və nömrəli protokol üzrə 80 manat, xx.xx.2022-ci il tarixli EQ10645581 seriya və nömrəli protokol üzrə 80 manat, xx.xx.2022-ci il tarixli EQ1098864 seriya və nömrəli protokol üzrə 45 manat, xx.xx.2021-ci il tarixli BNA1762647 seriya və nömrəli protokol üzrə 18 manat, xx.xx.2021-ci il tarixli BNA1539904 seriya və nömrəli protokol üzrə 18 manat olmaqla ümumilikdə 275 manat məbləğində cərimə (güzəşt və dəbbə pulu daxil olmaqla) ödənilmişdir.

27. İş materiallarında olan İddiaçı MMC-nin AZ86PAHA40060AZNHK********** nömrəli bank hesabından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli qəbzlərlə əlaqədar ümumilikdə 275 manat məxaric edilmişdir.

28. Beləliklə, məhkəmə müəyyən edir ki, “Khazar LX” minik markalı 99PU572 dövlət qeydiyyat nişanlı NVABA1HHFMF800202 ban nömrəli nəqliyyat vasitəsinin cavabdehin faktiki istifadəsində olduğu xx.xx.2021 – xx.xx.2022-ci il tarixlərində nəqliyyat vasitəsini idarə edən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin ayrı-ayrı maddələri ilə inzibati tənbeh tətbiq edilməsi barədə protokollar tərtib edilmiş, həmin protokollar üzrə iddiaçı tərəfindən 275 manat cərimə ödənilmişdir.

29. Məhkəmə qeyd edir ki, nəqliyyat vasitəsinin cavabdehin faktiki sahibliyində olduğu müddət ərzində sonuncu tərəfindən avtomobilə dəyən zərərin, o cümlədən yol hərəkəti qaydalarının pozulması nəticəsində tərtib edilmiş protokollar üzrə ödənilmiş inzibati cərimələrin məsuliyyətini məhz cavabdeh daşıyır.

30. Belə ki, Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

31. Tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsinin 5.2-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır.

32. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh 275 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

33. İddiaçı ödənilmiş 30,4 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş edir.

34. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

35. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

36. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Məhkəmə iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 275 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar