Məhkəmə qərarları › İş №e-2-2(113)-7164/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-7164/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7164/2024 06.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X1 Services” MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, öhdəliyin icra edilməməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçı “X1 Services” MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı “X1 Services” MMC iddia ərizəsi, daha sonra iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ARG-PM- 01/20220110 saylı xx.xx.2022-ci il tarixli xidmətlərin göstərilməsi müqavilələri üzrə yaranmış ƏDV daxil 3567,67 manat borc məbləğinin ödənişinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında № ARG-PM-01/20220110 saylı xx.xx.2022 ci il tarixli Xidmətlərin Göstərilməsi Müqaviləsi bağlanmışdır. Qeyd olunan Müqavilələrin 1.1-ci bəndinə əsasən cavabdeh iddiaçıya Bakı şəhərində yerləşən “X2” layihəsində passiv yanğın durdurucu sistemlərinin (Firestop) quraşdırılmasına dair işlərin görülməsini sifariş etmişdir. Sözügedən müqavilələrdə qeyd olunan işlər icraçı tərəfindən tam və vaxtında icra edilərək tərəflər arasında imzalanmış xx.xx.2022 ci il tarixli Təhvil-təslim Aktına əsasən sifarişçiyə təvhil verməklə üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Görülmüş işlərə görə EBBR №:240566 saylı e-qaiməyə uyğun olaraq ƏDV ilə birlikdə 3567,67 manat yekun olaraq 3567.67 manat dəyərində borc hesablanmışdır. Müqavilələrin 2.4-cü bəndinə əsasən sifarişçi tərtib olunmuş təhvil-təslim aktına əsasən ödənişləri 10 iş günü ərzində icraçının bank hesabına köçürməlidir. Lakin sifarişçi görülmüş işlərə görə icraçıya heç bir ödəniş etməməklə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1, 448.1-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəmə ərizə ilə müraciət edərək cavabdehin məhkəmə iclaslarından məlumatlı olmasına baxmayaraq, iclaslarda iştirak etmədiyini, buna görə də işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Cavabdeh MMC (Sifarişçi) ilə İddiaçı MMC (İcraçı) arasında bağlanmış 10 yanvar 2022-ci il tarixli ARG-PM-01/20220110 saylı xidmətlərin göstərilməsi müqaviləsindən görünür ki, “Sifarişçi” Bakı səhəri Nəsimi rav. Füzuli küç-də yerləşən “X2” layihəsində passiv yanğın durdurucu sistemlərinin (Firestop) quraşdırılmasına dair işlərin görülməsini “İcraçı”-ya sifariş edir. Müqavilənin 2.1-ci bəndinə əsasən “İcraçı” tərəfindən görüləcək passiv yanğın dayandırma sistemlərinin quraşdırılması işlərinin ümumi dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 1778,50 ABŞ Dolları müəyyən olunur və hazırkı müqavilənin ayrılmaz hissəsi hesab olunan 1 N°-li əlavəyə smeta şəklində əlavə olunur. Müqavilənin 2.3-cü bəndinə əsasən “Sifarişçi” yekun məbləğdən material pulunun 30% ni , quraşdırılmanın isə 30% ni müqavilə bağlandığı gündən 5(beş) bank iş günü ərzində avans olaraq ödəyir. Müqavilənin 2.4-cü bəndinə əsasən tərəflər həmçinin razılaşır ki, “İcraçı” işlərini tam yerinə yetirərkən, tərtib olunmuş akta əsasən “Sifarişçi"dən ödəniş tələb edir. Ödənişlər “İcraçı”nın bank hesabına köçürmə yolu ilə 10 (on) bank iş günü ərzində köçürməlidir. 10 yanvar 2022-ci il tarixli ARG-PM-01/20220202 saylı müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, tərəflər arasında müəyyən edilmiş smetaya uyğun olaraq göstəriləcək xidmətin dəyəri 1778,50 ABŞ dollar müəyyən edilmişdir. 10 yanvar 2022-ci il tarixli ARG-PM-01/20220110 saylı xidmətlərin göstərilməsi müqaviləsi üzrə 14 fevral 2022-ci il tarixli faktiki yerinə yetirilmiş işlərin təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Bakı səhəri Nəsimi rayonu, Füzuli küçəsində yerləşən “X2” layihəsində (Firestop) passiv yanğın durdurucu sistemlərinin quraşdırılmasına dair işlər tam yerinə yetirilməsi AZ-MEP GROUP” MMC tərəfindən təsdiq edilmişdir. EBBR seriyalı, 240566 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 3567,67 manat məbləğində görülmüş işlərin dəyəri İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC tərəfindən 3567,67 manat dəyərində göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi üçün AZ-MEP GROUP” MMC-yə 14 fevral 2022-ci il tarixli ARG-İNV-01-007/22 saylı hesab-faktura təqdim edilmişdir. 19 sentyabr 2024-cü il tarixli ********** saylı mədaxil “X1 Services” MMC tərəfindən dövlət büdcəsinə 56 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzər tutulmuş xidmətləri göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını tam ödəməmişdir. Həmçinin qəbul aktları, elektron qaimələr ilə də cavabdehin iddiaçıya 3567,67 manat borcunun olması təsdiq olunur. Cavabdeh iddiya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının icra etdiyi işin müqabilində cavabdehdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, təhvil alınan xidmətlərə görə 3567,67 manat məbləğində pul vəsaitini ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 3567,67 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 3567 (üç min beş yüz altmış yeddi) manat 67 (altmış yeddi) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar