Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7091/2022 30.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızı İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı əsassız pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə imza etmiş Vəkil İddiaçı MMC-nin adından ərizə, izahat və məlumatları yazmaq və imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilsə də, həmin etibarnamədə iddia ərizəsini imza etmək səlahiyyəti xüsusi olaraq göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. 74.2-ci maddəsinə görə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İkincisi, iddia ərizəsinə iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınması məqsədilə pretenziya məktubunun Cavabdeh MMC-yə çatdırılmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.0.7-ci maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-7091/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7091/2022
30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver