Məhkəmə qərarları › İş №e-2-2(113)-7040/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7040/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7040/2024 28.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X2, İddiaçının qanuni nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 yanvar 2024-cü il tarixli AZP021/2024 saylı texniki xidmət müqaviləsi üzrə 1.000 (bir min) manat (2024 iyun və iyul ayları) əsas borcun və 180 (bir yüz səksən) manat ƏDV borcunun, 77,50 (yetmiş yeddi manat 50 qəpik) manat cərimə borcunun, o cümlədən 32,60 (otuz iki manat 60 qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 15 yanvar 2024-cü il tarixli AZP021/2024 saylı texniki xidmət müqaviləsi (bundan sonra “müqavilə” adlandırılacaq) imzalanmışdır. Müqavilənin 2.1-ci maddəsinin tələblərinə əsasən icraçı Bakı şəhərində yerləşən və sifarişçiyə məxsus Cavabdeh MMC-də 4 (dörd) ədəd sərnişin lifti və 2 (iki) ədəd yük liftinə bu müqavilə ilə müəyyən edilmiş texniki xidmətləri göstərməyi öz üzərinə götürür, sifarişçi isə yerinə yetirilən xidmətlərin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. Bildirilir ki, tərəflər arasında imzalanan müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC-yə (sifarişçi qismində) texniki xidmət göstərilmişdir. İcraçı tərəfindən təqdim edilmiş elektron qaimələr əsasında sifarişçi qismində Cavabdeh MMC tərəfindən müvafiq ödənişlər aparılmışdır. Tərəflər arasında imzalanmış olan müqaviləyə 1 saylı Əlavəyə əsasən hər bir liftdə texniki xidmət üçün müəyyən edilmiş xidmət haqqı 100 (bir yüz) manat (ƏDV xaric) olaraq müəyyən edilmişdir. Bildirilir ki, son olaraq icraçı tərəfindən iyun ayında göstərilən texniki xidmətə görə 05 iyul 2024-cü il tarixində təqdim edilən MT2407 seriyalı 10441210 saylı elektron qaimədə aylıq xidmət haqqı tərəflər arasında imzalanmış təhvil-qəbul aktına əsasən 500 (beş yüz) manat (ƏDV xaric) olaraq qeyd edilmiş və qaimə fakturaya əsasən sifarişçi tərəfindən heç bir ödəniş aparılmamışdır. Tərəflər arasında imzalanmış müqavilənin 6.2 - 6.4-cü maddəsinin şərtlərinə əsasən icraçı tərəfindən yerinə yetirilən işlərin haqqı onun tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən hər 1 (bir) ay üçün hesab fakturanın göndərildiyi gündən etibarən 5 (beş) iş günündən gec olmamaq şərtilə Sifarişçi tərəfindən ödəniləcəkdir. Sifarişçi tərəfindən ödənişlər qeyd olunan müddət ərzində ödənilmədikdə gecikdirilən hər gün üçün müvafiq ödənilməli olan məbləğin 0,5%-i həcmində icraçı tərəfindən cərimə tətbiq olunacaqdır. Bildirilir ki, tərəflər arasında imzalanmış olan müqavilənin şərtlərinə əsasən icraçı tərəfindən sifarişçi qismində çıxış edən Cavabdeh MMC-yə xidmətlər müqavilə şərtlərinə uyğun olaraq göstərilmiş, xidmətlərin göstərilməsində heç bir gecikmə və ya ləngimə olmamışdır. Ancaq buna baxmayaraq Cavabdeh MMC tərəfindən müqavilə üzrə razılaşdırılmış olan xidmət haqqı müqavilə imzalandığı tarixdən müqaviləyə xitam verilən 17 iyul 2024-cü il tarixinə qədər bir dəfə də olsun vaxtlı-vaxtında ödənilməmişdir. Məhz sifarişçinin müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi səbəbindən İddiaçı MMC tərəfindən 15 yanvar 2024-cü il tarixli AZP021/2024 saylı texniki xidmət müqaviləsinə 17 iyul 2024-cü il tarixində xitam verilmişdir. Bildirilir ki, icraçı tərəfindən göndərilmiş olan qaimə fakturaya əsasən ödəniş həyata keçirilmədiyi üçün qeyd olunan məbləğə cərimənin hesablanması üçün hüquqi əsaslar mövcuddur. Belə ki, 2024-cü ilin iyun ayı üçün göndərilmiş olan elektron qaimə fakturada qeyd edilən məbləğə günlük cərimə məbləği hesablandıqda cərimənin məbləği 77,50 (yetmiş yeddi manat 50 qəpik) manat təşkil edir. Bunu tərəflər arasında imzalanmış olan müqavilənin 6.2-ci maddəsinin tələblərindən də görmək mümkündür. Belə ki, cərimə məbləği qaimə fakturanın göndərildiyi tarixdən etibarən 5 iş günü keçdikdən sonra hesablanmışdır. Hər bir ay üzrə ay sonunda tərəflər arasında işlərin görülməsinə və xidmətlərin göstərilməsinə dair təhvil-qəbul aktı imzalanmışdır. Hal hazırda iddia tələbinin 2024-cü ilin iyun ayı üçün olan hissəsinə dair də tərəflər arasında təhvil-qəbul aktı imzalanmışdır. (iddia ərizəsinə əlavə olunacaqdır.) Bundan başqa 01 iyul 2024-cü il tarixindən 17 iyul 2024-cü il tarixinə qədər müqavilə əsasında qeyd edilən liftlərə texniki xidmətlər göstərilmişdir. Sifarişçi tərəfindən müqavilə öhdəlikləri dəfələrcə pozulduğu və icraçı ilə texniki xidmət müqaviləsi olduğu halda başqa bir hüquqi şəxsin işə cəlb edilməsi müəyyən olunduğu üçün İcraçı tərəfindən 17 iyul 2024-cü il tarixində tərəflər arasında imzalanmış texniki xidmət müqaviləsinə xitam verilmişdir. İyul ayı əzində də liftlərə texniki xidmət göstərildiyi üçün həmin ayla bağlı xidmətlərin dair təhvil-qəbuluna dair aktları sifarişçiyə göndərildiyi halda aktlar Cavabdeh MMC tərəfindən imzalanmadan geri qaytarılmışdır. 17 gün ərzində göstərilmiş xidmətlərin ümumi dəyəri toplam 500 (beş yüz) manat (ƏDV xaric) təşkil edir. 2024-cü il iyun və iyul ayı üçün müyyən edilmiş xidmət haqqının, o cümlədən iyun ayı üçün ödənilməyən xidmət haqqına hesablanmış cərimə məbləğinin ödənilməməsi Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliklərinin kobud şəkildə pozulmasına dəlalət edir.

3. Cavabdeh xx.xx.2024-cü il tarixində iddia ərizəsinə yazılı etiraz ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, müqavilənin 2.2-ci bəndində qeyd edilmişdir ki, icraçı işi təhvil verdikdən və tərəflər arasında razılaşma protokolunu imzalandıqdan sonra pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin İddiaçı MMC müqavilə bağlandığı andan iyun ayınadək öz öhdəliklərini icra etməmiş və nəticədə liftlərə düzgün qulluq olunmadığı məlum olmuşdur. İddiaçıdan tələb edildikdə isə son olaraq vəziyyətin yaxşı olacağına vədlər versədə heç bir irəliləyiş etməmiş, müqavilənin şərtlərini pozaraq çoxmənzilli binada yaşayan şəxslərin həyatını təhlükəyə ataraq rəhbərliyin tapşırığı əsasında işgüzar adətlərə sığışmayan şəkildə ərazini tərk etmişlər və liftlər nəzarətsiz qalmışdır. Bundan sonra isə heç biri göstərdiyi xidməti müqavilə üzrə qəbul edilmiş protokol əsasında təhvil verməyən İddiaçı MMC iyun və iyul ayları üzrə xidmət haqqını tələb etmişdir. 22 iyul tarixindən yeni xüsusi lisenziyalı "xxxx" MMC ilə müqavilə bağlanılmış və liftlərə qulluq olunmağa başlanılmış və şirkətin məsul əməkdaşları çoxmənzilli binada fəaliyyətə başladığı andan liftlərdə qüsur aktı hazırlayıb bizə təqdim etmişdir. Qüsur aktlarında İddiaçı MMC-nin öhdəliklərini icra etmədiyi və çoxmənzilli binanın sakinlərinin ümumi əmlakına (liftlərə) ziyan vurduğu məlum olmuşdur. Əlavə olaraq, iddiaçı tərəfdən sənədlər tam əlavə olunmamış hər bir ayın sonunda işin təhvil alınması ilə bağlı akt tərtib olunmuşdur. İddiaçı MMC-nin təqdim etdiyi sübutda iyun ayının 25 və 26-da liftlərə göstərilmiş xidmətlə bağlı tərtib edilmiş akta görə may ayının ödənişləri edilmişdir. İddiaçı bundan sonra dolayı yolla çoxmənzilli binanın liftlərinə xidmət göstərməmiş, keçmiş aylarda ödənilmiş xidmət haqqı tam yerinə yetirməmiş və sonda insanların həyatı təhlükədə qoyaraq heç bir qanuna və işgüzar adətə sığışmayan şəkildə xidməti dayandırmışdır. Bu barədə əvvəlcədən xəbərdarlıq (Xidmət Müqaviləsinin 11.3-cü maddəsi) olunması göstərilsədə iddiaçı bu bəndin tələblərini pozmuşdur. Bundan əlavə olaraq müqavilədə (Xidmət Müqaviləsinin 4.2ci maddəsi) İddiaçı MMC-nin müqaviləyə xitam vermək hüququ tanınmamışdır. İcraçı tərəfindən hər ay hesab/invoice və ona qoşulan sənədlər - hansı sayda liftlərə texniki xidmət və məbləği, lift texniki baxış (aylıq) forması, liftlərə texniki xidmət göstərildiyi haqqında akt (aktda liftin zavod nömrələri və sayı göstərilməklə) təqdim edilib təsdiqləndikdən sonra ödəniş edilmişdir. Sonuncu ödənişlərin edilməməsi səbəbi xidmətin göstərilməməsi və yaranmış texniki nasazlıqlardır. Müqavilə üzrə bütün öhdəlikləri müqaviləyə və razılaşdırılmış protokola əsasən qarşılıqlı imzalama yolu ilə xx.xx.2024-cü il tarixinədək ödənişlər edilmişdir. Görülməmiş iş və müqavilə ilə bağlı öhdəliklərini yerinə yetirməmiş iddiaçının ödəniş tələb etməsi heç bir halda qəbuledilməzdir. Xidmət göstərməyən şirkətin pulunun ödənilməsi sahə mülkiyyətçiləri ilə bağlanılmış çoxmənzilli binanın idarəedilməsi müqaviləsinə ziddir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi G.Əliyeva iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsi R.Şıxəliyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2024-cü ilin iyun ayı üzrə akt cavabdeh tərəfindən imzalanmış, cavabdehə elektron qaimə təqdim edilmiş, lakin ödəniş edilməmişdir. 2024-cü ilin iyul ayının 17-nə qədər cavabdehə yenidən xidmət göstərilmiş, lakin cavabdeh ödəniş etmədiyi, habelə onunla əlaqə saxlamaq mümkün olmadığı üçün onun göstərişi əsasında həmin gün xidmət göstərilməsi dayandırılmış, liftlərə qulluq və xidmət etməli olan işçilər geri çağırılmışlar. İddiaçı üzərinə düşən öhdəliyi həmin ay üçün tam şəkildə yerinə yetirməsi səbəbindən həmin ayın da xidmət haqqı tərəflərindən tam şəkildə tələb edilir. Lakin həmin ay üzrə aktı cavabdeh imza etməkdən imtina etmiş, göndərdikləri elektron qaiməni geri qaytarmışdır. Cavabdeh tərəfindən iddiaçıya göstərilən xidmətlərlə bağlı heç vaxt irad bildirilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş vatsap yazışmasında göstərilən problemin (kart sisteminin işləməməsi) həll edilməsi üçün tərəflər arasında bağlanmış müqavilə üzrə onların icra etməli olduqları xidmət deyildir. Buna baxmayaraq iddiaçı tərəfindən daim cavabdehin liftlərinə lazımi qaydada xidmət göstərilmişdir.

7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə bamayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 15 yanvar 2024-cü il tarixli AZP017/2024 saylı texniki xidmət müqaviləsinin 2.1-ci bəndinə əsasən icraçı Bakı şəhərində yerləşən və sifarişçiyə məxsus Cavabdeh MMC-də 4 (dörd) ədəd sərnişin lifti və 2 (iki) ədəd yük liftinə bu müqavilə ilə müəyyən edilmiş texniki xidmətləri göstərməyi öz üzərinə götürür, sifarişçi isə yerinə yetirilən xidmətlərin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir.

11. Müqavilənin 2.3-cü bəndi ilə texniki xidmətlərin spesifikasiyası və həyata keçirilmə vaxtları tənzimlənmiş, texniki xidmətin vaxtı hər gün - 24 saat müəyyən olunmuşdur.

12. Müqavilənin 6.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən ayda 1 (bir) dəfə olmaqla yerinə yetirilən işlərin aylıq dəyəri 4 (dörd) ədəd sərnişin lifti və 2 (iki) ədəd yük lifti üçün 600 azn (altı yüz manat, 00 qəpik) + əlavə dəyər vergisi təşkil edir.

13. Müqavilənin 6.2-ci bəndinə əsasən, icraçı tərəfindən yerinə yetirilən işlərin haqqı onun tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən hər 1 (bir) ay üçün hesab fakturanın göndərildiyi gündən etibarən 5 (beş) iş günündən gec olmamaq şərtilə Sifarişçi tərəfindən ödəniləcəkdir.

14. Müqavilənin 6.3-cü bəndinə əsasən, sifarişçi tərəfindən ödənişlər qeyd olunan müddət ərzində ödənilmədikdə gecikdirilən hər gün üçün müvafiq ödənilməli olan məbləğin 0,5%-i həcmində icraçı tərəfindən cərimə tətbiq olunacaq.

15. 15 yanvar 2024-cü il tarixli AZP017/2024 saylı texniki xidmət müqaviləsinə xx.xx.2024-cü il tarixli 1 saylı Əlavə - qiymətlərin razılaşdırılması protokolu ilə xidmətlərin adı, dəyəri razılaşdırılmışdır.

16. 20 yanvar 2024-cü il tarixli AZP017/2024 saylı texniki xidmət müqaviləsinə xx.xx.2024-cü il tarixli 2 saylı Əlavə - qiymətlərin razılaşdırılması protokolu ilə xidmətlərin adı, dəyəri razılaşdırılmışdır.

17. 16.04.2024-cü il tarixli 000İPX124107620B nömrəli ödəniş tapşırığına görə 600 manat (EBEB 508599 saylı qaimə üzrə), xx.xx.2024-cü il tarixli 000İPX1241415BBC nömrəli ödəniş tapşırığına görə 600 manat (EBEC 902852 saylı qaimə üzrə), xx.xx.2024cü il tarixli 000İPX********** nömrəli ödəniş tapşırığına görə 600 manat (MT2406 10188831 saylı qaimə üzrə), xx.xx.2024-cü il tarixli 000İPX********** nömrəli ödəniş tapşırığına görə 600 manat (EBDZ 791282 saylı qaimə üzrə), xx.xx.2024-cü il tarixli 105 nömrəli ödəniş tapşırığına görə 600 manat (MT2406 10188831 saylı qaimə üzrə), xx.xx.2024-cü il tarixli 106 nömrəli ödəniş tapşırığına görə 600 manat (MT2406 10188831 saylı qaimə üzrə) məbləğində pul cavabdeh tərəfindən iddiaçıya məxsus bank hesabına köçürülmüşdür.

18. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli MT2407 10441210 nömrəli 590 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2406 10188831 nömrəli 708 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEC 902852 nömrəli 708 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEB 508599 nömrəli 708 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDZ 791282 nömrəli 708 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDY 266757 nömrəli 354 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 11355386 nömrəli 590 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.

19. xx.xx.2024-cü il tarixli AG/İ-24-006 nömrəli invoysa görə 590 manat, xx.xx.2024cü il tarixli AG/İ-24-005 nömrəli invoysa görə 708 manat, xx.xx.2024-cü il tarixli AG/İ-24- 004 nömrəli invoysa görə 708 manat, xx.xx.2024-cü il tarixli AG/İ-24-003 nömrəli invoysa görə 708 manat, xx.xx.2024-cü il tarixli AG/İ-24-002 nömrəli invoysa görə 708 manat xx.xx.2024-cü il tarixli AG/İ-24-001 nömrəli invoysa görə 354 manat məbləğində xidmət göstərilmişdir.

20. Liftlərə texniki xidmət göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli akta əsasən iddiaçı tərəfindən cavabdehə 2024-cü ilin iyun ayı üzrə xidmət göstərilmişdir.

21. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, tərəflər arasında 15 yanvar 2024-cü il tarixli xidmət müqaviləsi bağlanmış, həmin müqavilə üzrə 2024-cü ilin 15 yanvar tarixindən həmin ilin iyun ayına qədər olan xidmətlərin dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.

22. Materiallarda olan 2024-cü ilin iyun ayı üzrə tərəflər arasında tərtib edilmiş aktlardan görünür ki, iddiaçı tərəfindən həmin ay üzrə cavabdehə məxsus liftlərə göstərilmiş xidmətlər cavabdeh tərəfindən qəbul edilmiş, cavabdehin nümayəndəsi tərəfindən aktlar təsdiq edilmiş, həmin ay üzrə cavabdehə təqdim edilmiş elektron qaimə (500 manat əsas borc, 90 manat ƏDV) hazırkı günədək ödənilməmişdir.

23. Məhkəmə hesab edir ki, iddiaçı 2024-cü ilin iyun ayı üzrə göstərilmiş xidmətlərin müqabilində ƏDV daxil 590 manat vəsaitin ödənilməsini tələb etməkdə haqlıdır.

24. Məhkəmə 2024-cü ilin iyul ayı üzrə ƏDV daxil 590 manat vəsaitin tələb edilməsi hissəsində iddianı qismən əsaslı hesab edir.

25. Belə ki, iddiaçının nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan, habelə cavabdehin yazılı etirazda göstərdiyi xüsusatlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə 2024-cü ilin iyul ayının sonuna qədər deyil, 17 iyul tarixinə qədər xidmət göstərilmiş, əvvəlki ay üzrə göstərilmiş xidmətin dəyəri ödənilmədiyi üçün xidmətlərin göstərilməsi iddiaçının təşəbbüsü ilə dayandırılmışdır.

26. Tərəflər arasında bağlanmış müqavilədə xidmətinin dəyərinin aylıq olaraq ödənilməsi, bir aylıq dəyərinin 500 manat (ƏDV daxil olmadan) olması razılaşdırılmış, texniki xidmət vaxtının 24 saat olacağı müəyyən edilmişdir.

27. Bundan əlavə iddiaçı tərəfindən iyul ərzində göstərilmiş xidmətlər üçün təqdim olunmuş elektron qaiməyə və invoysa görə bütün ay üçün göstərilən xidmətin məbləği 590 manat (90 manat ƏDV daxil olmaqla) təşkil etmişdir.

28. Bu səbəbdən məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə qədər olan müddət üçün göstərilmiş xidmət haqqı (500 manat / 31 gün * 17 gün; 90 manat / 31 gün * 17 gün ) – 274,19 manat əsas borc, 49,35 manat ƏDV tutularaq iddiaçıya ödənilməlidir.

29. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

31. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

32. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

33. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

35. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

36. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

37. Məhkəmə göstərilmiş xidmətlərin qüsurlu olması barədə cavabdehin yazılı etirazında göstərdiyi dəlili əsassız hesab edir.

38. Belə ki, cavabdeh tərəfindən məhkəməyə 2024-cü ilin iyul ayına qədər göstərilmiş xidmətlərdə qüsurların olması ilə bağlı iddiaçıya irad bildirilməsini, göstərilmiş xidmətlərin nöqsanlı olması əsası ilə müqaviləni ləğv etmək istədiyini təsdiq edən hər hansı sübut təqdim edilməmiş, 2024-cü ilin iyun ayına qədər aylıq xidmət haqları ödənilmiş, 2024-cü ilin iyun ayı üzrə tərtib edilmiş təhvil aktlarını cavabdehin nümayəndəsi təsdiq etmiş, bundan əlavə, xidmətlərin davam etdirilməsinə cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən son verilmişdir. Cavabdehin etirazında istinad etdiyi hal (xidmətlərin iddiaçı tərəfindən xəbər verilmədən 2024-cü ilin iyul ayının sonlarında dayandırılması, 2024-cü ilin 22 iyul tarixindən liftlərə digər hüquqi şəxs tərəfindən xidmət göstərilməsinə başlanılması) cavabdehin xidmət müqaviləsi üzrə münasibətlərin həmin dövrdə davam etdirilməsində maraqlı olmasını göstərir.

39. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xidmət müqaviləsinə əsasən hesablanmış 77,50 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

40. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

41. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

42. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 35 manat müəyyən edilməlidir.

43. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 774,19 manat əsas borc, 139,35 manat ƏDV borcu və 35 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehə, 2,60 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 774,19 manat əsas borc, 139,35 manat ƏDV, 35 manat dəbbə pulu, 30 manat dövlət rüsumu, ümumilikdə 978,54 (doqquz yüz yetmiş səkkiz manat əlli dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 2,60 (iki manat altmış qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar