Məhkəmə qərarları › İş №e-2-2(113)-714/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-714/2025

07.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-714/2025 07.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əsassız hesablanmış borcun silinməsi) X6 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı X1 Cavabdeh İB-ə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 2022-ci ilin mart ayında yazılmış 8856 manat, 2023-cü ilin yanvar ayında yazılmış 471,50 manat, ümumilikdə 9327,5 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs kimi vergi orqanlarında qeydə alınmışdır və ona ********** nömrəli VÖEN verilmişdir. İmişli şəhəri A.Ələsgər küçəsində yerləşən “Kral” şadlıq sarayında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. “Kral” şadlıq sarayına qanuna müvafiq qaydada qazı xəttinın quraşdırılmasını təşkil edib və qazdan istifadə edir. İstifadə etdiyi qazın dəyərini **********00000 abonent koduna tam ödəyib. 2024-cü ilin iyul ayının əvvəllərində Cavabdeh İB-nin İmişli qaz istismar sahəsi iddiaçıya bildiriş verərək qazdan istifadəyə görə 9311,52 manat borcu olduğunu bildirib. İddiaçı sayğac göstəricisi üzrə borcu vaxtında ödədiyi üçün həmin borcun yaranma səbəbi onda şöbhələr yaradıb. Bildirişdə yaranan borcu araşdırmaq üçün İmişli qaz idarəsinə gedib və ona izah ediblər ki, “Kral” şadlıq sarayına 2022-ci ilin mart ayında 8856 manat, 2023-cü ilin yanvar ayında 471,50 manat cərimə yazılıb. İddiaçının həmin cərimələrdən heç bir məlumatı olmayıb. Cavabdeh cərimələrlə bağlı iddiaçıya heç bir akt, xəbərdarlıq göndərməyib. İddiaçıya təqdim olunan aylıq bildirişlərdədə həmin cərimələr heç vaxt qeyd olunmayıb. Yazılmış cərimə aktları iddiaçıya təqdim olunmuşdur. 05 mart 2022-ci il tarixli AKT № ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda aktın 05 mart 2022-ci il tarixdə təsdiq edildiyi qeyd olunmuşdur. Aktın göstəriciləri hissəsində isə şadlıq sarayına 02 mart 2022-ci il tarixdə baxış keçirilməsi göstərilmişdir. Aktda İstehlakçının nümayəndəsi kimi, Elvar Usubov qeyd olunmuşdur. Aktda şadlıq sarayında qanunsuz əlavə xətt çəkilməklə sayğacdan kənar qeyri-qanuni istifadə olunması göstərilmişdir. Aktda cavabdehin nümayəndələri ilə yanaşı Elvar Usubovunda imza etməsi göstərilmişdir. Həmin akt əsasında şadlıq sarayına 8856 manat cərimə hesablanmışdır. 05 mart 2022-ci il tarixli AKT № ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt təmamilə əsassızdır. Əgər akt qanuni yazılsaydı bir hissəsində tarix xx.xx.2022, bir hissəsində xx.xx.2022-ci il göstərilməzdi. Elvar Usubovun istehlakçının səlahiyyətini icra etməsini təsdiq edən heç bir sənəd akta əlavə olunmamışdır. Əgər istixanda qazdan qanunsuz istifadə olunmuşdursa onda cavabdeh hüquq-mühafizə orqanlarına müraciət etməli idi. Amma aktın yazılmasından 2 ildən artıq müddət keçsədə cavabdeh həmin cərimənin ödənilməsi üçün heç bir tədbir görməmişdir. Çünki əgər hüquqmühafizə orqanlarına müraciət etsəydilər yazdıqları aktın qanunsuz olması öz təsdiqini tapacaqdır. 2023-cü ilin yanvar ayında yazılmış 471,50 manat cərimənin yazılmasına səbəb isə şadlıq sarayına məxsus sayağacın yoxlamadan keçirilməsi zamanı guya nöqsan aşkar edilməsi göstərilmişdir. İddiaçıya təqdim olunmuş 30 dekabr 2022-ci il tarixli Təbii qazın uçotunun pozulması haqqında AKT UP 34-06662 nömrəli aktda uçotu pozulmuş qazın həcminin 1886,583 m olması qeyd olunmuşdur. Akt cavabdehin nümayəndələri tərəfindən birtərəfli qaydada tərtib edilərək imzalanmış, lakin iddiaçıya təqdim edilməmişdir. Halbuki, aktda istehlakçının imzası və aktın nüsxəsinin istehlakçıya verilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh istehlakçıya heç bir akt təqdim etmədən 2023-cü ilin yanvar ayında şadlıq sarayının hesabına 471,50 manat əsassız borc hesablamışdır. Ümumilikdə cavabdeh tərəfindən iddiaçının hesabına qanunsuz olaraq aktlar əsasında 9327 manat 50 qəpik borc yazmışdır. 2024-cü ildə cavabdehə pretenziya məktubu göndərərək iddiaçının hesabına qanunsuz olaraq aktlar əsasında yazılmış ümumi 9327 manat 50 qəpik cərimələrin silinməsini, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin pretenziya göndərilməsindən xeyli müddət keçsədə cavabdeh heç bir münasibət bildirməyib. Bir istehlakçı, sahibkar kimi hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Bu səbəbdən pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Bundan əlavə cavabdeh qeyd olunan borcları yoxlama nəticəsində olmasını qeyd edərsə, belə olan halda da cavabdeh yoxlama keçirilərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsində aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamış, yoxlamanın keçirilməsi ilə əlaqədar iddiaçıya heç bir bildiriş verilməmişdir İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 17.1-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3cü maddəsinə, “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndində, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4 və 1.5-ci bəndlərinə istinad etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Eyni zamanda izahatında bildrimişdir ki, 02 mart 2022-ci ildə Azəriqaz İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində qaz təchizatına baxış keçirilən zaman qanunsuz əlavə xətt çəkilməklə sayğacdan kənar qeyri-qanuni istifadə olunması halı aşkar edilmiş və bu barədə qeyd olunan tarixdə akt tərtib edilmiş, itirilmiş qazın bərpa edilməsi məqsədilə hesabat aparılmışdır. Ümumilikdə 35424 m3 qaz itirilməsi ilə bağlı qərar qəbul olunub və qazın tarifi nəzərə alınaraq, qeyri-əhali olduğu üçün 0, 25 qəpikdən hesablanmaqla 8856 manat iddiaçının hesabına borc əlavə edilib. Bundan əlavə 2023-cü ilin yanvar ayında iddiaçıya məxsus sayğac dövlət yoxlamasından keçirilən zaman sayğacın göstəricilərinin normadan artıq olması müəyyən edilib. Bu səbəbdən də 30 dekabr 2022-ci il tarixli akt tərtib edilmiş və qanunsuz istifadə edilmiş qazın həcmi 1886,583 m3 həcmindı olması qeyd olunmuşdur. Həmin akta əsasən ümumilikdə 471,50 manat məbləğində qaz sərfiyyatı abonentin hesabına əlavə edilmişdir. Ümumilikdə iddiaçıya hər iki akt əsasında 9327,50 manat borc yazılmışdır. Həmçinin o, suallara cavab olaraq bildirmişdir ki, mübahisəli aktın tərtib edildiyi yoxlama Ədliyyə Nazirliyində vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Qanunsuz qoşulma ilə bağlı cinayət və ya inzibati məsuliyyətə iddiaçının cələb edilməsi ilə bağlı müvafiq qurumulara müraciət edilməmişdir. Ziyan dəyməsini təsdiq edən halların xeyli sayda olduğunu, lakin cavabdeh tərəfindən qanunvericiliyin tələb etdiyi qaydalara riayət olunmadığı üçün məhkəməyə təqdim edəcəkləri sübutların olmadığını bildirmişdir. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi ona verilən suallara cavab olaraq bildirmişdi ki, iddiaçıya məxsus obyekt şadlıq sayarı kimi xidmət göstərir, iddiaçının sahibkarlıq fəaliyyəti həmin iaşə obyekti ilə bağlıdır. 2022-2023-cü illərdə yoxlama aparılmamış, 2023-cü ildə sayğac dəyişdirilmişdir. Tədqiq olunan sübutlar İş materillarında olan: X3 (İstehlakçı) ilə Cavabdeh İB (Paylayıcı) arasında bağlanmış 26 oktyabr 2019-cu il tarixli, AMX-1298/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 05 mart 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən İmişli rayonu, A.Ələsgər küçəsi, ev 1-də yerləşən (istehlakçı Kral Şadlıq sarayı) ferdi evdə (müəsisə, istixana) “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vsaitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və dəymiş ziyan 35424 kub metr qeyd olunmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən istehlakçı sayğaca gələn xəttin obyektin hasarının arxa hissəsinə əlavə qoymaq vasitəsilə quraşdıraraq xətt çıxmış və aktda göstərilən cihazlara qoşularaq sayğacdan kənar təbii qazdan istifadə edir, dəymiş ziyanın hesablanıb ödənilməsi tələbi qoyulmuşdur. Təbii qazın uçotunun pozulması haqqında xx.xx.2022-ci il tarixli 34-06662 saylı akta əsasən istehlakçı tərəfindən uçotu pozulmuş qazın həcmi 1886,583 m3 həcmdə olduğu müəyyən edilmiş, uçotu pozulmuş qazın həcminin bərpa edilməsi və dəyərinin ödənilməsi qeyd olunmuşdur. Abonentin saldosundan görünür ki, X2 aktlar üzrə 2022-ci ildə 8856, 2023-cü ildə 471,5 manat olmaqla cəmi 9327,5 manat borc hesablanmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 4-cü hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Qaz təhcizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin 5-ci bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 3-cü maddəsinin 5-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər 6-4-cü maddəsinə əsasən sahibkarlıq subyektlərinə münasibətdə monitorinq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 20.2-ci maddəsinə əsasən bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. 34.1-ci maddəsinə əsasən yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya yuxarı dövlət orqanı olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)) və məhkəmə qaydasında şikayət verə bilər. Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 1.7-ci bəndə əsasən reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Göründüyü kimi Cavabdeh İB qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma, o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırki işin hallarından görünür ki, mübahisəli borc Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə sayğacdan kənar qoşulma və uçotun pozulması ilə bağlı keçirilmiş yoxlamaların nəticəsi olaraq hesablandığı halda, həmin yoxlamanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınması barədə məhkəməyə sənəd təqdim edilməmiş, cavabdehin nümayəndəsi izahatında yoxlamanın vahid məlumat reyestrində qeydə alınmadan aparıldığını bildirmişdir. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır və heç bir hüquqi nəticəsi yoxdur. Cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığı halda heç bir hüquqi nəticəsi olmadığından, cavabdehin həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 2022-ci ildə 8856 manat, 2023-cü ildə 471,5 manat olmaqla cəmi 9327,5 manat məbləğində borc hesablaması əsassızdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 113,28 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən 2022-ci ilin mart ayında yazılmış 8856 manat, 2023-cü ilin yanvar ayında yazılmış 471,50 manat, ümumilikdə 9327 manat (doqquz min üç yüz iyirmi yeddi) manat 50 (əlli) qəpik borc iddiaçı X1 hesabından silinsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumun əvəzi olaraq 113 (bir yüz on üç) manat 28 (iyirmi səkkiz) qəpik Cavabdeh İB-dən tutularaq iddiaçı X2 ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar