Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7029/2024 26.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, öhdəliyin icra edilməməsi, cərmiə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndələri X4 və X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 15 yanvar 2024-cü il tarixli AZP019/2024 saylı texniki xidmət müqaviləsi üzrə Cavabdeh MMC-dən onun xeyrinə 1600 manat (2024 iyun və iyul ayları) əsas borcun və 288 manat ƏDV borcunun, 124 manat cərimə borcunun, o cümlədən 40,20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“İcraçı”) ilə Cavabdeh MMC (“Sifarişçi”) arasında 15 yanvar 2024-cü il tarixli AZP019/2024 saylı texniki xidmət müqaviləsi imzalanmışdır. Müqavilənin 2.1-ci maddəsinin tələblərinə əsasən İcraçı Bakı şəhərində yerləşən və Sifarişçiyə məxsus Cavabdeh MMC-də 4 (dörd) ədəd sərnişin lifti və 2 (iki) ədəd yük lifti və 3 (üç) ədəd Panoramik sərnişin liftinə bu müqavilə ilə müəyyən edilmiş texniki xidmətləri göstərməyi öz üzərinə götürür, Sifarişçi isə yerinə yetirilən xidmətlərin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. Tərəflər arasında imzalanan müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC-yə texniki xidmət göstərilmişdir. İcraçı tərəfindən təqdim edilmiş elektron qaimələr əsasında Sifarişçi qismində Cavabdeh MMC tərəfindən müvafiq ödənişlər aparılmışdır. Tərəflər arasında imzalanmış olan müqaviləyə 1 saylı Əlavəyə əsasən hər bir lifttə texniki xidmət üçün müəyyən edilmiş xidmət haqqı 100 (bir yüz) manat (ƏDV xaric) olaraq müəyyən edilmişdir. Son olaraq İcraçı tərəfindən iyun ayında göstərilən texniki xidmətə görə 05 iyul 2024-cü il tarixində təqdim edilən MT2407 seriyalı 10437749 saylı elektron qaimədə aylıq xidmət haqqı tərəflər arasında imzalanmış təhvil qəbul aktına əsasən 800 (yeddi yüz) manat (ƏDV xaric) olaraq qeyd edilmiş və qaimə fakturaya əsasən Sifarişçi tərəfindən heç bir ödəniş aparılmamışdır. Tərəflər arasında imzalanmış müqavilənin 6.2-6.4-cü maddəsinin şərtlərinə əsasən icraçı tərəfindən yerinə yetirilən işlərin haqqı onun tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən hər 1 (bir) ay üçün hesab fakturanın göndərildiyi gündən etibarən 5 (beş) iş günündən gec olmamaq şərtilə Sifarişçi tərəfindən ödəniləcəkdir. Sifarişçi tərəfindən ödənişlər qeyd olunan müddət ərzində ödənilmədikdə gecikdirilən hər gün üçün müvafiq ödənilməli olan məbləğin 0,5%-i həcmində İcraçı tərəfindən cərimə tətbiq olunacaqdır. Tərəflər arasında imzalanmış olan müqavilənin şərtlərinə əsasən İcraçı tərəfindən Sifarişçi qismində çıxış edən Cavabdeh MMC-nə xidmətlər müqavilə şərtlərinə uyğun olaraq göstərilmiş, xidmətlərin göstərilməsində heç bir gecikmə və ya ləngimə olmamışdır. Ancaq buna baxmayaraq Cavabdeh MMC tərəfindən müqavilə üzrə razılaşdırılmış olan xidmət haqqı müqavilə imzalandığı tarixdən müqaviləyə xitam verilən 17 iyul 2024-cü il tarixinə qədər bir dəfə də olsun vaxtlı-vaxtında ödənilməmişdir. Məhz Sifarişçinin müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi səbəbindən İddiaçı MMC tərəfindən 15 yanvar 2024-cü il tarixli AZP019/2024 saylı texniki xidmət müqaviləsinə 17 iyul 2024-cü il tarixində xitam verilmişdir. İcraçı tərəfindən göndərilmiş olan qaimə fakturaya əsasən ödəniş həyata keçirilmədiyi üçün qeyd olunan məbləğə cərimənin hesablanması üçün hüquqi əsaslar mövcuddur. Belə ki, 2024-cü ilin iyun ayı üçün göndərilmiş olan elektron qaimə fakturada qeyd edilən məbləğə günlük cərimə məbləği hesablandıqda cərimənin məbləği 124 manat təşkil edir. Bunu tərəflər arasında imzalanmış olan müqavilənin 6.2-ci maddəsinin tələblərindən də görmək mümkündür. Belə ki, cərimə məbləği qaimə fakturanın göndərildiyi tarixdən etibarən 5 iş günü keçdikdən sonra hesablanmışdır. Hər bir ay üzrə ay sonunda tərəflər arasında işlərin görülməsinə və xidmətlərin göstərilməsinə dair təhvilqəbul aktı imzalanmışdır. Hal hazırda iddia tələbinin 2024-cü ilin iyun ayı üçün olan hissəsinə dair də tərəflər arasında təhvil-qəbul aktı imzalanmışdır. Bundan başqa 01 iyul 2024-cü il tarixindən 17 iyul 2024-cü il tarixinə qədər müqavilə əsasında qeyd edilən liftlərə texniki xidmətlər göstərilmişdir. Sifarişçi tərəfindən müqavilə öhdəlikləri dəfələrcə pozulduğu və İcraçı ilə texniki xidmət müqaviləsi olduğu halda başqa bir hüquqi şəxsin işə cəlb edilməsi məsələsi iddiaçı tərəfindən müəyyən olunduğu üçün İcraçı tərəfindən 17 iyul 2024-cü il tarixində tərəflər arasında imzalanmış texniki xidmət müqaviləsinə xitam verilmişdir. İyul ayı əzində də liftlərə texniki xidmət göstərildiyi üçün həmin ayla bağlı xidmətlərin dair təhvil-qəbuluna dair aktları Sifarişçiyə göndərdiyimiz halda aktlar Cavabdeh MMC tərəfindən imzalanmadan geri qaytarılmışdır. 17 gün ərzində göstərilmiş xidmətlərin ümumi dəyəri toplam 800 (səkkiz yüz) manat (ƏDV xaric) təşkil edir. 2024-cü il iyun və iyul ayı üçün müyyən edilmiş xidmət haqqının, o cümlədən iyun ayı üçün ödənilməyən xidmət haqqına hesablanmış cərimə məbləğinin ödənilməməsi Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliklərinin kobud şəkildə pozulmasına dəlalət edir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 443, 445, 462.1, 442, 445, 462.1-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, müqavilənin 2.2-ci bəndində qeyd edilmişdir ki, icraçı işi təhvil verdikdən və tərəflər arasında razılaşma protokolunu imzalandıqdan sonra pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin İddiaçı MMC müqavilə bağlandığı andan iyun ayınadək öz öhdəliklərini icra etməmiş və nəticədə liftlərə düzgün qulluq olunmadığı məlum olmuşdur. İddiaçıdan tələb edildikdə isə son olaraq vəziyyətin yaxşı olacağına vədlər versədə heç bir irəliləyiş etməmiş, müqavilənin şərtlərini pozaraq çoxmənzilli binada yaşayan şəxslərin həyatını təhlükəyə ataraq rəhbərliyin tapşırığı əsasında işgüzar adətlərə sığışmayan şəkildə ərazini tərk etmişlər və liftlər nəzarətsiz qalmışdır. Bundan sonra isə heç biri göstərdiyi xidməti müqavilə üzrə qəbul edilmiş protokol əsasında təhvil verməyən İddiaçı MMC iyun və iyul ayları üzrə xidmət haqqını tələb etmişdir. 22 iyul 2024-cü il tarixindən yeni xüsusi lisenziyalı "xxxx" MMC ilə müqavilə bağlanılmış və liftlərə qulluq olunmağa başlanılmış və şirkətin məsul əməkdaşları çoxmənzilli binada fəaliyyətə başladığı andan liftlərdə qüsur aktı hazırlayıb bizə təqdim etmişdir. Qüsur aktlarında İddiaçı MMC-nin öhdəliklərini icra etmədiyi və çoxmənzilli binanın sakinlərinin ümumi əmlakına (liftlərə) ziyan vurduğu məlum olmuşdur. İddiaçı tərəfdən sənədlər tam əlavə olunmamış hər bir ayın sonunda işin təhvil alınması ilə bağlı akt tərtib olunmuşdur. İddiaçı MMC-nin təqdim etdiyi sübutda iyun ayının 21,24 və 25-də liftlərə göstərilmiş xidmətlə bağlı tərtib edilmiş akta görə may ayının ödənişləri edilmişdir. İddiaçı bundan sonra dolayı yolla çoxmənzilli binanın liftlərinə xidmət göstərməmiş, keçmiş aylarda ödənilmiş xidmət haqqı tam yerinə yetirməmiş və sonda insanların həyatı təhlükədə qoyaraq heç bir qanuna və işgüzar adətə sığışmayan şəkildə xidməti dayandırmışdır. Bu barədə əvvəlcədən xəbərdarlıq olunması göstərilsədə iddiaçı bu bəndin tələblərini pozmuşdur. Bundan əlavə olaraq müqavilədə İddiaçı MMC-nin müqaviləyə xitam vermək hüququ tanınmamışdır. İcraçı tərəfindən hər ay hesab/invoice və ona qoşulan sənədlər - hansı sayda liftlərə texniki xidmət və məbləği, lift texniki baxış (aylıq) forması, liftlərə texniki xidmət göstərildiyi haqqında akt (aktda liftin zavod nömrələri və sayı göstərilməklə) təqdim edilib təsdiqləndikdən sonra ödəniş edilmişdir. Sonuncu ödənişlərin edilməməsi səbəbi xidmətin göstərilməməsi və yaranmış texniki nasazlıqlardır. xx.xx.2024-cü il tarixdə bağlanılmış müqavilə üzrə bütün öhdəlikləri müqaviləyə və razılaşdırılmış protokola əsasən qarşılıqlı imzalama yolu ilə xx.xx.2024-cü il tarixinədək ödənişlər edilmişdir. Görülməmiş iş və müqavilə ilə bağlı öhdəliklərini yerinə yetirməmiş iddiaçının ödəniş tələb etməsi heç bir halda qəbul edilməzdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MMCnin Cavabdeh MMC-yə qarşı "pul” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsində göstərilənləri təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, 2024-cü ilin yanvar ayının 15-də müqavilə bağlanıldıqdan sonra xidmətlər göstərilməyə başlanılmışdır. Xidmətlər göstərilən zaman rəsmi və ya qeyri rəsmi formada heç bir zaman xidmətlərin qüsurlu olması barədə onlara məlumat verilməmişdir. Cavabdeh şirkətin rəhbərliyində dəyişiklik olduğu dövrə kimi hər şey qaydasında davam etmiş, heç bir narazılıq olmamışdır. Rəhbərlik dəyişildikdə onu dəvət etmiş, bildirmişlər ki, onların servisi haqqında maraqlanıblar və göstərdikləri xidmətdən çox razıdılar. Bununla əlaqədar olaraq ondan göstərdikləri xidmətə görə qiymətlərdə endirim etməyini xahiş etmişlər. O, isə bildirmişdir ki, 3 təsisçidən biri odur və bu barədə digər təsisçilərlə də məsləhətləşib geri dönüş edəcəkdir. Daha sonra onlar müəyyən şərtlər altında qiymət endirimində razılığa gəldilər. Bir müddətdən sonra yenidən onlarla əlaqə saxlayaraq 4-6 ay ərzində yalnız işçilərin əmək haqqları və amortizasiya xərcləri daxil olmaqla ***-**** manat məbləğ arasında xidmət göstərməklərini və bunun da qarşılığında onlara təminat məktubu veriləcəkdi ki, liftlər düzəldikdən sonra onların xidmətləri 3-5 il ərzində bu şəkildə davam edəcəkdir. Onar bu təklifi öz aralarında müzakirə etdikdən sonra qəbul etməmişlər. Bundan sonra onlara başqa bir söz deyilməmiş, sadəcə bildirilmişdir ki, bu xidmətlərin göstərilməsi üçün başqa bir şirkət axtaracaqlar və etirazlarının olub-olmadığını soruşdular, onlar da etiraz etmədiklərini bildirmişlər. Aprel ayının sonu may ayının əvvəllərində cavabdeh tərəf 5 nəfər heyətlə onların ofisinə gəlmiş və ödənişlər barədə danışıqlar aparılmış, 5 nəfər heyətin içərisində direktor Elxan müəllim də olmuşdur. Cavabdeh tərəf gecikmələrin olmasını aylıq 100 manat ödəniş edə bilməmələri ilə əsaslandırmış, Elxan müəllim işi təhvil alarkən tərtib edilən qüsur aktlarını tələb etmiş, o, bütün liftlər üzrə tərtib edilmiş qüsur aktlarını təqdim etmişdir. Bir müddət sonra yenidən gecikmələr oldu və bununla əlaqədar olaraq bir daha iclas təşkil olunmuşdur. Qarşı tərəf xidmətin qeyri-peşekar olduğunu və bu səbəbdən xidmətdən narazı olduqlarını bildirmiş və ödənişin olunmamasını bununla əsaslandırmışdır. O, qarşı tərəfə qüsurların nədən ibarət olduğunu, bununla bağlı məlumat verilməli olduğunu və müəyyən müddət ərzində aradan qaldıra biləcəkləri məsələ olarsa aradan qaldıracaqlarını cavabdehin diqqətinə çatdırmışdır. İclasda iştirak edən şəxslər bildirmişlər ki, rəhbərlik ödənişlərin ödənilməməsi barədə təlimat vermişdir. Lakin, artıq həmin vaxt onlar tərəfindən xidmət göstərilmiş, qaimələr vurulmuş, aktlar imzalanmışdı. O, Elxan müəllimlə görüşmək istədikdə heç cür alınmamışdır. Onlar 2024-cü ilin yanvar ayının 15-dən iyul ayının 17-sinə kimi orada xidmət göstərmişlər. İlk 5 ay ödənişlər davamlı olaraq edilmiş, iyun ayından sonra ödənişlər dayandırılmış, iyul ayında isə tam olaraq 1 aylıq müddət başa çatmadığı üçün akt tərtib edilməmişdir. Çünki ay tamam olmalı idi ki, aktlar tərtib edilsin. İyun ayında ödənişlər olunmamışdır. İyul ayının 17 günlük aktın tərtib etsələr də, qarşı tərəf imzalamamışdır. Aylıq xidmət haqqı ödənişi 900 manat nəzərdə tutulsa da, onlar xidmətlərə görə 800 manat nəzərdə tutaraq 2 aylıq ödənişlərin olunmasını qarşı tərəfdən tələb edirlər. Çünki liftlərin biri azaldığı üçün onlar həmin liftə görə ödəniş götürməmişlər. Cavabdeh tərəfin etirazı ilə bağlı o, bildirmişdir ki, cavabdeh tərəf etirazında müqavilə bağlandığı andan iyun ayınadək onların öhdəliklərini icra etmədiklərini, işə qeyri-peşekar yanaşdıqlarını və nəticədə liftlərə düzgün qulluq olunmadığını, həmçinin vəziyyətin yaxşı olacağı barədə vədlər verdikləri halda heç bir irəliləyiş olmadığını əsas gətirərək borcu ödəmədiklərini bildirmişdir. Onlar oranı tərk etdikdən sonra gələn şirkət 8 liftdən yalnız birində qüsur aşkarlayaraq qüsur aktı tərtib etmişdir. Cavabdeh onların öhdəliklərini icra etmədiklərini iddia etdiyi halda sadəcə 1 lift üzrə qüsur aşkar olunmuşdur. Qeyd edilən qüsur aktı da ümumi təmizliklə əlaqədar tərtib edilib və həmin akt onların iştirakı olmadan tərtib edilərək birtərəfli şəkildə imzalanmışdır. Bu isə hər bir halda həmin aktın obyektivliyini şübhə altına alır. Həmçinin qüsur aktında şaxta qapılarının nasaz vəziyyətdə olduğu qeyd edilib. Şaxta qapıları saz vəziyyətdə olmadığı təqdirdə lift işləyə bilməz. Şaxta qapılarının nasaz olması onun təhlükəsizliyinə dəlalət etmir, sadəcə sazlığı komfortluq baxımından əhəmiyyət kəsb edir. Onlar müqavilə üzrə öhdəliklərini yerinı yetirmişlər və yalnız 1 lift üzrə qüsur olmuşdur. İyul ayında 17 gün işləməklərinə rəğmən bütöv xidmətin haqqını da tələb edirlər. Bu barədə müqavilədə qeyd edilməsə də, şifahi danışıqlara əsasən bu cür razılaşmışlar. Belə ki, əgər hər hansı bir liftə 15 gün və daha çox xidmət göstərilərsə akt tərtib edilərək ödəniş olunmalı, 15 gündən az xidmət göstərilsə ödəniş alınmamalı idi. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 15 yanvar 2024-cü il tarixli AZP019/2024 saylı texniki xidmət müqaviləsi imzalanmış, onlar müqavilə üzrə öhdəliklərini yerinə yetirmişlər. 01 iyul 2024-cü il tarixindən 17 iyul 2024-cü il tarixinə qədər müqavilə əsasında qeyd edilən liftlərə texniki xidmətlər göstərilmişdir. Sifarişçi tərəfindən müqavilə öhdəlikləri dəfələrcə pozulduğu və İcraçı ilə texniki xidmət müqaviləsi olduğu halda başqa bir hüquqi şəxsin işə cəlb edilməsi məsələsi iddiaçı tərəfindən müəyyən olunduğu üçün İcraçı tərəfindən 17 iyul 2024-cü il tarixində tərəflər arasında imzalanmış texniki xidmət müqaviləsinə xitam verilmişdir. İyul ayı əzində də liftlərə texniki xidmət göstərildiyi üçün həmin ayla bağlı xidmətlərin dair təhvil-qəbuluna dair aktları Sifarişçiyə göndərdikləri halda aktlar Cavabdeh MMC tərəfindən imzalanmadan geri qaytarılmışdır. 17 gün ərzində göstərilmiş xidmətlərin ümumi dəyəri toplam 800 manat (ƏDV xaric) təşkil edir. 2024-cü il iyun və iyul ayı üçün müyyən edilmiş xidmət haqqının, o cümlədən iyun ayı üçün ödənilməyən xidmət haqqına hesablanmış cərimə məbləğinin ödənilməməsi Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliklərinin kobud şəkildə pozulmasına dəlalət edir. Onlar 17 iyul 2024-cü il tarixində saat 12:00-da oranı tərk etmişlər, bunu qarşı tərəf də öz yazışmaları ilə sübut etmişdir. Onlar müqaviləni 15 yanvar 2024-cü il tarixdə bağlasalar da cavabdeh tərəf ödənişləri hər ayın 1-i etmişdir. İlk 15 günlüyü isə yarım ay kimi ödəmişdir. İyun ayında onların təhvil-təslimi olub, cavabdeh tərəfin özlərinin lift bələdçisi var və həmin şəxsin əsas vəzifəsi onların işini yoxlamaq idi, onlardan işi təhvil-təslim alan şəxs də o, idi. Həmin şəxs iyun ayının aktına işlərini yoxlayaraq imza çəkmişdir. Onlar gördükləri işlər foto-şəkillər, videolar çəkilərək “whatsapp” qrupuna atılmışdır. Liftlərin ən çox istifadə olunduğu bina bu bina idi. İyul ayı üçün e-qaimə vermişlər, lakin tərəf qəbul etməyib geri qaytarmışdır. İyul ayının 17-nə kimi cəmi 17 gün ərzində 8 lift işləyib və 8 lift üzrə xidmət göstərilmişdir. Bununla bağlı akt tərtib edilmiş, lakin bu aktı tərəf qəbul etməmişdir. Belə ki, iyul ayı əzində də liftlərə texniki xidmət göstərildiyi üçün həmin ayla bağlı xidmətlərə dair təhvil-qəbuluna dair aktları sifarişçiyə göndərdikləri halda aktlar Cavabdeh MMC tərəfindən imzalanmadan geri qaytarılmışdır. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiaçının nümayəndələri X4 iddianı müdafiə edərək, digər nümayəndə X2 izahatındakı xüsusatları təsdiq edib əlavələri olmadığını bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış 15 yanvar 2024-cü il tarixli AZP019/2024 nömrəli texniki xidmət müqaviləsindən görünür ki, icraçı Bakı şəhərində yerləşən və sifarişçiyə məxsus, Cavabdeh MMC-də 4 ədəd Sərnişin lifti, 2 ədəd Yük lifti və 3 ədəd Panoramik Sərnişin lifti bu müqavilə ilə müəyyən edilmiş texniki xidmətləri göstərməyi öz üzərinə götürür, sifarişçi isə yerinə yetirilən xidmətlərin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. Müqavilənin 2.2-ci bəndinə əsasən xidmətlərin tam təfsilatı, təsviri, qiyməti və icra müddəti hər yeni sifarişdən qabaq Tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələr - Razılaşma Protokolları ilə müəyyən olunur. 2.5 və 2.6-cı bəndlərinə əsasən xidmətin sifarişçiyə təhvil verilməsi tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı, tərəflərin hər birində 1 (bir) nüsxə saxlanılmaqla icraçi tərəfindən 2 (iki) nüsxədə tərtib edilən təhvil-təslim aktı vasitəsilə rəsmiləşdirilir. İcraçı xidməti sifarişçiyə təhvil verdiyi gün təhvil-təslim aktını və onun əsasında elektron qaimə fakturanı da sifarişçiyə təqdim etməlidir. Müqavilənin 5.1.4-cü bəndinə əsasən xidmət haqqını müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə ödəmək sifarişçinin öhdəliyidir. 6-cı maddəsinə əsasən bu müqaviləyə əsasən ayda 1 (bir) dəfə olmaqla yerinə yetirilən işlərin 1 aylıq dəyəri 4 (dörd) ədəd Sərnişin lifti, 2 (iki) ədəd Yük lifti və 3 (üç) ədəd Panoramik Sərnişin lifti üçün 900 manat + X8 təşkil edir. İcraçı tərəfindən yerinə yetirilən işlərin haqqı onun tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən hər 1 (bir) ay üçün hesab fakturanın göndərildiyi gündən etibarən 5 (beş) iş günündən gec olmamaq şərti ilə sifarişçi tərəfindən ödəniləcəkdir. Sifarişçi tərəfindən ödənişlər qeyd olunan müddət ərzində ödənilmədikdə gecikdirilən hər gün üçün müvafiq ödənilməli olan məbləğin 0.5% həcmində icraçı tərəfindən cərimə tətbiq olunacaq. Cərimənin ümumi miqdarı aylıq ödənilməli olan məbləğin 5%-dən çox ola bilməz. Müqavilə imzalandığı andan qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədədir. xx.xx.2024-cü il tarixli AZP019/2024 nömrəli texniki xidmət müqaviləsinə əsasən tərtib olunmuş X1 görünür ki, icraçı tərəfindən sifarişçiyə 1062 manat (162 manat ƏDv olmaqla) məbləğində xidmətlər (ədədi 100 manat olan 4 ədəd sərnişin lifti, ədədi 100 manat olmaqla 2 ədəd yük lifti, ədədi 100 manat olmaqla 3 ədəd panoramik sərnişin lifti) göstərilməsi müəyyənləşdirmişlər. MT2407 seriyalı, 10437749 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 944 manat (144 manat ƏDV olmaqla) məbləğində xidmətlərin təqdim edilməsi barədə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. MT2410 seriyalı, 11351135 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 944 manat (144 manat ƏDV olmaqla) məbləğində xidmətlərin təqdim edilməsi barədə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli AG/İ-24-006 nömrəli hesab-faktura (invoice) əsasən müəyyən edilir ki, həmin invoys əsasında liftlərlə bağlı xidmətlərinin ümumi dəyəri (2024-cü il iyun ayı üçün) ƏDV daxil 944 manat təşkil edir. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli AG/İ-24-007 nömrəli hesab-faktura (invoice) əsasən müəyyən edilir ki, həmin invoys əsasında liftlərlə bağlı xidmətlərinin ümumi dəyəri (2024-cü il iyul ayı üçün) ƏDV daxil 944 manat təşkil edir. xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli Lift texniki baxış aylıq formasından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən X7 Bina 8, X9 Bina 8 və X10 8 üzrə liftlərə texniki baxış keçirilmişdir (maşın otağı yoxlanışı, quyu iş və çöl yoxanışı, kabin əyləci). Forma İddiaçı MMC tərəfindən R.Erzixanov və sifarişçi tərəfindən Ə.İsrafilovun imzası ilə təsdiq edilmişdir. 2024-cü ilin iyul ayı üzrə 3 ədəd Lift texniki baxış aylıq formasından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən X7 Bina 8, X9 Bina 8 və X10 8 üzrə liftlərə texniki baxış keçirilmişdir (maşın otağı yoxlanışı, quyu iş və çöl yoxanışı, kabin əyləci). Forma İddiaçı MMC tərəfindən R.Erzixanovun imzası ilə təsdiq edilmişdir. xx.xx.2024 və xx.xx.2024-cü il tarixli watsapp yazışmalarından görünür ki, xx.xx.2024-cü il tarixdə sonuncu dəfə liftərin yoxlanılması və növbənin dəyişməsi ilə bağlı məlumat verilmiş xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndələrinin cavabdehə məxsus ərazini tərk etmələri ilə bağlı göstəriş verilmişdir. xx.xx.2024-cü il tarixli 000İPX124163444C5 saylı, 16,04.2024-cü il tarixli, 000İPX12410762C3 saylı, xx.xx.2024-cü il tarixli, 000İPX1241415D3E saylı, xx.xx.2024cü il tarixli, 000İPX124072325A saylı ödəniş tapşırıqlarına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 2800 manat (hər ödəniş tapşırığı üzrə 700 manat olmaqla) məbləğində ödəniş olunmuşdur. Ödənişlərin təyinatı və əsası kimi EBDZ 789832 nömrəli, EBEC 881053 saylı, EBEB 507039 saylı, MT 2406 10183522 saylı elektron qaimələrə istinad edilmişdir. 2024-cü ilin fevral, mart, aprel, may ayları üçün tərtib edilmiş Lift texniki baxış aylıq formasından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə məxsus liftlərə texniki baxış keçirilmiş, forma İddiaçı MMC tərəfindən R.Erzixanov və sifarişçi tərəfindən Ə. İsrafilovun imzası ilə təsdiq edilmişdir. 26 avqust 2024-cü il tarixli ********** saylı mədaxil İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 40,20 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 773-ci maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmət müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Hazırda iddiaçı həmin müqavilə üzrə cavabdehə liftlərə texniki xidmətlər göstərməklə müqavilə üzrə öhdəliklərini lazimi qaydada icra etdiklərini, cavabdehin isə göstərilmiş xidmətlərə görə xidmət haqqını ödəməməklə sözügedən müqavilə üzrə öhdəliklərini pozduğunu əsas göstərərək 15 yanvar 2024-cü il tarixli AZP019/2024 nömrəli müqavilə üzrə göstərilmiş xidmətlərə görə ƏDV daxil 1888 manat məbləğində xidmət haqqının və ödənişlərin gecikdirilməsinə görə dəbbə pulunun tutulmasını tələb edir. Cavabdeh isə mübahisəli müqavilə üzrə göstərilmiş xidmətlərin keyfiyyətsiz olduğunu əsas göstərərək iddianın rədd edilməsini xahiş edir. İddia tələbinin sözügedən müqavilə üzrə iyun ayı üçün ƏDV daxil 944 manat məbləğində xidmət haqqının ödənilməsi hissəsinə münasibətdə məhkəmə təqdim edilmiş sübutları məcmu şəklində qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən elektron qaimələr, hesab-fakturalar və liftələrə texniki baxış fomralarından başqa xidmətlərin göstərilməsi faktını təsdiq edən təhvil-təslim aktları məhkəməyə təqdim edilməsə də, məhkəmə mübahisəli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə əvvəllər də xidmət göstərilməsi, həmin xidmətlərlə bağlı təhvil-təslim aktları tərtib edilmədən iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilməsi və həmin qaimələr üzrə cavabdeh tərəfindən ödənişlər edilməsi, tərəflər arasında xidmətlərin göstərilməsinin elektron qaimələr göndərilməklə rəsmiləşdirilməsinə dair işgüzar adətin formalaşmasına dəlalət edir. Həmin müqavilə üzrə göstərilmiş xidmətlərin keyfiyyətsiz olması və göstərilən səbəbdən xidmətə görə xidmət haqqını ödəməkdən imtina etməsi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh müqavilə üzrə 2024-cü ilin 6 ayı üzrə göstərilmiş xidmətlərin keyfiyyətsiz olması barədə həmin dövrdə iddiaçıya hər hansı bir formada irad bildirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh mübahisəli xidmətlərin göstərilməsi barədə lift texniki baxış aylıq formalarına imza atmaqla ilkin olaraq göstərilmiş xidmətlərin keyfiyyətində narazılığının olmamasını ifadə etmişdir. Lift texniki baxış aylıq formasını Cavabdeh MMC-nin adından təsdiq edən Ə.İsrafilovun səlahiyyəti olmadan formaları imzalaması ilə bağlı cavabdehin bildirdiyinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə əvvəllər də xidmət göstərilmiş və bununla bağlı tərtib edilən liftlərə texniki baxış formalarını sifarişçi Cavabdeh MMC-nin adından nümayəndəsi kimi Ə.İsrafilov imzası ilə təsdiq etmişdir. Belə olan halda, iddiaçı iyun ayı üçün cavabdehdən ƏDV daxil 944 manat məbləğində xidmət haqqı tələb etməkdə haqlıdır. İş materiallarından eyni zamanda müəyyən edilir ki, iddiaçı mübahisəli müqavilə üzrə iyul ayının 15-nə qədər xidmət göstərilməsinə baxmayaraq tərəflər arasında olan şifahi razılaşmaya istinad edərək həmin ay üzrə xidmət haqqının tam şəkildə ödənilməli olduğunu iddia edir. Cavabdeh isə iddia tələbinə etiraz edərək, iyul ayında iddiaçının işçilərinin xidmət göstərdikləri ərazini tərk etdiklərindən həmin hissədə də iddia tələbinin rədd edilməli olduğunu qeyd edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh məhkəmənin hazırlıq iclasında iddiaçının əməkdaşlarının iyul ayında ərazini tərk etmələrinə istinad edərək iddiaçının faktiki xx.xx.2024-cü ilədək liftlərə texniki xidmət göstərməsini dolayısı ilə etiraf etmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş “whatsapp” yazışmalarından görünür ki, 17 iyul 2024-cü il tarixdə iddiaçının nümayəndələri cavabdehə məxsus ərazini tərk etmişdir. İddiaçının hər təqvim ayının yarısını keçdikdən sonra ödənişin tam şəkildə icra edilməli olması ilə bağlı tələbinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən şərt müqavilədən və tərəflər arasında formalaşmış işgüzar münasibətlərdən irəli gəlmədiyindən iddiaçı iyul ayının yalnız 15-nə qədər olan hissəsi üçün aylıq xidmət haqqının yarısını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, texniki xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən iyun ayı və iyul ayının yarısı üzrə liftlərə texniki xidmət göstərilməsinə baxmayaraq cavabdeh tərəfindən müvafiq ödəniş edilmədiyindən iddiaçının ƏDV daxil müvafiq olaraq 944 manat və 472 manat olmaqla, cəmi 1416 manat məbləğində borcun tutulması tələbinə dair hissədə iddiası əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 124 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 70 manat müəyyən olunmalıdır. Bundan başqa məhkəmə iddianın qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 40,20 manat dövlət rüsumunun 35 manat məbləğində hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 1416 (bir min dörd yüz on altı) manat məbləğində əsas, 70 (yetmiş) manat məbləğində cərimə borcu və ödənilmiş dövlət rüsumunun 35 (otuz beş) manatnın əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-7029/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7029/2024
26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver