Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7017/2024 03.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “texniki xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, müqavilə azadlığı, sübutetmə, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2, İddiaçının nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “texniki xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 15 yanvar 2024-cü il tarixli xidmət müqaviləsi üzrə 2024-cü ilin iyun və iyul ayları üçün 180 manat ƏDV daxil olmaqla 1180 manat xidmət haqqı, 77,5 manat cərimə məbləği və ödənilmiş 32,6 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 15 yanvar 2024-cü il tarixli AZP018/2024 nömrəli texniki xidmət müqaviləsi imzalanmışdır. Müqavilənin 2.1-ci maddəsinin tələblərinə əsasən iddiaçı Bakı şəhərində yerləşən və cavabdehə məxsus 4 ədəd sərnişin lifti və 2 ədəd yük liftinə müqavilə ilə müəyyən edilmiş texniki xidmətləri göstərməyi, cavabdeh isə yerinə yetirilən xidmətlərin haqqını müqavilə ilə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq cavabdehə texniki xidmət göstərilmiş, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələr əsasında cavabdeh tərəfindən müvafiq ödənişlər aparılmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə 1 saylı əlavəyə əsasən hər bir lifttə texniki xidmət üçün müəyyən edilmiş xidmət haqqı 100 manat (ƏDV xaric) olaraq müəyyən edilmişdir. 2.2. Son olaraq iddiaçı tərəfindən iyun ayında göstərilən texniki xidmətə görə 05 iyul 2024-cü il tarixində təqdim edilən MT2407 seriyalı 10440593 saylı elektron qaimədə aylıq xidmət haqqı tərəflər arasında imzalanmış təhvil-qəbul aktına əsasən 500 manat (ƏDV xaric) olaraq qeyd edilmiş və qaimə-fakturaya əsasən cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Tərəflər arasında imzalanmış müqavilənin 6.2 - 6.4-cü maddəsinin şərtlərinə əsasən iddiaçı tərəfindən yerinə yetirilən işlərin haqqı onun tərəfindən təqdim edilmiş hesab-fakturaya əsasən hər 1 ay üçün hesab-fakturanın göndərildiyi gündən etibarən 5 iş günündən gec olmamaq şərtilə cavabdeh tərəfindən ödəniləcəkdir. Cavabdeh tərəfindən ödənişlər qeyd olunan müddət ərzində ödənilmədikdə, gecikdirilən hər gün üçün müvafiq ödənilməli olan məbləğin 0,5%-i həcmində iddiaçı tərəfindən cərimə tətbiq olunacaqdır. İddiaçı tərəfindən xidmətlər müqavilə şərtlərinə uyğun olaraq göstərilmiş, xidmətlərin göstərilməsində heç bir gecikmə və ya ləngimə olmamışdır. Buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə razılaşdırılmış olan xidmət haqqı müqavilə imzalandığı tarixdən müqaviləyə xitam verilən 17 iyul 2024-cü il tarixinə qədər bir dəfə də olsun vaxtlıvaxtında ödənilməmişdir. 2.3. Məhz cavabdehin müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi səbəbindən iddiaçı tərəfindən 15 yanvar 2024-cü il tarixli AZP018/2024 saylı texniki xidmət müqaviləsinə 17 iyul 2024-cü il tarixində xitam verilmişdir. İddiaçı tərəfindən göndərilmiş olan qaimə-fakturaya əsasən ödəniş həyata keçirilmədiyi üçün qeyd olunan məbləğə cərimənin hesablanması üçün hüquqi əsaslar mövcuddur. Belə ki, 2024-cü ilin iyun ayı üçün göndərilmiş olan elektron qaimə-fakturada qeyd edilən məbləğə günlük cərimə məbləği hesablandıqda cərimənin məbləği 77,50 manat təşkil edir. Cərimə məbləği qaimə fakturanın göndərildiyi tarixdən etibarən 5 iş günü keçdikdən sonra hesablanmışdır. Hər bir ay üzrə ay sonunda tərəflər arasında işlərin görülməsinə və xidmətlərin göstərilməsinə dair təhvil-qəbul aktı imzalanmışdır. Hal-hazırda iddia tələbinin 2024-cü ilin iyun ayı üçün olan hissəsinə dair də tərəflər arasında təhvil-qəbul aktı imzalanmışdır. Bundan başqa, 01 iyul 2024-cü il tarixindən 17 iyul 2024-cü il tarixinə qədər müqavilə əsasında qeyd edilən liftlərə texniki xidmətlər göstərilmişdir. Cavabdeh tərəfindən müqavilə öhdəlikləri dəfələrcə pozulduğu və iddiaçı ilə texniki xidmət müqaviləsi olduğu halda, başqa bir hüquqi şəxsin işə cəlb edilməsi məsələsi müəyyən olunduğu üçün 17 iyul 2024-cü il tarixində tərəflər arasında imzalanmış texniki xidmət müqaviləsinə xitam verilmişdir. İyul ayı əzində də liftlərə texniki xidmət göstərildiyi üçün həmin ayla bağlı xidmətlərə dair təhvil-qəbuluna dair aktlar cavabdehə göndərilmiş, cavabdeh tərəfindən imzalanmadan geri qaytarılmışdır. 17 gün ərzində göstərilmiş xidmətlərin ümumi dəyəri toplam 500 manat (ƏDV xaric) təşkil edir. 2024-cü il iyun və iyul ayı üçün müyyən edilmiş xidmət haqqının, o cümlədən iyun ayı üçün ödənilməyən xidmət haqqına hesablanmış cərimə məbləğinin ödənilməməsi cavabdehin müqavilə üzrə öhdəliklərinin kobud şəkildə pozulmasına dəlalət edir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 386, 442, 445, 462-ci və s. maddələri göstərilmişdir.
4. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz ünvanlayaraq, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “texniki xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndində qeyd edilmişdir ki, iddiaçı işi təhvil verdikdən və tərəflər arasında razılaşma protokolunu imzalandıqdan sonra pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı müqavilə bağlandığı andan iyun ayınadək öz öhdəliklərini icra etməmiş və nəticədə liftlərə düzgün qulluq olunmadığı məlum olmuşdur. İddiaçıdan tələb edildikdə isə son olaraq vəziyyətin yaxşı olacağına dair vədlər versə də, heç bir irəliləyiş olmamış, sonuncu müqavilənin şərtlərini pozaraq çoxmənzilli binada yaşayan şəxslərin həyatını təhlükəyə ataraq rəhbərliyin tapşırığı əsasında işgüzar adətlərə sığışmayan şəkildə ərazini tərk etmiş və liftlər nəzarətsiz qalmışdır. Bundan sonra isə heç bir göstərdiyi xidməti müqavilə üzrə qəbul edilmiş protokol əsasında təhvil verməyən iddiaçı iyun və iyul ayları üzrə xidmət haqqını tələb etmişdir. Cavabdeh ilə 22 iyul tarixindən yeni xüsusi lisenziyalı "xxxx" MMC ilə müqavilə bağlanılmış və liftlərə qulluq olunmağa başlanılmış və şirkətin məsul əməkdaşları çoxmənzilli binada fəaliyyətə başladığı andan liftlərdə qüsur aktı hazırlayıb təqdim etmişdir. Qüsur aktlarında iddiaçının öhdəliklərini icra etmədiyi və çoxmənzilli binanın sakinlərinin ümumi əmlakına (liftlərə) ziyan vurduğu məlum olmuşdur. 5.2. Əlavə olaraq, iddiaçı tərəfdən sənədlər tam əlavə olunmamış, hər bir ayın sonunda işin təhvil alınması ilə bağlı akt tərtib olunmuşdur. İddiaçının təqdim etdiyi sübutda iyun ayının 27-də liftlərə göstərilmiş xidmətlə bağlı tərtib edilmiş akta görə may ayının ödənişləri edilmişdir. İddiaçı bundan sonra dolayı yolla çoxmənzilli binanın liftlərinə xidmət göstərməmiş, keçmiş aylarda ödənilmiş xidmət haqqını tam yerinə yetirməmiş və sonda insanların həyatı təhlükədə qoyaraq heç bir qanuna və işgüzar adətə sığışmayan şəkildə xidməti dayandırmışdır. Bu barədə əvvəlcədən xəbərdarlıq (müqavilənin 11.3-cü maddəsi) olunması göstərilsə də, iddiaçı bu bəndin tələblərini pozmuşdur. Bundan əlavə olaraq müqavilədə (xidmət müqaviləsinin 4.2-ci maddəsi) iddiaçının müqaviləyə xitam vermək hüququ tanınmamışdır. İddiaçı tərəfindən hər ay hesab/“invoice” və ona qoşulan sənədlər - hansı sayda liftlərə texniki xidmət və məbləği, lift texniki baxış (aylıq) forması, liftlərə texniki xidmət göstərildiyi haqqında akt (aktda liftin zavod nömrələri və sayı göstərilməklə) təqdim edilib təsdiqləndikdən sonra ödəniş edilmişdir. Sonuncu ödənişlərin edilməməsinin səbəbi xidmətin göstərilməməsi və yaranmış texniki nasazlıqlardır. xx.xx.2024-cü il tarixdə bağlanılmış müqavilə üzrə razılaşdırılmış protokola əsasən qarşılıqlı imzalama yolu ilə xx.xx.2024-cü il tarixinədək ödənişlər edilmişdir. Görülməmiş iş və müqavilə ilə bağlı öhdəliklərini yerinə yetirməmiş iddiaçının ödəniş tələb etməsi hər bir halda qəbuledilməzdir. Çoxmənzilli binanın idarəedici təşkilatı olaraq cavabdehin binanın ümumi əmlakına xidmət etmək sahə mülkiyyətçilərinin qarşısındakı vəzifəsidir. Lakin xidmət göstərməyən şirkətin pulunun ödənilməsi sahə mülkiyyətçiləri ilə bağlanılmış çoxmənzilli binanın idarəedilməsi müqaviləsinə ziddir.
6. İddiaya etirazda maddi hüquqi əsas kimi Mülki Məcəllənin 399, 404, 436, 442-ci və s. maddələri göstərilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7017/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
8. İddiaçının nümayəndələri X3 və X4 iddianın məzmununa uyğun izahlar verdilər və eyni zamanda bildirdilər ki, 2024-cü ilin 17 iyul tarixinə qədər cavabdehə xidmət göstərilmişdir. Lakin cavabdeh xidmət haqqını vaxtlı-vaxtında ödəmədiyi üçün iddiaçı 17 iyul 2024-cü il tarixində müqaviləyə birtərəfli qaydada xitam verərək xidməti dayandırmışdır.Həmçinin həmin dövrədək xidmət lazımi qaydada, qüsursuz göstərilmişdir.
9. Məhkəmənin suallarına cavab olaraq X3 göstərdi ki, 27 iyun 2024-cü il tarixinə qədər xidmətlərin göstərildiyi aktla təsdiq edilir. Lakin həmin tarixdən sonra cavabdeh xidmətlərin göstərilməsi ilə bağlı aktlara imza etməmişdir. Liftlərə ayda bir dəfə baxış keçirilir, xidmət haqqı yazılır, lakin əməkdaşları ərazidə mütəmadi nəzarəti həyata keçirir. İyul ayı üzrə də liftlərə baxış keçirildiyindən həmin ay üzrə xidmət haqqı tam tələb olunur.
10. Məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, qanuni təmsilçisinə SMS xəbərdarlıq göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə muzdun tutulması tələbi ilə bağlı
12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
14. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli AZP018/2024 nömrəli texniki xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı Bakı şəhərində yerləşən və cavabdehə məxsus 4 ədəd sərnişin lifti və 2 ədəd yük liftinə müqavilə ilə müəyyən edilmiş texniki xidmətləri göstərməyi, cavabdeh isə yerinə yetirilən xidmətlərin haqqını müqavilə ilə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin xidmətlərin təhvil-təslimi və ödənişlərin həyata keçirilməsi ilə bağlı bəndlərində xidmətlərin təvhil verilməsinin hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilmiş təhvil-təslim aktları ilə rəsmiləşdirilməsi, göstərilən xidmətlərin dəyərinin hesab-fakturaya əsasən onun göndərildiyi tarixdən 5 iş günündən gec olmayaraq ödənilməsi razılaşdırılmışdır. Həmin müqaviləyə 15 yanvar 2024-cü il tarixli 01 nömrəli qiymətlərin razılaşdırılması protokoluna görə, 4 ədəd sərnişin lifti üçün 400 manat, 2 ədəd yük lifti üçün 200 manat xidmət haqqı (ƏDV xaric), 20 yanvar 2024-cü il tarixli 02 nömrəli qiymətlərin razılaşdırılması protokoluna görə, 1 ədəd panaroma lifti üçün 100 manat xidmət haqqı (ƏDV xaric) şərtləşdirilmişdir
15. İddiaçı 2024-cü ilin iyun və iyul (tam ayın xidmət haqqı) ayları üçün xx.xx.2024-cü il tarixli AZP018/2024 nömrəli texniki xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərinin – ƏDV daxil olmaqla 1180 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.
16. Cavabdeh iddiaya etiraz edərək, göstərilmiş xidmətlərin dəyərinin ödənildiyini, cavabdehin qanunsuz olaraq xidmətləri dayandırdığını, 22 iyul 2024-cü il tarixdən başqa şəxslə müqavilə bağlandığını bildirir.
17. Məhkəmə kommersiya mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
18. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
21. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli AZP018/2024 nömrəli texniki xidmət müqaviləsi xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
22. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
23. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
24. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
25. Bu mənada məhkəmə göstərir ki, tərəflər arasında dəyəri ödənilən xidmətlərlə bağlı formalaşmış işgüzar münasibət bu yöndə olmuşdur ki, iddiaçı və cavabdehin nümayəndəsi “İsrafilov Ə.” adlı şəxs arasında lift texniki baxış (aylıq) aktı imzalanır, iddiaçı tərəfindən həmin akta uyğun olaraq hesab (invoys) və elektron qaimə-faktura cavabdehə göndərilir, cavabdeh də həmin elektron qaiməyə istinad etməklə göstərilmiş xidmətlərin dəyərini ödəyir.
26. Belə ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə iddiaçı və cavabdehin nümayəndəsi “İsrafilov Ə.” adlı şəxs arasında 6 lifttə xidmətlə bağlı texniki baxış (aylıq) aktı imzalanmış, xx.xx.2024-cü il tarixdə ƏDV daxil olmaqla 708 manat dəyərində xidmətin göstərilməsi ilə bağlı hesab (invoys) tərtib edilmiş, xx.xx.2024-cü il tarixli EBDZ 789643 seriya və nömrəli elektron qaimə cavabdehə göndərilmiş, həmin elektron qaiməyə istinad edilməklə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə xidmətlərin dəyəri ödənilmişdir. Eyni qaydada 2024-cü ilin mart, aprel və may aylarında göstərilmiş xidmətlər üçün xx.xx.2024-cü il tarixli EBEB 508033 seriya və nömrəli, xx.xx.2024-cü il tarixli EBEC 902777 seriya və nömrəli, xx.xx.2024-cü il tarixli MT2406 10186104 seriya və nömrəli elektron qaimələr cavabdehə göndərilmiş, xidmətlərin dəyəri cavabdeh tərəfindən xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərində ödənilmişdir.
27. Mübahisəli 2024-cü ilin iyun ayı üçün də xx.xx.2024-cü il tarixdə iddiaçı və cavabdehin nümayəndəsi “İsrafilov Ə.” adlı şəxs arasında 5 lifttə xx.xx.2024-cü il tarixli MT2407 10440593 seriya və nömrəli elektron qaimə cavabdehə göndərilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin həmin ay üzrə xidmətlərin dəyərinin ödənilməsindən imtinası əsassız olmuşdur.
28. Cavabdehin xidmətlərdə qüsurlar olması ilə bağlı etirazına münasibətdə isə göstərilməlidir ki, iş materiallarında cavabdehin xidmətlərdə qüsur olması ilə bağlı iddiaçıya hər hansı pretenziya irəli sürməsi, xidmətlərin qüsurlarının aradan qaldırılması üçün ağlabatan müddət təyin etməsi və ya belə bir müddət başa çatdıqdan sonra xidmətlərdən imtina etməsi ilə bağlı hər hansı sübut mövcud deyildir. Əksinə, cavabdeh məhz iddiaçının xx.xx.2024-cü il tarixli AZP018/2024 nömrəli müqaviləni birtərəfli qaydada ləğv etdiyini və belə bir ləğvin qanunsuz olduğunu etirazında irəli sürmüşdür.
29. Cavabdehin xx.xx.2024-cü il tarixli AZP018/2024 nömrəli texniki xidmət müqaviləsi üzrə iddiaçının xidmətləri qanunsuz olaraq dayandırması ilə bağlı arqumentlərinə münasibətdə isə məhkəmə qeyd edir ki, qeyd edilənlər yalnız cavabdeh tərəfindən qaldırılacaq dəymiş zərərlə bağlı iddianın əsasını təşkil edə bilərdi. Hazırkı halda isə cavabdeh hər hansı maddi-hüquqi tələb – iddia ilə çıxış etməmişdir. Göstərilmiş xidmətin dəyərinin ödənilməsinə dair iddiada isə həmin arqumentlərin əhəmiyyəti yoxdur.
30. Mübahisəli 2024-cü ilin iyul ayı üçün xidmətlərin göstərilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh etirazında xidmətlərin birtərəfli qaydada dayandırıldığını bildirmiş, lakin həmin dayandırılmanın tarixinin iddiaçının bildirdiyi kimi 17 iyul 2024-cü il olmadığına dair hər hansı mülahizə irəli sürməmişdir. Əksinə, hər iki tərəfin təqdim etdiyi (cavabdeh - "Elektron məhkəmə" informasiya sistemində 15-ci sənəd, iddiaçı - "Elektron məhkəmə" informasiya sistemində 22-ci sənəd) vatsap qrup yazışmalarından görünür ki, iddiaçının səlahiyyətli nümayəndəsi 17 iyul 2024-cü il tarixdə əməkdaşlarına ərazini tərk etmələri və heç bir iş görməmələri barədə göstəriş vermişdir.
31. Lakin iddiaçı 16 gün xidmət göstərdiyini qəbul etsə də, həmin ay üçün xidmət haqqını tam tələb etmiş, xx.xx.2024-cü il tarixli AZP018/2024 nömrəli texniki xidmət müqaviləsinin şərtlərində hazırkı halda xidmət haqqının tam tələb edilməsi ilə bağlı hər hansı razılaşma əks olunmamışdır.
32. Belə olan halda, iddiaçının 2024-cü ilin iyun ayı üçün 500 manat, 2024-cü ilin iyul ayının 16 günü üçün 258,06 (500/31*16) manat olmaqla ümumilikdə ƏDV xaric 758,06 manat, ƏDV daxil olmaqla 894,52 (758,06*118/100) manat məbləğində pulun tutulmasına subyektiv hüququ mövcuddur.
33. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
34. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
35. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
37. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
38. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
39. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi 136,46 manat ƏDV daxil olmaqla 894,52 manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, həmin məbləğ Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Xidmət müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
40. İddia ərizəsində iddiaçı həmçinin 2024-cü ilin iyun ayı üçün göndərilmiş olan elektron qaimə-fakturada qeyd edilən məbləğə hesablanmış 77,5 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.
41. xx.xx.2024-cü il tarixli AZP018/2024 nömrəli texniki xidmət müqaviləsinin 6.3-cü bəndinə əsasən, Sifarişçi tərəfindən ödənişlər qeyd olunan müddət ərzində ödənilmədikdə gecikdirilən hər gün üçün müvafiq ödənilməli olan məbləğin 0,5% həcmində İcraçı tərəfindən cərimə tətbiq olunacaq. 6.4-cü bəndinə əsasən, cərimənin ümumi miqdarı aylıq ödənilməli olan məbləğin 5%-dən çox ola bilməz.
42. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
43. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
44. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
45. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh müqavilə üzrə öhdəliyini icra etmədiyi halda, eyni zamanda xx.xx.2024-cü il tarixli AZP018/2024 nömrəli müqavilə üzrə sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə olsa da, iddiaçı da uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
46. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, müqavilənin cərimə ilə bağlı şərtlərini və iddiaçının yalnız iyun ayı üçün cərimə tələb etməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 25 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
47. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cərimənin tutulması tələbi qismən təmin edilməli, 25 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMCyə ödənilməlidir.
c) Məhkəmə xərcinin tutulması ilə bağlı
48. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,6 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.
49. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 32,6 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
50. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
51. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 yanvar 2024-cü il tarixli texniki xidmət müqaviləsi üzrə 136,46 manat ƏDV məbləği daxil olmaqla 894,52 manat əsas borc, 60 manat cərimə olmaqla ümumilikdə 954,52 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova