Məhkəmə qərarları › İş №e-2-2(113)-7046/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7046/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7046/2024 27.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümayəndələri X3 və X2, Cavabdehin nümayədəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 yanvar 2024-cü il tarixli AZP023/2024 saylı texniki xidmət müqaviləsi üzrə cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə 1.200 manat (2024 iyun və iyul ayları) əsas borcun və 216 manat ƏDV borcunun 93 manat cərimə borcunun, o cümlədən 35,50 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra “İcraçı” adlandırılacaq) ilə Cavabdeh (bundan sonra “Sifarişçi” adlandırılacaq) arasında 15 yanvar 2024-cü il tarixli AZP023/2024 saylı texniki xidmət müqaviləsi (bundan sonra “müqavilə” adlandırılacaq) imzalanmışdır. Müqavilənin 2.1-ci maddəsinin tələblərinə əsasən İcraçı Bakı şəhərində yerləşən və Sifarişçiyə məxsus "xxxx" MMC-də 4 (dörd) ədəd sərnişin lifti və 2 (iki) ədəd yük liftinə bu müqavilə ilə müəyyən edilmiş texniki xidmətləri göstərməyi öz üzərinə götürür, Sifarişçi isə yerinə yetirilən xidmətlərin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. Tərəflər arasında imzalanan müqavilənin şərtlərinə əsasən müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC-yə (Sifarişçi qismində) texniki xidmət göstərilmişdir. İcraçı tərəfindən təqdim edilmiş elektron qaimələr əsasında Sifarişçi qismində Cavabdeh MMC tərəfindən müvafiq ödənişlər aparılmışdır. Tərəflər arasında imzalanmış olan müqaviləyə 1 saylı Əlavəyə əsasən hər bir lifttə texniki xidmət üçün müəyyən edilmiş xidmət haqqı 100 (bir yüz) manat (ƏDV xaric) olaraq müəyyən edilmişdir. İcraçı tərəfindən iyun ayında göstərilən texniki xidmətə görə 05 iyul 2024-cü il tarixində təqdim edilən MT2407 seriyalı 10447881 saylı elektron qaimədə aylıq xidmət haqqı tərəflər arasında imzalanmış təhvil-qəbul aktına əsasən 600 (altı yüz) manat (ƏDV xaric) olaraq qeyd edilmiş və qaimə fakturaya əsasən Sifarişçi tərəfindən heç bir ödəniş aparılmamışdır. Tərəflər arasında imzalanmış müqavilənin 6.2 - 6.4-cü maddəsinin şərtlərinə əsasən icraçı tərəfindən yerinə yetirilən işlərin haqqı onun tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən hər 1 (bir) ay üçün hesab fakturanın göndərildiyi gündən etibarən 5 (beş) iş günündən gec olmamaq şərtilə Sifarişçi tərəfindən ödəniləcəkdir. Sifarişçi tərəfindən ödənişlər qeyd olunan müddət ərzində ödənilmədikdə gecikdirilən hər gün üçün müvafiq ödənilməli olan məbləğin 0,5%-i həcmində İcraçı tərəfindən cərimə tətbiq olunacaqdır. Tərəflər arasında imzalanmış olan müqavilənin şərtlərinə əsasən İcraçı tərəfindən Sifarişçi qismində çıxış edən "xxxx" MMC-nə xidmətlər müqavilə şərtlərinə uyğun olaraq göstərilmiş, xidmətlərin göstərilməsində heç bir gecikmə və ya ləngimə olmamışdır. Ancaq buna baxmayaraq "xxxx" MMC tərəfindən müqavilə üzrə razılaşdırılmış olan xidmət haqqı müqavilə imzalandığı tarixdən müqaviləyə xitam verilən 17 iyul 2024-cü il tarixinə qədər bir dəfə də olsun vaxtlı-vaxtında ödənilməmişdir. Məhz Sifarişçinin müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi səbəbindən İddiaçı MMC tərəfindən 15 yanvar 2024-cü il tarixli AZP023/2024 saylı texniki xidmət müqaviləsinə 17 iyul 2024-cü il tarixində xitam verilmişdir. İcraçı tərəfindən göndərilmiş olan qaimə fakturaya əsasən ödəniş həyata keçirilmədiyi üçün qeyd olunan məbləğə cərimənin hesablanması üçün hüquqi əsaslar mövcuddur. Belə ki, 2024-cü ilin iyun ayı üçün göndərilmiş olan elektron qaimə fakturada qeyd edilən məbləğə günlük cərimə məbləği hesablandıqda cərimənin məbləği 93 manat təşkil edir. Bunu tərəflər arasında imzalanmış olan müqavilənin 6.2-ci maddəsinin tələblərindən də görmək mümkündür. Belə ki, cərimə məbləği qaimə fakturanın göndərildiyi tarixdən etibarən 5 iş günü keçdikdən sonra hesablanmışdır. Hər bir ay üzrə ay sonunda tərəflər arasında işlərin görülməsinə və xidmətlərin göstərilməsinə dair təhvil-qəbul aktı imzalanmışdır. Hal hazırda iddia tələbinin 2024-cü ilin iyun ayı üçün olan hissəsinə dair də tərəflər arasında təhvil-qəbul aktı imzalanmışdır. Bundan başqa 01 iyul 2024-cü il tarixindən 17 iyul 2024-cü il tarixinə qədər müqavilə əsasında qeyd edilən liftlərə texniki xidmətlər göstərilmişdir. Sifarişçi tərəfindən müqavilə öhdəlikləri dəfələrcə pozulduğu və İcraçı ilə texniki xidmət müqaviləsi olduğu halda başqa bir hüquqi şəxsin işə cəlb edilməsi məsələsi müəyyən olunduğu üçün İcraçı tərəfindən 17 iyul 2024-cü il tarixində tərəflər arasında imzalanmış texniki xidmət müqaviləsinə xitam verilmişdir. İyul ayı ərzində də liftlərə texniki xidmət göstərildiyi üçün həmin ayla bağlı xidmətlərin dair təhvil-qəbuluna dair aktları Sifarişçiyə göndərildiyi halda aktlar "xxxx" MMC tərəfindən imzalanmadan geri qaytarılmışdır. 17 gün ərzində göstərilmiş xidmətlərin ümumi dəyəri toplam 600 (altı yüz) manat (ƏDV xaric) təşkil edir. 2024-cü il iyun və iyul ayı üçün müyyən edilmiş xidmət haqqının, o cümlədən iyun ayı üçün ödənilməyən xidmət haqqına hesablanmış cərimə məbləğinin ödənilməməsi Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliklərinin kobud şəkildə pozulmasına dəlalət edir. Tərəflər arasında imzalanmış olan 15 yanvar 2024-cü il tarixli AZP023/2024 saylı texniki xidmət müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə 1.200 manat (2024 iyun və iyul ayları) əsas borcun və 216 manat ƏDV borcunun 93 manat cərimə borcunun ödənilməsi üçün Cavabdeh MMC-yə 06 avqust 2024-cü il tarixində pretenziya məktubu göndərilmiş, ödənişin aparılması üçün cavabdehə 5 (beş) iş günü müddətində vaxt verilmişdi. Bu müddət ərzində də cavabdeh "xxxx" MMC tərəfindən tələb olunan məbləğ İddiaçı MMCnin hesablaşma hesabına köçürülməmişdir.

3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin iddia ərizəsində göstərdiyi tələblərin heç bir hüququ yoxdur və iddiası əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 404,424, 425, 428, 430, 436, 442, 447, 449 və 458-ci maddələrinə əsasən -tərəflər arasında bağlanılmış müqavilə əvəzli müqavilədir, tərəflərin öz iradə ifadələrini həqiqi mənasını əks etdirən şərtləri qeyd etmişlər, müqavilə ləğv edilərkən öhdəliklərə xitam verilməsi, öhdəliklərin icrası zamanı tərəflərdən hər birinin vicdanlığın tələb etdiyi tərzdə yəni şərtləşdirilmiş vaxtda və lazımı şəkildə öhdəliyini icra etməlidir. İcraçinin öhdəliyin vaxtından əvvəl tələb etməsini nə müqavilədə nə də işgüzar adətlərdə öz əksini tapmamışdır. AR Mülki Məcəlləsinin 430.2-ci maddəsində öhdəliyin icrasından birtərəfli imtinaya müqavilədə nəzərdə tutulmuş hallarda yol verilməsi qeyd edilmişdir. Öhdəliyin icrasının keyfiyyətinin ən azı orta keyfiyyətli olması AR Mülki Məcəlləsinin 436-cı maddəsində qeyd edilmişdir. AR Mülki Məcəlləsinin 442-ci maddəsində öhdəliyin icra edilməməsi işlərdə və xidmətlərdə qüsurlarla icra edilməsi başa düşülür. Müqavilənin (xx.xx.2024 TARİXLİ №AZP023/2024) 2.2-ci bəndində qeyd edilmişdir ki, İcraçı işi təhvil verdikdən və tərəflər arasında razılaşma protokolunu imzalandıqdan sonra pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin İddiaçı MMC müqavilə bağlandığı andan iyun ayınadək öz öhdəliklərini icra etməmiş və nəticədə liftlərə düzgün qulluq olunmadığı məlum olmuşdur. İddiaçıdan tələb edildikdə isə son olaraq vəziyyətin yaxşı olacağına vədlər versədə heç bir irəliləyiş etməmiş, müqavilənin şərtlərini pozaraq çoxmənzilli binada yaşayan şəxslərin həyatını təhlükəyə ataraq rəhbərliyin tapşırığı əsasında işgüzar adətlərə sığışmayan şəkildə ərazini tərk etmişlər və liftlər nəzarətsiz qalmışdır. Bundan sonra isə heç biri göstərdiyi xidməti müqavilə üzrə qəbul edilmiş protokol əsasında təhvil verməyən İddiaçı MMC iyun və iyul ayları üzrə xidmət haqqı tələb etmişdir. 22 iyul tarixindən yeni xüsusi lisenziyalı "xxxx" MMC ilə müqavilə bağlanılmış və liftlərə qulluq olunmağa başlanılmış və şirkətin məsul əməkdaşları çoxmənzilli binada fəaliyyətə başladığı andan liftlərdə qüsur aktı hazırlayıb təqdim etmişdir. Qüsur aktlarında İddiaçı MMC-nin öhdəliklərini icra etmədiyi və çoxmənzilli binanın sakinlərinin ümumi əmlakına (liftlərə) ziyan vurduğu məlum olmuşdur. Əlavə olaraq iddiaçı tərəfdən sənədlər tam əlavə olunmamış hər bir ayın sonunda işin təhvil alınması ilə bağlı akt tərtib olunmuşdur. İddiaçı MMC-nin təqdim etdiyi sübutda iyun ayının 14 və 25-də liftlərə göstərilmiş xidmətlə bağlı tərtib edilmiş akta görə may ayının ödənişləri edilmişdir. İddiaçı bundan sonra dolayı yolla çoxmənzilli binanın liftlərinə xidmət göstərməmiş, keçmiş aylarda ödənilmiş xidmət haqqı tam yerinə yetirməmiş və sonda insanların həyatı təhlükədə qoyaraq heç bir qanuna və işgüzar adətə sığışmayan şəkildə xidməti dayandırmışdır. Bu barədə əvvəlcədən xəbərdarlıq (Xidmət Müqaviləsinin 11.3-cü maddəsi) olunması göstərilsədə iddiaçı bu bəndin tələblərini pozmuşdur. Bundan əlavə olaraq müqavilədə (Xidmət Müqaviləsinin 4.2-ci maddəsi) İddiaçı MMC-nin müqaviləyə xitam vermək hüququ tanınmamışdır. İcraçı tərəfindən hər ay hesab/invoice və ona qoşulan sənədlər - hansı sayda liftlərə texniki xidmət və məbləği, lift texniki baxış (aylıq) forması, liftlərə texniki xidmət göstərildiyi haqqında akt (aktda liftin zavod nömrələri və sayı göstərilməklə) təqdim edilib təsdiqləndikdən sonra ödəniş edilmişdir. Sonuncu ödənişlərin edilməməsi səbəbi xidmətin göstərilməməsi və yaranmış texniki nasazlıqlardır. xx.xx.2024-cü il tarixdə bağlanılmış müqavilə üzrə bütün öhdəlikləri müqaviləyə və razılaşdırılmış protokola əsasən qarşılıqlı imzalama yolu ilə xx.xx.2024-cü il tarixinədək ödənişlər edilmişdir. Görülməmiş iş və müqavilə ilə bağlı öhdəliklərini yerinə yetirməmiş iddiaçının ödəniş tələb etməsi heç bir halda qəbuledilməzdir. Çoxmənzilli binanın idarəedici təşkilatı olaraq binanın ümüumi əmlakına xidmət etməyi sahə mülkiyyətçilərinin qarşısında vəzifədir. Lakin xidmət göstərməyən şirkətin pulunu ödəməyi sahə mülkiyyətçiləri ilə bağlanılmış çoxmənzilli binanın idarəedilməsi müqaviləsinə ziddir. İddiaçı iddia ərizəsində göstərdiyi hallara heç bir sübut təqdim etməmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AZP023/2024 saylı texniki xidmət müqaviləsinə əsasən:

9. Müqavilənin 2.1-ci bəndinə əsasən İCRAÇİ Bakı şəhərində yerləşən və SİFARİŞÇİyə məxsus, Cavabdeh MMC- də 4 ədəd Sərnişin lifti və 2 ədəd Yük lifti bu müqavilə ilə müəyyən edilmiş texniki xidmətləri göstərməyi öz üzərinə götürür, SİFARİŞÇİ isə yerinə yetirilən xidmətlərin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir.

10. Müqavilənin 2.2-ci bəndinə əsasən İcraçı tam təfsilatı, təsviri, qiyməti və icra müddəti hər yeni sifarişdən qabaq Tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələr - Razılaşma Protokolları (bundan sonra «Protokol») ilə müəyyən olunan xidməti (bundan sonra «xidmət») Müqavilə ilə razılaşdırılmış qaydada Sifarişçiyə göstərməyi, Sifarişçi isə göstərilən xidməti qəbul edib qarşılığında İcraçıya Müqavilə ilə razılaşdırılmış xidmət haqqını (bundan sonra «xidmət haqqı») ödəməyi öhdəsinə götürür.

11. Müqavilənin 2.3-cü bəndinə əsasən Bu müqaviləyə əsasən həyata keçirilən texniki xidmətlərin spesifikasiyası və həyata keçirilmə vaxtları aşağıda qeyd olunmuşdur: - Vizual yoxlama zamanı avadanlığın tənzimlənməsi, sazlanması, əsas ehtiyyat hissələrin yoxlanılması, sınaqdan keçirilməsi və avadanlığa ümumi texniki baxışın keçirilməsi. - Texniki nasazlığa çağırış vaxtı: 24 saat - Texniki xidmət vaxtı: hər gün: 24 saat - SİFARİŞÇİnin hesabına əsas ehtiyyat hissələrinin almmnsı və İCRAÇİ hesabına ödənişsiz dəyişdirilməsi.

12. Müqavilənin 2.5-ci bəndinə əsasən Xidmətin SİFARİŞÇİyə təhvil verilməsi Tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı, Tərəflərin hər birində 1 (bir) nüsxə saxlanılmaqla İCRAÇİ tərəfindən 2 (iki) nüsxədə tərtib edilən təhvil-təslim aktı vasitəsilə rəsmiləşdirilir.

13. Müqavilənin 2.6-cı bəndinə əsasən İCRAÇİ xidməti SlFARlŞÇlyə təhvil verdiyi gün təhvil-təslim aktını və onun əsasında elektron qaimə fakturanı da SİFARİŞÇİ-yə təqdim etməlidir.

14. Müqavilənin 5.1-ci bəndinə əsasən sifarişçinin öhdəlikləri:

15. Müqavilənin 5.1.1-ci bəndinə əsasən İCRAÇİ tərəfindən texniki xidmət göstərilməsinə zəruri şərait yaratmaq və göstərilən xidmətlərin təhvil-təslim aktı əsasında qəbulu üçün məsul şəxsi təyin etmək;

16. Müqavilənin 5.1.2-ci bəndinə əsasən müqavilənin Xidmətin nəticələrini təhvil aldığı tarixdə yoxlayıb, təhvil-təslim aktım 2 (iki) nüsxədə imzalamaqla və bir nüsxəsini İCRAÇİya verməklə qəbul etmək və ya xidmət ilə bağlı hər hansı çatışmazlıq və ya qüsur aşkar edildikdə təhvil-təslim aktında müvafiq qeyd apararaq xidməti təhvil almaq və yaxud təhvil almaqdan imtina etmək;

17. Müqavilənin 5.1.3-cü bəndinə əsasən təhvil-təslim anından sonra xidmətlə bağlı hər hansı çatışmazlıq və ya qüsur aşkar edildikdə, bu barədə 3 (üç) iş günü ərzində İCRAÇİ-ya xəbərdarlıq etmək;

18. Müqavilənin 5.1.4-cü bəndinə əsasən xidmət haqqını Müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə ödəmək.

19. Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən ayda 1 (bir) dəfə olmaqla yerinə yetirilən işlərin 1 aylıq dəyəri 4 (dörd) ədəd Sərnişin lifti və 2 (iki) ədəd Yük lifti üçün 600 AZN (altı yüz manat, 00 qəpik) + X6 təşkil edir.

20. Müqavilənin 6.2-ci bəndinə əsasən icraçı tərəfindən yerinə yetirilən işlərin haqqı onun tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən hər 1 (bir) ay üçün hesab fakturanm göndərildiyi gündən etibarən 5 (beş) iş günündən gec olmamaq şərti ilə SİFARİŞÇİ tərəfindən ödəniləcəkdir.

21. xx.xx.2024-cü il tarixli 1 saylı qiymətlərin razılaşdırılması protokoluna əsasən xidmət haqqı ƏDV daxil 708 manat müəyyən edilmişdir.

22. AG/İ-24-005 saylı, xx.xx.2024-cü il tarixli hesab/invoice əsasən göstərilmiş xidmət məbləği ƏDV daxil 708 manat qeyd olunmuş və həmin göstərilməsinə dair tərtib edilmiş 5 saylı akt hər iki tərəfin imza və möhürü ilə də təsdiq edilmişdir.

23. 04.06.2024-cü il tarixli, MT**********41 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən iyun ayı üzrə göstərilmiş 708 manatlıq xidmət üzrə e-qaimə tərtib edilmiş.

24. 14.06.2024-cü il tarixli akta əsasən xx.xx.2024-cü il tarixli müqavilə üzrə iyun ayı üzrə aylıq texniki xidmət göstərildiyi qeyd olunmuşdur.

25. 25.06.2024-cü il tarixli liftə texniki baxış formasına əsasən 1 ədəd liftə texniki baxış keçirildiyi və işlək vəziyyətdə olduğu qeyd olunmuşdur.

26. 05.07.2024-cü il tarixli, MT**********81 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən iyun ayı üzrə göstərilmiş 708 manatlıq xidmət üzrə e-qaimə tərtib edilmişdir.

27. AG/İ-24-007 saylı, xx.xx.2024-cü il tarixli hesab/invoice əsasən göstərilmiş xidmət məbləği ƏDV daxil 708 manat qeyd olunmuşdur.

28. xx.xx.2024-cü il tarixli, 7 saylı tək tərəfli təsdiq edilmiş akta əsasən görülmüş xidmət haqqı 708 manat müəyyən edilmişdir.

29. 21.10.2024-cü il tarixli, MT**********49 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən iyul ayı üzrə göstərilmiş 708 manatlıq xidmət üzrə e-qaimə tərtib edilmişdir.

30. Məhkəmə iş materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

32. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

33. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

34. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

36. İddiaçı iddia edir ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq faktiki görülmüş işlərin təhvil-təslim aktları ilə, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən "xxxx" MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, 1416 manat (ƏDV daxil) məbləğində borc ödənilməmiş qalmışdır. Lakin, cavabdeh iddiaya etiraz edərək bildirir ki, iddiaçı tərəfindən göstərilən xidmətlər qüsurlu olmuşdur və sübut kimi artıq 22 iyul 2024-cü il tarixindən liftlərə xidmət göstərilməsi üçün Kinetek Service şirkəti ilə müqavilənin bağlanmasına və həmin şirkətin xx.xx.2024-cü il tarixli baxış aktını təqdim etmişdir. İddiaçı tərəfindən göstərilən xidmətlərə dair “lift texniki baxış forması” adlı sənəd tərtib edilirdi və cavabdehin əməkdaşı olaraq həmin aktlarda hər zaman İsrafilov Əhməd adlı şəxs imzalayırdı. İyun tarixli “lift texniki baxış forması” adlı sənəd eyni qaydada İsrafilov Əhməd tərəfindən imzalanmışdır, lakin iyul ayına aid sənəd onun tərəfindən imzalanmamışdır. Lakin, buna baxmayaraq xx.xx.2024-cü il tarixli iddiaçı ilə cavabdehin əməkdaşları arasında olan qrup-whatsapp yazışmasından görünür ki, cavabdehin əməkdaşı - Əhməd 17 iyul 2024-cü il tarixində həmin gün üçün liftlərin idarə edilməsini xahiş edilmişdir. Və etirazdan da görünür ki, cavabdeh tərəf xidmətlərin göstərilməsi ilə bağlı yeni şirkətlə müqaviləni xx.xx.2024-cü il tarixində bağlayıb.

37. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli və iddiaçı tərəfindən cavabdehə göstərilən 2024-cü ilin iyun ayı üçün 600 manat xidmət haqqı və onun ƏDV məbləği olaraq 108 manat və 2024-cü ilin iyul ayı üzrə (iddiaçının nümayəndəsinin izahatı və iş materiallarında olan yazışmaya əsasən) tam bir aylıq xiddət haqqı deyil, iyul ayının 17-nə qədər olan dörv üçün (600/30=20 manat, 20 manat x 17 gün =340 manat + 61,20 manat ƏDV məbləği) xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir.

38. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 35,50 manat dövlət rüsumu ödənilmişdir.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün 35,50 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC -dən 2024-cü ilin iyun ayı üçün 600 manat xidmət haqqı və ƏDV məbləği 108 manat, 2024-cü ilin iyul ayı üçün 340 manat xidmət haqqı və ƏDV məbləği 61,20 manat və dövlət rüsumunun əvəzi olaraq 35,50 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar